Məhkəmə qərarları › İş №1(011)-137/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-137/2023

03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-137/2023 03.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Qubadlı rayonu, Zilanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənməmiş, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsinin yaxınlığında istintaqla müəyyən edilməmiş şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq 01 ədəd qutunun içərisində 02 ədəd bükümdə kimyəvi komponentlərinə görə eynilik təşkil edən 0,157 və 0,445 qram narkotik vasitə heroin və 0,058 qram psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 01 noyabr 2022-ci il tarixdə 16:30-da Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 1 ünvanının yaxınlığında saxlanılıb, ünvan 2 yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi-axtarış və götürmə zaman, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qutunun içərisində ümumi təmiz çəkisi 0,602 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 0,058 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür Bununla da Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Qubadlı rayonu, Zilanlı kəndində qeydiyyatda olsa da, ünvan 1 ünvanında yaşayır. Evlidir, ayrı yaşasa da, rəsmi boşanmamışdır və himayəsində bir azyaşlı övladı var. İşləmir. Tutulduğu gün evdə yatılı vəziyyətdə olmuşdur və üstündə heç bir narkotik vasitəsi olmamışdır. Evdə tutulanda tək özü olmuşdur, Aysel adlı xanım tanışı həmin gecə onlarda qalmışdı. Lakin səhər polislər gəlmədən həmin xanım gedib, qapını da açıq qoymuşdur. Bildirdiyinə görə onu polislər saat 11-ə işləmiş tutub aparıblar, hadisəni qonşular görüb. Evə polislər basqın ediblər. Səhər saat 11 radələrində artıq 37-ci Polis bölməsində olmuşdur. Bir gün sonra məhkəməyə gətiriblər və barəsində “həbs” qətimkan tədbiri seçilib. Həmin vaxtı məhkum olmuş, AR CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşması növündə cəza çəkmiş, ayağında elektron nəzarət vasitəsi olmuşdur. Narkoloji dispanserə aparılmışam, qanı yoxlanılıb, analiz təmiz çıxıb. Uzun müddətdir, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb ediləndən narkotik istifadə etmir. Ayağında elektron qolbağ ola-ola tutma protokolunda onun saat 16:30-da tutulduğu yazılır, lakin Probasiya İdarəsinə sorğu verilsə, anten məlumatlarından sübut olunar ki, həmin günün səhər saatlarından bölmədə olmuşdur. Onu yatdığı yerdən 5 nəfər İdarənin polis əməkdaşları tutub, bölmə əməkdaşları onu tutmayıb, sonra bölməyə aparıb təhvil veriblər. Bölmədə ona narkotik verib, çəkilişdə onu çıxardıb boynuna almağını istəyiblər, əks halda 234.4.3-cü maddə ilə rəsmiləşdirəcəklərini bildiriblər. Ona təzyiq göstəriblər, qorxudublar. Daha sonra guya üzərinə baxış keçirilməsini və özünün könüllü olaraq narkotik vasitə olan bükülünü təqdim etməsini təşkil edərək bunu videogörüntüyə almışlar. Bölmədə çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilərkən heç üzərində olan izləmə qurğusunun da olması əks olunmur. Mən etiraz edəndə çəkilişi ortadan saxladılar, məni rəisin otağına apardılar, döydülər. Mən Rəhimə bildirdim ki, içki içmişəm, lakin narkotik istifadə etmirəm. Buna görə də məhkəmədən ona bəraət verilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru vəzifəsində işləyir və polis baş leytenantıdır. İstintaq vaxtı verdiyi ifadəni təsdiq edir. Uzun müddət keçdiyinə görə bəzi şeyləri xatırlamır. Zamin adlı şəxsi Polis Şöbəsinə dəvət etmişlər və X12 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik bəndəyə bənzər maddə aşkar edilmişdir, ekspertizadan sonra maddənin narkotik olduğu müəyyən edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zaminin tutulması təxminən yanvar ayında olub, dəqiq xatırlamır, şəxsi tutanda nahar fasiləsindən sonra idi, axşam vaxtları idi. Elektron qolbaq ayağında var idi ya yox onu xatırlamır. Şahid2 məhkəmə iclasında təkrarən ifadə verərkən verilən sualları cavablandıraraq bildirmişdir ki, Probasiya Xidmətinin məlumatına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarrixdə saat 16:30-dan əvvəl də Xətai RPİ-nin 37-ci PŞ-nin yerləşdiyi ərazidə olmasını sonuncunun ola bilsin tutulmuş hansısa yaxın dostunun dalınca gəlməsi kimi izah edə bilər. Verilmiş sualları cavablandırarkən Şahid2, Təqsirləndirilən şəxs tutma protokolundan fərqli olaraq Probasiya Xidmətinin məlumatına görə saat 16:30-da ünvan 4 ünvanında deyil həmin vaxt Xətai RPİ-nin 37-ci PŞ-də olmasına şahid heç bir izah verə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 iş üzrə digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq edərək bildirmişdir ki, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. Dəqiq xatırlamasa da, təxmini noyabr aylarında Təqsirləndirilən şəxs OPD qəsəbəsində yaşadığı evin yanında şüphəli şəxs kimi saxlamışlar. Saxlayanda sonra Təqsirləndirilən şəxs 37-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçıya təhvil vermişdlər. Şöbədə olan zaman hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən qəhvəyi rəngli qutunun içərisində bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, nahardan sonra idi, saat 4-5 olardı,nahar etdikdən sonra saxlamışıq. Verilmiş sualları cavablandırarkən şahid Probasiya Xidmətinin məlumatına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarrixdə saat 16:30-dan əvvəl də Xətai RPİ-nin 37-ci PŞ-nin yerləşdiyi ərazidə olmasını sonuncunun ola bilsin səhər bölmədə kiminsə yanına gəlib, bəlkə dostu tutulub, onun yanına gəlib kimi izah etmiş. Lakin tutulma protokolunda saat 16:30-da ünvan 4 ünvanın yaxınlığında tutulması qeyd olunsa da bunun əksinə olaraq Probasiya Xidmətinin tərəfindən təqsirləndirilən şəxsin həmin vaxt Xətai RPİ-nin 37-ci PŞ-də olmasına şahid heç bir izah verə bilməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X10 bildirmişdir ki, təqsirləndirilən şəsx onun oğludur. Bir neçə gün idi ki, Zaminin evində qonağı bir xanım var idi. Mən bu məsələyə irad bildirdim və qızdan evimdən getməsini istədim. Qız mənə yalvardı ki, anam məni çölə atıb 1 həftə ona vaxt verim. Lakin 1 həftə keçəndən sonra qız çıxıb getmədiyinə görə o, polisə bu barədə şikayət etmişdir. Polis evə gələn günü Zamin evdə yatmışdır. Həmən xanım isə qapını açıq qoyub getmişdir. Polislər oğlunu evdən saat 10-11 radələrində aparıblar. Bu barədə qonşular ona məlumat vermişdir. Qonşular deyəndən sonra açıb qardaşı gilin kamera görüntüsünə baxmışlar ki, polislər evdən oğlu Zamini çıxardır. Cahid yəni qardaşının oğlu ona kameraya baxmağa köməklik etmişdir. Kamera görüntülərini saxlamayıblar. Həmin qız isə onun əşyalarını da götürüb evi tərk etmişdir. Əli adlı tanıdığı polisə özü məlumat vermişdir. Əli həm qonşuları həm də yerliləridir. Əlini öz nömrəsi ilə yığmışdır. Zamin tutulmamışdan bir gün əvvəl zəng vurmuşdur. Həmin qız oğlunun qonağı idi, oğlundan əl çəkmirdi deyə polisə şikayət etmişdir. Qorxmuşdur ki, qız oğlunu təkrar narkotik istifadə etməyə sövq edər. Səhər saat 10-11 arası olarmış, o mağazaya çörək pendir almağa getmişdir həmin zaman gəlib Zamini tutub aparıblar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Zamin onun bacısı oğludur. Evləri bir həyətdədir. Həyətdə sexi var, həmin günü orda işləyirmiş. Səhər saatlarında görüb ki, mülki geyimdə şəxslər Zamini aparırlar. Bilib ki, polis əməkdaşlarıdır yaxınlaşmadyıb. Həyətdəki piləkəndən qandallayıb düşürdəndə görüb. Birindən soruşub ki, siz kimsiz deyib polis əməkdaşıyıq. 2-3 nəfər polis görüb. Zamiq ona müraciət edərək “dayı gör neyləyirsən, mənə kömək elə” desə də o, Zaminə əhəmiyyət verməmişdir. Çünki istəyirmiş elə tutsunlar onu, şəxsi məsələyə görə yəni ailələrin yaşadığı həyətdə yerləşən evə bir neçə gündür qız gətirib onunla qaldığı üçün Zaminlə dalaşıblarmış. Zamini tutub apararkən saat 11-12 olarmış, çox olmazmış. Polis əməkdaşı Əlini tanıdığını, hətda dostluq münasibətlərinin olduğunu bildirmişdir. Zaminin aparılmağının videoçəkilişini bacısına 3-cü sinifdə oxuyan oğlu var, o göstərib. Kamera çəkdiyini təxminən 16 gün yaddaşda saxlayır, videonu saxlamayıb, oğurluq olmayıb ki, videonu saxlasın. Məhkəmə iclasında qanuni nümayəndəsinin və mütəxəssis (müəllimə) X3 iştirakı ilə əlavə şahid qismində dindirilmiş azyaşlı X1 cavablandırarkən bildirmişdir ki, 10 yaşı var, komputer və telefonda istifadə edə bilir. Müşahidə kamerasının avadanlığından başım çıxır. Köhnə videoçəkilişlərə baxa bilir. Zamin onun bibisi oğludur. Zamin tutulanda onların kamerasına düşüb, özü də baxıb, bibisinə də göstərib. İçəridən həyətdən apardılar. Aparanda onların darvazasının qabağından keçib gediblər. Bilmir Zamin çölə çıxdı ya onlar içəri girdilər. Videoda görüb ki, bir maşın gəldi içində 3-4 nəfər, Zamin getmək istəmirdi onu zornan basdılar maşına. Apardıqlarını videoda görüb, canlı görməyib. Video uzaqdan çəkir adamların üzü yaxşı bilinmir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayorudur. Əvvəlki cinayət işi olanda Zamini onun özü tutubmuş. Hazırkı iş üzrə tutulmada iştirak etməyib. Zamini uşaq vaxtlarından tanıyır. Ailəsi ilə yaxınlıqları var. Bibisi yəni Zaminin anası ona zəng edib deyib ki, Zamin bir qızla evdə qalır və şikayət edib ki, evdə narkotik vasitə qəbul edirlər. Zəng olundu, o, özümə borc bilib ki, rəhbərliyə məlumat versin. Çünki o, polis əməkdaşıdır və məruzə etmək onun vəzifə borcudur. Rəhbərliyə məlumatı deyəndən sonra, əməlliyatı keçirmək kimə tapşırılıb bilmir. Tarix yadında deyil. Həmin günü o küçədə başqa əməliyyatda iştirak edib deyə Zamin tutulanda onu görə bilərdi. Daha sonra Zaminin anası oğlunun harada olması və ona yemək aparmaq istəməsi barədə ona zəng edib. Bir daha vurğulamışdır ki, o, sadəcə vəzifə borcunu yerinə yetirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, ibtidai istintaq dövründə təqsirləndirilən çəxsin müdafiəçisi olmuşdur. Yadında qalan odur ki, Xətai rayon Polis İdarəsində imiş, ona 37-ci Polis Şöbəsindən zəng gəldi ki, onu vəkil kimi təyin ediblər. Saat 6 radələrində şöbəyə gedib Zamini orada görüb. Soruşub niyə gətiriblər, cavab alıb ki, narkotikə görə. Bütün şüphəli şəxslərə bu sualı verdiyi üçün, Zamindən də soruşub ki, onu bölməyə gətirəndə fiziki zor tətbiq edilib ya yox. Zamin deyib ona heç bir təsir göstərilməyib. Zamin sadəcə xahiş edib ki, qardaşına zəng etsin. Qardaşı isə onu birdə narahat etməməyini xahiş edib. Sonra çəkiliş başlayıb. Cavan bir təhqiqatçı Zaminə hüquq və vəzifələrini izah etmiş sonra təklif olunub ki, üzərində nə var çıxartsın. Zamin cibindən büküm çıxartmış və demişdir ki, satmıram, satan deyləm, heç vaxt satış ilə məşğul olmamışam, amma istifadə edirəm. Nə olduğunu soruşanda, deyib ki, heroindir. Tərəzi ilə həmin büküm çəkilmişdir. Şöbəyə saat 11-də gətirilməsi barədə Zamin ona heç nə deməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Tutma haqqında” 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20); “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 01 noyabr 2022ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşları təhqiqatçı polis leytenantı X8, əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, sahə inspektoru polis baş leytenantı Şahid2, inspektor kriminalis polis leytenantı X11 və müdafiəçi 13 saylı Vəkil Bürosunun vəkili Şahid3 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin inzibati binasında, xidməti otaqda şəxsi axtarış və götürmə aparmışdır. X12 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd plasmas qutunun içərisində 03 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs 03 ədəd bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin 03 ədəd bükümün bəzisində narkotik vasitə heroin və digərində isə psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsinin yaxınlığında şəxsiyyəti haqqında heç bir məlumatı olmadığı, üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul verib aldığını bildirmişdir. Ardınca içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan 03 ədəd bükümlər elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə içərisində narkotik vasitə heroin olan 02 ədəd bükümlər ayrı-ayrılıqda çəkiləri 0.92 və 0.32 qram, içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd bükümün çəkisi 0.20 qram görünmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bununla da şəxsi axtarış və götürmə başa çatmış və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamışdır. Şəxsi axtarış və götürmə otaq şəraitində, süni işıqlanmada aparılmışdır. Şəxsi axtarış və götürmə saat 17:50-də başlanmış, saat 18:25-də başa çatmışdır (i.v. 31-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6359 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş “.....təhqiatçı: Nurəliyev imza” yazılan ağ rəngli zərfdə 01 ədəd şəffaf palstik qabda 02 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,157 qram və 0,445 qram olmaqla, ümumi çəkisi 0,602 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,058 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. ( İ.v: 43-44); Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və xx.xx.2022-ci il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (İ.v: 54-55, 78-82). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, 21-1/3-6700 saylı məktubundan və ona əlavə edilmiş məhkumun coğrafi yerdəyişməsuinə dair “Attenti” elektron monitorinq sistemindən çıxarışdan görünür ki, Xətai Rayon Məhkəməsinin 08.06.202-ci il tarixli, 1(011)-304/2022 saylı hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saart 09:00-dan 11:48-dək yayayış yerində, saat 11:52-dən sonra isə Xətai RPİ-nin 37-ci Polis Şöbəsində olmuşdur (müşahidə xx.xx.2022-ci il saat 09:00-dan 21:00-a kimi olan müddəti əhatə etmişdir). Məhkəmə araşdırmasının gedişində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə olunmuş bir ədəd CD-də olan aparılmış danışıqların statistik açıqlamaları təqsirləndirilən şəxsin anası Azadəliyeva Suqraya məxsus ********** saylı telefon nömrəsi ilə polis əməkdaşı Şahid4 məxsus ********** saylı telefon nömrəsi arasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə danışıqların olması faktını bir daha təsdiq edir. “Maddi sübut kimi tanınması haqqında” 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisiləri 0,602 qram narkotik vasitə heroin və 0,058 qram psixotrop maddə metamfitamin maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalıq qalmış 0,422 qram heroin və 0,028 qram metamfitamin Xətai RPİ-nin saxlanc anbarına verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 09 yanvar 2023-cü il tarixli tələbnamədən və Xətai Rayon Məhkəməsinin xx.xx.20222-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 1 (bir) il 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X4 haqqında 19 noyabr 2022-ci il tarixli, 6996 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Sübutların qiymətləndirilməsi haqqında” 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Nərimanov RPİ-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış video görüntülərin əks olunduğu 1 ədəd CD disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə olunmuş aparılmış danışıqların statistik açıqlamaları olan bir ədəd CD disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir-biri ilə müqayisəli şəkildə, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyinin qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməməsi qənaətinə gəlir və hesab edir ki, narkotik vasitənin onun üzərindən çıxmasını təsdiq edən sübutlar kifayət etmir və ona həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. Məhkəmə ilk olaraq təqsirləndirilən şəxsin ifadəsinə qiymət vermək qərarına gəlir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, təqsirləndirilən şəxs səmimidir, ifadəsi inandırıcıdır, istintaq orqanının topladığı sübutlarla onun ifadəsinin həqiqi olması da öz təsdiqini tapır. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində onun xx.xx.2022ci il tarixdə təxminən saat 11-də tutulduqan sonra, axşam saat 18 radələrində şəxsi axtarış keçirilərkən onun üzərindən guya narkotik vasitə aşkar edilməsi, içərisində narkotik maddə olan bükülünün ona polis əməkdaşları tərəfindən verildiyi, ümumiyyətlə onun üzərində narkotik maddə olmadığı. Həmçinin ailə üzvləri ilə aralarında olan gərgin münasibətlərin nəticəsi olaraq anasının xahişi ilə polis əməkdaşları yaşadığı evə gəlib orada onunla qalan Aysel adlı xanımı tutmaq üçün gəlməsi, lakin onun polis şöbəsinə apararaq guya üzərindən narkotik vasitə aşkar edilməsi barədə protokol tərtib etmələri və bunu videogörüntü ilə rəsmiləşdirmələri barədə ifadəsinin həqiqət olmasına dəlalət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Belə ki, məhz şəxsin üzərindən cinayət təqibi üzrə hər hansı bir sübut əhəmiyyətli əşyanın çıxmasını təsdiq edən ilkin mötəbər sübut, şəxsin tutulması, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətləri ilə əldə edilən sübutlardır. Şəxsin tutulması və şəxsi axtarış və götürmə qanunla nəzərdə tutulmuş qaydada aparıldıqda və bu zaman şəxsin üzərindən çıxan əşyanın həqiqətən də onun üzərindən çıxmasını təsdiq edən, bu faktı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sənədlər həmin faktın təsdiqi zamanı şəxsə qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edə bilər. Yəni qanunu kobud surətdə pozmaqla, qanunda nəzərdə tutulmayan formada və qaydada keçirilmiş istintaq hərəkətləri nəticəsində əldə edilmiş sübutlar şəxsə qarşı ittihamın qanuni əsasını təşkil edə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 28-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPMnin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tədqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, baxışda iştirak etmiş polis şöbəsinin əməkdaşlarının ifadələri isə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı təsdiq edən yeganə şahid ifadəsi olan sübutlar kimi çıxış edə bilməz. Çünki şöbənin əməkdaşlarının ifadələri digər sübutlarla birlikdə sübuti əhəmiyyətə malikdir. Şöbənin əməkdaşlarının ifadələri isə Təqsirləndirilən şəxs qarşı ittihamı təsdiq etməkdə maraqlı ifadələrdir. Onlar iş üzrə maraqlı şahidlərdir. Çünki ən azından həmin əməkdaşların təqsirləndirilən şəxsə qarşı öz şübhələrinin təsdiqi üçün, öz hərəkətlərinə haqq qazandırmaq üçün verdikləri ifadələrdir. Bundan əlavə şahidlərin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması, ifadədə baş vermiş hadisələrin gedişatının, inkişafının həqiqiliyi və məntiqi ardıcıllığının bütün sübutların məcmusu əsasında müəyyən edilən həqiqətə uyğunluğu, ifadənin digər sübutlarla təsdiq və ya təkzib edilib-edilmədiyi araşdırılmaqla, ən nəhayət bu şahidlərin ifadəsinə etibar etməyin mümkünlüyünə qiymət verilməlidir. Həmçinin məhkəmə iş üzrə məhkəmə-kimyəvi ekspertizasının rəyinə də qiymət verərək hesab edir ki, həmin rəy qanunla nəzərdə tutulmuş qaydada rəydə göstərilən maddənin hansı şəxsin üzərindən çıxması təsdiq edilirsə, həmin şəxsə münasibətdə sübuti əhəmiyyətə malikdir. İş üzrə narkotik vasitənin Təqsirləndirilən şəxs üzərindən çıxması kifayət qədər sübuta yetirilmir. Ona görə də həmin rəy verilmiş bu cür ittihamın əsasını təşkil edə bilməz. İbtidai araşdırma orqanının Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab olunmasına dair topladığı sübutlara dair məhkəmə qeyd edir ki, CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; Həmin Məcəllənin 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni qanunun göstərilən tələbləri pozulmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə toplanmış yuxarıda qeyd edilən, tutulma eləcə də şəxsi axtarış və götürmə keçirilməsinə dair xx.xx.2022-ci il tarixli protokollar, həmçinin baxışda iştirak etmiş marağı olan bölmənin əməkdaşlarının ifadələri Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlar kimi qəbul edilə bilmir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Beləliklə şəxsin təqsiri qanunda nəzərdə tutulmuş qaydada sübut edilməlidir. Bu isə onu göstərir ki, sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməlidir. Qanunu pozmaqla əldə edilmiş sübutlar şəxsə qarşı ittihamın əsasını təşkil edə bilməz. Bu cür sübutlarla şəxs təqsirli hesab edilə bilməz. Göründüyü kimi təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsi ilə barəsində olan ittihamın sübuta yetirilməsində kifayət qədər mübahisəli və ziddiyyətli məqamlar, qanunun tələblərini pozmaqla əldə edilmiş sübutlar mövcuddur. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. CPM-nin 28-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsi ilə hakimlərdən cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-nin müddəalarına əsasən qiymətləndirməyi tələb edir. CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olması sübuta yetirilmir. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda; CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamış, toplanmış sübutlar isə onun təqsirsizliyini təsdiq edir (CPM-in 42.2.4-cü maddəsi). Bununla da, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, həmin ittiham üzrə toplanmış və məhkəmə istintaqında araşdırılmış sübutlar, ümumiyyətlə göstərilən maddədə nəzərdə tutulan cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirsizliyini birbaşa təsdiq etdiyindən, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetməməsi əsası ilə bəraət verilməli və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilməlidir. Məhkəmə, CPM-in 507.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir və o məhkəmə iclas zalından dərhal azad olunmalıdır. CPM-in 132.1 və 132.1.4-cü maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyaların müvafiq təşkilatlara verilməsini, onların dəyəri olmadıqda isə məhv edilməsini həll etməlidir. 22 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə olan heroinin aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi çəkisi 0,602 qram olan heroin və 0,058 qram olan psixotrop maddə metamfitamin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilməsi faktı müəyyən olunmamış qalır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, lakin qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, iş üzrə maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,422 qram olan heroin və 0,028 qram olan psixotrop maddə metamfitamin araşdırma sona çatanadək Xətai RPİ-nin saxlancında saxlanılmalıdır. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. Məhkəmə, habelə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci - keçirilmiş ekspertizanın dəyərini təşkil edən 88 (səksən səkkiz) manat dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 39.2, 42.1.4, 42.2.4, 61, 62, 346-347, 349, 351- 353 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, lakin qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, iş üzrə maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,422 qram olan heroin və 0,028 qram olan psixotrop maddə metamfitamin araşdırma sona çatanadək Xətai RPİ-nin saxlancında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk və "xxxx" MMC-dən əldə olunmuş aparılmış danışıqların statistik açıqlamaları olan bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar