Məhkəmə qərarları › İş №1(011)-131/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-131/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-131/2024 28.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi - Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1961-cu ildə Goranboy rayonu, Varvara- Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək aldatma yolu ilə sonuncunun doğma oğlu Şahid2 güya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verib 29 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 6 saylı “Asan Xidmət” mərkəzində Şahid2 vasitəsi ilə aralarında notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi əsasında vermiş olduğu 4.000 (dörd min) manat, 20 may 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, X5 3 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının yaxınlığındakı kafedə sonuncunun vasitəsi ilə 500 (beş yüz) manat və 2022-ci ilin avqust ayının axırlarında Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən parkda Şahid2 vasitəsi ilə 200 (iki yüz) manat, ümumilikdə 4.700 (dörd min yeddi yüz) manat nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 4.700 (dörd min yeddi yüz) manat miqdarda maddi ziyan vurararaq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Şahid1 1997-ci ildən tanıyır və eyni hərbi hissədə xidmət etmişlər. 2022-ci ilin aprel ayının əvvəllərində Şəmsi onunla görüşmək istədiyini bildirmiş və onlar Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində görüşmüşlər. Həmin görüş zamanı Şəmsi onu qohumu Mahir adlı şəxslə tanış etmiş və bildirmişdir ki, Mahir oğlunu Azərbaycan Respublikası Müdsafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə işə düzəltmək istəyir. Həmin vaxt onun maddi sıxıntıları olmuş və pula ehtiyacı olduğu üçün Mahirlə razılaşmış və bu işin 4.000 manata həll olunanacağını bildirmişdir. Bundan sonra ayrılmışlar. Daha sonra Mahirin oğlu Zahir onunla telefon əlaqəsi yaradaraq görüşmək istədiyini bildirmiş və onlar 29 aprel 2022-ci il tarixdə Zahirlə Bakı şəhəri, Xətai rayonunda yerləşən Ukrayna dairəsinin yaxınlığındakı 6 sayılı “Asan Xidmət” mərkəzində görüşən zaman Zahir ona 4.000 manat məbləğində pul vermişdir. Həmin vaxt 6 saylı “Asan Xidmət” mərkəzində onunla Zahir arasında kredit müqaviləsi bağlanmışdır. Bundan sonra o, Zahirlə birlikdə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə getmiş və orada Zahirin sənədlərini təqdim etmişdir. Bundan sonra 20 may 2022-ci il tarixdə Zahir ona zəng edərək “Papanin”də yerləşən hərbi hospitalda həkimlər tərəfindən ciyərlərində ləkə olduğunun deyildiyini bildirmiş və ondan bu işə köməklik etməsini xahiş etmişdir. Həmin vaxt onun yenə də pula ehtiyacı olduğu üçün bu işi 500 manat müqabilində yoluna qoyacağını bildirmişdir. Zahir ona razılıq vermiş və onlar həmin gün hospitalın yaxınlığındakı kafedə görüşmüşlər. Görüş zamanı Zahir ona 500 manat məbləğində pul vermiş və onlar ayrılmışlar. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində onun yenə də pula ehtiyacı olduğundan o, Zahirə zəng edərək Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində adam olduğunu və onun sənədlərini qaydasına salıb tez həll etməsi üçün həmin şəxsə 200 (iki yüz) manat məbləğində pul verməli olduğunu bildirmişdir. Zahir onunla razılaşmış və onlar 2022-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən parkda Zahirlə görüşmüşlər. Zahir həmin görüş zamanı 200 manat məbləğində pulu ona vermiş və o, ayrılaraq aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Zahir və Mahir ona zəng edərək işin nə yerdə olduğunu soruşduqda, o, müxtəlif bəhanələr deyərək vaxtı uzatmağa başlamışdır. Daha sonra Mahir onun barəsində ərizə ilə polisə müraciət etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 onun oğludur və sonuncu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə işə düzəltmək istəmişdir. Bu barədə onun uzaq qohumu Şahid1 da məlumatlı olmuş və söhbət əsnasında onu bildirmişdir ki, Məhərrəm adlı tanışı var və sonuncu bu işi həll edə bilər.O, Şəmsi ilə razılaşmış və 2022-ci ilin aprel ayının əvvəlində o, Şəmsi və Məhərrəm əvvəllər yaşadığı Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində görüşüb bu barədə söhbət etmişlər. Söhbət zamanı Məhərrəm ona bildirmişdir ki, oğlu Zahiri 4.000 (dörd min) manat müqabilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi (MAXE) işə qəbul etdirəcəkdir. O, razılaşmış, 29 aprel 2022-ci il tarixdə 4.000 manat məbləğində pulu oğlu Zahirə vermiş və Zahir Məhərrəmlə Bakı şəhəri, Xətai rayonunda yerləşən Ukrayna dairəsinin yaxınlığındakı 6 saylı “Asan Xidmət” mərkəzində görüşərək 4.000 manat məbləğində pulu Məhərrəmə vermişdir. Həmin vaxt 6 saylı “Asan Xidmət” mərkəzində Zahirlə Məhərrəm arasında kredit müqviləsi bağlanmışdır. Bundan sonra oğlu Zahir Məhərrəmlə birlikdə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə getmiş və orada Zahir sənədlərini təqdim etmişdir. Bir müddət sonra yəni 20 may 2022-ci il tarixdə Zahiri “Papanin”də yerləşən hərbi hospitaldan çağırmışlar və o, müayinə üçün həmin hospitala getmişdir. Həmin vaxt Zahir ona zəng edərək bildirmişdir ki, ciyərlərində ləkə olduğu üçün onun hərbi xidmətə qəbulu imkansızdır və ondan Məhərrəmlə bu barədə danışıb danışmamağı məsləhət almışdır. O bu barədə razılıq verdikdən sonra Zahir, Məhərrəmlə danışaraq həmin hospitalın yaxınlığındakı kafedə görüşmüş, Məhərrəm bu problemi yoluna qoya biləcəyinə Zahiri əmin edərək bu məqsədlə əlavə olaraq 500 (beş yüz) manat məbləğində pul almışdır. Bundan sonra Məhərrəm Zahirə zəng edərək Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində adam olduğunu və onun sənədlərini qaydasına salıb tez həll etməsi üçün həmin şəxsə 200 (iki yüz) manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Zahir də bu barədə ona demiş və o həmin pulu Zahirə vermişdir. Zahir də 2022-ci ilin avqust ayının əvvəllərində əvvəllər yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən parkda Məhərrəmlə görüşərək həmin pul məbləğini ona vermişdir. Bundan sonra Məhərrəmin söz verdiyi vaxt gəlib çatmış, lakin Zahiri kimsə bununla əlaqədar çağırmamışdır. Bundan sonra onlar Məhərrəmlə əlaqə saxladıqda, o bir qədər də gözləmələrini və tez bir zamanda işin həll olunacağını bildirmişdir. Lakin onun yalan danışdığını görüb pulu geri qaytarmasını bildirmişdir. Bundan sonra Məhərrəm onlardan qaçmağa başlamış və müxtəlif bəhanələr gətirməklə pulu geri qaytarmaqdan yayınmışdır. Bu səbəbdən də o, 20 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası DİN-in 102 XZM-ə məlumat verib ərizə ilə Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvəllərinə işə düzəlmək istəmiş və bu barədə atası Zərərçəkmiş şəxs demişdir. Atası da onun bu arzusu barədə uzaq qohumu Şahid1 da bildirmiş və söhbət əsnasında Şəmsi demişdir ki, onun Məhərrəm adlı tanışı var və sonuncu bu işi həll edə bilər. Atası Şəmsi ilə razılaşmış və 2022-ci ilin aprel ayının əvvəllərində onlar birlikdə Məhərrəmlə, əvvəllər yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində görüşüb bu barədə söhbət etmişlər. Söhbət zamanı Məhərrəm 4.000 (dörd min) manat müqabilində onu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvəllərinə müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi işə qəbul etdirəcəyini bildirmişdir. Atası onunla razılaşmış və 29 aprel 2022-ci il tarixdə 4.000 manat məbləğində pulu ona vermişdir. O da həmin tarixdə Məhərrəmlə Bakı şəhəri, Xətai rayonundə yerləşən Ukrayna dairəsinin yaxınlığındakı 6 saylı “Asan Xidmət” mərkəzində görüşüb orada Məhərrəmə 4.000 manat məbləğində pulu vermişdir. Həmin vaxt 6 saylı “Asan Xidmət” mərkəzində onunla Məhərrəm arasında kredit müqaviləsi bağlanmışdır. Bundan sonra o, Məhərrəmlə birlikdə «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında yerləşən Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə getmiş və orada sənədlərini təqdim etmişdir. Bir müddət sonra yəni 20 may 2022-ci il tarixdə onu “Papanin”də yerləşən hərbi hospitaldan çağırmışlar və o, müayinə üçün həmin hospitala getmişdir. Həmin vaxt həkimlər ona ciyərlərində ləkə olduğunu və bu səbəbdən hərbi xidmətə yararsız olmasını bildirmişlər. O da bununla bağlı atasına zəng edərək bu barədə bildirmiş və Məhərrəmə zəng edib etməməsini məsləhət etmişdir. Atası ona razılıq verdikdən sonra o, Məhərrəmə zəng edərək yaranmış problem barədə bildirmiş və Məhərrəm bu işi 500 (beş yüş) manat qarşılığında yoluna qoyacağını demişdir. O, Məhərrəmlə razılaşmış, bir neçə dəqiqə keçdikdən sonra Məhərrəm həmin hospitalın yaxınlığındakı kafeyə gəlmiş və o, orada Məhərrəmə 500 manat məbləğində pul vermişdir. Məhərrəm pulu ondan aldıqdan sonra bildirmişdir ki, yaşadığı evə getsin özü bütün məsələləri həll edəcəkdir. Bundan sonra Məhərrəm ona zəng edərək Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində adam olduğunu və onun sənədlərini qaydasına salıb tez həll etməsi üçün həmin şəxsə 200 (iki yüz) manat məbləğində pul verilməli olduğunu bildirmişdir. O da bu barədə atasına demiş və atası həmin pulu ona vermişdir. O da 2022ci ilin avqust ayının əvvəllərində əvvəllər yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən parkda Məhərrəmlə görüşərək həmin pul məbləğini vermişdir. Bundan sonra Məhərrəmin söz verdiyi vaxt gəlib çatmış, lakin onu kimsə işlə əlaqədar çağırmamışdır. Bundan sonra onlar Məhərrəmlə əlaqə saxladıqda, o bir qədər də gözləmələrini və tez bir zamanda işin həll olunacağını bildirmişdir. Lakin onun yalan danışdığını görüb pullarını geri qaytarmasını bildirmişlər. Bundan sonra Məhərrəm onlardan qaçmağa başlamış və müxtəlif bəhanələr gətirməklə pulu geri qaytarmaqdan yayınmışdır. Bu səbəbdən də atası 20 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 XZM-ə məlumat verib ərizə ilə Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur, münasibətləri yaxşıdır. Mahir oğlu Zahiri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvəllərinə işə düzəlmək istəmiş və onun da bundan məlumatı olmuşdur. Mahirlə aralarında olan söhbət əsnasında o demişdir ki, Məhərrəm adlı tanışı var və sonuncu bu işi həll edə bilər. Təqsirləndirilən şəxs 1997-ci ildən tanıyır, belə ki, onlar birlikdə eyni hərbi hissədə qulluq etmişlər. Mahir onunla razılaşmış və 2022-ci ilin aprel ayının əvvəllərində o, Mahir və Məhərrəm Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində görüşüb bu barədə söhbət etmişlər. Söhbət zamanı Məhərrəm bildirmişdir ki, 4.000 (dörd min) manat müqabilində Zahiri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvəllərinə müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi işə qəbul etdirəcəkdir. Mahir razılaşmış və onlar oradan ayrılaraq getmişlər. Bir neçə müddət keçdikdən sonra Mahir ona bildirmişdir ki, Məhərrəm onu aldadaraq ümumilikdə 4.700 (dörd min yeddi yüz) manat məbləğində pul almış və hər hansı iş görməyərək həmin pulu ələ keçirib ona qarşı dələduzluq etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 24 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarın ləğv olunaraq cinayət işinin başlanılıb aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin 35-ci PB-də toplanmış 551/23 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsinə dair 02 mart 2023-cü il tarixli qərar ləğv olunmuş, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir; (i.v. 1) - 29 aprel 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Şahid2 və Təqsirləndirilən şəxs arasında kredit müqaviləsi bağlanmışdır; (i.v. 9) - 02 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlaması rədd edilmişdir; (i.v. 12) - 30 oktyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM 178.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilib istitaqı aparılmışdır; (i.v. 15) - 30 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v. 19- 20) - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; (i.v 37-38) - Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(051)-46/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir Şəhəri və Yevlax ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, eyni zamanda ödənilməmiş 1650 manat pul vəsaitinin zərərçəkmiş şəxs X2 ödənilməsi vəzifəsi qoyulmuşdur; (i.v 39-57) - 17 noyabr 2023-cü il tarixli məcburi gətirilmə barədə qərardan görünür ki; xx.xx.1960-cı il tarixdə Goranboy rayonu, Varvara-Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs məcburi qaydada təcili olaraq, Xətai RPİ-nin İstintaq Şöbəsinə gətirilməsi qərara alınmışdır; (i.v. 63) - 20 noyabr 2023-cü il tarixli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə xx.xx.1961-ci il tarixdə Goranboy rayonu, Varvara-Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvəllər məhkum olunmuş, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və barəsində axtarış elan edilməsi qərara alınmışdır; (i.v. 65) - 20 noyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq edilən ********* sayılı cinayət işi üzrə icraat dayandırılmışdır; (i.v. 67) - Axtarışda olan şəxsin tutulması barədə 30 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqrisli bilinən, barəsində 23.11. 2023-cü il tarixli 113985/23 sayılı Aİ olan, xx.xx.1961-ci ildə Goranboy rayonunda anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 08:00 radələrində yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Xətai RPİ-nin İŞ-nə təhfil verilmişdir; (i.v. 72) - 30 noyabr 2023-cü il tarixli cinayət işinin ibtidai istintaqının təzələnməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə olan ********* sayılı cinayət işinin ibtidai istintaqı təzələnmişdir; (i.v. 78) - 01 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CMin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; (i.v. 103-104) - 01 dekabr 2023-cü il tarixli vəsatətin müdafiəsindən imtina edilməsi haqqında qərardan görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi Mahir Hacıyevin 01 dekabr 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir; (i.v. 121-122) - 01 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, xx.xx.1961-ci il tarixdə Goranboy rayonu, Varvara-Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; (cild 1, i.v. 124-126) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin 26 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-46/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 2 2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum xx.xx.2022-ci il tarixdə cəzasının icrası ilə bağlı qeydiyyata alınmışdır. Bugünkü tarixə məhkuma təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının 01 il 04 ay 19 günü icra olunmuş, 01 il 07 ay 11 günü icra olunmamış qalmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin 15 may 2024-cü il tarixli məktubundan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-46/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 2 2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum xx.xx.2022-ci il tarixdə cəzasının icrası ilə bağlı qeydiyyata alınmışdır. Bugünkü tarixə məhkuma təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının 01 il 05 ay 08 günü icra olunmuş, 01 il 06 ay 22 günü icra olunmamış qalmışdır. - Mingəçevir şəhər Məhkəməsinin 29 may 2024-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 1(051)-46/2022 saylı hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 06 ay 08 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsinə əsasən 09 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə hazırki cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzaya baxmayaraq sonuncunun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Bundan əlavə, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üçün əsas müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 66.2-ci maddələrinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmçinin birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(051)-46/2022 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, müəyyən edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kimi hesablanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün müddət, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(051)- 46/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 il 05 ay 22 gün hissəsinin Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən bərabər tutulduğu 08 ay 26 gün azadlıqdan məhrum etmə müddəti kimi cəmi 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 29 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə zalında həbsə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və digər iş üzrə həbsdə olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan – 29 aprel 2022-ci il tarixli kredit müqaviləsi cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(051)-46/2022 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, müəyyən edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün müddət, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(051)- 46/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 il 05 ay 22 gün hissəsinin Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən bərabər tutulduğu 08 ay 26 gün azadlıqdan məhrum etmə müddəti kimi hesablanaraq cəmi 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın əvvəli xx.xx.2024-cü ildən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, digər iş üzrə həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan – 29 aprel 2022-ci il tarixli kredit müqaviləsi cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar