Məhkəmə qərarları › İş №1(011)-113/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-113/2024

15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-113/2024 15.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X7 və müdafiəçisi Müdafiəçi, xüsusi ittiham qaydasında şikayət verən X2 iştirakı ilə, xüsusi ittiham qaydasında X2 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X5 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında barəsində şikayət verilən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşadığı binanın giriş hissələri və liftlərində X8 tərəfindən müxtəlif şəkillərin vurulması və onların üzərinə onun barəsində şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli ifadələrin yazılması barədə həmin binanın sakinləri tərəfindən ona məlumat verilmişdir. Həmin şəkillərin üzərində onun adı qeyd olunmaqla "Vətəndaş harayı... çox hörmətli qonşularımız: Bəhmən adlı 1 nəfər Mirhamud Kazımovski 31 ünvanında yerləşən evimizin zirzəmisini bu günə salıb (evimizin bünövrəsini diversant kimi dağıdıb). Zəlzələyə dözümünü yox edib...!!!" kimi onun barəsində həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar göstərilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə barəsində xüsusi ittiham qaydasında şikayət verilən X8 tərəfindən "Qanun və Hədəf qəzetinin portalında "Vətəndaş harayı: keçmiş polis işçisi zəbt etdiyi zirzəminin konstruksiyasına təhlükəli müdaxilələr edib” başlıqlı məqalə dərc edilməklə guya binada komendant vəzifəsini mənimsədiyi barədə həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar göstərilmişdir. Xüsusi ittiham qaydasında şikayətə əlavə olunmuş 1 nömrəli protokoldan da göründüyü kimi, o, xx.xx.2010-cu il tarixdə ünvan 1 ünvanında yerləşən 31 saylı kooperativ binanın sakinləri tərəfindən həmin kooperativin sədri seçilmişdir. Həmin tarixdən sözügedən 31 saylı kooperativ binanın 48-ci mənzilində yaşamaqla ona həvalə olunmuş vəzifəni yerinə yetirir. Hazırki vaxta qədər kooperativ sədri kimi vəzifələrinin icrası ilə əlaqədar onunla 31 saylı kooperativin sakinləri arasında hər hansı mübahisə olmamışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X8 ona qarşı qərəzli münasibətdə olmuş və onun barəsidə həqiqətə uyğun olmadığını bildiyi halda şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli məlumatları yaymışdır. Belə ki, 31 saylı kooperativ binanın sədri kimi öz vəzifələrini icra edərkən onun tərəfindən hər hansı qeyri-qanuni hallara yol verilməmiş, o cümlədən X4 qeyd etdiyi kimi zirzəminin zəbt olunması və orada işlərin görülməsi zamanı binanın konsktruksiyasına təhlükəli müdaxilələr edilməsi hallarına yol verilməmişdir. Zirzəmidə işlərin görülməsi barədə çıxarış da vardır. X1 onun şərəf və ləyaqətini ləkələyən həqiqətə uyğun olmayan məlumatları "Türkdünyası.az" kanalına verdiyi müsahibə zamanı yaymışdır. Həmin hallar şikayətə əlavə olunmuş disk daşıyıcıda öz əksini tapmışdır. Göründüyü kimi qanuni əsaslarla 31 saylı kooperativ binanın sədri kimi öz vəzifələrini icra etdiyi halda X8 tərəfindən həmin binanın giriş hissələrində və liftlərdə, eləcə də "Qanun və Hədəf” qəzetinin portalında, "Türkdünyası.az" kanalına verdiyi müsahibə zamanı "Vətəndaş harayı... çox hörmətli qonşularımız: Bəhmən adlı 1 nəfər Mirhamud Kazımovski 31 ünvanında yerləşən evimizin zirzəmisini bu günə salıb (evimizin bünövrəsini diversant kimi dağıdıb). Zəlzələyə dözümünü yox edib...!!!", "Vətəndaş harayı: keçmiş polis işçisi zəbt etdiyi zirzəminin konstruksiyasına təhlükəli müdaxilələr edib” və.s kimi həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları yaymaqla başqa şəxlər, xüsusilə də kooperativin digər sakinləri arasında onun barəsində mənfi rəy yaratmağa çalışmışdır. Həmin məlumatların yayılması faktı 31 saylı kooperativ binanın sakinləri olan bir neçə şahid ifadələri ilə də təsdiq olunmuşdur. Həmçinin sözügedən məlumatların 31 saylı kooperativ binanın uzun illərdir ki, sakinləri olan digər şəxslər tərəfindən deyil, məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilən X8 tərəfindən yayılması onların həqiqətə uyğun olmadığını və X4 ona qarşı qərəzli mövqeyinə görə böhtan xarakterli məlumatları yaydığını təsdiq edir. Belə ki, X8 həqiqiliyini təsdiq edən heç bir sübut olmadan yuxarıda qeyd olunan ifadələri yaymaqla ona böhtan atmış, uzun zamadır ki, yaşadığı binanın sakinləri arasında onun barəsində mənfi rəy yaratmaqla şərəf və ləyaqətinə xələl gətirmişdir. Buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir və onun barəsində müvafiq tədbirlər görülməlidir. Eyni zamanda X5 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 ilə barışdığını, ona qarşı heç bir şikayəti, tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X7 şikayəti əsassız hesab edərək bildirdi ki, şikayət verən şəxs X5 məhkəməyə xüsusi ittiham qaydasında şikayət verərək, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148 ci maddələrinə əsasən məsuliyyətə cəlb olunmağı barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət tam qanunsuz və əsassızdır, məhkəmənin vaxtının boş yerə alınması ilə nəticələnir. Şikayət ərizəsi faktiki olaraq əsaslandırılmamış, yalnız qanunvericiliyin normaları sadalanmış və şikayətin təsvin hissəsində şikayətçi barəsində mediada yayılan xəbərlər öz əksini tapmışdır. Şikayətin təsviri hissəsi ilə əsaslandırıcı hissəsinin heç bir hüquqi əlaqəsi yoxdur. Belə ki, şikayətçi qanunvericiliyi öz mülahizəsinə uyğun təhlil edərək, hansı əsasla qanun pozuntusuna yol verdiyini sübuta yetirməmişdir. İşin faktiki halları ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası uzun illərdir istifadəsindədir. Binanın keçmiş sədri (kommendant vəfat etdikdən sonra bina sakinlərinə heç bir xəbər verilmədən, habelə seçkili iştirakları təmin edilmədən həmin vaxt binada kirayədə yaşayan hazırkı şikayət verən şəxs özünü binanın sədri elan etmişdir. Buna heç bir bina sakininin razılığı olmamış, hətta dəfələrlə bununla bağlı iradılarını bildirsələr də, heç bir nəticə əldə edə bilməmişlər. Bəhmən Tacıyevin hazırda ona qarşı qərəzli mövqe tutmasının və lazımsız şikayətinin əsas səbəbi yaşadığı binada apardığı qanunsuz söküntü və tikinti işlərinə irad bildirməyi olmuşdur. Belə ki, cari ilin yay tətili zamanı Bəhmən Tacıyev bina sakinlərinin bir çoxunun istirahətdə olmasından sui-istifadə edərək, onlara heç bir məlumat vermədən, heç bir aidiyyatı qurumdan icazə kağızı əldə etmədən binanın zirzəmi qatını qanunsuz olaraq özgəninkiləşdirmiş, orada söküntü işləri aparmış və nəticədə binalarının dayanıqlığına ciddi zərər vurmuşdur. Hadisədən xəbər tutduqdan dərhal sonra bununla bağlı sədrə müraciət etsə də, o, zirzəmidə yalnız müəyyən təmir işləri gördüyünü bildirmişdir. Lakin, daha sonradan məlum olmuşdur ki, o, binanın ümumi mülkiyyətində olan zirzəmi qatında yenidən qurma işləri aparmış, binanın yükdaşıyıcı divarlarını sökmüş, hətta zirzəmi sahəsində hündürlük əldə etmək üçün orada qazıntı işləri aparmışdır. X6vericiliyin tələblərini ciddi şəkildə pozaraq, öz şəxsi istifadəsi üçün sahibliyinə keçirmiş, bununla da binadə təhlükəli vəziyyət yaranmışdır. Göründüyü kimi, şikayət verən şəxs özü qanuna zidd hərəkətlər etməsinə və həmin binada yaşayan sakinlərinin normal yaşayışına təhlükə yaratmasına baxmayaraq, qanunsuz olaraq onun barəsində şikayət verir. Eyni zamanda, həmin şəxs eyni məzmunlu ərizə ilə şərəf və ləyaqətin alçaldılması, mənəvi zərər tələbi ilə də məhkəməyə müraciət etmişdir və iş hal-hazırda araşdırma mərhələsindədir. Şikayətçi barədə o, heç bir böhtan atmamışdır. Onun qanunsuz hərəkətləri ilə bağlı hüquq mühafizə orqanlarına binanın təhlükəsizliyi məqsədilə məlumatları çatdırmağa çalışmışdır. Əks halda onun tərəfindən binada təhlükəli hadisələr törədilməyə davam edilə bilərdi. Bundan irəli gələrək, o, şikayətçi barəsində qəsdən və qərəzli şəkildə heç bir məlumat yaymadığı aşkar olunmuşdur. Bu isə böhtanın anlayışına uyğun gəlmir. Digər məqam, onun şikayətçi barədə bilə-bilə yalan məlumat yazmağı öz təsdiqini tapmır və şikayətçini nüfuzdan salmaq üçün və ya şərəf və ləyaqətini alçaltmaq məqsədi ilə bu barədə internet resurslarında, kütləvi informasiya vasitələrində, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, informasiya vasitəsində heç bir məlumat yaymamışdır. Şikayətçinin qeyd etdiyi xəbər saytlarında olan məlumatların paylaşılması halı isə onun şəxsi həyatı, şərəf və ləyaqətinin alçaldılması ilə bağlı yox, onun binalarının zirzəmisində gördüyü qanunsuz təmir-tikinti işlərinin qarşısının alınması məqsədilə edilmişdir. O, həmin çıxışlarda şikayətçi barədə yox, qanunsuz tikinti ilə bağlı məlumatlar vermişdir. Buna görə də xüsusi ittiham qaydasında şikayət rədd edilərək işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X3 müdafiəçisi Müdafiəçi şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X5 şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Adı çəkilən Plenum Qərarının 12-ci bəndinə əsasən kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Qeyd olunan Plenum Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir ki, CPM-in 302-ci maddəsi də xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa dair bu tələblərin imperativ olmasını təsbit etmişdir. Məhkəmə, CPM-in sadalanan normalarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə, həmçinin törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Həmin Məcəllənin 293.3.6-cı maddəsinə əsasən, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Hazırki şikayətdə isə CPM-in tələblərinə riayət olunmamış, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz X7 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətin verildiyi yeri göstərməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X5 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında X5 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar