Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-114/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 qızının və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, Nizami küçəsi, ev 19C, məhəllə 6-da qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə xx xxx 1995-ci ildə Sabirabad rayonu, Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Sabirabad rayonu, Əlicanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, 8-ci sıra, ev 56-da yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci maddəsi təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 01 oktyabr 2021-ci il tarixdə saat 02:30-da Təqsirləndirilən şəxs1 təklifi ilə 30 manat müqabilində idarə etdiyi “Azsamand” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sonuncunu ünvan ünvanda yerləşən “Megafun” əyləncə mərkəzinin yanına gətirmiş və Təqsirləndirilən şəxs1 həmin ərazidə oğurluq etdikdən sonra yanına qayıdaraq razılaşdırılan məbləğdə pul vəsaitini ona verib birlikdə oradan uzaqlaşmaları üçün avtomobil ilə “Megafun” əyləncə mərkəzinin yaxınlığında gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin zaman “Azure” yaşayış kompleksi binasının 3-cü girişinin qarşısında saxlanılan “Mercedes- Benz S 500” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ümumilikdə 2000 manat dəyərində olan hər iki yan güzgülərini əli ilə yerindən çıxararaq gizli olaraq taladıqdan sonra sonuncunun ona verdiyi 30 manat pul vəsaitini alaraq Zərərçəkmiş şəxs ümumilikdə 2000 (iki min) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Təqsirləndirilən şəxs2 30 manat məbləğində pul vəsaiti verəcəyini vəd verib 01 oktyabr 2021-ci il tarixdə saat 02:30-da sonuncunun idarə etdiyi “Azsamand” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan ünvanda yerləşən “Megafun” əyləncə mərkəzinin yanına gələrək onu orada gözləməyini istəmiş, hənin ünvanda yerləşən “Azure” yaşayış kompleksi binasının 3-cü girişinin qarşısında saxlanılan “Mercedes-Benz S 500” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ümumilikdə 2000 manat dəyərində olan hər iki yan güzgülərini əli ilə yerindən çıxararaq gizli olaraq talayıb aralarında olan razılaşmaya əsasən sonradan Təqsirləndirilən şəxs2 30 manat pul verərək Zərərçəkmiş şəxs ümumilikdə 2000 (iki min) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadələri, iş materiallarına əlavə edilmiş hadisə yerini əks etdirən CD disk və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Hazırda icarə əsasında “Azsamand” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib sərbəst şəkildə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 ilə təxminən 1 il əvvəl tanış olmuşdur. Şahmar maşın ustası ikimi tanımış və aralarında yaxın münasibət yaranmışdır. 30 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində o, taksi fəaliyyəti ilə məşğul olduğu vaxt Şahmar ona zəng edərək Xırdalana gəlməyini istəmiş və oradan götürməyini ondan xahiş etmişdir. O, Şahmarın söylədiyi kimi Xırdalan şəhərinə getmişdir. Xırdalan dairəsinin yanında Şahmarı götürmüşdür. Yolda olan zaman Şahmar oğurluq edəcəyini və onada 30 manat verəcəyini söz vermişdir. 01 oktyabr 2021ci il tarixdə saat 02 30 radələrində o, Şahmarı söylədiyi kimi Xətai rayonu ərazisində yerləşən “Megafun” əyləncə mərkəzinin yanına aparıb düşürtmüş və “Megafun”dan biraz irəlidə yolun qırağında dayanıb gözləmişdir. Şahmardan bir xəbər çıxmadığından saat 03:00 radələrində fırlanıb yenidən əyləncə mərkəzinin yanına gəlmişdir. Şahmarı axtarmış, lakin tapa bilməmişdir. Buna görə təxminən 20 dəqiqə ərzində Şahmarı tapa bilmədiyi üçün taksi kimi sifariş götürüb oradan getmişdir. Səhərisi gün Xırdalan dairəsinin yaxınlığında Şahmarı görmüşdür. Orada aralarında mübahisə baş vermişdir. Şahmardan nəyə görə onu aldatdığını soruşmuşdur. Şahmar ona müxtəlif bəhanələr gətirmiş və mübahisənin yekununda ona haqqı olan 30 manatını vermişdir. Bundan sonra oradan getmiş və bir daha Şahmarı görməmişdir. Daha sonra isə 06 oktyabr 2021-ci il tarixdə Xətai rayonunda yerləşən “Salam Aleykum” adlı restoranın yanında dayanıb sifariş götürmək istədiyi zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq oğurluq etməkdə şübhəli bilindiyinə görə onu Rayon Polis İdarəsinə gətirmişdirlər. Burada ona artıq məlum olmuşdur ki, Şahmar 01 oktyabr 2021-ci il tarixdə gecə saatlarında “Mercedes” markalı avtomobilin yan güzgülərini oğurlamışdır. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 7 il ərzində maşın ustası kimi müxtəlif yerlərdə işləmişdir. Əvvəllər məhkum olunmamışdır. İşləməyinə baxmayaraq maddi cəhətdən çətinlik çəkir. Anası xərçəng xəstəsidir və dərman alınması üçün pul yığmaq mümkün olmamışdır. Buna görə də o, oğurluq cinayətlərini törətməklə tez bir müddətdə pul yığmaq fikrinə gəlmişdir. Təxminən bir il əvvəl Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Rövşən onun yanına maşınını təmirə gətirirdi və mütəmadi olaraq görüşdüklərinə görə aralarında yaxın münasibət yaranmışdır. Yaxın keçmişdə Təqsirləndirilən şəxs2 onun yanına gələrək maddi durumunun yaxşı olmadığını söyləmişdir. O, Rövşənə oğurluq etməyi təklif etmişdir. Onlar bu barədə razılaşmışdırlar. Rövşən taksi fəaliyyəti ilə məşğul olurdu və onlar belə bir razılığa gəlmişdirlər ki, Rövşən onu oğurluq etdiyi məkanlara aparacaq və o, sonuncuya bu işi gördüyünə görə pul verəcək. Onlar belə bir razılığa gəlmişdirlər ki, hər bir oğurluq edəcəyi yerə onu apardıqda Rövşənə 30 manat pul verməli idi. Həmin pulu əldə edəcəyi gəlirdən yox, öz pul vəsaitindən verməli idi. Bu üsulla tez bir zamanda gəlir əldə etmək istəyirdilər. 30 sentyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində o, Xırdalanda olarkən Təqsirləndirilən şəxs2 zəng etmiş və sonuncudan oraya gəlib onu götürməyini istəmişdir. Rövşən onun dalınca gəlmiş və Xırdalan dairəsinin yaxınlığında onu götürmüşdür. Yolda olarkən o, Rövşəndən şəhərə sürməyini istəmiş və oğurluq edəcəyini bildirmişdir. Həmçinin Rövşənə 30 manat pul verəcəyini və onu oğurluq etdikdən sonra hadisə yerinin yaxınlığında gözləməyini xahiş etmişdir. Onlar 01 oktyabr 2021-ci il tarixdə saat təxminən 02:30 radələrində onlar Xətai rayonu, “Megafun” əyləncə mərkəzinin yaxınlığına gəlmişdirlər. Orada o, “Azure” yaşayış kompleksinin həyətində çox sayda bahalı maşınların olduğunu və ətrafda heç kimi olmadığını görmüşdür. Buna görə də o, Rövşəndən avtomobili orada saxlamasını xahiş etmişdir. Orada avtomobildən düşüb təxminən yarım saat ərzində qayıdacağını və onu oralarda gözləməyini xahiş etmişdir. Qayıtdıqda Rövşənə 30 manat vecəyini söyləmişdir. O, “Azure” yaşayış kompleksinə keçmiş və blokların birinin qarşısında qara rəngli “S-Klass” markalı avtomobilin saxlanıldığını görmüşdür. Həmin markalı avtomobillərin yan güzgülərinin bahalı olduğundan avtomobilə yaxınlaşıb yan güzgülərini əli ilə bərk dartaraq yerindən çıxartmışdır. Rövşəni aldatmaq üçün yan güzgüləri oğurlayıb sonuncunun yanına qayıtmamışdır. Səhər açılan kimi yan güzgüləri 20 Yanvar metrosunun yaxınlığında bir müddət öncə tanış olduğu Vüsal adlı şəxsə 100 manata satmışdır. Daha sonra Xırdalana getmişdir. Həmin gün günorta saatlarında Rövşən Xırdalanda onu tapmışdır. Aralarında mübahisə yaşanmış belə ki, o, Rövşənə 30 manat pul verməli idi. Mübahisənin yekununda Rövşənə 30 manat pul vermiş və bundan sonra oradan getmişdir. 07 oktyabr 2021-ci il tarixdə o, 37-ci Polis şöbəsinə yaxınlaşaraq törətdiyi cinayəti səmimi olaraq etiraf etmişdir. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı tələb və şikayətin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2010-cu ildə “Mercedes Benz S 500” markalı avtomobili əldə etmişdir. 30 sentyabr 2021-ci il tarixdə saat 22:30 radələrində işdən qayıdaraq həmişə olduğu kimi avtomobili yaşadığı evin blokunun qarşısında, yəni “Azure” yaşayış kompleksinin 3-cü blokunun qarşısında saxlayıb evə qalxmışdır. 01 oktyabr 2021-ci il tarixdə evdən çıxıb işə getmək istədiyi vaxt avtomobilə yaxınlaşdıqda avtomobilin sol və yan güzgüsünün yerində olmadığını aşkar etmişdir. Avtomobilin güzgülərinin oğurlandığını başa düşüb dərhal DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Oğurlanan yan güzgülər açılıb-qatlanır və həmçinin digər nəqliyyat vasitələri ötmə əməliyyatı edərkən və ya yaxınlaşarkən güzgülərə xəbərdarlıq işarəsi gəlir. Bu xüsusiyyətlərin hamısı güzgülərin dəyərinin yüksək olmasının göstəricisidir. Həmin güzgülər sonradan avtomobilə yerləşdirilməyib və S-Klass modelinin original güzgüləridir. Güzgülərin hər birinin qiyməti 1000 manat təşkil edir. Bununla da hər iki güzgülərin oğurlanması nəticəsində ona təxminən 2000 manat məbləğində maddi ziyan dəymişdir.Daha sonra istintaq zamanı güzgülərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığını öyrənmişdir. Dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir tələb və şikayətləri yoxdur. İş materiallarında olan (1-ci cild, iş vərəqi 37-38, 124-127) ifadələrin yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxslər oğurluq hadisəsini necə törətdiklərini dəqiqliklə göstərirlər. İş materiallarında olan 19 noyabr 2021-ci il tarixdə elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, videogörüntüdə 01 oktyabr 2021-ci il tarixdə saat 02:47 radələrində bir nəfər şəxsin yaşayış binasının yanında, avtomobillərin parklanma yerində ətrafa nəzər yetirərək gəzməsi müşahidə olunur. Həmin şəxs qara rəngli “Mercedes” markalı avtomobilə yaxınlaşaraq bir neçə dəfə ətrafa nəzər yetirib əli ilə həmin avtomobilin yan güzgüsünü yerindən çıxarır. Daha sonra digər yan güzgüsünü də əli ilə yerindən çıxararaq oğurlayır. Protokol ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs1 görüntüdə olan şəxsin özü olduğunu və “Mercedes- Benz S 500” markalı avtomobilin yan güzgülərini əli ilə qopardıb oğurladığını bildirmişdir. İş materiallarında olan 09 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, oğurluq hadisəsini əks etdirən CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 06 oktyabr 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi 06 oktyabr 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 08 oktyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs2 həbsdən azad edilmiş ,barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi 07 oktyabr 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 09 oktyabr 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilmiş, həbsetmənin əvvəli 07 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.01.2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilmiş, dərhal məhkəmə iclas zalından azad edilmiş və barəsində 02 (iki) ay həddində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin əvvəli 04 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 noyabr 2021-ci il tarixli tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.08.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il 05 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 sentyabr 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan 11 noyabr 2021-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı tələb və şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin səmimi etirafları, zərərçəkmiş şəxsin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmələri tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olduğunu, səmimi etirafını, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir, saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əməlindən peşman olduğunu, səmimi etirafını, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbin olmamasını, vurulmuş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir, Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında saxlandığı 04 (dörd) ay 25 (iyirmi beş) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış oğurluq hadisəsini əks etdirən CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında saxlandığı 04 (dörd) ay 25 (iyirmi beş) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 09 (doqquz) ay 20 (iyirmi) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-114/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-114/2022
04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver