Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-113/2023 31.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu, Məscidməhəllə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsində kirayə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0.161 qram olan narkotik vasitə - heroini əldə edib üzərində saxlamaqla daşımış, 23 sentyabr 2022-ci il tarixdə saat 19:15 dəqiqədə Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq ünvan 2 yerləşən Xətai RPİ-nin 37-ci polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümün içərisində təmiz çəkisi 0,161 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, 6 aydır ki, narkotik vasitə istifadə edir. Müxtəlif yerlərdə anket məlumatlarını bilmədiyi, yalnız adlarını bildiyi şəxslərdən narkotik vasitə heroin əldə edib istifadə etmişdir. Belə ki, heroin ağrılarına təsir göstərərək onları yüngülləşdirmişdir. 20 sentyabr 2022-ci il tarixdə axşam saatlarında «8-ci km» bazarının yaxınlığında gəzərkən təsadüfən üzdən tanıdığı bir şəxslə rastlaşmış, həmin şəxsdən təxminən üç ay bundan əvvəl bir dəfə istifadə etmək üçün bir bükümdə narkotik vasitə heroin almışdır. Bu dəfə həmin şəxslə rastlaşanda ondan narkotik vasitə heroin istəmiş və ona 8 manat pulunun olduğunu bildirmişdir. Həmin şəxs ona bu məbləğin kifayət etmədiyini desə də, sonda razılaşmış və ona 8 manata bir büküm «kola», yəni heroin satmışdır. O, narkotik vasitəni götürüb yaxınlıqda yerləşən bir binanın girişinə daxil olmuş və orada aldığı heroinin bir hissəsindən istifadə etmişdir. Sonra yaşadığı ünvana qayıtmışdır. Narkotik vasitənin qalan hissəsini isə əynində olan cins şalvarın sağ yan cibinə qoymuşdur ki, ağrıları başlayanda, həmin narkotik vasitədən istifadə etsin. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində UPD qəsəbəsində, Rəşid Bağırov küçəsində olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdilər və onun şəxsiyyəti ilə maraqlanmışlar. Özünü polis əməkdaşlarına təqdim edəndən sonra, polis əməkdaşları onun Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onun əllərini ciblərinə salmağa imkan verməyərək onu Xətai RPİ-nin 37-ci polis şöbəsinə gətirmişlər. Polis şöbəsində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə polis əməkdaşı tərəfindən ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. O da əynində olan cins şalvarın sağ yan cibində saxladığı, içərisində narkotik vasitə heroin olan bir ədəd siqaret kağızından olan bükümü cibindən çıxardıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı təqdim etdiyi bükümün içərisində olan maddənin «kola», yəni narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni «8-ci km» bazarının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 8 manata aldığını bildirmişdir. Daha sonra təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, himayəsində 4 uşağının olmasını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin polis sahə inspektoru vəzifəsində çalışır və polis baş leytenantı rütbəsini daşıyır. Amir adlı şəxsin Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat üzərində araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində daşımaqla istifadə etmişdir. Dərhal 37-ci PŞ-nin rəhbərliyinə raportla məruzə etdikdən sonra, əməliyyat qrupu yaradılmış, keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq 37-ci PŞ-nə dəvət etmişlər. Həmin polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanıldığı izah olunduqdan sonra, ona dövlət hesabına müdafiəçi təyin etmək üçün vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin siyahıdan könüllü olaraq müdafiəçi seçdikdən sonra, müdafiəçinin iştirakı və video çəkilişdən istifadə etməklə onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmeti təqdim etməsini istədikdə, o, könüllü sürətdə göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümü təqdim etmiş, həmin kütlənin nə olması soruşulduqda, Təqsirləndirilən şəxs 01 ədəd gümüşü rəngli siqaret kağızından olan bükümün narkotik maddə hesab olunan heroin olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, həmin narkotik vasitə heroini o, “8-ci km” bazarının yaxınlığında tanımadığı şəxsdən öz isifadəsi üçün 8 manata almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid1 və təqsirləndirilən şəxsin ifadələrinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan 23 sentyabr 2022-ci i tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməkdə şəxsi axtarış aparılan zaman, ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş və sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümün içərisində qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddəni çıxarıb təqdim edərək həmin maddənin heroin olduğunu bildirmiş, həmin maddənin 3 gün əvvəl «8-ci km» bazarının yaxınlığında adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 8 manat müqabilində almasını bildirir. Həmin maddə zərfdə qablaşdırılaraq möhürlənmişdir. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd “CD-R" disk protokola əlavə edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2022-ci il tarixli 6/5485 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz şəkisi 0,161 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Tədqiqatdan sonra qalıq 0,111 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X1 Şəxsinin xx.xx.2022-ci il tarixli 5540 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə 0,161 kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroin, habelə onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd “DVD-R" disk iş üzrə maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,111 qram narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmiş, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videoçəkiliş əks olunan 01 ədəd “DVD-R" disk isə iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 25 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlandığı MSY-dən azad edilmişdir. İş materiallarında olan 25 sentyabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 oktyabr 2022-ci il tarixli tələbnamə əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü Məmmədxan Hənifəzadə, xx.xx.2015-ci il təvəllüdlü Əlirza Hənifəzadə, xx.xx.2014-cü il təvəllüdlü Mələk Hənifəzadə və xx.xx.2012ci il təvəllüdlü Mədinə Hənifəzadə adlı 4 azyaşlı uşağı var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 4 azyaşlı uşağının olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,111 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,111 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-113/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-113/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver