Məhkəmə qərarları › İş №1(011)-128/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-128/2024

29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-128/2024 29.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Şabran rayonu, Beynəlmiləl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Ağalıq Ə/D, Ağalıq kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 05 avqust 2023-cü il tarixdə saat 20:30-da ünvan 1 ünvanının yaxınlığında arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə məişət münasibətlərinin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsindən yumruqla vuraraq ona qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sağ təpə nahiyəsinin yumşaq toxumasının əzilməsi ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa o, 07 sentyabr 2023-cü ildə saat 00:50-də ünvan 2 ünvanının qarşısında arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə məişət münasibətlərinin pozulması zəminində davam edən mübahisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsindən yumruqla vuraraq ona sol gözətratlı nahiyənin dərialtı hematoması, sol göz almasına qansızma, sağ saidin qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 2014-cü il ildə rəsmi nikahla ailə həyatı qurmuş, birgə ailə həyatından övladları 2015-ci il təvəllüdlü X2, 2016-cı il təvəllüdlü X3 və 2020-ci il təvəllüdlü X4 olmuşdur. Ailə həyatı qurduqları zamandan yoldaşı ilə birlikdə kirayə tutduğu Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometrdə yerləşən dəqiq bilmədiyi ünvanda, son 7 ildir isə ünvan 4şamışlar, lakin son ərəfələrdə aralarında olan münasibətləri pozulduğuna görə yoldaşından qeyri-rəsmi ayrılaraq Sabunçu rayonu ərazisində kirayə ev tutub orda yaşamağa davam etmiş, hal-hazırda isə Şabran rayonu, Ağalı kəndində yaşayır. Yoldaşı isə övladları ilə birlikdə Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsi 25 saylı evdə qalmışdır. Bir dəfə yoldaşı barəsində şikayət etmiş və toplanmış material Xətai Rayon Məhkəməsinə çatdırıldıqda onlar orada barışdıqlarına görə işə xitam verilmişdir. 2023-cü il ərəfəsində yoldaşı Xətai rayonu ərazisində yerləşən adını bilmədiyi restoranda xadimə işləmiş və hər gün yoldaşı axşam saatlarında gecə növbəsinə işə getmək adı ilə evdən çıxıb getdikdə işləməyə getdiyini düşünmüşdür. 05 avqust 2023-cü il tarixdə ailəsinin yaşadığı evə getmişdir. Həmin vaxt uşaqlarının evdə tək qaldığını görmüş, Ulduzun Bakı şəhəri, C.Hacıbəyli küçəsində yerləşən “1111” adlı kafedə ofisiant işlədiyini öyrənmişdir. O, yoldaşının Xətai rayonunda ailəvi restoranda xadimə işləmədiyini və ondan gizlin digər işə düzəldiyini bildikdə əsəbləşərək “1111” adlı kafenin yanına gəldikdə kafenin yaxınlığında yoldaşı Ulduzun yanında bir nəfər tanımadığı oğlanın dayandığını görmüşdür. O, yoldaşına yaxınlaşmış, tanımadığı şəxs isə oradan uzaqlaşmış, yoldaşından həmin ərazidə nə etdiyini və həmin oğlanın kim olduğunu soruşduqda yoldaşı ona kobud cavab verdiyinə görə o, əsəbləşərək yumruq zərbəsi ilə Ulduzun üz nahiyəsindən vurmuş və zərbənin nəticəsində yoldaşı yerə yıxılmışdır. Yoldaşı yerdə uzanıqlı vəziyyətdə olduğu zaman bir dəfədə ayaq nahiyəsindən təpiklə vurmuş, zərbəsi nəticəsində yoldaşı yerə yıxılan zaman başı ilə yerə dəymiş və huşunu itirmişdir. Hadisəni kənardan görən tanımadığı bir qadın onlara yaxınlaşmış, həmin şəxs DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmiş, onu polis bölməsinə dəvət etmişlər. Bu hadisə baş verdikdən sonra yoldaşı ilə daha bir yerdə yaşamamağa qərar verib evdən köçmüşdür. Bundan başqa 07 sentyabr 2023-cü il tarixdə gecə saatlarında övladları ona zəng edərək evdə tək olduqlarını və analarının onları atıb getməsi barədə məlumat vermişlər, o, buna görə narahat olaraq yoldaşının övladları ilə birlikdə yaşadığı ünvan 5 ünvana getmişdir. Evin qarşısında küçədə olduğu zaman kənardan yoldaşı Ulduzun evə doğru gəldiyini görmüşdür. O, Ulduza bu vaxtı çöldə nə gəzməsi və övladlarını niyə tək qoyub getməsi barədə sual vermiş, Ulduz isə sualına kobud cavab verərək yaxşı etdiyini bildirmişdir. Bundan sonra o, əsəbləşərək yumruq zərbəsi ilə yoldaşı Ulduzun üz nahiyəsindən vurmuş, onun zərbəsindən sonra yoldaşı tarazlığını itirmiş və o, Ulduzun əlindən tutub evə salmış, bununlada mübahisə sona çatmışdır. Bu hadisədən sonra yoldaşı ilə ümumiyyətlə görüşməmişdir. Hər iki hadisə zamanı ətrafda heç kim olmamış, yoldaşı Ulduzu döyməsinin səbəbi isə onu qısqanması, nəticədə aralarında mübahisələr yaranması, mübahisələr zamanı Ulduzun onu təhqir etməsi olmuşdur. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2014-cü ildə rəsmi nikahla 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə ailə həyatlarından övladları 2015-ci il təvəllüdlü X2, 2016-cı il təvəllüdlü X3 və 2020-ci il təvəllüdlü X4 vardır. Ailə həyatı qurduqları zaman yoldaşı ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarının yaxınlığında kirayə tutduqları dəqiq bilmədiyi ünvanda yaşamışlar, son 7 ildir isə Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsi 25 saylı evdə övladları ilə birlikdə kirayə yaşayır. Yoldaşı Nicat tikinti sahəsində çalışır və normal qazanc əldə edir, yoldaşının ondan əlavə tanıdığı üç qadınla qeyri-rəsmi münasibəti olmuşdur. Həmin qadınlar yoldaşının pulundan istifadə etdiklərindən, yoldaşı əldə etdiyi qazancdan ona və övladlarına demək olar ki, heçnə xərcləmədiyindən, o, övladlarını maddi cəhətdən təmin etmək məqsədilə məcbur olub müxtəlif işlərdə işləmişdir. Təxminən 8 il olar ki, müxtəlif ailəvi restoranlarda xadimə işləmişdir. 2023-cü ilin avqust ayının əvvəllərində ünvan 7 ünvanında yerləşən “1111” adlı kafeyə xadimə düzəlmiş, orada işlədiyi ərəfədə həyat yoldaşının qeyri-rəsmi münasibətdə olduğu xanımlardan biri yoldaşına guya onun həmin kafedə ofisiant işləməsini demişdir. 05 avqust 2023-cü il tarixdə təxminən saat 20:30 radələrində işlədiyi ünvan 7 ünvanında yerləşən “1111” adlı kafedən çölə çıxıb yaxın ərazidə yerləşən ərzaq mağazasına piyada hərəkət etdikdə həyat yoldaşı Təqsirləndirilən şəxs qarşısına çıxmış və ondan harada işlədiyini soruşmuşdur. Buna cavab olaraq o, kafedə xadimə işlədiyni demiş, Nicat isə onun yalan danışdığını, kafedə ofisiant işlədiyini demişdir. Bundan sonra o, yoldaşına harada və nə vəzifəsində işləməsinə özünün baxmasını istəmişdir. Beləliklə də ərzaq mağazasına çatmamış onlar yollarını dəyişib “1111” adlı kafeyə doğru piyada qayıtmışlar, yolda birgə qayıtdıqları zaman yoldaşı əsəbi olduğuna görə qəfildən başına yumruqla zərbə vurmuş, zərbədən sonra o, yerə yıxılmış, daha sonra baş verənləri xatırlamamış, yerə yıxıldıqdan sonra hüşünu itirmişdir. Bundan sonra o, X5 palatada olduğu zaman oyanmış, o, oyandıqdan sonra polis əməkdaşları ona yaxınlaşaraq baş vermiş hadisə ilə bağlı izahatını almışlar və o, yoldaşını onu vurduğuna görə şikayət etmişdir. Bundan başqa 07 sentyabr 2023-cü il tarixdə saat 00:50 radələrində yaşadığı ünvan 8 ünvanın qarşısında Nicat ilə rastlaşmışdır. Nicat onun haradan gəldiyini soruşaraq uşaqların evdə tək qaldığını demiş, o isə maddi imkanları zəif olduğundan işdən gəldiyini desədə Nicat onunla mübahisə etməyə başlamış, daha sonra isə yumruqla baş nahiyəsindən zərbə ilə vurmuş, o, özünü pis hiss etdiyindən evə gedərək yatmışdır. Hadisə nəticəsində o, ciddi xəsarətlər almış, sol göz nahiyəsində hematoma yaranmış, gözünün iç hissəsində qançır müşahidə olmuşdur. Hər iki hadisə zamanı Nicat onu döyərkən ətrafda heç kim olmamış, hadisələr təxminən 5-10 dəqiqə davam etmiş, Nicatın onu döyməsinə səbəb isə əsassız səbəblərdən onu qısqanması olmuşdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, həmin şəxsləri 05 avqust 2023-cü il tarixdə ünvan 7 ünvanında baş vermiş dava-dalaş zamanı tanımış, onlarla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Belə ki, 05 avqust 2023-cü il tarixdə saat 20:30 radələrində ünvan 7 ünvanının yaxınlığında olarkən əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiklərini görmüş, yaranmış mübahisənin dava-dalaş ilə nəticələnəcəyini fikirləşdiyindən onlar istiqamətdə hərəkət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yumruqla həyat yoldaşı Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmuş, Zərərçəkmiş şəxs aldığı zərbədən yerə yıxılmış, daha sonra Təqsirləndirilən şəxs təpiklə Zərərçəkmiş şəxs bədən nahiyəsinə vurmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aralaşdırmış, daha sonra baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər, polis əməkdaşları Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər, Zərərçəkmiş şəxs isə təcili tibbi yardım xidmətinin əməkdaşlarının vasitəsi ilə xəstəxanaya aparılmışdır. Hadisə təxminən 4-5 dəqiqə davam etmiş, hadisə baş verərkən ətrafda heç kim olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəməyədək sadələşdirilmiş icraatın başlanılması haqqında 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat başlanmı və icraatına qəbul olunaraq təhqiqatı aparılmışdır (i.v. 6); hadisə yerinə baxış keçirilməsi haqqında 07 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsi baş vermiş cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı fotoşəkillər çəkilsə də, telefonda olan nasazlığa görə həmin şəkillərin protokola əlavə edilməsi mümkün olmamışdır (cild 1, i.v. 22-24); zərərçəkmiş qismində tanınma haqqında 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 25); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 xx.xx.2023-cü il tarixli, 1580 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə “X12” PHŞ-nə müraciət edərkən ona “Qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sağ təpə nahiyəsinin yumşaq toxumasının əzilməsi” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X11” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 23:47-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələri (yumruq və.s) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər (i.v. 51-54); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 21 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xətai RPİ-də CM-nin 128-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir (i.v. 56-57, 78-80); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-166/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materilı üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir (i.v. 58-60); cinayət işinin icraata qəbul edilməsi haqqında 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 63); zərərçəkmiş qismində tanınma haqqında 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 68-70); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 xx.xx.2023-cü il tarixli, 1048 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözətrafı nahiyənin dərialtı hematoması, sol göz almasına qansızma, sağ saidin qançırı müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə kənar şəxs(şəxslər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (i.v. 93-94); axtarışda olan şəxsin tutulması haqqında 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:20 radələrində tutulmuşdur (i.v. 103); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 117-118); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə 21 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 133-134); ifadənin yerində yoxlanılması haqqında 22 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 136-139); sübutların qiymətləndirilməsi haqqında 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 133 və 221-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1048 saylı və xx.xx.2023-cü il tarixli 1580 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişlər (i.v. 176-180); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladının olmasını (CM-nin 59.1.4), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun 19 oktyabr 2023-cü il tarixdən 21 oktyabr 2023-cü il tarixədək 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş «polisin nəzrəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni Şabran rayonu, Ağalıq Ə/D, Ağalıq kəndində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şabran rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Şabron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdən 21 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonu, Ağalıq Ə/D, Ağalıq kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şabran rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar