Məhkəmə qərarları › İş №1(011)-127/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-127/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-127/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə Füzuli rayonu, Seyidmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə saat 20:00 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi və X1 etibarnaməsi ilə orta dərəcəli alkoqol sərxoşluğu halında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq texniki cəhətdən saz vəziyyətdə olan «Mercedez-Benz E 260» minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə üzü şəhər istiqamətində saatda 70-80 km sürətlə hərəkətdə olduğu vaxt 8 Noyabr prospekti 130 saylı ünvanda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş və qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21063” minik markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq sürücü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol kürək sümüyünün korakoid çıxıntısının qapalı sınığı xəsarətləri yetirərək sağlamlığına az ağır zərər vurmuş, həmçinin Zərərçəkmiş şəxs məxsus “VAZ- 21063” minik markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1695,00 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «Mersedes- Benz E 260» minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili «BC» kateqoriyalı sürücülük vəsiqəsi və baş etibarnamə ilə idarə edir. 29 sentyabr 2021-ci il tarixdə günortadan sonra tanışları ilə Xətai rayon ərazisində yerləşən kafelərin birində oturub spirtli içki araq içmiş, sonra kafedən çıxaraq içkili vəziyyətdə tək özü idarə eldiyi avtomobilə oturaraq saat 20:00 radələrində Xətai rayonu, 8 Noyabr prospekti ilə şəhər istiqamətində saatda 70-80 km sürətlə hərəkəldə olduğu vaxt idarə etdiyi avtomobil qarşıda öz hərəkət yolunda hərəkətdə olan “VAZ-21063” minik markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. “VAZ- 21063” minik markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi zədələnmişdir. Hadisə vaxtı heç bir bədən xəsarəti almamışdır. “VAZ-21063” minik markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adının Valeh olduğu şəxs hadisə vaxtı xəsarət aldığını deyərək sinəsi ağrıdığını bildirmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım həkimləri gəlmişlər. Həkimlər Valehi 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. O, hadisə yerində qalmış və polis əməkdaşları hadisə yerini müayinə edib avtomobillərə baxış keçirmişlər. Hadisə onun günahından baş vermişdir. Ziyan sığorta şirkəti tərəfindən ödəniləcəyinə görə ziyanı ödəməmişdir. Törətdiyi əməli səmimi olaraq etiraf etdiyini nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün səmimi etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahid ifadəsi, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “VAZ-21063” mirik markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili BCD kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 29 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində tək özü idarə etdiyi VAZ-21063 minik markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə 8 Noyabr prospekti ilə şəhər istiqamətində saatda 40-50 km sürətlə öz hərəkət yolunda hərəkətdə olduğu vaxt qəflətən gözləmədiyi anda idarə etdiyi avtomobilin arxa hissəsindən nəyinsə çırpıldığını hiss etmiş və idarəetməni itirərək avtomobili yolun sağ hissəsinə tərəf manevr edərək saxlamışdır. Hadisə zamanı sol kürək nahiyəsindən xəsarət almışdır. Hadisə baş verən zaman yerə düşüb görmüşdür ki, idarə eldiyi avtomobilin arxa hissəsindən yüksək sürətlə gələn «Mercedes-Benz E 260» minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobilini vurmuşdur. Avtomobilinin arxa hissəsi zədələnmişdir. Hadisə vaxtı «Mercedes-Benz E 260» minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü heç bir bədən xəsarəti almadığını demişdir. Hadisə zamanı məlum olmuşdur ki, «Mersedes-Benz E 260» minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən və sonradan adının Elşən olduğunu bildiyi şəxs avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım həkimləri gəlib onu 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. Orada müayinə olunduqdan sonra evə gəlmişdir.. Təqsirləndirilən şəxs bu vaxta kimi ona heç bir köməklik göstərməmişdir. Odur ki, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu nəzərə alaraq cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Şahid bildirmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə təxminən saat 20:00 radələrində özü Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə hərəkət etdiyi zaman prospektdə avtoqəza baş verdiyini görmüşdür. Belə ki, «Mersedes- Benz» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə «VAZ-2163» markalı **-SM- *** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuş, nəticədə VAZ-21063 markalı avtomobilin sürücüsü xəsarət almışdır. Həmin, yol nəqliyyat hadisəsini törətmiş «Mersedes-Benz» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yerə düşdükdə onun sərxoş olduğu aşkar görünmüşdür.. Daha sonra bu barədə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə yerinə polislər gəlmiş və baxış keçirirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» Publik Hüquqi şəxsin 29 sentyabr 2021-ci il tarixli 2/13632 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2021-ci il tarixli 8/2568 №-li rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən «Mercedes-Benz E 260» minik markalı **-CF-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş halda idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 01 fevral 2022-ci il tarixli 9/712 №-li rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 1988-ci il buraxılışlı, «VAZ-21063» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin yanvar ayına olan təmir-bərpa xərci təxminən 1695,0 manat müəyyən edilir. O cümlədən; Dəyişilməli hissələrin qiyməti-655,0 manat; Təmir-bərpa işlərinin qiyməti - 1040,00 manat. Respublika şəhərlərində yerləşən avtobazalarda, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə qərarda göstərilən 1988-ci il buraxılışlı, «VAZ 21063» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 3800,0 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «MTE və PA» ETT Birliyinin məhkəmə-tibbi ekspertizası üzrə 07 oktyabr 2021-ci il tarixli 969 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol kürək sümüyünün korakoid çıxıntısının qapalı sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda və adına tərtib edilmiş tibbi sənəddə göstərilmiş 29 sentyabr 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sürücüsü olduğu avtomobilə digər avtomobilin toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına olan, 04.11.2013-cü ildə verilmiş AD 025414 №-li sürücülük vəsiqəsindən məlum olur ki, həmin sürücülük vəsiqəsi “BC” kateqoriyalıdır və nəqliyyat vasitəsini 04.11.2023-cü il tarixədək idarə etməyə hüquq verir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20.01.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 05 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, «Mercedes Benz E 260» minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı və «VAZ 21063» minik markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış və müvafiq olaraq Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan 05 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini, yəni yol hərəkəti üçün təhlükəli şərait yaradaraq öz hərəkəti ilə digər hərəkət iştirakçısına zərər vurması və avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olması tamamilə sübuta yetirilmişdir.Həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqə mövcuddur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayətləri törətməsi özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bu baxımdan Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsi yüngülləşdirici hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müsəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını X2 müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 150 (yüz əlli) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün qanuni sahibi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs təhvil verilmiş «Mercedes Benz E 260» minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı və «VAZ 21063» minik markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillər onların istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını X2 müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli X2 Müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün qanuni sahibi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs təhvil verilmiş müvafiq olaraq «Mercedes Benz E 260» minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı və «VAZ 21063» minik markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillər onların istifadəsinə verilmiş hesab edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar