Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-12/2022 14.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs hüquqi varisi Şahid2, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 09 sentyabr 2019-cu il tarixdə, saat 21 radələrində ünvan 1 ünvanında yerləşən yaşayış binasının dəhlizində qonşusu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış qonşuluq münasibətlərinin pozulması zəminində baş vermiş mübahisə zamanı, Zərərçəkmiş şəxs üzərinə hücum edərək, qəsdən yumruqla onun bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə zərbə vurub, ona sol əlin İ barmağının əsas falanqa əsasının qapalı yerdəyişən sınığı və yan koletral bağın cırılması, sol bazunun qançırı, sağ gözaltı nahiyyənin və sol dirsək oynağı nahiyyəsinin arxa səthinin sıyrıqları ilə müşaiyət olunan, ümumilikdə Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə baxışında cinayət işi üzrə icraata xitam verilməsi əsasları müəyyən edildiyindən, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Belə ki, məhkəmə iclasında Şahid2 izahat verərək bildirdi ki, o, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs arvadıdır və əri 29 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Bununla əlaqədar, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs ölümü ilə əlaqədar onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan 15 yanvar 2021-ci il tarixli, AZ-İİ 153641 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, hazırki iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs 29 dekabr 2020-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 06 yanvar 2021-ci il tarixdə 0008 nömrəli qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17 iyun 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq və CPM-in 43.3-cü maddəsində nəzərdə tutulmuş müdafiə tərəfinin məhkəmə baxışına aid hüququnu analogiya üzrə ibtidai araşdırma mərhələsinə tətbiq edərək, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs öldükdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan, o cümlədən həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilərkən onun CPM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş hüququnun həyata keçirilməsi üçün ölmüş şəxsin CPM-in 7.0.32-ci maddəsində göstərilmiş yaxın qohumları və həmin Məcəllənin 7.0.28-ci maddəsində nəzərdə tutulmuş müdafiəçisi etiraz etmək hüququna malik olmalıdırlar. Ölmüş şəxsin yaxın qohumlarının qanuni maraqlarını nəzərə almadan cinayət təqibinə CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi cinayətprosessual qanunvericiliyinin vəzifələrinə xələl gətirmiş olar. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən və cinayət işi üzrə icraata xitam verilməsi barədə ölmüş şəxsin hüquqi varisinin və təqsirləndirilən şəxsin müdafiəçisinin razılığı olduğundan, cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.5, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-12/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-12/2022
14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver