Məhkəmə qərarları › İş №1(011)-122/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-122/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-122/2021 18.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanın qarşısında şəxsi münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən keçmiş arvadı Zərərçəkmiş şəxs üz nahiyəsindən yumruqla vuraraq ona sol göz obitası və göz altı nahiyənin hematoması və sağ alt çənə nahiyəsində sıyrıqdan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, 2014-cü ildə Zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə qurmuş, bu nikahdan bir oğlan övladları dünyaya gəlmişdir. Sonradan Səbinə ilə münasibətləri pozulduğu üçün 2020-ci ildə rəsmi olaraq boşanmışlar. Məhkəmənin qərarı ilə övladları Ümid anası Səbinənin himayəsinə verilsə də, həftənin bazar günü ona verilmişdir. xx.xx.2020-ci il tarixdə o, oğlu Ümidi görmək üçün Səbinənin yaşadığı ünvan 3 ünvana gəlmişdir. Səbinə uşağı qapının ağzında ona göstərmiş, lakin uşağı özü ilə aparmağına icazə verməmişdir. O, oğlu Ümidi qucağına götürüb aparmaq istəmiş, bu zaman Səbinə və anası Ağgül onun üzərinə hücum çəkib uşağı ondan almaq istəmişlər. Bu zaman o, özünü qorumaq üçün Səbinəni və anası Ağgülü itələyib özündən kənarlaşdırmış, lakin keçmiş qayınanası Ağgül uşağı zorla ondan götürmüşdür. Sonra Ağgül yenidən onun üzərinə hücum çəkmiş, Səbinə isə aşağı düşüb gəlib söhbət etmələrini ona demişdir. Səbinə ilə birlikdə aşağı düşəndə o, Səbinənin qolundan dartıb söhbət etməyə çağırmış, Səbinə isə söhbət etmək istəmədiyi üçün Səbinənin qolundan buraxıb evinə göndərmişdir. Hadisə konkret olaraq ünvan 3 ünvanın qarşısında baş vermiş, təxminən 5-10 dəqiqə davam etmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışdıqlarını nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2014-cii ildə rəsmi ailə qurmuş və bu nikahdan bir oğlan övladları dünyaya gəlmişdir. Qurbanla münasibətləri yaxşı olsa da, sonradan getdikcə pisləşmişdir. Buna görə də 2020-ci il tarixdə rəsmi olaraq ayrılmışlar. Məhkəmənin qərarı ilə azyaşlı övladları Ümid onun himayəsinə verilmiş və həftənin yalnız bazar günü Qurbana görmək üçün icazə verilmişdir. xx.xx.2020-ci ildə Qurban övladlarını görmək üçün onun yaşadığı ünvan 4 ünvana gəlmişdir. O, Qurbana uşağı görmək vaxtının bazar günü olmasını demişdir. Buna baxmayaraq o, fikrini dəyişib Qurbana 15 dəqiqə yaşadığı ünvanın qarşısında uşağı görməsinə icazə vermişdir. Uşağı Qurbana verəndən sonra Qurban onun icazəsi olmadan uşağı götürüb evdən aparmaq istəmişdir. Bu zaman o, Qurbana mane olmağa çalışmış və Ümidi Qurbanın qucağından götürüb evə gətirmək istəmişdir. Bunun üstündə Qurbanla aralarında mübahisə baş vermiş və səs-küyə onun anası Ağgül gəlmişdir. Qurbandan oğlunu almaq istədikdə, Qurban yumruq və sillə zərbələri ilə onu vuraraq döyməyə başlamışdır. Bunu görən onun anası Ağgül onu Qurbanın əlindən almaq istəyən zaman Qurban onun anasının da qolundan tutub dartaraq anasını divara tərəf itələmişdir. X3 mane olduğu üçün o, övladı Ümidi Qurbanın əlindən zorla alıb evə aparmışdır. Bundan sonra Qurban uşağı verməyəcəyi halda onu öldürəcəyi ilə hədələmiş, yumruq və təpiklə yaşadığı evin qapısını vurub ondan qapını açmağı tələb etmişdir. O, isə qapını açmayaraq DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 oxşar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” X2 Şəxsin Xətai rayon şöbəsinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 1313 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol göz obitası və göz altı nahiyənin hematoması və sağ alt çənə nahiyəsində sıyrıq küt əşyanın təsirindən törənmiş, müddəti xx.xx.2020-ci il tarixə uyğun gələn dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir (i.v.27-28); zərərçəkmiş qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v.31); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabından görünür ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 65); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs həmin ərizəsində Təqsirləndirilən şəxs ilə barışmasını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə təqibinə xitam verilməsi məqsədə uyğundur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar