Məhkəmə qərarları › İş №1(011)-139/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-139/2023

27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-139/2023 27.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri, Nərimanabad kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını talama məqsədilə 25 iyul 2022-ci il tarixdə təxminən saat 21 radələrində "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən “X2 adına Toxucu tikiş sənaye kombinatı”nın həyətində olan saxlanc yeri hesab edilən anbarın qapısının kilidini sındırıb qapını açmaq yolu ilə anbara qanunsuz daxil olub, oradan 01 ədədi 70 manat olmaqla, ümumi dəyəri 5040 manat təşkil edən 72 ədəd, uzunluğu 80 sm, eni 50 sm, qalınlığı 6 mm olan paslanmaz metal (nejavika) çanağını (moykanı) gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 5040 (beş min qırx) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Xətai rayonu ərazisində dəmir alıb satmaqla çörək pulu qazanmışdır. Vəziyyəti acınacaqlı olmuşdur. Lənkəran Rayon Məhkəməsinin qərarına əsasən aliment ödəməlidir. İmkanı olmadığı üçün onun aliment borcu yaranmışdır. Uşağına alıiment öıdəmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də 2022-ci ilin iyul ayının 25-də saat 21 radələrində əvvəllər tandığı H.Z.Tağıyev adına olan kombinatın ərazisinə daxil olmuş və orada gördüyü qutuların içərisinə baxıb dəmirdən olan qab yumaq üçün mətbəx ləvazimatı kimi istifadə edilən əşyanı görmüşdür. Həmin əşyaları satıb pul qazanaraq alimenti ödəmək istəmişdir. Ona görə də həmin əşyaları kombinatın içərisindən götürüb həyətə yığmışdır. O, həyətə 6 qutu yığmış, həmin qutuların hər birisinin içərisində 12 ədəd moyka olduğunu görmüşdür. Sonra tanışı Şahid3 zəng edib özünə məxsus əşyalar olduğunu demişdir. Cabit də onun dediyi yerə gəlib həmin əşyaları özünə məxsus avtomobilə yığmış və birlikdə Ağ şəhər ərazisində sahibsiz evə yığmışlar. Sonra Cabitə demişdir ki, həmin əşyaları satmaqda ona kömək etsin. Cabit də həmin günün səhəri tanımadığı bir şəxsə 570 manata satmışdır, həmin puldan 450 manat ona 120 manat isə Cabitə çatmışdır. Qalan 02 qutuda olan moykaları da tanımadığı şəxsə 280 manata satmışdır. Moykaları satan zaman özünə məxsus olduğunu, işlədiyi yerdə ona əmək haqqının qarşılığında verildiyini, buna görə də satdığını bildirmişdir. Həmin şəxs moykaların oğurluq olduğunu bilməmişdir. Beləliklə o, əməlindən səmimi peşman olduğunu, habelə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışdığını, onlara vurulmuş ziyanı qismən ödədiyini, himayəsində azyaşlı övladının olduğunu bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs bildirmişdir ki, rəsmi olaraq "xxxx" MMC-nin müdiri vəzifəsində işləyir. Həmin MMC-nin fəaliyyəti əl üz yuyulmaq üçün istifadə olunan məişət əşyasının (moyka) istehsalı ilə bağlı olmuş, o, həmin istehsalın həyata keçirilməsinə nəzarət etmişdir. Onun həm ofisi, həm də istehsal yeri ünvan 2 ünvanında olan Tağıyev adına Toxuculuq Fabrikinin ərazisində yerləşmişdir. Həmin yer böyük anbar şəklindədir, kənarları bağlıdır, qapısı isə qıfılla bağlı olmuşdur. O, istehsal etdikləri moykaları həmin anbara yığıb bir müddət sonra satışını həyata keçirməli idi, həmin məişət əşyasının ərsəyə gəlməsini o, həyata keçirmiş və həmin əşyaların xam malı Türkiyədən gəlmiş, xam malın gəlişi və burada istehsalı ilə birlikdə həmin məişət əşyası təxminən 70 manat qiymətə başa gəlmişdir. Bazara çıxmaq üçün müəyyən sayda moykanın olmasını nəzərdə tutmuşlar deyə istehsal olunduqca həmin əşyalar qeyd etdiyi anbara yığılmış, sonra isə satışı nəzərdə tutulmuşdur. 2022-ci ilin avqust ayının 13-də aşkar etmişdir ki, ona məxsus şirkətin istehsal etdiyi moykalar yerində yoxdur. Həmçinin o, həmin moykaları sayan zaman orada 6 qutu moykanın yerində olmadığını görmüşdür. Moykaların qoyulduğu qutuların içərisində 12 ədəd bir-birinin içərisinə yerləşdirilmiş moyka olmuşdur. Həmçinin moykaların yerləşdiyi anbarın da qıfılının sındığını aşkar etmişdir. Ona görə də başa düşmüşdür ki, naməlum şəxs və ya şəxslər anbardan oğurluq etmişlər. Həmin vaxt şəxsi işləri ilə əlaqədar olaraq bu barədə polisə məlumat verməsə də, xx.xx.2022-ci il tarixdə ərizə ilə Xətai RPİ-nin 36-cı PBnə ərizə ilə müraciət etmişdir. İstehsal etdikləri moykalar qutulara sifarişə uyğun olaraq 12 ədəd olmaqla yerləşdirilmişlər. Həmin hadisə nəticəsində onlara 5040 manat maddi ziyan dəymişdir. Həmçinin o, ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş ziyanın qismən ödənildiyini, təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanımış və onlar həmkəndli olmuşlar. Münasibətləri həmişə yaxşı olmuşdur. O, özünü dolandırmaq üçün taksi kimi fəaliyyət göstərmişdir. Bunu Taleh də bilmişdir. 2022-ci ilin iyul ayının 25-də 22 radələrində Taleh ona zəng edib satmaq üçün əşyaları olduğunu, həmin əşyaları Kombinat deyilən yerdən götürüb onun dediyi yerə aparmağını xahiş etmişdir. O da razılaşmış və avtomobillə gedib Talehin dediyi əşyaları kombinatdan Talehlə götürüb Ağ şəhər deyilən ərazidə sahibsiz evə qoymuşdur. Taleh ondan moykaları satmağı xahiş etmişdir. 26 iyul 2022-ci il tarixdə 8-ci kilometr bazarında əşyaları satmaq üçün müştəri tapmışdır. Mağazada tanımadığı şəxs onun telefon nömrəsini götürmüşdür. Sonra ona Elsəvər adlı şəxs zəng edib onlarda moyka olduğunu soruşmuşdur. O da Elsəvərə moykaların Ağ şəhərdə olduğunu deyib əşyaları qoyduqları evin yanına dəvət etmişdir. Həmin şəxs əşyaların 600 manat olduğunu lakin oradan 30 manat taksi pulu çıxacağını bildirmişdir. O da razılaşıb Elsəvərdən 570 manat pul almışdır. Sonra həmin pulun 120 manatını zəhmət haqqı kimi götürmüş, qalan 450 manatın isə 320 manatını Talehin əvəzindən sonuncunun aliment puluna ödəmiş, qalan hissəsini isə Talehə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarında santexnika mağazası işlədir. 2022-ci ilin iyul ayının axırlarında bir nəfər ona yaxınlaşıb mağazasının olduğunu, həmin mağazanı bağladığını, ona görə də dükandakı moykaları ucuz qiymətə satdığını bildirmişdir. O razılaşmış və telefon nömrəsini götürüb əlaqə saxlayacağını bildirmişdir. Sonra isə tanışı Elsəvərə həmin şəxslə əlaqə saxlamasını və sonuncuda olan moykaları götürməsini xahiş etmişdir. Elsəvər 8-ci km bazarında taksi fəaliyyəti ilə məşğul olmuşdur. Elsəvər onun verdiyi nömrə ilə əlaqə saxlamış və sonradan adı ona məlum olan Cabit adlı şəxsdən 4 ədəd qutuda cəmi 48 ədəd moykanı Ağ şəhər deyilən yerdən götürüb ona təqdim etmişdir. Sonradan həmin moykaları müştəri olduqca satmışdır. O, qeyd edilən moykaları birini 35 manatdan satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarı deyilən yerdə taksi fəaliyyəti göstərmişdir. 2022-ci ilin iyul ayının axırlarında tanışı Mehman ona bir neçə moyka olduğunu, moykaları Cabit adlı şəxsdən götürməsini xahiş etmişdir. O, da Mehmanın istəyinə uyğun olaraq Cabitin verdiyi nömrə ilə əlaqə saxlamış və 4 qutu içərisində 48 ədəd moykanı Ağ şəhər deyilən yerdən Cabitdən götürüb Mehmana təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin moykaları Cabitin tanışı oğurlamışdır, lakin həmin əşyaların oğurluq olması barədə onun heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, H.Z.Tağıyev adına kombinatın ərazisində yerləşən anbara baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 11-12); təqdim etmə və götürmə aparılması haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirildikdən sonra izahat verərək oğurladığı mallardan 03 ədədini H.Z.Tağıyev adına kombinatın ərazisinə daxil olmayan, arxa tərəfində, Oksigen küçəsində yerləşən ağaclıqda gizlətdiyini bildirmiş, həmin yerə baxış keçirilərək 03 ədəd oğurlanmış əşya iş üzrə sübut əhəmiyyətinə malik olduğundan həmin yerdən götürülmüşdür. Götürmə zamanı fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 18-20); şübhəli şəxsin tutulması haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 32-33); "xxxx" MMC tərəfindən verilmiş 09 avqust 2022-ci il tarixli arayışdan görünür ki, müəssisənin istehsal etdiyi 50x80 sm ölçüdə əlüzyuyanın (moykanın) bir ədədinin maya dəyəri 70.13 manat təşkil edir (i.v. 67); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş şəxs qismində və Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır (i.v. 69-70); cinayət əməlinin tövsif edilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə tövsif edilmişdir (i.v. 76); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 80-81); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad olunmuşdur (i.v. 94-95); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 96-98); əşyanın tanınmaya təqdim edilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs "xxxx" MMC-yə məxsus 03 ədəd moykanı rəngindən, markasından, ölçüsündən və işlənmə dərəcəsindən tanımışdır (i.v. 105); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq gəlirindən 20% məbləğində tutulma aparılmaqla 10 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya haqqında qərarının 1.5-ci bəndinə əsasən azad edilmişdir (i.v. 118); təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 05 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun tutularaq Xətai RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v. 124-125); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7136 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və fotocədvəldə göstərilən 01 ədəd 1-li istifadə edilməmiş, uzunluğu 80 sm, eni 50 sm, qalınlığı 6 mm olan paslanmaz metal (nejavika) çanağının (moyka) orta bazar qiyməti təxminən 70.0 manat müəyyən olunur (i.v. 131-133); özünü könüllü olaraq istintaqa təqdim etmə haqqında 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü Xətai RPİ-nin İŞ-nə gələrək axtarıldığından xəbəri olmadığını və mobil telefon işlətmədiyini bildirmişdir (i.v. 138); ifadənin yerində yoxlanılması haqqında 26 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 140-142); sübutların qiymətləndirilməsi haqqında 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmış, xx.xx.2022-ci il tarixli 9/7136 saylı rəyi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş, "xxxx" MMC-yə məxsus 03 ədəd moyka maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmış, Şahid3 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində aparılan cinayət təqibinə xitam verilmişdir (i.v. 144-152); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur (i.v. 154-155); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş ziyanın qismən, yəni 500 manatının ödənildiyini bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü övladı X1 vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli 01 nömrəli Qərarının 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 21-ci bəndində qeyd edilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Həmin Qərarın 22-ci bəndində qeyd edilmişdir ki, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək şübhəli qismində tutulduğu 02 (ki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd moykanın sahibinə geri qaytarılması nəzərə alınmalı, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 03 ədəd moykanın sahibinə geri qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar