Məhkəmə qərarları › İş №1(011)-13/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-13/2022

18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-13/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 04 noyabr 2019-cu il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olduğu avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə hərəkətdə olan zaman avtomobildə siqaret çəkməsi səbəbindən Zərərçəkmiş şəxs ona olan iradını qəbul etməyib, heç bir səbəb olmadan sonuncu ilə mübahisə edərək, avtomobildən enib vətəndaşların gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə, mübahisə zamanı sonuncuya yumruq zərbələri vurmaqla, ona başın alın nahiyəsinin yumşaq toxumasının hematoması və səthi əzilmiş yarası, sağ qaş qövsü nahiyəsinin səthi əzilmiş yarası, hər iki gözyuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması, burunun qançırı və səthi əzilmiş yarası, sol dirsək oynağı nahiyəsinin, sol kürəkaltı nahiyənin və sağ diz oynağı nahiyəsinin qançırları, sol əlin arxa səthinin səthi kəsilmiş yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmiş, ardınca Zərərçəkmiş şəxs məxsus “Nissan Sunny” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan taksi nişanını götürərək, ondan silah qismində istifadə olunan əşya olaraq həmin avtomobilə vurmaqla həmin avtomobili zədələyib, qərəzli hərəkətlərini davam etdirməklə, Zərərçəkmiş şəxs ümumilikdə 400 manat maddi ziyan vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. 04 noyabr 2019-cu il tarixdə, həmin dövrdə fəhlə işlədiyi şadlıq sarayının anbarında işlərini bitirdikdən sonra, anbardan spirtli içki götürüb içmişdir. Bir qədər sonra, anbardar vəzifəsində işləyən Şahid da işlərini yekunlaşdırıb, evə getmək üçün taksi sifariş etmişdir. Həmin vaxt o, Rövşəndən onu da “Nizami” metrostansiyasının yaxınlığında düşürtməsini xahiş etmişdir. Rövşən etiraz etməmiş və onlar şadlıq sarayının qarşısında sifariş etdikləri taksiyə əyləşmişlər. Onlar Xətai rayonu, Babək prospekti ilə hərəkət etdikləri zaman, o, avtomobilin içərisində siqaret çəkməyə başlamışdır. Taksinin sürücüsü ona müraciət edərək, siqaretin külünü hara tökdüyünü soruşduqda, o, siqaretin külünü avtomobilin içərisinə tökdüyünü demişdir. Həmin zaman, sürücü avtomobili saxlayaraq, avtomobildən düşmələrini və yollarına başqa taksi ilə davam etdirmələrini bildirmişdir. O, buna etiraz edərək, sürücüyə yoluna davam etməsini tələb etmişdir. Sürücü isə israrla onların avtomobildən düşmələrini dedikdə, o, avtomobildən düşərək, avtomobilin üzərində olan taksi nişanını götürüb, avtomobili cızmağa başlamışdır. Bunu görən sürücü avtomobildən düşərək, avtomobili cızmağına mane olmağa çalışmış və həmin zaman onlar əlbə-yaxa olmuşlar. Avtomobildə qabaq oturacaqda əyləşmiş Rövşən də, avtomobildən düşərək, onları ayırmağa çalışmışdır. Həmin vaxt o, yumruq zərbəsi ilə sürücünü vuraraq, yerə yıxmışdır. Bundan sonra, sürücü yerdən duraraq, avtomobilə oturub, hadisə yerindən uzaqlaşmışdır. Sonradan ona məlum olmuşdur ki, onun xəsarət yetirdiyi və avtomobilinə ziyan vurduğu Zərərçəkmiş şəxs adlı şəxsdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxsla barışdığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, özünə məxsus “Nissan Sunny” markalı avtomobili ilə taksi xidməti göstərir. 04 noyabr 2019-cu il tarixdə, axşam saatlarında sifariş qəbul etmiş və həmin sifariş əsasında Nizami rayonundan iki nəfər müştərini götürmüşdür. Qəbul etdiyi sifarişə əsasən, o, həmin müştəriləri “Nizami” metrostansiyasının yaxınlığında düşürtməli idi. Onlar avtomobil ilə hərəkətdə olan zaman, avtomobilin arxa hissəsində oturan şəxsin sərxoş olduğunu hiss etmişdir. Həmin müştərinin avtomobilin içərisində siqaret çəkdiyini görüb, ona öz iradını bildirərək, avtomobilin içərisində siqaret çəkməməsini xahiş etmişdir. Lakin, müştəri siqaretini söndürməyərək, onunla mübahisə etməyə başlamışdır. Buna görə o, avtomobili Xətai rayonu, Babək prospektində saxlayaraq, müştərilərdən avtomobildən düşmələrini və başqa bir taksi ilə yollarına davam etmələrini bildirmişdir. Buna əhəmiyyət verməyən həmin şəxs, onunla mübahisəni davam etmişdir. Avtomobilin qabaq oturacağında olan digər müştəri isə həmin şəxsi sakitləşdirməyə çalışmışdır. Lakin, həmin şəxs sakitləşməyib, avtomobilin üzərində olan taksi nişanını götürərək, avtomobili cızmağa başlamışdır. O, buna mane olmaq istədikdə isə, gözləmədiyi anda həmin şəxs yumruqla onun üz nahiyəsindən zərbə vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra o, avtomobilinə oturaraq, hadisə yerindən uzaqlaşmışdır. Nəticədə baş və bədən nahiyəsindən müxtəlif xəsarətlər almış və avtomobilinə 400 manat ziyan vurulduğu müəyyən olunmuşdur. Bundan səhəri gün o, baş vermiş hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, hadisəni törədən Təqsirləndirilən şəxs adlı şəxsdir. Hazırda o, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Göstərilənlərə əsasən, təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etdi. İş üzrə Şahid məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid göstərmişdir ki, 2019-cu ilin sentyabr ayından Nizami rayonunda yerləşən şadlıq sarayının anbarında anbardar vəzifəsində işləmişdir. 01 noyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs şadlıq sarayının anbarında fəhlə kimi işləməyə başlamışdır. 04 noyabr 2019-cu il tarixdə işlərini yekunlaşdırdıqdan sonra, Zaur anbardan spirtli içki götürüb, içkini qəbul etməyə başlamışdır. Həmin vaxt o, evə getmək üçün taksi sifariş vermişdir. Zaur da sifariş verdiyi taksi ilə getmək istədiyini bildirmişdir. O, razılıq verdikdən sonra, onlar birlikdə sifariş verdiyi taksiyə əyləşmişlər. Onlar Babək prospekti ilə hərəkət etdikləri zaman, avtomobilin arxa oturacağında oturmuş Zaur siqaret çəkməyə başlamışdır. Zaur siqaretin külünü avtomobilin içərisinə tökməsi səbəbindən, sürücü ilə aralarında mübahisə yaranmış və həmin zaman sürücü avtomobili saxlayaraq, düşmələrini tələb etmişdir. Lakin, Zaur buna etirazını bildirərək, avtomobildən düşməyəcəyini demişdir. Daha sonra, Zaur avtomobilin üzərində olan taksi nişanını götürüb, avtomobili cızmağa başlamışdır. O da, avtomobildən düşərək, Zauru sakitləşdirməyə çalışmışdır. Sürücü isə avtomobili cızmasına Zaura mane olmaq istəmişdir. Həmin vaxt Zaur anidən sürücünü yumruq zərbəsi ilə vuraraq, yerə yıxmışdır. Bundan sonra, sürücü avtomobilinə əyləşib, hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 08 noyabr 2019-cu il tarixli, 1144 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində aşkar olunan xəsarətlər başın alın nahiyəsinin yumşaq toxumasının hematoması və səthi əzilmiş yarası, sağ qaş qövsü nahiyəsinin səthi əzilmiş yarası, hər iki gözyuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması, burunun qançırı və səthi əzilmiş yarası, sol dirsək oynağı nahiyəsinin, sol kürəkaltı nahiyənin və sağ diz oynağı nahiyəsinin qançırları, sol əlin arxa səthinin səthi kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlərdən sol əlin arxa səthinin səthi kəsilmiş yaraları kəsici kənara malik əşyanın (əşyaların) təsirindən törənmiş, digər xəsarətlər isə bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəti 04 noyabr 2019cu il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan “Qrand Avtoservis” şirkəti tərəfindən verilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus 2008-ci il buraxılışlı, qara rəngli “Nissan Sunny” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnmiş hissələrin yenisi ilə əvəz edilməsinə və təmir işlərinə görə ümumilikdə 400 manat vəsait tələb olunur. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 25 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmamasını müəyyənləşdirilməsi üçün, iş üzrə ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 389 saylı, 15 fevral 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Onda emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxsdə müəyyən edilən emosional davamsız tip şəxsiyyət pozuntusu, o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də o, ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və onda psixi pozuntunun olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 24 mart 2020-ci il tarixdən 25 mart 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbinin olmamasını, ailəsinin həyat şəraitinə təsirini və onda psixi pozuntunun olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaidırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 1 (bir) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 1 (bir) il 6 (altı) ay sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar