Məhkəmə qərarları › İş №1(011)-125/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-125/2025

24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-125/2025 24.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Sarıda Muradovanın, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus, etibarnamə əsasında “BC” kateqoriyalı, “AC 371129” nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə “Chevrolet Cobalt LTZ” markalı, ** YR *** dövlət qeydiyyat nişanlı avtomobili 02 sentyabr 2024-cü il tarixdə, saat 04:50-də ünvan 2 ünvanın yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda avtomobili geriyə hərəkət etdirərkən avtomobilin arxa hissəsi ilə yolun sağ hissəsində dayanmış piyada Muradova Sarıdanı vuraraq ona ehtiyatsızlıqdan sol bazu sümüyünün qapalı sınığı ilə müşaiyət olunan və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-yə məxsus, “Chevrolet Cobalt” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Qeyd olunan avtomobili idarə etmək üçün ona Samir adlı şəxs vermişdir. Belə ki, işsiz olduğuna görə taksi şirkətlərində sürücü işləmək üçün “Tap Az” saytına daxil olaraq sürücü axtaran taksi şirkətləri ilə maraqlandıqda saytda Samir adlı şəxsin sürücü axtarması barədə elanı oxuyub istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib əlaqə saxlamışdır. Samir təklif etmişdir ki, ona məxsus “Chevrolet Cobalt” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik idarə edib taksi fəaliyyəti ilə məşğul olsun hər ayın 10-da əldə etdiyi pulun 35 faizini ona verəcək. O da Samirin təklifi ilə razılaşmış və xx.xx.2024-cü il tarixdə sonuncu "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən ofisinə göndərmişdir. Ofisdə “Chevrolet Cobalt” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün MMC-nin əməkdaşı adına etibarnamə yazıb təqdim etdikdən sonra Samir avtomobili idarə edən adı yadında qalmayan sürücünün əlaqə nömrəsini vermişdir ki, əlaqə saxlayıb avtomobili ondan qəbul etsin. Samirin verdiyi mobil nömrə ilə əlaqə saxlayıb yaşadığı evin yaxınlığında avtomobili təhvil alıb "xxxx" taksi MMC üzərindən verilmiş sifarişləri qəbul edib işləməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 04:50 radələrində sifariş əsasında “Chevrolet Cobalt” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 3 ünvanda avtomobilə əyləşməli olan müştərinin dayandığı yerdən qarşıya getdiyinə görə müştərinin yanına qayıtmaq üçün avtomobili geriyə hərəkət etdirməyə başlayıb təxminən 60-70 metr hərəkət etdikdən sonra avtomobilin arxa tərəfinin kiməsə dəymə səsini eşidib dayandırıb sükan arxasından yerə enib arxaya baxanda görmüşdür ki, avtomobilin arxa hissəsində, asfaltın üzərində orta yaşlarında olan bir qadın uzanıb. Dərhal qadına yaxınlaşb avtobus dayanacağında dayanmış iki cavan oğlanla birlikdə qadını yerdən qaldırb dayanacaqdakı masada əyləşdirmiş, oğlanlardan biri içmək üçün qadına su vermişdir. Həmin anda iki polis əməkdaşı onlara yaxınlaşmışdır. TTYS-na zəng etmək üçün mobil telefonunda kontur olmadığına görə polis əməkdaşlarından xahiş etmişdir ki, qadına ilkin tibbi yardımlar göstərilməsi üçün TTYS-na zəng edib həkim briqadası dəvət etsinlər. Polis əməkdaşları da TTYS-na zəng edib həkim briqadası dəvət etmişlər. Qısa zamanda hadisə yerinə gələn TTYS-nın həkim briqadası hadisədən sonra şəxsiyyəti ona məlum olan Muradova Sarıdaya ilkin tibbi yardımlar göstərdikdən sonra Sarıdanın TTYS-nın avtomobilinə mindirilməsinə köməklik edib X2 yola saldıqdan sonra hadisə yerində dayanıb polis əməkdaşlarının gəlmələrini gözləmişdir. Qısa zamanda hadisə yerinə polis əməkdaşları gəlib araşdırmaya başlamışlar. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində yüngün cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Sarıda Muradova ifadəsində bildirmişdir ki, Gürcüstan Respublikasının vətəndaşı olsa da tez-tez Bakı şəhərinə gələrək müvəqqəti yaşayır və fərdi olaraq “8-ci km bazarı” adı ilə tanınan bazarda meyvə-tərəvəz ticarəti ilə məşğul olur. xx.xx.2024-cü ildə, saat 04:50 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yolun sağ hissəsində dayanıb taksi gözləmişdir. Əyləşəcəyi taksinin gəlib-gəlmədiyini görmək üçün sol tərəfə baxdığı zaman markasını və dövlət qeydiyyat nişanını görmədiyi avtomobilin arxa hissəsi onu güclü zərbə ilə sağ yan tərəfindən vurub asfaltın üzərinə yıxmışdır. Yerdə uzanıqlı vəziyyətdə olduğu zaman tanımadığı iki cavan oğlan yaxınlaşıb yerdən qaldırıb yaxınlıqdakı avtobus dayanacağında əyləşdirib içmək üçün su vermişlər. Eyni zamanda həmin anda 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb vəziyyəti ilə maraqlanıb tibbi yardım göstərilməsi üçün TTYS-na zəng edib tibbi yardım göstərilməsi üçün hadisə yerinə həkim briqadası dəvət etmişlər. Həmin anda idarə etdiyi “Chevrolet Cobalt” markalı, ** YR *** dövlət qeydiyyat nişanlı avtomobilin Elgün adlı sürücüsü ona yaxınlaşıb özünü təqdim edib idarə etdiyi avtomobil ilə vurduğunu bildirmişdir. Qısa zamanda hadisə yerinə gələn TTYS-nın həkim briqadası gəlib X2 aparmışlar. Tibb Mərkəzində həkimlər bədənini müayinə edib sol bazu sümüyün qapalı sınığı xəsarəti aldığını bildirib tibbi yardımlar göstərdikdən sonra taksi ilə yaşadığı evə getmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır və ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai istintaq aparılması üçün Xətai RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 02 sentyabr 2024-cü il tarixli protokoldan və sxemdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ünvanına baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 9-15); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 02 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, ** YR *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin arxa yük yerinin qapısının üzərində çoxsaylı əziklər, arxa plastik buferin üzərində çat müəyyən edilmiş və nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 16-20); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli, 2/47761 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq olmuşdur (i.v. 21); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ/2 saylı ASAN xidmət mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AC371129 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 24); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 23 sentyabr 2024-cü il tarixli, 119/2024 saylı rəyindən görünür ki, Muradova Sarıdada sol bazu sümüyün qapalı sınığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərəvurmaya aid edilmişdir (i.v. 31-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 21 oktyabr 2024-cü il tarixli, 8/2712 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Chevrolet Cobalt LTZ” markalı, ** YR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 34-37); cinayət işinin icraata qəbul edilməsi haqqında 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (i.v. 39); zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istntaq olunan ********* saylı cinayət işi üzrə Sarıda Muradova zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 43-44); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 60); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 69-69a); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 83-84); sübutların qiymətləndirilməsi haqqında 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 119 nömrəli və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2712 nömrəli rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1 və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, “Chevrolet Cobalt” markalı, ** YR *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanımış və saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmışdır (i.v. 94-98); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyun tarixli 2720 nömrəli sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikası medalının İ-10623 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 iyun tarixli 475s nömrəli sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikası medalının İ-90638 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, Vətən müharibəsi iştirakçısı olmasını, həmçinin medallarla təltif edilməsini (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı, ** YR *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün təhvil verilməsi nəzərə alınmalı (CPM-132), iş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Chevrolet Cobalt LTZ” markalı, ** YR *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar