Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-124/2024 22.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndələri Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, baxça müdiri işləyən, məhkumluğu olmayan, Ağdam rayonu, Əliağalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 özgənin əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin iyul ayının 23-dən avqust ayının 02-dək olan müddət ərzində şifahi müqavilə əsasında xidmətçi kimi işlədiyi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 66 saylı binanın 76 nömrəli mənzildə olarkən yataq otağındakı dolabdan ev sahibi Zərərçəkmiş şəxs məxsus 800 manat dəyərində 20 qramlıq 585 əyarlı 1 dəst qızıldan üzüklə sırğanı, 400 manat dəyərində 5 qramlıq 585 əyarlı qızıldan boyunbağını, 1000 manat dəyərində 12 qramlıq 585 əyarlı “Chopart” markalı qızıldan qolbağı, 700 manat dəyərində 15 qramlıq 585 əyarlı qızıldan boyunbağını, 300 manat dəyərində 5 qramlıq 585 əyarlı, 5 qızıldan üzüyü və 500 manat dəyərində 5 qramlıq 920 əyarlı qızıldan kulonu, cəmi 3700 (üç min yeddi yüz) manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3700 (üç min yeddi yüz) manat miqdarda maddi ziyan vuraraq oğurluq elmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə elektron məlumat daşıyıcılarından istifadə etməklə şifahi müqavilə əsasında xidmətçi kimi işlədiyi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 66 saylı binanın 76 nömrəli mənzildə 07 avqust 2023-cü il tarixdə olarkən ev sahibi Zərərçəkmiş şəxs adına olan "xxxx" ASC-yə aid elektron məlumat daşıyıcısı hesab edilən **********109228 nömrəli bank kartını mətbəxdəki masanın üzərindən götürdükdən sonra həmin gün saat 22:39-da ünvan 1 ünvanında yerləşən “Express Bank”-a məxsus ATM-dən 200 manat, xx.xx.2023-cü il saat 14:05-də həmin ünvandakı ATM-dən 200 manat, xx.xx.2023-cü il tarixdə saat 14:06-da 200 manat, xx.xx.2023-cü il tarixdə saat 14:07-də 200 manat və xx.xx.2023-cü il tarixdə saat 11:02-də həmin ünvandakı ATM-dən 125 manat, cəmi 925 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 925 (doqquz yüz iyirmi beş) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında və istintaqda verdiyi ifadələri və cinayət işinin digər materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X5 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Əliağalı kənd sakinidir, Ağdam rayonu, 2-ci dördyol, “Qəsəbə“ uşaq baxçasında müdir olaraq işləyir. 2023-cü ilin iyul ayında məzuniyyətdə olduğu üçün Bakı şəhərinə gəlmiş və oğlu Fariz Quliyev ilə birlikdə Sumqayıt şəhəri Saray qəsəbəsində bir müddət qalmışdır. Maddi sıxıntıları olduğu üçün xəstə baxıcısı kimi müvəqqəti işləmək qərarına gəlmişdir. Qohumu Gülarə vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs baxıcılıq etməyə razılaşmışdır. 23 iyul 2023-cü il tarixdən etibarən Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 2 ünvanında yaşayaraq ona qulluq etməyə başlamışdır. O, Elmira ilə 700 AZN qarşılığında razılaşmışdır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Elmira ilə mətbəxdə olan zaman Elmira mətbəxdəki divanda uzanmış və Elmiranın görməməsindən istifadə edərək masanın üzərinə qoyduğu Elmiraya məxsus "xxxx"-nin **********109228 nömrəli təqaüd kartını gizli olaraq götürmüşdür, kartın üzərinə yapışdırılmış kağızda kartın giriş kodu yazılmışdır. Kartı götürdükdən sonra mənzildən çıxmış və binanın yaxınlığında olan “ExpressBank”-a məxsus bankomatın qarşısına getmiş, orada yoldan keçən tanımadığı şəxsdən kartın üzərində yazılan şifrə vasitəsi ilə kartı bankomata daxil edərək pul çıxarmasını xahiş etmiş, təqaüd kartı başqa bir banka məxsus olduğundan kartdan 200 AZN pul çıxardıqdan sonra pulu götürüb mənzilə qayıtmışdır. Kartı yenidən stolun üzərinə qoymuş, lakin Elmiranın onun kartı götürməyindən və pulu çıxarmağından məlumatı olmamışdır. Çıxardığı 200 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra həmin qaydada kartdan bir neçə dəfə pul çəkmişdir. Ümumilikdə Elmiranın kartından 925 manat çəkmişdir. Həmin pulları isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir neçə gün sonra Elmira kartı tapa bilmədiyinə görə xx.xx.2023-cü il tarixdə oğlu Raufa bu barədə məlumat vermişdir. Rauf bundan sonra Elmiranın yaşadığı evə gəlmişdir. Rauf ondan kartı görüb-görmədiyini maraqlandıqda o, sonuncu dəfə mətbəxdə olan masanın üzərində görməyini bildirmiş, başqa bir məlumatı olmamasını qeyd etmişdir. Ardınca Rauf və Elmira bank ilə əlaqə saxladıqda kartdan 925 AZN pul çıxarılması onlara məlum olmuş və Rauf ondan şübhələndiyini bildirərək kartdan çıxardığı pulu qaytarmağını tələb etmiş, o isə bu barədə məlumatı olmamasını demişdir. xx.xx.2023-cü il tarixdə Rauf mənzildə olarkən DİN-in 102 xidmətinə zəng edərək kartdan pul çıxarılması, həmçinin mənzildə olan yataq otağındakı dolabdan qızıl oğurlanması barədə məlumat vermişdir. Polis əməkdaşları gələrək evə baxış keçirdikdən sonra izahatının alınması üçün onu 36-cı Polis Şöbəsinə dəvət etmişlər. O, şöbədə olarkən törətdiyi əməli etiraf etməyərək xəbərinin olmamasını bildirmiş, xx.xx.2023-cü il tarixdə isə yenidən polis şöbəsinə dəvət edilmiş və pul çıxardığı bankomatı müşahidə edən kameralardan əldə edilmiş görüntülərə iştirakı ilə baxış keçirildikdən sonra o, törətdiyi əməlləri etiraf etmişdir. Daha sonra son sozündə təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu, verilmiş ittihamda özünü təqsirli bildiyini, ziyandan 925 manatı ödədiyini və 3700 manat ziyanı isə hissə- hissə ödəyəcəyini qeyd edərək ona azadlıqdan məhrüm etmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 2023-cü ilin iyul ayında ünvan 2 ünvanında yaşayan anası Zərərçəkmiş şəxs səhhətində olan narahatçılıqla bağlı onunla eyni ünvanda yaşamaq şərti ilə ona baxıçılıq etməsi üçün X5 ilə ayda 700 manat müqabilində razılaşmışlar. xx.xx.2023-cü il tarixdən Kəmalə anasına xidmətçilik etməyə başlamış. Bir-iki gün işlədikdən sonra pul istəmiş və 400 manat Kəmaləyə avans olaraq vermişdir. Həmin vaxtdan sonra mənzildəki yataq otağında olan dolabdan anası Elmiraya məxsus qızıl zinət əşyaları naməlum şəraitdə yoxa çıxdıqdan sonra bu barədə evdə axtarış etmişlər, lakin qızılları tapa bilməmişlər. Kəmalə də anlamışdır ki, bəs anasına məxsus qızılları axtarırlar. Kəmalə bunu gördükdə “yəqin ondan qabaq işləyən xanım qızılları oğurlamışdır” deyə bir cümlə işlətmişdir. Bu xanım narahat olar deyə utandıqlarından heç bu oğurlanan qızıllarla bağlı daha səslərini belə çıxarmamışlar. Daha sonra isə xx.xx.2023-cü il tarixdə anası ona məlumat vermişdir ki, təqaüd kartı da yoxa çıxmışdır. Bununla bağlı olaraq anası ilə birlikdə bankla əlaqə saxladıqda kartdan məlum olmuşdur ki, təqaüd kartında olan 925 manat pul məxaric edilmişdir və kart boşdur. Sonrakı günlərdə bank vasitəsilə kartdan pulların çıxarılma zamanlarını dəqiqləşdirmişdir, Kəmalə ilə söhbət etmiş, pulu onun çıxarıb-çıxarmamasmı soruşmuş, Kəmalə isə qızıl faktında olduğu kimi yenə inkar etmişdir. Artıq məcbur qalaraq xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Kəmalə Quliyeva onların mənzilinə gələnə qədər heç zaman evdən oğurluq olmadığı üçün əsas şübhəli şəxs onu hesab etmişdir. İstintaq zamanı artıq Kəmalə video yazılara baxdıqdan sonra kartdan oğurladıqları pulları etiraf etmişdir. Qızılların da onun tərəfindən oğurlanmasına heç bir şübhəsi olmamışdır. Daha sonra Kəmalə anasına dəymiş ziyandan qismən, yəni 925 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 zərərçəkmiş şəxsin yaşını və səhhətini nəzərə alaraq onun iştirakı olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin nümayəndəsinin təklifini nəzərə alaraq Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır, səhhətində olan narahatçılıqlarla bağlı olaraq xx.xx.2023-cü il tarixdən etibarən X5 ilə onunla eyni ünvanda qalmaqla ona qulluq edib dərmanlarını qəbul etməyə köməklik göstərməsi qarşılığında razılaşmışlar və həmin gündən bir ünvanda yaşamağa başlamışlar. İlkin olaraq 2023-cü ilin avqust ayının 2-də yataq otağında olan dolabın içərisində saxladığı və sonuncu dəfə Kəmalə mənzilində olan zaman gördüyü 1 ədəd Rusiya istehsalı, 585 əyarlı 20 qram çəkidə olmaqla 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğadan ibarət 800 manata təxminən 10 il bundan əvvəl aldığı qızıl dəsti. 1 ədəd Rusiya istehsalı, 585 əyarlı, 5 qram çəkidə təxminən 10 ildən bundan əvvəl 400 manata aldığı qızıl boyunbağı, 1 ədəd, Rusiya istehsalı, 585 əyarlı, "Chopart” markalı, 12 qram çəkidə təxminən 8 il bundan əvvəl 1000 manata aldığı qızıl qolbaq və 1 ədəd Rusiya istehsalı, 585 əyarlı, 15 qram çəkidə təxminən 10 il bundan əvvəl 700 manata aldığı qızıl boyunbağının, 1 ədəd Rusiya istehsalı, 585 əyarlı, 5 qram çəkidə təxminən 5-6 il bundan əvvəl 300 manata aldığı qızıl üzüyün və 1 ədəd X6 istehsalı, 920 əyarlı, 5 qram çəkidə təxminən 3 il bundan əvvəl 500 manata aldığı 1 ədəd qızıl kulonun yerində olmamasını aşkar etmişdir. Bu barədə Kəmalədən maraqlandıqda o, xəbərsiz olmasını bildirmişdir. Lakin qeyd etmişdir ki, Kəmalə həmin ünvana gəlməmişdən qabaq qeyd olunan əşyaları həmin dolabda görmüşdür. Bundan sonra 11 avqust 2023-cü il tarixdə ona məxsus, mütəmadi olaraq mətbəxdə olan masanın üzərində saxladığı və şifrəsini tez-tez unutduğu üçün üzərində qeyd etdiyi 5167-5111-0810-9228 nömrəli təqaüd kartının yerində olmamasını aşkar etmişdir. Bir gün sonra, yəni 12 avqust 2023-cü il tarixdə bu barədə Şahid məlumat verdikdən sonra onlar bankla əlaqə saxlamışlar və kartından 07-09 avqust 2023-cü il tarixlərdə ümumilikdə 925 AZN pul çıxarılması onlara məlum olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 çıxışında təqsirləndirilən şəxsin son sözündə törətdiyi cinayət əməllərini etiraf etməsini ziyandan qismən ödəniş edilməsini, onun bir Azərbaycan qadını olmasını nəzərə alaraq ona azadlıqdan məhrüm etmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarış və əldə edilmiş xx.xx.2023-cü il tarixli 6-2-41/2-35004/2023 nömrəli məktubdan məlum olur ki, vətəndaş Zərərçəkmiş şəxs məxsus **********109228 nömrəli təqaüd kartından 07-09 avqust 2023-cü il tarixlərdə cəmi 925 AZN pul çıxarılması öz əksini tapmışdır. İş materiallarında olan (iş vərəqi 136) xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsinə dair protokoldan məlum olur ki, ünvan 3 ünvanında yerləşən “Expressbank”-a məxsus ATM-nin görüntüsü olan 01 ədəd DVD-R formatlı diskə baxış keçirilmiş və baxış zamanı X2 vətəndaş Zərərçəkmiş şəxs məxsus təqaüd kartından qeyd olunan ATM-nin qarşısında olan şəxslərin köməyi ilə pul məxaric edərək ələ keçirməsi təsdiqini tapmışdır. İş materiallarında olan 16 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, X2 vətəndaş Zərərçəkmiş şəxs məxsus təqaüd kartı vasitəsi ilə ATM-dən pul məxaric edərək ələ keçirməsi əks olunan 01 ədəd DVD-R formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, X5 22 avqust 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair Xətai rayon prokuroru vəzifəsini icra edən Şükran Məmmədovun 23 avqust 2023-cü il tarixli qərarından məlum olur ki, X2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan Xətai RPİ İŞ-nin müstəntiqi Anar Abbasovun 23 avqust 2023cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarından məlum olur ki, təqsirləndirilən şəxsin X2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, X5 məhkumluğu olmayan şəxsdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi və digər iş materialları ilə X2 özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi, daha sonra təkrarən elektron məlumat daşıyıcısını gizli olaraq ələ keçirməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla X3 cəza təyin edərkən dəymiş ziyandan qismən ödəniş etməsini, ilk dəfə cinayət törətməsini, səmimi etirafını yüngülləşdirən hallar kimi qiymətləndirir. X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, dəymiş ziyandan qismən ödəniş etməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə azadlıqdan məhrüm etmə ilə əlaqədar cəzanın verilməməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, X4 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, X2 şübhəli şəxs kimi tutulduğu 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. X2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, X2 üzərinə Ağdam rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X5 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X1 02 (ik) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X2 üzərinə Ağdam rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. X2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. X2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-124/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-124/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver