Məhkəmə qərarları › İş №1(011)-129/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-129/2022

21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-129/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi Xətai Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın böyük məsləhətçisi Qanuni nümayəndə və təqsirləndirilən şəxsin müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci ildə Goranboy rayonu, Dəliməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü ilə CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, döngə 4, yataqxana 5, otaq 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində ********* saylı cinayət işi üzrə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 210110401 saylı cinayət işi üzrə İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 18 noyabr 2021-ci il tarixdə saat 03:40 radələrində Zərərçəkmiş şəxs ünvan 1 ünvanında icarə əsasında işlətdiyi “Lavender” gül mağazasının plastik qapısının qıfılını sındırmaqla qanunsuz daxil olub, orada olan iş masasının üzərindən 400 manat dəyərində «Samsung Tab-4» markalı planşeti və saxlanc yeri olan məlumat masasının siyirməsindən 10 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 410 manat məbləgində ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinin videogörüntüsü və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında qanuni nümayındəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olduğunu və hazırda bir çox rayonda törətdiyi cinayətlərə görə cinayət işinin aparıldığını bildirmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 31 mart 2022-ci il tarixli Bakı şəhər Xətai rayon məhkəməsinin sonuncü hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 17.11.2021-ci il tarixdən 18.11.2021-ci il tarixə keçən gecə saat 03:30 radələrində pulu olmadığı üçün Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində piyada gəzən zaman “Lavender” gül mağazasını görüb qərara gəlmişdir ki, oğurluq etsin. Bu məqsədlə mağazanın qapısına yaxınlaşaraq cibində olan vintaçanla mağazanın qapısını açaraq içəri daxil olmuşdur. Mağazanın iş masasının üstündə olan «Samsung Tab-4» markalı planşeti və sürmədə olan 10 manat pulu götürmüşdür. Mağazadan çıxan zaman içəridə təhlükəsizlik kamerasının quraşdırıldığını görərək kameraya baxıb gülümsəyərək əli ilə işarə göstərərək mağazadan çıxmışdır. Səhərisi gün Gəncə şəhərinə getmiş və özü ilə götürdüyü «Samsung Tab-4» markalı planşeti Gəncə şəhərində “Qlavnı” adlanan yerdə heç bir anket məlumatlarını bilmədiyi şəxsə 70 manata satıb əldə etdiyi pulu xərcləmişdir. Son sözündə təqsirləndirilən şəxs əməlindən peşman olmasını, anasının xəstə olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1 ilə yaxındır ki, ünvan 2 ünvanında yerləşən “Lavender” gül mağazasını icarəyə götürərək işlədir. Həmin mağazada müxtəlif növ güllərin satışı ilə məşğul olur. 17.11.2021-ci il tarixdə axşam saat 21-da mağazanı bağlayaraq evə getmiş və 18.11.2021-ci il tarixdə səhər saat 08:15 radələrində mağazada işləyən Şahid mağazaya gələrək mağazanın qapısını açmaq istəyərkən mağazanın qapısının açıq olmasını aşkar etmiş və bu barədə ona zəng edərək məlumat vermişdir. O, tez mağazaya gəlmiş və mağazanın içinə baxan zaman mağazanın resepşn siyirməsindən qutunun içərisindən 10 manat pulun və mağazanın iş masasının üzərindən 01 ədəd 400 manat dəyərində imei kodunu bilmədiyi və üzərində heç bir mobil nömrəsi olmayan «Samsung Tab-4» markalı planşetin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra mağazanın içərisində quraşdırılmış təhlükəsizlik kamerasına tərəfindən baxış keçirilən zaman müəyyən etmişdir ki, 17.11.2021-ci il tarixdən 18.11.2021-ci il tarixə keçən gecə saat 03:40-da bir nəfər cavan oğlan mağazanın plastik qapısını qanunsuz olaraq açmaqla içəri daxil olaraq planşeti və 10 manat pulu oğurlayaraq mağazadan gedir. Bundan sonra baş vermiş hadisə ilə əlaqədar olaraq DİN-nin 102 mərkəzi zəng xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gələrək hadisəni sənədləşdirmişlər. Həmin kameraya düşən oğlanın hazırda məhkəmə zalında əyləşən təqsirləndirilən Təqsirləndirilən şəxs olduğunu qeyd etmişdir. Daha sonra çıxışında ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq məhkəmə iclas zalında şahid Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. Cinayət işinə əlavə olunmuş videoyazıya baxış keçirilməsinə dair 18 dekabr 2021-ci il tarixli protokoldan məlum olur ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirmiş və baxış zamanı Təqsirləndirilən şəxs müşahdə kamerasının qeydə aldığı kadrda əks olunan əynində qara rəngli, boynu tüklü gödəkcədəki, ağzında qara maskası, əynində qara rəngli cins şalvarı, əlində qutu və planşet olan və mağazadan çıxan zaman sağ əli ilə mağazanın içərisində quraşdırılmış müşahidə kamerasına işarə edən şəxsin özü olduğunu təstiq etmişdir. Oğurluğu əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 60-61-ci vərəqələrində olan 18.12.2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı istintaqa verdiyi ifadəsini təsdiqləyərək hadisənin yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. Cinayət işinin 84-85-ci vərəqələrində olan 18.12.2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhər Xətai Rayon Məhkəməsinin 31.03.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə cəzasının əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yetkinlik yaşına çatmadığını cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dəfələrlə azadlığın məhdudlaşdırması cəzasına məhkum olunması və Bakı şəhər Xətai rayon məhkəməsinin sonuncu hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi cəza təyin edilərkən mütləq nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yetkinlik yaşına çatmayan şəxs olmasını, ona təyin edilmiş cəzalardan sonra nəticə çıxarmamasını, islah olmamasını nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31.03.2022-ci il tarixli 1(011)-24/2022 saylı hökmü ilə təyin edilmiş 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Cəzasının əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkir və cəzasının əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış oğurluq hadisəsini əks etdirən bir ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31.03.2022-ci il tarixli 1(011)- 24/2022 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınaraq barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan bir ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar