Məhkəmə qərarları › İş №1(011)-118/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-118/2024

20.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-118/2024 20.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə Xanlar oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1967-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək faktiki ona aid olmayan ünvan 4 ünvanının yanındakı 300 kv/m torpaq sahəsinin guya özünə məxsus olmasına sonuncunu inandıraraq bu məqsədlə 2020-ci ilin mayının əvvəllərində ünvan 4 ünvanının yaxınlığında yerləşən «Şəlalə restoranında 20.000 (iyirmi min) manat, təxminən on gündən sonra eyni ünvanda 5.000 (beş min) manat, bundan bir neçə gün sonra isə eyni ünvanda 5.000 (beş min) manat olmaqla cəmi 30.000 (otuz min) manat nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə aldadaraq ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 30.000 (otuz min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona satmış olduğu ünvan 4 ünvanının yanındakı 300 kv/m torpaq sahəsinə dair çıxarış sənədinin əldə edilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq həmin məqsədlə 31 may 2020-ci il tarixdə ünvan 4 ünvanının yaxınlığında yerləşən «Şəlalə restoranında 5.000 (beş min) manat, bundan sonra 2021-ci ilin fevral ayınadək olan müddət ərzində eyni ünvanda hissə-hissə 14.650 (on dörd min altı yüz əlli) manat olmaqla cəmi 19.650 (on doqquz min altı yüz əlli) manat nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 19.650 (on doqquz min altı yüz əlli) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu, vurulmuş zərərin tam olaraq ödənildiyini, zərərçəkmişlə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığının nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2020-ci ilin aprel ayında ailə üzvləri ilə birlikdə torpaq sahəsi ahb fərdi yaşayış evi tikmək qərarına gəlmiş və yaşadıqları ünvanın yaxınlığında torpaq sahəsi axtarmağa başlamışlar. Həmin ərəfədə dəllalların vasitəsilə yaşadığı ünvanın yaxımlığında ünvan 5 300 kv/m torpaq sahəsinin satışda olduğunu öyrənmişdir. Həmin məhəllədə yaşayan insanlardan maraqlandıqda torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus olduğunu bilmişdir. Qonşuluqda yaşayan şəxslərdən Şəmşəlinin əlaqə nömrəsini öyrənib onunla əlaqə saxlamışlar. Şəmşəli ilə mobil telefonla danışdıqdan 1 gün sonra atası Şahid1la birlikdə həmin torpaq sahəsinin yanında Şəmşəli ilə görüşmüşlər, görüşə Şəmşəlinin oğlu İsmayıl da gəlmişdir. Söhbət əsnasında onlar torpaq sahəsini almaq istədiklərini Şəmşəliyə bildirmişlər, sonuncu da torpaq sahəsini 30.000 manata sata biləcəyini söyləmişdir. Şəmşəlidən torpağa dair sənədlərin qaydasında olub-olmadığını soruşduqda sonuncu bütün sənədlərin qaydasında olduğunu söyləyib Xətai Rayon Bələdiyyəsi tərəfindən ona verilmiş köhnə bir sənədi və sxem cədvəlini onlara göstərmişdir. Həmin sənədin məzmununda sözügedən torpaq sahəsinin bələdiyyə tərəfindən Şəmşəliyə ayrılması göstərilmişdir. Torpaq sahəsində 3 ədəd ağac olduğu və sahə hasarlanmadığı üçün Şəmşəli həmin ağacları kəsib torpaq sahəsini hasarlamağı öz öhdəsinə götürmüşdür. Onlar fikirləşib xəbər edəcəklərini söyləyib sağollaşmışlar. Bir neçə gündən sonra 2020-ci ilin may ayının əvvəllərində dördü sözügedən torpaq sahəsinin yanındakı Şəlalə restoranında görüşmüşlər. Torpaq sahəsində görüləsi işlər olduğu üçün Şəmşəliyə pulun hamısını deyil, 20.000 manat vermişdir. Sonuncu 10 gün ərzində sahədəki ağacları kəsdirəcəyini və oranı hasarladacağını bildirib, qalan pulu iş bitdikdən sonra vermələrini təklif etmiş, onlar da razılaşmışlar. Təxminən 10 gündən sonra Şəmşəli onunla əlaqə saxlayıb qalan pulu da vermələrini istəmiş və o, sonuncu ilə yenidən eyni yerdə görüşüb 5.000 manat, bir neçə gündən sonra isə eyni yerdə 5.000 manat pul vermişdir. Bir neçə gündən sonra ətrafdakı şəxslərdən Şəmşəlinin torpaq sahəsindəki ağacları kəsdiyinə görə polis əməkdaşları tərəfindən cərimə edildiklərini öyrənmişdir. Bu barədə Şəmşəlidən soruşduqda o, torpağa dair sənədlərin qaydasında olmadığını və buna görə də cərimə olunduğunu bildirmiş və bu zaman onlar torpağın sənədlərinin olmadığını başa düşmüşlər. Bu barədə atası ilə birlikdə irad bildirdikdə Şəmşəli tez bir zamanda sənədləri qaydasına qoyacağına dair söz vermişdir. Onlar Şəmşəlinin sənədləri təqdim etmədiyini görüb onu «Şəlalə restoranında görüşə dəvət etmişlər. Görüş zamanı ondan pullarını geri qaytarmasını tələb etdikdə sonuncu torpağın sənədlərini qaydasına qoymaq üçün 20.000 manat pul lazım olduğunu və ən geci 5-6 ay ərzində torpağa dair bütün sənədləri qaydasına qoyub torpağı təhvil verəcəyini söyləmişdir. Onlar Şəmşəlinin pulu geri qaytarmaq niyyətində olmadığını görüb, torpağın əldən çıxmaması üçün əlavə 20.000 manat da ödəməyi qərara almışlar. Şəmşəli pulun ona tam lazım olmadığını bildirib həmin məbləği hissə-hissə vermələrini istəmişdir. Bundan sonra torpaq sahəsinə dair sənədlərin düzəlməsi üçün 31 may 2020-ci ildə 5.000 manat, daha sonra isə, yəni 2021-ci ilin fevral ayınadək olan müddət ərzində Şəmşəliyə 14.650 manat olmaqla ümumilikdə 19.650 manat pul vermişdir. Həmin ərəfədə Şəmşəlinin özünə məxsus olduğunu bildirdiyi torpaq sahəsinin əslində park arazisi olduğunu öyrəndikdə Şəmşəlinin onları aldadaraq pulu ələ keçirdiyini başa düşmüşlər. Bundan sonra Şəmşəlidən dəfələrlə pullarını geri qaytarmasını tələb etsələr də, sonuncu hər dəfə müxtəlif bəhanələrlə onları aldatmışdır. O, Şəmşəliyə ünvan 4 ünvanının qarşısında yerləşən 300 kv/m torpaq sahəsini ona satması adı ilə 30.000 manat, həmin torpaq sahəsinə dair sənədləri qaydasına qoyması üçün iso 19.650 manat olmaqla ümumilikdə 49.650 manat pul vermişdir. Pulların hamısını qeyd etdiyi torpaq sahəsinin yanındakı Şəlala» restoranında vermiş və ona ümumilikdə 49.650 manat məbləğində maddi ziyan dəymişdir. Şəmşəliyə pulları müxtəlif vaxtlarda verdiyi üçün pulları verdiyi tarixləri dəqiq xatırlamır, lakin verdiyi bütün pul məbləğlərini kağızda qeyd etdiyindən ümumilikdə 49.650 manat pul verdiyini dəqiq bilir. O, Şəmşəliyə pulu verən zaman yanında atası, bəzilərində isə Şəmşəlinin oğlu İsmayıl olmuşdur. Şəmşəli həmin torpaq sahəsinə dair Xətai Rayon Bələdiyyəsi tərəfindən verilmiş bir sənədi onlara göstərsə də, həmin sənədi onlara təqdim etməmişdir. Şəmşəli onlara torpaq sahəsinə dair çıxarış sənədinin olmadığını söyləsə də, olan digər sənədlər əsasında orada tikinti işlərinin aparıla biləcəyini bildirmişdir. O, tanışları vasitəsilə torpağa dair bələdiyyə sənədi ilə torpaq sahəsini mülkiyyətinə keçirə biləcəyini maraqlandıqda sonuncular ona müsbət cavab vermişlər, lakin Şəmşəlidən onlara təqdim etdiyi bələdiyyə sənədini verməsini dəfələrlə istəsələr də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək bu günədək həmin sənədi onlara verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi bildirmişdir ki, notarial ərizəni təsdiq edirlər, zərərçəkmiş şəxsə vurulmuş zərər tam olaraq ödənilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1995-ci ildən 2012-ci ilədək olan müddət ərzində ailəsilə birlikdə ünvan 6 ünvanın yanında atasına məxsus 300 kv/m torpaq sahəsi olmuşdur. 2020-ci ilin əvvəllərində maddi vəziyyətləri pisləşdiyi üçün həmin torpaq sahəsini satmaq qərarına gəlmişlər və bu barədə qonşulara da məlumat vermişlər. Bildiyinə görə həmin torpaq sahəsinə dair çıxarış sənədi olmasa da, atasının torpağa dair etdiyi ödəniş qəbzləri olmuşdur. Həmin ilin aprel ayında Zərərçəkmiş şəxs onlarla əlaqə saxlayıb torpaq sahəsini almaq istədiyini bildirmiş və onlar torpaq sahəsinin yanında görüşmüşlər. Əsəbəli görüşə atası Xanlar ilə birlikdə gəlmişdir. Söhbət əsnasında atası torpaq sahəsini ilk öncə 50.000 manata satdığını söyləsə də, Əsəbəli ilə 30.000 manata razılaşmışlar. Atası onlara torpağa dair yalnız icazə sənədinin olduğunu və çıxarış sənədinin olmadığını bildirmiş, Əsəbəli isə razılaşıb öz əlaqələri vasitəsilə həmin torpaq sahəsində ev tikəcəklərini bildirmihdir. Onlar bir qədər söhbət etdikdən sonra fikirləşib daha sonra əlaqə saxlayacaqlarını deyərək getmişlər. 2020-ci ilin may ayının avvəllərində onlar torpaq sahəsinin yanındakı Şəlalə restoranında görüşmüşlər və orada Əsəbəli beh olaraq atasına 20.000 manat pul vermişdir. Bundan sonra atası ilə Əsəbəli arasında baş veren danışıqlarda iştirak etməmiş, lakin atasının dediyinə görə Əsəbəli torpaq sahəsinə görə ümumilikdə 49.500 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsində qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsində toplanmış HK-1/1177 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 1); Zərərçəkmiş şəxs tərəfindən Xətai Rayon Polis İdarəsinə ünvanlanmış 20 iyun 2023cü il tarixli ərizədən görünür ki, Şəmşəli adlı şəxs ona 49 min 650 manat məbləğində dəyərində maddi zərər vurmuşdur, qanuni tədbir görülməsini xahiş etmişdir.(i.v 3-4) Azərbaycan Respublikası, Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin 385 nömrəli fiziki şəxslərin mülkiyyətində olan yaşayış və qeyri yaşayış tikililərin qiymət cədvəlindən görünür ki, X2 mülkiyyət haqqında sənəti yoxdur.(i-v 12-17) 07 sentyabr 2023-cü il tarixli vətəndaş Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai RPİ-ə ünvanladığı ərizədən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi ziyan nəzərə alınaraq cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmağı xahiş etmişdir. ( i.v 25) zərərçəkmiş şəxs qismində tanınma haqqında 7 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 26-27); 11 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olduğunu bildirməklə zərərçəkmiş şəxs X1 ünvan 9 ünvanının qarşısında yerləşən torpaq sahəsində müvafiq İcra Hakimiyyəti tərəfindən yaşıllaşdırma işləri aparılmış və park salınmış, ətrafda fərdi yaşayış evləri var və küçə boyunca işıq dirəkləri quraşdırılmış, küçələr asvaltla örtüklüdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir( i.v 43-46) 13 sentyabr 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (i.v 51) 13 sentyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixdə saat 18:30 radələrində tutulmuşdur.(i.v 62-63) 14 sentyabr 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər 13 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında olan danışıqlar qeydə alınmış 01 ədəd CD diskə meydana çıxmış zərurətlə əlaqədar olaraq Xətai RPİ-nin MSY-də HP markalı komputerdə baxış keçirilmiş, daxil olan 01 ədəd diskdə 31 səs faylı olduğu müəyyənləşdirilmiş, həmin fayllara baxış keçirən zaman Təqsirləndirilən şəxs həmin danışıqlarda olan səs yazıları onun özünə məxsusdur və bütün danışıqları Zərərçəkmiş şəxs ilə özü həyata keçirmişdir. Diskə baxış zamanı iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs pul alması faktı öz təsdiqini tapmış, bu barədə protokol tərtib edilmiş və həmin bir ədəd CD formatlı disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinə əlavə edilmişdir.( iv. 76-77) 15 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v 78-79) 15 sentyabr 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, 23116176 nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİnin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı Sənan Qüdrətlinin 15 sentyabr 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilmişdir. ( i.v 99-100) 15 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. ( i.v 102-105) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur. (i.v. 106); 12 dekabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri nəzərə alınması, iş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 49.650 manat məbləğində qəbul edilməsi, iş üzrə Təqsirləndirilən şəxs və iş üzrə Şahid2 əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrinfə həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 259, 312, və 320-ci , Zərərçəkmiş şəxs barəsində isə Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və həmin diskin istintaq materiallarına əlavə edilməsinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən , Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələri iş üzrə sübut kimi qiymətləndirilməsi, qərarın surətinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokuroruna göndərilməsi qərara alınmışdır. (i.v 149-157) Zərərçəkmiş şəxs vəkili Nümayəndə ərizəsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən onlara əvvəlcə 23.000 manat, 04 iyun 2024-cü il tarixli məhkəmə iclasında isə 4000 manat ödəniş olunmuşdur. Xətai Rayon Məhkəməsinin 1(001)-118/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 21 oktyabr 2024-cü il tarixli, 7007 saylı məktubundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixdə Xətai RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, mülki iddianın təmin edilməsi Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş 22.650 manat pulun, bank faizinin uçot dərəcəsi hesablanmaqla cəmi 11.600 manat və mənəvi zərərə görə 3000 manat pulun, vəkilin göstərdiyi xidmətə görə 542 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, mülki iddianın verilməsi ilə bağlı 208 manat dövlət rüsumunun cəmi 38.000 manat cavabdehdən alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli, **********290 nömrəli notarial ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmiş, barışmışdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, yuxarıda qeyd olunan xüsusatlardan, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək ona maddi ziyan vurması, bununla da əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin mövcud olması tam olaraq sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş zərərin tam olaraq ödənilməsi(CM59.1.13) və zərərçəkmiş şəxslə barışmasını(59.1.12) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, tutulduğu və həbsdə olduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işi materillarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş 22.650 manat pulun, bank faizinin uçot dərəcəsi hesablanmaqla cəmi 11.600 manat və mənəvi zərərə görə 3000 manat pulun, vəkilin göstərdiyi xidmətə görə 542 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, mülki iddianın verilməsi ilə bağlı 208 manat dövlət rüsumunun cəmi 38.000 manat pulun tutulması barədə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsi iş üzrə zərərçəkmiş şəxsin notaril ərizəsinin olmasının nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Prosssual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət işi üzrə baxılmamış saxlanılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu 02(iki)ay 04(dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04(dörd) ay 08(səkkiz) gün müddət ona təyin olunmuş 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərha məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut qismində tanınmış 01 ədədd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş 22.650 manat pulun, bank faizinin uçot dərəcəsi hesablanmaqla cəmi 11.600 manat və mənəvi zərərə görə 3000 manat pulun, vəkilin göstərdiyi xidmətə görə 542 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, mülki iddianın verilməsi ilə bağlı 208 manat dövlət rüsumunun cəmi 38.000 manat pulun tutulması barədə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsi iş üzrə zərərçəkmiş şəxsin notaril ərizəsinin olmasının nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Prosssual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət işi üzrə baxılmamış saxlanılsın. 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar