Məhkəmə qərarları › İş №1(011)-124/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-124/2022

19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-124/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1995-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən, ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, 08 oktyabr 2020-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 12 dekabr 2021-ci il tarixdə, saat 17:30 radələrində ünvan 3 ünvanında yerləşən “Mir Tağı” məscidində olarkən, məscidin giriş qapısının sol tərəfində döşəmə üzərində olan Zərərçəkmiş şəxs məxsus gödəkçənin yan ciblərindən ümumilikdə bir ədəd, üzərində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan, dəyəri 25 manat olan “Nokia 216” markalı, bir ədəd üzərində 15 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan dəyəri 280 manat olan “İphone 7 plus” markalı mobil telefonları, gödəkçənin iç sol cibində, olan içərisində 3700 manat nağd pul olan 20 manat dəyərində pul kisəsini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 4045 manat məbləğdə ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Mingəçevir şəhərində qeydiyyatda olsa da, hazırda Bakı şəhərində yaşayır. Uzun müddət işsiz olduğundan, şəxsi tələbatlarını ödəməkdə çətinlik çəkmişdir. 12 dekabr 2021-ci il tarixdə Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən “Mir Tağı” məscidinin yanından keçərkən, oraya daxil olub, oğurluq etmək qərarına gəlmişdir. Məscidin içərisində təxminən 8-9 adam namaz qılaraq ibadət edirdilər. O da, məscidə daxil olaraq, sol küncdə yerdə sərilmiş qara rəngli gödəkçəni görmüşdür. Fikirləşmişdir ki, həmin gödəkçənin ciblərində götürə biləcəyi əşyalar ola bilər. Ardınca yalandan namaz qılmağa başlamış və həmin vaxt gödəkçənin ciblərini yoxlamağa başlamışdır. Gödəkçənin ciblərində “İphone” və “Nokia” markalı mobil telefonları aşkar edərək götürmüşdür. Daha sonra həmin gödəkçənin iç cibini yoxlamış və həmin cibdən pul kisəsini götürmüşdür. Oğurluğu edərkən heç kəs onu görməmiş və bundan əmin olduqdan sonra, məscidi tərk etmişdir. Məsciddən çıxıb oğurladığı pul kisəsinin içini yoxlamağa başlamışdır. Pul kisəsinin içərisində 3.700 manat pul var idi. Bundan sonra, pul kisəsini küçədə yolun kənarına atmışdır. Oğurladığı mobil telefonları isə söndürərək, cibinə qoymuşdur. Həmin oğurladığı telefonlardan “Nokia” markalı mobil telefonu öz istifadəsi üçün saxlamaq, digər “İphone” markalı mobil telefonu isə satmaq niyyəti var idi. Lakin “İphone” markalı mobil telefonda kod olduğundan, işlədə bilməmiş və həmin mobil telefonun plata hissəsini qıraraq, yararsız hala salmışdır. Bir qədər sonra, taksiyə əyləşərək, Xətai rayonu, Naximov qəsəbəsində yaşayan xalası oğlu Kamran Hüseynzadənin evinə getmişdir. Yolda taksini saxlatdıraraq, marketdən 300 manatlıq bazarlıq etmişdir ki, aldığı ərzaq məhsullarını xalası oğlunun evinə versin. Belə ki, xalası oğlu məhkum idi. Həmin evə çatdıqda, xalası oğlunun arvadı Gülnar adlı qadına oğurladığı 3.700 manatdan 1.100 manatını vermişdir ki, saxlasın və lazım olanda Gülnardan götürsün. Daha sonra əlində olan 2.300 manat pul ilə Bakı şəhərində müxtəlif yerlərə getmişdir. Oğurladığı puldan qalan 2.300 manatını isə öz tələbatlarına xərcləmişdir. 13 dekabr 2021-ci il tarixdə həmin dövrdə yaşadığı Mingəçevir şəhərinə qayıtmaq qərarına gəlmişdir. Mingəçevir şəhərinə çatdıqda, oğurladığı pul ilə özünə geyimlər almışdır. Bundan əlavə tələbatları olan yemək, su və siqaret almışdır. 15 dekabr 2021-ci il tarixdə şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən, yenisini əldə etmək məqsədi ilə, Mingəçevir şəhərində yerləşən “Asan Xidmət” Mərkəzinə getmişdir. “Asan Xidmət” Mərkəzində polis əməkdaşları onu saxlayaraq, şəhər polis şöbəsinə dəvət etmişlər. Bundan sonra, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları Mingəçevir şəhərinə gələrək, onu Bakı şəhərinə, 35-ci Polis Bölməsinə aparmışlar. Bölmədə o, etdiyi oğurluq əməlini etiraf etmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmir, iş üzrə Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Odur ki, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edərək, təqsirləndirilən şəxsin barəsində cəzanın təyin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Cəlilabad rayonu, Üçtəpə kəndində qeydiyyatda olsa da, ünvan 4 ünvanında ailəsi ilə bilrikdə yaşayır. O, namaz qılaraq ibadət edir. 11 dekabr 2021-ci il tarixdə işi ilə əlaqədar Qusar rayonunda olmuş və 12 dekabr 2021-ci il tarixdə Qusar rayonundan Bakı şəhərinə geri qayıtmış və namaz qılmaq üçün yaşadığı ünvanın yaxınlığında - ünvan 6ı” məscidinə getmişdir. Məscidin giriş qapısından daxil olduqda, ümumi ibadət etmək üçün nəzərdə tutulmuş otaq vardır. Həmin otaqda gödəkçəsini çıxaraq, giriş qapısında solda yerə sərilmiş formada qoymuşdur. Həmin gödəkçənin ciblərində ona məxsus bir ədəd “Nokia 216” markalı və bir ədəd “İphone 7 plus” markalı mobil telefon, bundan başqa gödəkçənin sol iç cibində “Kapital Bank”a aid pensiya kartı, alış-veriş etmək üçün endirim kartları və 3.700 manat pul olan pul kisəsi var idi. O, xalçanın üzərində namaz qılmağa başlamışdır. Namaz qıldıqdan sonra, yerə sərilmiş formada qoyduğu gödəkçəsini götürərək, geyinib çıxmaq istəmişdir. Gödəkçəni geyindikdə, ciblərində olan mobil telefonların və pul kisəninin yerində olmadığını aşkar etmişdir. O, dərhal DİN-in 102 Xidmətinə zəng vuraraq, baş vermiş hadisə barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 4.570 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid göstərmişdir ki, o, ünvan 7 ünvanında qeydiyyatda olsa da, ünvan 8ləsi ilə birlikdə yaşayır. 12 dekabr 2021-ci il tarixdə, təxminən saat 20 radələrində həyat yoldaşı X2 xalası oğlu Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişdir. O, Təqsirləndirilən şəxs mütəmadi olaraq görməsə də, qohumu kimi tanıyır. Təqsirləndirilən şəxs yaşadığı ünvana gələrkən, etdiyi bazarlığı ona təqdim etmiş və tələsdiyini bildirərək, ona 1.100 manat məbləğində pul vermişdir ki, saxlasın lazım olduqda, gəlib ondan götürəcəkdir. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı ünvanda qonaq olmadan getmişdir. O, Təqsirləndirilən şəxs həmin pulun haradan əldə etməsi barədə heç soruşmamışdır. Çünki Hacının özü Mingəçevir şəhərində yaşadığından və Bakı şəhərində qohumunun olmadığından, Hacıya məxsus pulun saxlamaq üçün ona verə biləcəyini fikirləşmişdir. Bundan əlavə, həyat yoldaşı Kamran Hüseynzadə məhkum olduğundan, Təqsirləndirilən şəxs ona köməklik etmək məqsədi ilə, bazarlıq etdiyi qənaətinə gəlmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə təqdim edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, 12 dekabr 2021-ci il tarixdə, saat 17:38-də ünvan 3 ünvanında yerləşən “Mir Tağı” məscidinin daxilində olan ibadət otağının ümumi görüntüsü vardır. Məscidin ibadət otağında olan şəxslərin namaz qılaraq, ibadət etməsi müşayiət edilir. Görüntüdə qara rəngli gödəkçəli, qara rəngli şalvar və qara papaqlı, uzun qollu köynək geyinmiş və ayaqları yalın olan şəxsin olması görünür. Həmin şəxs məscidin giriş qapısının yaxınlığında yerə sərilmiş formada olan qara rəngli gödəkçənin yanında namaz qıldığı, bir qədər sonra isə qıldığı namazı bitirmiş kimi görsənərək, bir əlində mobil telefonlar, digər əlində gödəkçəni tutaraq, ibadət otağını tərk etdiyi görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özünün olmasını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2022-ci il tarixli, 9/9338 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq, 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 305 manat müəyyən edilir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd “Nokia 216” və bir ədəd “İphone 7 plus” markalı mobil telefonlar cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün sahibinə təhvil verilmişdir. Həmçinin, oğurluq hadisəsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 18 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuşdur. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.5 və 66.3-cü maddələrinə əsasən, ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən, ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, 08 oktyabr 2020-ci ildə cəza müddəti başa çatmışdır. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aiddir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 16 dekabr 2021-ci il tarixdən 18 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 04 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus bir ədəd “Nokia 216” və bir ədəd “İphone 7 plus” markalı mobil telefonların sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan - oğurluq hadisəsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 04 iyun 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus bir ədəd “Nokia 216” və bir ədəd “İphone 7 plus” markalı mobil telefonların sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - oğurluq hadisəsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar