Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-127/2024 04.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırda cəza çəkən, Kəlbəcər rayonu, Günəşli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3, 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə saat 19:30-da Bakı şəhəri, ünvan 1 ünvanda Zərərçəkmiş şəxs1 idarə etdiyi «Toyota Prius» markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin ərazidə boş yerdə park etmək istəyərkən X2 məxsus, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» markalı **-ON- *** dövlət qeydiyyat nişanlı avtomobili həmin yerə park etdikdə aralarında bu cüzi səbəbdən yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs1 ünvanına uca səslə nalayiq ifadələr işlədib idarə etdiyi avtomobili boş yerə park edəcəyində təkid edərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə silah qismində istifadə etdiyi zavod üsulu ilə istehsal edilmiş, məişət təyinatlı, soyuq silah hesab edilməyən, uzunluğu 120 mm, orta hissədən eni 22 mm, qalınlığı 1,4 mm olan turist bıçağının tiyə hissəsi ilə Zərərçəkmiş şəxs1 sağ əlinin bilək nahiyəsindən bir dəfə vuraraq ona sağ said nahiyəsinin kəsilmiş səthi yarası ilə nəticələnən sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən bədən xəsarəti yelirmiş və idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşarkən orada olmuş taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 tanışları X4 və Şahid2 Təqsirləndirilən şəxs saxlayıb hadisəyə aydınlıq gətirilməsi üçün idarə etdikləri avtomobillər ilə onun arxasınca gedərək həmin günü saat 20 radələrində Xətai rayonu, Telnov küçəsi 19 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin saxlanılmasına müvəffəq olmuş, bu zaman Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs avtomobildən düşməsi üçün sol əlini avtomobilin qabaq sol qapısının qismən açıq vəziyyətdə olan şüşəsindən salona salıb qapını açmağa çalışarkən Təqsirləndirilən şəxs dayanmış vəziyyətdə olan «Toyota Prius» markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili yerindən hərəkətə gətirərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni avtomobili hərəkətə gətirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyinin təmin olunmadığı, piyada Zərərçəkmiş şəxs2 sol əlini avtomobilin qabaq sol qapısından içəri salınmış halda olduğu vəziyyətdə avtomobili hərəkətə gətirməməli, piyadanın avtomobildən hərəkətin təhlükəsizliyini təmin edən məsafədə aralanmasına əmin olub baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bu yol-hərəkəti qaydalarına riayət etməyərək anidən avtomobili bir qədər arxaya, daha sonra sol istiqamətdə irəliyə doğru hərəkət etdirdikdə Zərərçəkmiş şəxs2 sol qolunun qapının qismən açıq vəziyyətdə olan hissəsində sıxılıb qalması nəticəsində yol örtüyünə yıxılaraq onun sağ qamış sümüyünün proksimal metafizində qapalı sınıq, fıbulanın proksimal başının qapalı sınığı, lateral meninskin travmatik yırtığı, ön çarpaz bağın qopuğu və sağ bud sümüyünün lateral kondilusunda basılmış qapalı sınığı kimi sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək hadisə yerindən qaçmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3, 263.1 və 264-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 iyun 2023-cü il tarixdə təxminən saat 19 radələrində idarə etdiyi «Toyota Prius» markalı avtomobillə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Neapol» dairəsinin yaxınlığında tanışı Muradla görüşdükdən sonra birlikdə çörək yemək məqsədilə avtomobillə metronun «Həzi Aslanov» stansiyasının qarşısına gəlmişlər. Bu zaman ağ rəngli «Niva» markalı avtomobilin dayandığı yerdən çıxmaq üzrə olduğunu görmüşdür. «Niva» çıxdıqdan sonra o, öz avtomobilini həmin boş yerdə saxlamaq üçün ora doğru irəliləməyə başlamışdır. Həmin vaxt dövlət qeydiyyat nişanını bilmədiyi «Toyota Prius» markalı avtomobildə həmin yerə tərəf irəliləmişdir. «Toyota Prius» markalı avtomobilin sürücüsünə öz avtomobilini həmin boş yerdə ondan öncə saxlamaq istədiyini bildirmişdir. Bu səbəbdən aralarında sözlə mübahisə başlamışdır. Bundan sonra həmin sürücü sükan arxasından düşərək ona yaxınlaşmış və onun ünvanına nalayiq ifadə işlədərək dərhal idarə etdiyi avtomobillə oradan uzaqlaşmasını tələb etmişdir. Taksi sürücüsü kobud formada bir daha təkidlə ondan idarə etdiyi avtomobillə oradan uzaqlaşmasını tələb etmişdir. Bu zaman Murad oturacaqdan düşüb həmin sürücüyə yaxınlaşmış və onu yolun hərəkət hissəsinin kənarına çəkmişdir. O, özü də sükan arxasından düşərək həmin sürücüyə mübahisəni uzatmağın yersiz olduğunu izah etmişdir. Buna baxmayaraq, sürücü nalayiq ifadə işlətmişdir. Ətrafda tanımadığı çoxsaylı taksi sürücüləri olmuşdur. Sürücünün kobud formada danışıq tərzindən və ünvanına nalayiq ifadələr işlətməsindən təngə gəlib avtomobilin qabaq sol qapısının içəri tərəfdən cib yerində olan dəstəyi olmayan bıçağın tiyəsini götürüb həmin şəxsin üzərinə doğru getmiş və əlində olan bıçağın tiyə hissəsi həmin şəxsin sağ qoluna vurmuşdur. Qan gördükdən sonra qorxmuş, dərhal idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Bu zaman idarə etdiyi avtomobilin arxası ilə iki avtomobilin hərəkət etdiyini müşahidə etmişdir. «Neapol» dairəsinə doğru hərəkətini davam etdirmişdir. «Mercedes Benz» avtomobilin sürücüsü ona əl işarəsi edərək avtomobili dayandırmasını tələb etmişdir. O da həmin sürücünün əl işarəsindən sonra «Neapol» dairəsindən üzü Telnov küçəsi istiqamətində olan yolun hərəkət hissəsinin mərkəzində idarə etdiyi avtomobili saxlamışdır. Dövlət qeydiyyat nişanlarını bilmədiyi «Mercedes Benz» markalı avtomobil sol yan tərəfində, «Toyota Prius» markalı avtomobil isə «Mercedes Benz» avtomobilinin arxa tərəfində dayanmışdır. «Toyota Prius» markalı avtomobilin yan tərəfi ilə qarşısında dayandığını görmüşdür. Avtomobilin sükanı arxasından əvvəllər tanımadığı və görmədiyi, təxminən 28-30 yaşlarında olan cavan oğlan təşvişlə düşüb dərhal onun idarə etdiyi avtomobilə yaxınlaşmış “camaatı bıçaqla vurub hara qaçdığını” soruşmuş və avtomobildən dərhal düşməsini tələb etmişdir. Daha sonra sol əlini şüşədən içəri salaraq əli ilə onun sifətindən yumruq zərbəsi vurmuşdur, həmin şəxsin əl-qol hərəkətlərindən yayınmış və onun hərəkətlərini dayandırmayacağını düşünərək qarşısında qara rəngli «Toyota Prius» markalı avtomobilin dayandığına görə anidən avtomobili bir qədər arxaya, daha sonra sol istiqamətdə irəliyə doğru hərəkət etdirib avtomobillə oradan uzaqlaşmışdır. Daha sonra həmin şəxsin Zərərçəkmiş şəxs2 olduğunu və avtomobili hərəkət etdirdikdən sonra Qəşəmin yıxılaraq xəsarət aldığını öyrənmişdir. Son sözündə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərdən üzr istədiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 06 iyun 2023-cü il tarixdə təxminən saat 19:30 radələrində idarə etdiyi «Toyota Prius» markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə «H.Aslanov» metrostansiyasının çıxışında dayanmışdır. «Niva» markalı avtomobil arxaya doğru hərəkət etməklə dayandığı yerdən çıxmışdır. O da «Niva» markalı avtomobilin dayandığı yerin boşaldığını görüb idarə etdiyi avtomobili həmin yerdə saxlamaq üçün avtomobilini irəli sürmüşdür. Həmin an onun avtomobilinin sol tərəfinə «Toyota Prius» markalı avtomobil dayanmış və sürücüsü qabaq sağ şüşəni aşağı salaraq həmin boş yerdə öz avtomobilini saxlayacağını bildirmişdir. O isə həmin sürücüyə yolun hərəkət hissəsinin kənarındakı «Taksi» yol hərəkəti nişanını göstərib həmin yerdə yalnız taksi fəaliyyəti ilə məşğul olan avtomobilin dayanmalı olduğunu izah elmişdir. Sürücü kobud formada onun düzgün hərəkət etmədiyini bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Avtomobilin qabaq sağ oturacağında əyləşmiş təxminən eyni yaşlarda olan oğlan da avtomobildən düşmüş və ona yaxınlaşaraq mübahisə etməyin yersiz olduğunu deyərək onu sakitləşdirməyə çalışmışdır. Buna baxmayaraq avtomobilin sürücüsü sözlü mübahisəni uzadıb onu vuracağı ilə hədələmiş və avtomobilin qabaq sol qapısını açıb qapının cib hissəsindən küt əşya götürüb ona tərəf yaxınlaşmışdır. Həmin vaxt o, sağ əlini qabağa verdiyi üçün küt əşya onun sağ əlinin bilək nahiyəsinə dəymiş və o yıxılmışdır.Ətrafda olan şəxslər onu qaldırmış onu vuran sürücü isə artıq oradan uzaqlaşmışdır. Həmin sürücünün avtomobilində sərnişin olan oğlan isə orada qalmışdır. Daha sonra, sağ biləyinin kəsildiyini və qan axdığını görmüşdür. Bir neçə dəqiqə sonra hadisə yerinə yaxınlaşan təcili tibbi yardım avtomobilinin həkim personalı ona ilkin tibbi yardım göstərmişdir. Bundan sonra o, Xətai RPİ-nin 36-cı PB-yə gedərək hadisə barədə məlumat vermişdir. Ona vurulmuş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmamışdır. Şikayətçi olduğunu nəzərər alaraq təqsirləndirilən Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəza təyin etməsini xahiş edərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 06 iyun 2023-cü il tarixdə saat 19:20 radələrində idarə etdiyi "‘Toyota Prius” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Həzi Aslanov” metrostansiyasının çıxışında dayanmışdır. Həmin vaxt M.Hadi küçəsində dayandığı yolun qarşı hərəkət istiqamətində tanıdığı taksi sürücüsü Bəxtiyarın kiminləsə mübahisə etdiyini görmüşdür. Dərhal yolun hərəkət hissəsini qarşı tərəfə keçmişdir. Bu zaman Bəxtiyarın sağ qolunun bilək nahiyəsindən və başının arxa tərəfindən qan axmasının şahidi olmuşdur. Bəxtiyardan nə baş verdiyini soruşduqda o, bir qədər əvvəl tanımadığı şəxslə aralarında yaranmış mübahisə zamanı həmin şəxsin ona kəsici alətlə xəsarət yetirdiyini bildirmişdir. Həmin vaxt ətrafda olan şəxslər Bəxtiyarı vuran şəxsin idarə etdiyi qırmızı rəngli “Toyota Prius” markalı avtomobillə oradan uzaqlaşdığını bildirmişlər. Bu zaman metrostansiyanın çıxışında taksi fəaliyyəti ilə məşğul olan Süleyman adlı şəxs idarə etdiyi avtomobillə həmin şəxsin idarə etdiyi qırmızı rəngli “Toyota Prius” markalı avtomobili təqib etdiyini bildirmişdir. Buna görə o özü də idarə etdiyi “Toyota Prius” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların arxası ilə hərəkət etmişdir. “Neapol” dairəsinin yaxınlığında Telnov küçəsində həmin qırmızı rəngli “Toyota Prius” markalı avtomobilə çatmışlar. Sükan arxasından düşüb həmin qırmızı rəngli “Toyota Prius” markalı avtomobilin sürücüsünə yaxınlaşaraq avtomobildən düşməsini, özünə əlavə problem yaratmamasını bildirmişdir.Bəxtiyarı yaralayıb qaçmağın bir anlamının olmadığını ona bildirmişdir .Sürücünü avtomobildən düşürtmək üçün qabaq sol qapını açmaq məqsədilə əlini şüşədən içəri salıb içəri tərəfdən qapını açmağa çalışmışdır. Həmin an sürücü avtomobili arxaya, daha sonra irəli hərəkət etdirmişdir. Həmin an o, avtomobildən üzü üstə yerə yıxılaraq xəsarət almışdır. Sürücü isə idarə etdiyi avtomobillə oradan uzaqlaşmışdır. Yaxınlıqda olan şəxslər onu “Medical Plaza” xəstəxanasına çatdırmışlar, orada ona ilkin tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxsin ona xəsarəti ilə bağlı maddi yardım etmədiyini, bu səbəbdən şikayətçi olduğunu, onunla barışmadığını qeyd edərək onun cəzalandırılmasını məhkəmədən xahiş edərək bu barədə olan ərizəsini təqdim etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 06 iyun 2023-cü il tarixdə təxminən saat 19:30 radələrində idarə etdiyi «Mercedes» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Həzi Aslanov» metrostansiyasının çıxışında dayanmışdır. Bu zaman metronun digər istiqamətdəki çıxışında Zərərçəkmiş şəxs1 ətrafında təxminən 10-15 nəfər şəxsin toplaşdığını görmüşdür. Dərhal piyada yolun digər hərəkət istiqamətinə keçib Bəxtiyara yaxınlaşmış, həmin vaxt onun sağ qolunun bilək nahiyəsindən və başının arxa tərəfindən qan axdığının şahidi olmuşdur. Bəxtiyardan nə baş verdiyini soruşduqda o bir qədər əvvəl tanımadığı şəxslə aralarında yaranmış mübahisə zamanı həmin şəxsin kəsici alətlə sağ qolunun bilək nahiyəsinə və başının arxa tərəfinə xəsarətlər yetirdiyini bildirmişdir. Həmin vaxt ətrafda olan şəxslər Bəxtiyarı vuran şəxsin idarə etdiyi qırmızı rəngli «Toyota Prius» markalı avtomobillə uzaqlaşdığını bildirmişlər. O, dərhal yolun digər istiqamətinə keçərək öz avtomobilinə minmiş və qırmızı rəngli «Toyota Prius» markalı avtomobili təqib etməyə başlamışdır. «Neapol» dairəsinin yaxınlığında Telnov küçəsində həmin «Toyota Prius» markalı avtomobilə çatmışdır. Həmin vaxt tanışı Qəşəmin də idarə etdiyi «Toyota Prius» markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə yaxınlaşdığını görmüşdür. Telnov küçəsindən üzü Babək prospekti istiqamətində olan yolda tıxac olduğundan idarə etdiyi avtomobili qırmızı rəngli «Toyota Prius» markalı avtomobilin sol tərəfinə doğru idarə edib saxlamışdır. O, həmin şəxsdən avtomobilin hərəkətini dayandırmasını işarə etmişdir. Bu zaman Qəşəm də idarə etdiyi avtomobillə qırmızı rəngli «Toyota Prius» markalı avtomobilin sağ tərəfinə keçib dayanmışdır. Qəşəm dərhal sükan arxasından düşüb qırmızı rəngli «Toyota Prius» markalı avtomobilin sürücüsünə yaxınlaşmış və dərhal avtomobili dayandırıb sükan arxasından düşməsini və özünə əlavə problem yaratmamasını tələb etmişdir. Buna baxmayaraq həmin şəxs avtomobildən düşməmiş və avtomobilin qabaq sol qapısının şüşəsini aşağı salmamışdır. Bu zaman Qəşəm sol qapını açmaq məqsədilə əlini şüşədən aşağı salıb içəri tərəfdən qapını açmağa çalışmışdır. Həmin an sürücü avtomobili əvvəlcə arxaya, daha sonra isə irəliyə hərəkət etdirmişdir. Bu zaman şüşədən sallanaraq qalan Qəşəm avtomobildən üzü üstə yerə yıxılmışdır. Həmin sürücü isə idarə etdiyi avtomobillə oradan uzaqlaşmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakının təmin edilməsi mümkün olmayan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi təqsirləndirilən şəxsin və Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar olmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında hadisə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Həzi Aslanov” metrostansiyasının çıxışında yolun hərəkət hissəsində baş vermişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 29 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xəsarət alması ilə nəticələnən hadisəni ünvan 2 ünvanda törətmişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Toyota Prius” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin hər hansı bir hissə və detalında zədə və ya deformasiya izlərinin olmadığı müəyyən edilmişdir. Həmçinin baxış zamanı avtomobilin qabaq sol qapısının alt tərəfindəki saxlanc yerindən Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi açılıb-qatlanan cib bıçağının tiyə hissəsi aşkar edilərək iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 635 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ said və təpə-ənsə nahiyələrinin kəsilmiş səthi yaraları müəyyən edilmişdir. Xəsarətlər iti kənarlı əşya (alət) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir və həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 683 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində müəyyən edilmiş xəsarət - sağ qamış sümüyünün proksimal metafizində qapalı sınıq, fibulanın proksimal başının qapalı sınığı, lateral meninskin travmatik yırtığı, ön çarpaz bağın qopuğu və sağ bud sümüyünün lateral kondilusunda basılmış qapalı sınıq küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixinin kserosurətində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni sağ əli avtomobilin içərisində olarkən avtomobili idarə etməklə onun yol örtüyünə yıxılması nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3/1032 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, məişət təyinatlı turist bıçağının hissəsidir, tiyəsidir və soyuq silah hesab edilmir. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/2797 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı «Toyota Prius» markalı 99- ON-637 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün BA seriyalı 035175 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi və avtomobilin mülkiyyətçisi X5 tərəfindən 28 aprel 2023-cü il tarixdə avtomobili 8 il 8 ay 19 gün müddətinə idarə etmək üçün verilmiş nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməsi mövcuddur. AR DİN Bakı şəhəri, Xətai rayon Polis İdarəsi Dövlət X8 xx.xx.2023-cü il tarixli 1936/23 nömrəli məktubundn görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə AR DİN BDYPİ QİŞ tərəfindən BA 035175 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum olunması barəsə DİN BDYPİ-nin MMS-də hər hansı məlumat qeydə alınmamışdır. Maddi sübut kimi tanıma haqqında 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin törədilməsində istifadə etdiyi soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, məişət təyinatlı turist bıçağının tiyə hissəsi maddi sübut kimi tanınmışdır. Maddi sübut kimi tanımaq haqqında 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayətin törədilməsində vasitə olan “Toyota Prius” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin 04 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsində qediyyata alınmışdır, 04 iyun 2024-cü il tarixə cəzasının 07 ay 14 gününü çəkmişdir. Cinayət işinin materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmiş və o dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 08 iyun 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə » qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmamışlar, ondan şikayətçidirlər, onlara dəymiş ziyan ödənilməmişdir, ona görə də Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Göründüyü kimi iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş, bundan başqa o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-ci hissəsinin tələblərinə riayət etməyərək hadisə yerindən qaçmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 263.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayətləri törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasının cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənləri əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir.Həmin Məcəllənin 66.4.-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin olunacaq əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat rədd edildiyindən 08 iyun 2023-cü il tarixdə həbsdən azad edilmiş və həmin tarixdə də barəsində ibtidai istintaq orqanının qərarı ilə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmalı, cəzanın çəkilmə müddətinin başlanğıcı hazırkı hökmün elan edildiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti cəza təyin olunmalıdır. Bundan başqa, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 07 ay 14 gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 03 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmalıdır. Barəsində həbs qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclas zalından həbs edilməli və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 04 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılmış hesab edilməlidir, cinayət işi üzrə maddi sübut kimi tanınmış soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 149 (yüz qırx doqquz) manat məhkəmə xərclərinə aid edilməli və Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 263.1 və 264-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 66.4-cü maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 07 (yeddi) ay 14 (on dörd) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 03 (üç) ay 22 (iyirmi iki) günə bərabər tutulsun, həmin 03 (üç) ay 22 (iyirmi iki) gün və Təqsirləndirilən şəxs hazırki iş üzrə ibtidai araşdırma dövründə həbsdə saxlanıldığı iki 02 (iki) gün hazırki hökmlə təyin təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 08 (səkkiz) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 149 (yüz qırx doqquz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Toyota Prius’* markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılmış hesab edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-127/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-127/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver