Məhkəmə qərarları › İş №1(011)-117/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-117/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-117/2024 15.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Şəki rayonu, Baş Layısqı Ərazi Dairəsi, Şin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Baş Layısqı Ərazi Dairəsi, Şin kəndində qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-294/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək özünü "xxxx" MMC-nin işçisi kimi təqdim edib guya 10.000 (on min) manat dəyərində 100 kisədə quru süd ilə təmin edəcəyi barədə yalan vəd verib xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən “Babək Plaza”nın birinci mərtəbəsində, dəhlizdə həmin məqsədlə Zərərçəkmiş şəxs 10.000 (on min) manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir müddət "xxxx" MMC-də satış təmsilçisi olaraq işləmişdir. Törətdiyi digər cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Xətai Rayon Məhkəməsinin qərarı ilə 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. "Veysəloğlu” MMC-də işlədiyi vaxtlardan Zərərçəkmiş şəxs tanımışdır. 2023-cü ilin iyul ayında Eldar ona zəng edərək quru süd lazım olduğunu bildirmişdir, o da maraqlanıb xəbər edəcəyini demişdir. Təxminən iki gün sonra Eldara zəng edərək quru südün olduğunu və 01 kisənin 120 manata olmasını dedikdə, Eldar ona 10.000 (on min) manatlıq quru süd sifariş vermişdir. xx.xx.2023-cü il tarixdə günorta vaxtı Eldara zəng edərək Xətai rayonunda "xxxx" MMC-yə aid olan “Horeca” şirkətinin yerləşdiyi “Babək plaza”ya gəlməsini bildirmişdir. Bir qədər sonra Xətai rayonu, “Babək plaza”nın birinci mərtəbəsində Eldar və işçisi İlqar ilə birlikdə görüşmüş və Eldar ona 10.000 (on min) manat pul vermişdir. Orada olan nəzarətçi ilə "xxxx" MMC-nin ofisinə gedib binanın ikinci mərtəbəsinə qalxmışdır. Təxminən 10 dəqiqə sonra Eldarın yanına qayıtmış və ödəniş etdiyini, quru südü isə Məhəmmədi kəndində yerləşən "xxxx" MMC-yə məxsus anbardan götürə biləcəklərini bildirmişdir. Eldarın işçisi İlqar ilə birlikdə Məhəmmədi kəndində yerləşən "xxxx" MMC-yə məxsus anbara getmişlər. Orada olan zaman "xxxx" MMC-nin satış təmsilçisi Saleh adlı şəxsə zəng edərək ondan 5000 manat dəyərində quru süd istədikdə Saleh ona ofisin yeni binaya köçməsi ilə əlaqədar olaraq sistemin işləmədiyini səhəri günü verə biləcəyini bildirmişdir. Təxminən iki saat sonra Eldar ona zəng etdikdə sistemin işləmədiyini və pulun köçmədiyini, xx.xx.2023-cü il tarixdə məhsulun ona təhvil veriləcəyini bildirmişdir. Sonradan Salehlə əlaqə saxlamış, lakin o, telefon zənglərinə cavab verməmişdir. Eldarın yanında yalançı olmamaq üçün əvvəlcədən tanıdığı taksi sürücüsü Farizə zəng edərək ona bir nəfər şəxsə məhsul verəcəyini, lakin gecikdiyini, sabah məhsulun şirkətdən çıxacağını bildirmiş və ona məhsul verməli olduğu şəxsin yanında zəng edib danışdıracağını, danışıq vaxtı məhsul verəcəyi adama onun dediklərini təkrarlamasını xahiş etmişdir. Eldarın yanına gəldikdən sonra ona sistemin işləmədiyini və quru südü sabah, yəni xx.xx.2023-cü il tarixdə verəcəyini bildirmişdir. Eldarı inandırmaq üçün Fariz adlı şəxsin "xxxx" MMC-nin satış müdürü olduğunu bildirib mobil nömrəsini vermişdir. Onlar telefonda danışdıqları zaman Farizə dediklərini Eldara təkrarlamışdır. Eldarın vanında güvən qazanmaq üçün həmin vaxtı icarayə götürüb taksi kimi sürdüyü özünə məxsus olmayan “Toyota Prius” markalı avtomobili Eldarın iş yerinin qarşısında saxlayıb açarı da ona vermişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin ofisinə satış təmsilçisi Salehin yanına gedərək nisyə 100 kisə quru süd verməsini istəsədə əvvəllərdə aralarında nisyə alış- veriş olmasına baxmayaraq nisiyə məhsul verilmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə icarəyə götürdüyü avtomobilin sahibi onunla əlaqə saxlayıb avtomobili istədikdə avtomobili saxladığı yeri demiş və oradan götürmüşdür. xx.xx.2023-cü il tarixdə Eldarla görüşdükdə xx.xx.2023-cü il tarixədək ondan aldığı pulu geri qaytaracağını bildirmiş və öz razılığı ilə bunu təsdiq edəcək iltizam da yazmışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini ödədiyini və onunla barışdığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasına Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 1978-ci ildən süd və süd məhsullarının istehsalı ilə məşğul olmuşdur. 2005-ci ildə "xxxx" firmasının satış şöbəsinin əməkdaşı olmuş Təqsirləndirilən şəxs ilə tanış olmuş və aralarında alış veriş olmuşdur. Cari ilin iyul ayında quru südün qıtlığı yarandıqda "xxxx" şirkətində quru südün olduğunu bilib Spartaka telefonla müraciət etmişdir. Onunla telefonla danışıb quru süd lazım olduğunu bildirdikdə şirkətdən maraqlanıb ucuz qiymətə həll edəcəyini bildirmişdir. Təxminən iki gün sonra Spartak ona zəng edərək 100 kisə quru süd 01 ədəd kisəsi 120 manatdan olmaqla ümumilikdə 12.000 manata verə biləcəyini bildirmişdir. Spartaka 10.000 (on min) manat pulu olduğunu bildirmişdir və onlar razılaşmışlar. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Spartak ona zəng edərək Xətai rayonunda "xxxx" şirkətinin baş ofisinin yerləşdiyi “Babək Plaza”ya gəlməsini xahiş etmişdir. O da işçisi İlqar ilə birlikdə “Babək Plaza”ya getmiş və orada Spartakla görüşmüşdür. “Babək Plaza”nın dəhlizində olan zaman üçünün iştirakı ilə 10.000 (on min) manat pulu sayıb Spartaka vermiş və həmin vaxtı Spartak da pulu sayıb 10.000 (on min) manatı götürərək tək ikinci mərtəbəyə qalxmışdır. Təxminən 10 dəqiqə sonra Spartak geri qayıtmış və quru südü təhvil almaq üçün "xxxx" şirkətinin Kürdəxanı qəsəbəsində yerləşən anbarına getməli olduqlarını bildirmişdir. Özünün işləri olduğu üçün işçisi İlqarı Spartakla birlikdə oraya göndərmişdir. Təxminən iki saat sonra Spartaka zəng etdikdə pulun sisteminə oturmadığını sabah, yəni xx.xx.2023-cü il tarixdə quru südü özlərinin ünvana çatdıracaqlarını bildirmişdir. Spartaka İlqar ilə birlikdə onun yanına gəlmələrini bildirmişdir. İlqar və Spartak onun yanına gəldikdən sonra söhbət əsnasında Spartak "xxxx" şirkətinin satış müdiri Fariz adlı şəxsin istifadəsində olan mobil nömrə ilə əlaqə saxladıqda Fariz Eldara xx.xx.2023-cü il tarixdə saat 09:00-da quru südün ona təhvil veriləcəyini bildirmişdir. Spartak onun inanması üçün həmin vaxt idarə etdiyi “Toyota Prius” markalı dövlət qeydiyyat nişanını unutduğu avtomobili onun yanında saxlamışdır. xx.xx.2023-cü il tarixdə Spartak ona “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə səsli mesaj göndərərək xx.xx.2023-cü il tarixdə məhsulun gecikdiyini və həmin günü saat 17:00-dək ya məhsulu gətirəcəyini ya da ki, pulu geri qaytaracağını bildirmişdir. 2.000 (iki min) manat pulu olduğunu, qalan pulu isə avtomobilə müştəri gətirib satıb pulunu verəcəyini bildirmişdir. Lakin xx.xx.2023-cü il tarixdə Spartak ona nə pulu, nə də ki, məhsulu vermişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında tanımadığı şəxslər onun yanına gələrək avtomobilin onlara məxsus olması barədə sənədləri göstərib Spartakın avtomobili onlardan icarəyə götürdüyünü və avtomobili geri ala biləcəkləri barədə onlara zəng edərək bildirdiyi üçün avtomobili aparmışlar. xx.xx.2023cü il tarixdə Spartak ona “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə mesaj yazaraq bir həftə gözləməyini, pulunu qaytaracağını və mobil telefonuna zəng çatmayacağını bildirmişdir xx.xx.2023-cü il tarixdə Spartak onun yanında xx.xx.2023-cü il tarixədək ya pulunu ya da ki, məhsulu verəcəyi barədə iltizam yazmışdır. Təxminən 3 gün sonra "xxxx" şirkətindən maraqlandıqda Spartakın xx.xx.2023-cü il tarixdə tutulduğunu bilmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş ümumi ziyandan 1000 manat məbləğində ödəniş edildiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təxminən 4 ildir Zərərçəkmiş şəxs yanında süd və süd məhsullarının istehsalı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə Eldar ona birlikdə Xətai rayonu ərazisində "xxxx" şirkətinin baş ofisinin yerləşdiyi “Babək Plaza”ya gedib orada quru süd almaq uçün kiməsə pul verəcəyini bildirmişdir. Birlikdə deyilən ünvana gedib Eldarın görüşdüyü şəxsin sonradan adının Spartak olduğunu və "xxxx" şirkətində işlədiyini bilmişdir. Həmin vaxt Eldar Spartaka 10.000 (on min) manat pulu “Babək Plaza”nın dəhlizində onun iştirakı ilə sayaraq vermişdir. Spartak pulu götürüb özüdə saydıqdan sonra həmin binanın 2 mərtəbəsinə qalxdıqdan təxminən 10 dəqiqə sonra geri qayıtmışdır Spartak quru südü götürmək üçün Kürdəxanı qəsəbəsinə getməli olduqlarını bildirdikdə Eldar onunla getməyini bildirmişdir. Spartakla onun idarə etdiyi dövlət qeydiyyat nişanını unutduğu “Toyota Prius” markalı avtomobillə Kürdəxanı qəsəbəsində yerləşən "xxxx" şirkətinin anbarı dediyi bir tikilinin yaxınlığında dayanmışlar. Spartakın kimlərəsə zəng etdiyini və onun narahat olduğunu görüb nə baş verməsi haqqında maraqlandıqda Eldarın ona verdiyi 10.000 (on min) manat pulun sistemə köçmədiyinə görə quru südü ala bilmədiyini demişdir. Spartak "xxxx" şirkətinin işçisi Fariz adlı şəxs ilə telefonla bir qədər avtomobildə danışmış, sonradan isə avtomobildən düşüb yerdə danışmağa davam etmişdir. Bundan sonra olanlar barədə Eldara zəng edib bildirdikdə Spartak ilə birlikdə Eldarın yanına gəlmələrini bildirmişdir. Eldarın yanına gəldikdən sonra Spartak ona söz verərək xx.xx.2023-cü il tarixdə ya quru südü ya da ki, pulunu verəcəyini bildirmişdir. Əlavə olaraqda özünə məxsus olduğunu bildirdiyi “Toyota Prius” markalı avtomobili Eldarın güvənini qazanmaq üçün orada saxlamışdır. Bundan başqa Spartak telefonla danışdığı şəxsin "xxxx" MMC-nin işçisi Fariz olduğunu bildirib xx.xx.2023-cü il tarixdə quru südləri onun təhvil verəcəyini bildirmiş və Eldar özüdə Fariz ilə telefonla danışdıqda Spartakın dediklərini təsdiq etmişdir. xx.xx.2023-cü il tarixdə iki nəfər tanımadığı şəxsin Eldarın yanına gələrək Spartakın özünə aid olduğunu dediyi “Toyota Prius” markalı avtomobilin onlara məxsus olmasını bildirib sənədlərini təqdim etmişlər. Onlar Spartakın avtomobili icrayə götürdüyünü və onlara zəng edərək avtomobili geri götürə biləcəklərini bildirib avtomobili götürüb aparmışlar. xx.xx.2023-cü il tarixdə Spartak Eldara mesaj yazaraq ya pulu ya da ki, məhsulu verəcəyini bildirmişdir. Lakin sonradan Spartakın vədinə əməl etmədiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təxminən 3 il bundan öncə Qax rayonuna getmək üçün tanışlarının vasitəsi ilə göndərilmiş taksi ilə rayona getmiş və həmin taksi ilə geri Bakı şəhərinə qayıtmışdır. Yolda gedərkən həmin taksi sürücüsünün adının Spartak olduğunu və özünün Şəki rayonundan olmasını bilmişdir. Bundan sonra onların arasında dostluq münasibəti yaranmışdır. Spartak ona məhəkəmədə hakim köməkçisi, müxtəlif şirkətlərdə işlədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Spartak ona zəng edərək bir nəfər şəxsdən məbləğini bildirmədiyi miqdarda pul aldığını və qarşılığında "xxxx" şirkətindən quru süd götürüb həmin şəxsə verəcəyini bildirmişdir. Lakin quru südü götürə bilmədiyini həmin şəxsin yanında yalançı olmaq istəmədiyini, ona həmin şəxsin yanında zəng edəcəyini bildirmişdir. Zəng etdiyi vaxt ona məhsulun sabah, yəni xx.xx.2023-cü il tarixdə çatdırılacağını deməyini bildirdikdə ilkin olaraq razı olmamış, sonradan isə ona kömək etmək məqsədi ilə razılıq vermişdir. xx.xx.2023-cü il tarixdə Spartakla danışdıqdan bir neçə saat sonra tanımadığı mobil nömrədən gələn zəngə cavab verdikdə zəng edən şəxs adının Eldar olduğunu və Spartaka ödəniş etdiyini, lakin məhsulu ala bilmədiyini bildirmişdir. Eldara Spartakın ona dediklərini təkrarlayaraq sistemdə nasazlıq olmasını, məhsulun xx.xx.2023-cü il tarixdə çatdırılacağını bildirmişdir. Bir neçə gün sonra Eldar ona zəng edərək Spartakı tapa bilmədiyini, məhsulun ona göndərilmədiyini və ondan 10.000 (on min) manat pul almasını bildirmişdir. Aralarında olan telefon danışığı zamanı Eldara olanlar barədə məlumat verb özünün taksi sürücüsü olduğunu, Spartakın xahişi ilə onunla danışdığını bildirmişdir. Eldar ona Spartakın tapılmasına köməklik etməyini xahiş etdikdə köməklik edəcəyini bildirmişdir. Şəxsi əlaqələrindən istifadə edərək Spartakın digər mobil nömrəsini tapmış və ona Eldarın zəng etdiyini onu axtardığını yanına getməsini bildirmişdir. Həmin gün Spartakla əlaqə saxlayıb Eldarın yanına gedib getmədiyini maraqlandıqda oraya getdiyini öz aralarında məsələni həll etdiklərini bildirmişdir. Onun dediklərinin düz olmasını dəqiqləşdirmək üçün Eldara zəng etdikdə Spartakın dediklərini təsdiq etmişdir. Bir müddət sonra Eldar ona zəng edərək Spartakın onu aldatdığını və onun Xətai Rayon Məhkəməsində tutulduğunu bildirmişdir. Onun bu barədə heç bir məlumatının olmadığını demişdir. Bundan sonra nə Eldarla, nə də ki, Spartakla heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2003-2007-ci illərdə "xxxx" MMC-də satış təmsilçisi olaraq işləmişdir. 2023-cü ilin may ayından yenidən həmin vəzifədə işləməyə başlamışdır. Təqsirləndirilən şəxs başqa şirkətdə işlədiyi vaxtdan tanımış və onunla eyni rayondan olduğu üçün əlaqələri olmuşdur. xx.xx.2023-cü il tarixdə Spartak ona zəng edərək nisyə olaraq quru süd lazım olduğunu bildirdikdə ona etibar etmədiyi üçün nisyə məhsul verilmədiyini bildirmişdir. Sonradan isə ondan 5.000 (beş min) manatlıq nağd ödənişlə quru süd istədikdə şirkətdə hal hazırda quru süd olmadığını bildirmişdir. Sonradan Spartak ona zəng etsədə telefon zənglərinə cavab verməmişdir. Bir neçə gün sonra müştəri Zərərçəkmiş şəxs ona zəng edərək şirkətin işçisi Spartakın ucuz qiymətə quru süd verəcəyinə söz verdiyini, lakin vədinə əməl etmədiyini bildirdikdə Eldara Spartakın şirkətin işçisi olmadığını və onun törətdiyi əmələ görə həbs olunduğunu bildirmişdir. Telefon danışığı zamanı Spartakın ondan quru süd satmaq adı ilə 10.000 (on min) manat almasını bilmişdir. Həmçinin, danışıq zamanı Spartakın Eldarı inandırmaq üçün onun işçisi ilə birlikdə "xxxx" MMC-nin anbarının yerləşdiyi Məhəmmədi kəndinə getdiyini bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1); Təqsirləndirilən şəxs tərəfindən 02 avqust 2023-cü il tarixdə verilmiş iltizamın surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə əvvəllər tanıdığı Eldar adında şəxsdən quru süd vermək məqsədi ilə 10000 manat pul aldığını, lakin Zərərçəkmiş şəxs Aydın oğluna nə mal verə bildiyini, nə də pulu qaytara bildiyini, götürdüyü həmin pulu xx.xx.2023-cü il tarixinə kimi qaytaracağına söz verdiyini qeyd etmiş və öz imzası ilə təsdiq etmişdir (i.v. 12); cinayət işinin icraata qəbul edilməsi haqqında 31 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış ********* saylı cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 15); zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 18-20); CD diskin götürülməsi və diskə baxış keçirilməsi haqqında 01 noyabr 2023-cü il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CR disk götürülmüş və diskə baxış zamanı zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda telefon danışığının olması aşkar edilmişdir: (Təqsirləndirilən şəxs səsi) “sabahın xeyir Eldar dayı, necəsən, Eldar dayı mal yenə gecikir, məndən aslı olmayan səbəblərə görə, mən bilirəm sənin üçün necə zərbə oldu, gərək olmayardı belə bir iş, səndən bir xahiş olacaq, bu gün saat 5-ə kimi ya malıvı, ya pulu gətirəcəm, pulu gətirə bilməsəm maşını dəyərdəyməzinə 12-yə zada verib sənin puluvu verəcəm, mən özümdə indi pullarımı yığıram 2000 pulum var, belə vacibdirsə 2000 göndərim ya da ki, saat 4-ə kimi gözdə ya malıvı gətirim, ya da pulun hamısını verim, uzağı 5-ə kimi gözlə, mən görmüyəsi bir iş gördümdə, yəni sizdən artıq dərəcədə xahiş edirəm, bu səsi sizə göndərirəm özünüzdə saxlayın, polisi zadı qatmayaq ən azından haqqı salamımız var, bu məsələni mən isti isti həll edəcəm saat 5-ə kimi, Eldar adayı dedimdə sənə, raşotu elə götürəcəm ki, alınmayan ayağı deyirəm, maşının pulunu elə orda sayıb, maşını kiməsə verəcəm, o həddə gəlib çatmarıq inşallah, saat 5-ə kimi vaxt istiyirəm, Farizdə mənə görə zibilə düşəcək bilirəm”. (Zərərçəkmiş şəxs səsi) “Spartak salam, dünən sən mənim ilə görüşəndə mən uje bilirdim ki, belə olacaq, o oğlan elə belə getməmişdi siqaret üçün getməmişdi, o oğlan getmişdi maşınıvın yanında dayanmışdı ki, sən birdən çıxarsan aradan, dünən sən pulları sayanda salam məlekim edəndə mən bilirdim ki, belə olacaq, klient milent bilmirəm, saat 5-ə kimi deyirsən saat 5-ə kimi, Farizində danışığı var məndə onu sənə, səni ona qataram, hardan olur olsun saat 5-ə kimi pulumu gətir”. CD diskdə olan səs yazısına qulaq asan Zərərçəkmiş şəxs danışıq aparın şəxslərin birinin özü olduğunu, digərinin isə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 100 kisə quru süd almaq üçün 10.000 (on min) manat pul verdiyi vədinə əməl etmədiyini, həmin səs yazısında Təqsirləndirilən şəxs verdiyi puldan və onun verməli olduğu 100 kisə quru süddən danışdıqlarını bildirmişdir (i.v. 32-34, 109); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri olan cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir (i.v. 35-36); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-294/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə günə gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və Təqsirləndirilən şəxs üzərində çəkməsi üçün 02 (iki) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin 04 avqust 2023-cü il tarixdən hesablanması hökm edilmişdir (i.v. 42-50); Bakı Apellyasiya Məhkəməsinin 1(103)-457/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-294/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixindən xx.xx.2009-cu il tarixinə qədər "xxxx" MMCdə satış təmsilçisi vəzifəsində fəaliyyət göstərmişdir (i.v. 67); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 84-85); qətimkan tədbirinin nəzərə alınması haqqında 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-294/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və həmin hökmə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılması nəzərə alınmışdır (i.v. 101); 07 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 103-105); 07 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 106-108); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 123); sübutların qiymətləndirilməsi haqqında 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-294/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün bu barədə cinayət təqibinə xitam verilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri sübut növü kimi qiymətləndirilmiş, 01 ədəd CD-R disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yazdığı iltizam sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir (i.v. 124-128); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ümumi ziyandan 1000 manat məbləğində ödəniş edilmişdir; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X3 vardır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Əfəndi oğlu ilə barışmasını, ona dəymiş maddi ziyanı qismən ödəməsini (CM-nin 59.1.12, 59.1.14), himayəsində bir azyaşlı övladının olmasını (CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-457/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-294/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün 08 aprel 2024-cü il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini 31 iyul 2023-cü il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli (60.1), Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-294/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 294/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd “CD-R” formatlı disk və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yazdığı iltizamın surəti iş materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-294/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-294/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd “CD-R” formatlı disk və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yazdığı iltizamın surəti iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar