Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-129/2021 05.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx.xx.1983-cü ildə Naxçıvan MR, Şərur rayon Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Xətai Rayon İHnin MKTB-nin 2 saylı MKİS-də süpürgəçi işləyən, məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda özbaşına tikilidə kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 2018-ci ilin noyabr ayından 2019-cu ilin dekabr ayına qədər olan müddətdə ünvan 1 ünvanında Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı altında olan dövlət mülkiyyətinə aid sahəsi 60 kv. metr olan torpaq sahəsini özbaşına tutaraq, həmin torpaq sahəsi üzərində sahəsi 60 kv. metr olan, bir mərtəbəli bir otaq, bir sanitar qovşağı və bir mətbəxdən ibarət olan fərdi yaşayış evini inşa etdirməklə özbaşına tikinti işlərini aparmışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün səmimi etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci ildən Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində, Dənizçi məhəlləsi 15 ünvanda özbaşına tikilidə kirayədə yaşayır. Xətai rayon MKTB-nin 2 saylı MKİS-də süpürgəçi işləyir. 2018-ci ilin noyabr ayında ailəsi üçün Dənizçi məhəlləsi 15 ünvanında bir otaqlı ev tikdirməyə qərara almış və bu məqsədlə həmin vaxt tanışından faizə pul götürüb Xətai rayonu ərazisində Dənizçi küçəsi 15 ünvanında Xəzər dənizinin sahilindən təxminən 50-60 metr aralıda sahəsi 60 kv. metr olan torpaq sahəsini özbaşına tutaraq orada tikinti işlərinə başlamışdır. Belə ki, zəbt etdiyi 60 kv. metr torpaq sahəsinin üzərində bir otaq, bir dəhliz, bir mətbəx və bir sanitar qovşağından ibarət yaşayış evini tikdirmək istəmişdir. İki fəhlə tutub tikinti işlərinə başlamışdır. Tikinti işlərinin aparılması üçün Xətai Rayon İcra Hakimiyyətindən və başqa dövlət qurumundan heç bir icazə almamış və hazırda da həmin evin heç bir sənədi yoxdur. Tikinti işlərini bir ilə, yəni 2019-cu ilin noyabr ayında yekunlaşdırmışdır. İmkansızlıqdan məcbur olub torpaq sahəsini özbaşına tutaraq orada bir mərtəbəli bir otaqlı ev inşa etdirmişdir. Torpaq sahəsini özü zəbt etmiş və tikinti işlərini də şəxsən özü gördürmüşdür. 2019-cu ilin aprel ayında – tikinti işləri gedən zaman Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları tikinti yerinə gələrək torpaq sahəsini zəbt etdiyini və qanunsuz olaraq tikinti işlərini apardığını bildirmiş və bununla bağlı akt tərtib etmişlər. 2019-cu ilin dekabr ayında atasının səhhətində yaranmış problemlə bağlı evi satmaq məcburiyyətində qalmış və həmin evi Rahilə adlı qadına 15000 manata satmışdır. Daha sonra təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, bir azyaşlı uşağının olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə oğlu bildirmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Bakı ərazi şöbəsinin Xətai rayonu üzrə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini heyata keçirən məsləhətçi-müfəttişi vəzifəsində işləyir. Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinə nəzarət məqsədilə keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən xx xxxxx 2019-cu il tarixdə keçirilən növbəti monitorinqlər zamanı ünvan 1 ünvanında Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı altında olan dövlət mülkiyyətinə aid təxminən 50,0 kv.m torpaq sahəsində vətəndaş Təqsirləndirilən şəxs tərəfindən fərdi yaşayış evinin inşası işlərinin aparılması faktı aşkar olunmuşdur. Araşdırma zamanı, qeyd olunan ünvanda aparılan tikinti işləri ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən, yuxarıda adı göstərilən vətəndaş tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma müəyyən edilmişdir. Bununla bağlı xx xxxxx 2019-cu il tarixdə Komitənin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. Daha sonra zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. Fərqanəni uzun müddətdir ki, tanıyır. Hamısı Dənizçi küçəsi 15 adlanan məhəllədə yaşayır. Yaşadıqları evlər Xəzər dənizinin sahilindən təxminən 50-100 metr məsafədə yerləşir. Təqsirləndirilən şəxs 2018-ci ilin noyabr ayında Dənizçi küçəsi 15 ünvanında Xəzər dənizinin sahilindən təxminən 50-100 metr aralıda sahəsi 60 kv. metr olan torpaq sahəsini zəbt edərək orada bir otaq, bir dəhliz, bir mətbəx və bir sanitar qovşağından ibarət yaşayış evi tikdirməyə başlamışdır. Tikinti işlərini Fərqanənin tutduğu iki fəhlə inşa edirdi. Fərqanə tikinti işlərinin aparılması üçün heç bir qurumundan icazə almamışdır. 2019-cu ilin aprel ayında – tikinti işləri gedən zaman Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları tikinti yerinə gələrək Fərqanəyə torpaq sahəsini zəbt etdiyini və qanunsuz olaraq tikinti işlərini apardığını bildirmiş və bununla bağlı akt tərtib etmişlər. Sonradan Fərqanəyə pul lazım olduğu üçün sonuncu 2019-cu ilin dekabr ayında həmin evi başqa bir qadına satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsi şahid Şahid2 ifadəsinə oxşar olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli aktından və xx.xx.2019-cu il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları dəqiqləşdirilmiş və nəticədə həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X1 tərəfindən xx.xx.2020-cı il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli Ruslan Sadıqovun qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş vərəqi 48-də olan şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü Fərid Mehdiyev adlı bir azyaşlı oğlu var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 188.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, ilk dəfə cinayət törətməsi, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halın mövcud olması, ağırlaşdırılan halların olmaması, himayəsində bir azyaşlı uşağının olması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə olınmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-129/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-129/2021
05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver