Məhkəmə qərarları › İş №1(011)-120/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-120/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-120/2023 23.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, “X1" MMC-də baş mühasib işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda hesablanmış vergi borclarının silinməsi ilə bağlı hər hansı səlahiyyətə və ya imkana malik olmadığı halda Zərərçəkmiş şəxs rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin dövlət büdcəsinə olan təxminən 573.000 manat vergi borcundan 400.000 manat hissəsinin silinməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 2021-ci ilin avqust ayının əvvəllərində şirkətin ünvan 2 ünvanda yerləşən ofisində ondan 20.000 manat pul aldıqdan sonra, həmin pulun 4000 manatını qaytarıb, 16.000 manatını isə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 16.000 (on altı min) manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək göstərmişdir ki, hazırda “X1” MMC-də baş mühasib vəzifəsində işləyir. Qaraçay şirkətində işlədiyi vaxtlarda şirkətin layihə şöbəsinin rəhbəri olmuş Şahidla tanışlıqları yaranmışdır. 2021-ci ilin yanvar ayında Mirəbülfəz ona zəng edərək tanışı "xxxx" MMC-nin təsisçisi olan Zərərçəkmiş şəxs Vergi Xidməti ilə problem yaşamasını, belə ki, xidmət tərəfindən ona əlavə vergi borcu hesablanması barədə məlumat verib, həmin məsələnin müsbət istiqamətdə həlli ilə bağlı ona köməklik göstərməyi xahiş etmiş, o da xahişinə etiraz etməyib, məsələnin mahiyyəti ilə bağlı məlumat almaqdan ötrü onları əlaqələndirməsini xahiş etmişdir. 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs ilə əlaqə saxlayıb, təklifi əsasında onun işlədiyi ünvan 2 ünvanda yerləşən ofisində görüşmüş, görüş zamanı Akif rəhbəri olduğu şirkət tərəfindən Dövlət Vergi Xidmətinə düzgün bəyənnamə təqdim edilməməsi səbəbindən, Vergi Xidməti tərəfindən ona faiz qismində əlavə təxminən 573.000 manat vergi borcu hesablandığını, həmin borcun silinməsində ona yardımçı olmasını xahiş etmişdir. O da öz növbəsində özü haqda Akif müəllimə zəruri məlumatlar verməklə, əvvəllər Dövlət Vegi Xidmətində müxtəlif vəzifələrdə işlədiyini deyib, bu sahədə kifayət qədər təcrübəsinin olduğunu bildirmiş, bundan sonra Akif müəllimdən şirkətə aid zəruri sənədləri götürüb, nəzərdən keçirdikdən sonra vergi borcunun düzgün şəkildə hesablanmaması qənaitinə gələrək, yaranmış 573.000 manat vergi borcunun 400.000 manat hissəsinin silinməsinin mümkünlüyünü izah etmiş, eyni zamanda vergi borcunun silinməsi istiqamətində görülən işlərin kifayət qədər çətin prosedur olması səbəbindən, vergi borcunun 400.000 manat hissəsinin silinməsi müqabilində ondan borcun 20%-i məbləğində, yəni konkret olaraq 80.000 manat pul istəmiş, Akif də öz növbəsində təklifi ilə razılaşıb, işə başlamaqdan ötrü tələb etdiyi zəruri sənədləri ona vermiş, bundan sonra o, Akif müəllimdən götürdüyü sənədləri tədqiq etdikdən sonra, yaranmış vergi borcunun silinməsi istiqamətdə işlər görməyə başlayıb, bununla bağlı Dövlət Vergi Xidmətinə bir neçə ərizə və şikayət ünvanlamış, həmin ərəfədə icarə əsasında işlədiyi avtoservisdə istifadə etməkdən ötrü pula ehtiyacı olduğu üçün “Kaspian Park" MMC-nin vergi borcunun silinməsi istiqamətində gördüyü işlərin nəticə verəcəyini düşünüb, Akiflə zəngləşib, işi müqabilində ondan ilkin olaraq özü üçün 20.000 manat pul istəmiş, Akif müəllim də razılaşıb pulu götürməkdən onu ötrü işlədiyi ofisə dəvət etmiş, Akiflə işlədiyi ofisdə görüşdüyündə Akif ona əlbəəl 20.000 manat pul vermiş, həmin pulu götürmüşdür. Daha sonra vergi borcunun düzgün olaraq hesablanmasını müəyyən etmiş, Akif müəllimlə danışıqlar aparıb sənədləri düzgün tədqiq etmədiyindən vergi borcunun silinməsinin mümkünlüyü barədə ona vəd vermiş, bu işə görə ona verdiyi 20.000 manatı qısa zamanda qaytaracağını bildirmiş, 2021-ci ilin dekabr ayının sonlarında o, ümumilikdə 4000 manat pul düzəltməklə Akifə qaytarmış, lakin avtoservisdə qurduğu işdə uğursuzluqlara məruz qaldığından ondan götürdüyü 16.000 manat pulu qaytara bilməmişdir. Əməlindən peşman olduğunu, iki azyaşlı uşağının olmasını, dəymiş ziyanın tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, qanunda nəzərdə tutulduğu miqdarda zərərin 25 faizini dövlət büdcəsinə ödədiyini nəzərər alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə hazırlıq iclasında ərizə təqdim edən zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə baxışında iştirak edə bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınaraq onun istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin dövlət büdcəsinə 573.000 manat vergi borcu olmuş, Təqsirləndirilən şəxs borcun 400.000 manat hissəsinin silinməsinə köməklik edəcəyinə dair vəd verib bu adla 2021-ci ilin avqust ayının əvvəllərində ünvan 2 ünvanda yerləşən ofisində ondan 20.000 manat pul almışdır. Daha sonra həmin pulun 4000 manatını qaytarıb, 16.000 manatını isə ələ keçirmişdir. Məhkəmə iclasında dindirilən Şahid bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə uzun illərdir ki, aralarında dostluq münasibətləri var. 2021-ci ilin yanvar ayının əvvəllərində Akiflə görüşləri zamanı o, rəhbəri olduğu "xxxx" MMC-yə Dövlət Vergi Xidməti tərəfindən əsassız olaraq vergi borcunun hesablandığını bildirmişdir.Bu səbəbdən ona əvvəllər "Qaraçay” şirkətində birgə işlədiyinə görə tanıdığı şirkətdə baş mühasib vəzifəsində işləmiş Təqsirləndirilən şəxs bu işdə ona kömək edə biləcəyini bildirmişdir.Belə ki Cəfər əvvəllər vergidə işləmiş və mühasibatlıq sahəsində bilik və bacarığı ilə fərqləndiyi üçün, məsələnini həlli ilə bağlı ona müraciət etməyi məsləhət bilmişdir. 2021 -ci ilin iyul ayında Akif vergi borcunun silinməsi ilə bağlı danışıqlar aparmasına baxmayaraq bu istiqmətdə nəticə əldə edə bilmədiyini deyib, onu Cəfərlə əlaqələndirməyi ondan xahiş etmiş, o da etiraz etməyib, həmin vaxt istifadəsində olan ***-***-**-** saylı mobil nömrə kartından Cəfərin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurub, ona tanışı Akifin vergi orqanları ilə aralarında problem yaşanması barədə məlumat verməklə, məsələnin müsbət istiqamətdə həl olunnası ilə bağlı ona köməklik etməsini xahiş etmişdir. Akifin istifadəsində olan mobil nömrəni ona verib, əlaqə saxlamasını tapşırmış, səhəri gün Akiflə danışıq zamanı məlum etmiş ki, o, Cəfərlə özünə məxsus Zığ yolu küçəsi 31A saylı ünvanda yerləşən ofisdə görüşmüş, görüş zamanı yaranmış problemlər barədə Cəfəri məlumatlardırıb, bununla bağlı bütün zəruri sənədlərin surətlərini ona təqdim etmişdir. Cəfər də öz növbəsində sənədləri tədqiq etdikdən sonra Dövlət Vegi Xidmətində işləyən yüksək vəzifəli şəxslərlə münasibətlərinə və şəxsi əlaqələrinə istinad etməklə, 80.000 manat pul mqabilində məsələni həll etməyi öz üzərinə götürmüş, Cəfərlə danışıqda həmçinin o da, Akifin dediklərini təsdiq edib, məsləni qısa zamada həll edəcəyini demiş, bu minvalla təxminən 2021-ci ilin avqust ayının əvvəllərində Akif ona zəng edib, Cəfərin vergi borcunun silinməsi istiqamətində artıq işə başladığını, bunun üçün ilkin olaraq ona 20.000 manat pul verdiyini bildirmişdir. Cəfərlə danışıq zamanı borcün silinməsinə görə Akifdən 20.000 manat pul almasını təsdiq etmişdir. 2021-ci ilin oktyabr ayı olmasına baxmayaraq vergi borcunun silinməsi istiqamətində heç bir nəticə olmadığını gördükdə, Akif ona zəng edərək, narazıçılıq etməyə başamış, o da, Cəfərə zəng vurub bu barədə maraqlandıqda, sonuncu müxtəlif bəhanələr gətirməklə bu işin həllini uzatmağa başlamış, artıq 2021-ci ilin noyabr ayı olmasına baxmayaraq vergi borcunun həlli istiqamətdə heç bir iş görülmədiyini gördükdə, Akiflə aldadıldıqlarını yəqin etmiş, belə olan halda, Akif Cəfərə verdiyi pulu geri tələb etməyə başlamış, o da, onların tanışlıqlarında vasitəçilik etdiyi üçün, Cəfərə zəng edib, SMS-lər yazmaqla Akifdən götürdüyü pulu qaytarmasını tələb etmişdir. 2021-ci ilin dekabr ayının sonlarında Cəfər götürdüyü puldan 4000 manatını qaytarmış, qalan pulu da, qısa zamanda qaytaracağını desə də, qaytarmamışdır artıq Cəfərin pulu qaytarmaq fikrinin olmadığını gördükdə, Akif baş verənlərlə bağlı ərzə ilə polis orqanına müraciət etmişdir. Daha sonra istintaq zamanı Akif ona bildirmişdir ki, Cəfər aldığı pulları tam qaytarmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş 16000 manat ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 9643 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət işi üzrə dəymiş ziyanın 25 %-ni, yəni 4000.00 (dörd min) manat dövlət büdcəsinə ödənilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 02 dekabr 2022-ci il tarixdə "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı var. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətinin üsulu kimi aldatma və etibardan sui-istifadədən istifadə etmiş, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək zərərçəkmiş şəxsin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanın ümumi məbləği 16000 (on altı min) manat olmuşdur. Təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Bundan başqa vurduğu ziyanın iyirmi beş faizi miqdarını 4.000 (dörd min) manatı dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin aşağıda sadalanan müddəalarına görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar