Məhkəmə qərarları › İş №1(011)-119/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-119/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-119/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 mart 2021-ci il tarixli qərarı ilə barəsində digər (İş № 2********) cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN E T D İ: İbtidai istintaq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 30.10.2020-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs arxa tərəfdən yaxınlaşıb əlində olan qırmızı rəngli içərisində dəyəri 5 manat olan Azercell mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsini və dəyəri 220 (iki yüz iyirmi) manat olan "Samsung A 20" markalı mobil telefonu götürməklə surətlə oradan uzaqlaşmaqla açıq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 225 (iki yüz iyirmi beş) manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır, evlidir, 5 aylıq qız övladı vardır. Rəsmi olaraq heç bir yerdə işləmir. Ailədə anası X2, arvadı X1, övladı Şəfəq Rüstəmova ilə birlikdə yaşayır. Ailəni əvvəllər o, dolandırırmış, lakin sonralar ölkədə yayılmış pandemiyə ilə bağlı işləri dayanmış və ona görə də o ailəsini dolandıra bilməmişdir. Son günlər isə maddi vəziyyəti pisləşmiş, heç bir yerdən gəlir əldə edə bilməmiş, həmçinin iş tapa bilmədiyi üçün oğurluq və ya soyğunçuluq etmək qərarına gəlmişdir. Ona görə də asan qazanc yolu kimi soyğunçuluq etmişdir. Buna görə də 30.10.2020-ci il tarixdə təxminən saat 17 radələrində N.Mahmudov küçəsində bir nəfər orta boylu qadının yolla getdiyini görüb əlində olan mobil telefonu ələ keçirirək satıb qazanc əldə etmək istəmiş, bu məqsədlə həmin qadının arxasınca bir qədər yeriyib əlverişli zamanda həmin qadının əlində olan telefonu götürməyi planlaşdırmışdır. O, ünvan 5 ünvanın qarşısına çatan zaman həmin qadının tək olduğunu, əlində olan mobil telefonu rahat götürə biləcəyini görüb ona arxa tərəfdən yaxınlaşmış və əlində olan qırmızı rəngli “Samsung” markalı mobil telefonu götürüb sürətlə oradan qaçıb getmişdir və piyada Əhmədli metrostansiyasının üstünə getmiş, metronun yanında qonşusu Elnura məxsus mobil telefonlar satılan mağazaya daxil olub qadının əlindən götürdüyü mobil telefonu qonşusu Elnura verərərək ona 60 manat pul verməsini, pulunu qaytaran zaman telefonu götürəcəyini xahiş etmişdir. Elnur da onun sözünü yerə salmayıb ona 60 manat pul vermişdir. Həmçinin ondan telefonun oğurluq olub-olmadığını soruşmuş, o isə mobil telefonun oğurluq olmadığını, özünə məxsus olduğunu, 60 manat borcunu qaytaran zaman telefonu götürəcəyini bildirmişdir. Elnur ona inanıb 60 manatı vermiş, o, Elnura məxsus mağazadan çıxıb yaşadığı evə getmiş, həmçinin 60 manat pulla uşağına pampers və digər evə aid zəruri ərzaqları almışdır. Daha sonra əməlindən peşman olduğunu, ilk məhkumluğunu, zərərçəkmiş şəxslə barışmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmişin, şahidin ifadəsi, ekspertiza rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Xətai rayonu N.Mahmudov küçəsi ev 13-də kirayə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, 30.10.2020-cı il tarixdə təxminən saat 17 radələrində qardaşının maaş kartını götürmək üçün yaşadığı evdən çıxıb M.Hadi küçəsinə doğru hərəkət etmiş, lakin kartı gətirən sürücü gecikdiyi üçün qayıdıb kirayə yaşadığı evə getmişdir. Yaşadığı evə yaxın olduğu üçün piyada getmiş, bir qədər piyada gedib N.Mahmudov küçəsinə çatan zaman qəflətən əlində olan mobil telefonu bir nəfər kişi cinsinə məxsus şəxs götürüb sürətlə onun yanından qaçmışdır. O, əvvəlcə həmin şəxsin tanışlarından biri olduğunu, onunla zarafat etdiyini düşünmüş, lakin sonradan həmin şəxs ondan uzaqlaşdıqda artıq həmin şəxsin mobil telefonunu taladığını görmüşdür. Ona görə də o, DİN-nin 102 xidmətinə məlumat verərək telefonunun naməlum şəxs tərəfindən talandığını bildirmiş, həmçinin bu barədə Xətai RPİ-nin 34-cü PŞ-nə müraciət etmişdir. Naməlum şəxs ona məxsus Samsung A 20 markalı içərisində ***-***-**-** mobil nömrəsi olan telefonu talamışdır. Həmin telefonu o, “WORLDTELECOM” mağazasından kreditlə 489 manata almışdır. Daha sonra ziyan ödənildiyindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinın olmadığından yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Dənizçi küçəsində yaşayır, evlidir, Socarda, işləsə də Əhmədli metrostansiyasının qarşısında özünə məxsus mobil telefon mağazası vardır. Mağazada müxtəlif çeşidli mobil telefonlar və aksesuarlar satılır. 30.10.2020-ci il tarixdə təxminən saat 18 radələrində o, mağazasına baş çəkmək üçün gedən zaman qonşusu əvvəllər tanıdığı X3 mağazaya yaxınlaşıb 60 manat pul lazım olduğunu və ona məxsus "Samsung" markalı mobil telefonu girov kimi ona verəcəyini demiş, o isə Ruslanı çoxdan tanıdığına görə ona istədiyi 60 manat pulu verib telefonu ondan təhvil almış, həmçinin Talıbdan telefonu alan zaman oğurluq olub-olmadığını soruşmuşdur. Talib isə ona telefonun özünə məxsus olduğunu, pulu gətirən kimi götürəcəyini deyib mağazadan çıxıb getmişdir. Təxminən iki gün qırmızı rəngli “Samsung” markalı mobil telefon onda qalmış və Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları onun işlətdiyi mağazaya gəlib Ruslanın yanına girov kimi qoyduğu "Samsung” markalı mobil telefonun oğurluq olduğunu bildirmişlər. O, da həmin mobil telefonun hazırda işlətdiyi mağazada olduğunu və təqdim edə biləcəyini demişdir. Sonra isə onda olan mobil telefonu könüllü olaraq təhvil vermişdir. Həmçinin Ruslanı çoxdan tanıdığına görə də ona verdiyi mobil telefonun oğurluq olmasını ehtimal etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2020-ci il tarixli 674 №-li əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nəzəri hesablama yolu ilə istifadədə olmuş, lakin təyinatı üzrə istifadəyə tam yararlı olan “Samsung A20” modelli mobil telefonun hadisə baş verən 30.10.2020-ci il tarixə orta bazar qiyməti 220,00 manat müəyyən olunur. İş materiallarında olan 18 dekabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, cinayət işi üzrə maddi sübut olan “Samsung A20” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 03 noyabr 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə çağırışlarına məhəl qoymadığına görə barəsində axtarış elan edilmiş və başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-120/2021 saylı, 22.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində № ********* saylı cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 mart 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ziyan ödənildiyindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 02.06.2020-ci il təvəllüdlü Rüstəmzadə Şəfəq adlı azyaşlı uşağı var. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutlaran məcmusu ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqana tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağadakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, ilk məhkumluğunu, zərərçəkmiş şəxslə barışmasını, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə nisbətən aşağı həddə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-120/2021 saylı, 22.03.2021-ci il tarixli qərarı ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə 20 mart 2021-ci il tarixdə tutularaq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli hökmün tarixindən ,yəni 27 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)- 120/2021 saylı, 22.03.2021-ci il tarixli qərarı ilə seçilmiş və icra edilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. İş üzrə maddi sübut saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmış “Samsung A20” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 27 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 mart 2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmış “Samsung A20” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsn. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar