Məhkəmə qərarları › İş №1(011)-133/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-133/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-133/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Beyləqan rayonunun Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: 220110546 saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs oğlu özgənin əmlakını talama məqsədi ilə 09 oktyabr 2022-ci il tarixdə, saat 12 radələrində ünvan 1 ünvanında uduşlu «Lotereya» biletlərinin səyyar satışı ilə məşğul olan Zərərçəkmiş şəxs2 kənara çəkilməsini görüb stolun üzərində olan hər birinin qiyməti 1 manat olan, ümumilikdə 500 manat dəyərində 500 ədəd «İX» uduşlu lotereya biletlərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 15 oktyabr 2022-ci il tarixdə, saat 08:15 radələrində ünvan 2 ünvanında uduşlu «Lotereya» biletlərinin səyyar satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 kənara çəkilməsini görüb stolun üzərində olan hər birinin qiyməti 5 manat olan, ümumilikdə 700 manat dəyərində 140 ədəd «5X» uduşlu lotereya biletlərini gizli olaraq talayıb zərərçəkmiş şaxs Zərərçəkmiş şəxs1 700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidin ifadəsi, hadisə yerinin videogörüntüsü və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 09 oktyabr 2022-ci il tarixdə, günorta radələrində Xətai rayonu, M.Hadi küçəsi, 41 ünvanında yerləşən Əhmədli metrosunun yaxınlığında olan zamanı stolun üzərində lotereya biletlərinin satıldığını görmüş, orada heç kimin olmadığından istifadə edib lotereya biletlərini götürmüşdür.Bundan başqa 15 oktyabr 2022-ci il tarixdə, H.Aslanov metrosunun yaxınlığında olan zaman stolun üzərində lotereya biletlərinin satıldığını görmüş və gizlicə 5 manatlıq lotereya biletlərini götürmüşdür. Sonra biletləri pozduqda təxminən 170-180 manat pul udmuş, gedib biletləri təhvil verib pulunu almış və pulunu ehtiyaclarına xərləmişdir. Son sözündə təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, əlindəki lotereya biletlərini ünvan 3 ünvanının qarşısında reklam məqsədi ilə quraşdırılmış "xxxx" ASC-yə məxsus masanın üzərinə qoyub çay almaq üçün kənarda olan köşkə tərəf getmişdir. Köşkə tərəf getdikdə ona məxsus istifadə olunmamış lotereya biletləri həmin masanın üzərində olmuşdur. Köşkdən çay aldıqdan sonra təxminən 2 dəqiqəyə masanın yanına gəlmişdir. Gəldikdə masanın üzərində olan hər biri 5 manat dəyərində 140 ədəd “5X" lotereya biletinin masanın üzərində olmadığını görmüş və oğurlandığını başa düşmüşdür. Dərhal yaxınlıqdakı aptekin kamera görüntülərinə baxmış və lotereya biletlərini oğurlayan şəxsin kameraya düşdüyünü görmüşdür. Lotereya biletlərinin oğurlandığına tam əmin olduqdan sonra bu barədə polisə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 700 manat maddi ziyan dəymişdir. Daha sonra çıxışında ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs ilə barışmadığını bildirmiş və cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 09 oktyabr 2022-ci il tarixdə əlindəki lotereya biletlərini ünvan 4 ünvanında yerləşən “Araz” marketin qarşısında reklam məqsədi ilə quraşdırılmış "xxxx" ASC-yə məxsus masanın üzərinə qoyub yaxınlıqdakı dükançı ilə söhbət etməyə getmişdir. Bir neçə dəqiqə sonra masanın yanına qayıtdıqda masanın üzərində olan “10X” lotereya biclinin masanın üzərində olmadığını görmüş və oğurlandığını başa düşmüş, dərhal yaxınlıqdakı obyektin kamera görüntülərinə baxmış və lotereya biletlərini oğurlayan şəxsin kameraya düşdüyünü görmüşdür. Lotereya biletlərinin oğurlandığına tam əmin olduqdan sonra bu barədə polisə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxsus lotereya bileti Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Daha sonra çıxışında ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs ilə barışmadığını bildirmiş və cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin səmimi etirafı və zərərçəkmiş şəxslərin izahatını nəzərə alınaraq məhkəmə iclas zalında şahid Bakı şəhəri Xətai RPİ-nin 34-cı Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. Cinayət işinə əlavə olunmuş videogörüntüyə baxış keçirilməsi haqqında 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 1 ədəd «CD» diskində olan videogörüntüyə baxış keçirilən zaman 15 oktyabr 2022-ci il tarixdə, saat 08:15-də Təqsirləndirilən şəxs ünvan 5 ünvanda olan stola yaxınlaşaraq bir bağlama uduşlu lotereya biletlərini götürüb arxa tərəfdən kəmərinə keçirib oradan uzaqlaşdığı müəyyən edilmişdir. İş materiallarında olan videogörüntüyə baxış keçirilməsi haqqında 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 1 ədəd «CD» diskində olan videogörüntüyə baxış keçirilən zaman 09 oktyabr 2022-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs ünvan 6 ünvanda olan stola yaxınlaşaraq bir müddət orada gəzib və stolun üzərindən nəsə götürüb getdiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 2 ədəd «CD» disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 03 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 03 ay 22 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs ilə barışmadıqlarını bildirmiş və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin resedivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, zərərçəkmiş şəxslərin şikayətçi olmasını nəzərə alır və belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 1(001)-751/2022 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu 22 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış oğurluq hadisələrini əks etdirən 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 1(001)-751/2022 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar