Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-140/2024 30.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X10 və etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi, xüsusi ittiham qaydasında şikayət verən X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, xüsusi ittiham qaydasında X1 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında barəsində şikayət verilən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o yuxarıda əks olunduğu kimi "X15", "Mənim oğlum Qəhrəmandır" layihələrinin rəhbəridir. Müzəffər Ali Baş X6 rəhbərliyi ilə X17 zəfərindən sonra o öz qarşısına məqsəd qoymuşdur ki, vətən uğrunda canından keçən şəhidləri tanıtsın, onların adlarını yaşatsın, şəhid analarının, atalarının, övladlarının yanında olsun, onları daim diqqətdə və qayğıda saxlasın, onların qulluğunda dayansın. Bir sözlə çalışmışdır ki, əlindən gələnin ən yaxşısını onlar üçün etsin. Həmişə cənab Prezidentimizin bir sözünü özündə rəhbər tutmuşdur - "Şəhid ailələrinə diqqət dövlətlə yanaşı hər bir vətəndaşın borcudur". Bu məqsədlə göstərilən layihələr çərçivəsində o dəfələrlə müxtəlif tədbirlər keçirmiş və bu tədbirlərdə 2800-ə yaxın şəhid ailəsinin üzvləri iştirak etmişdir. Bununla bərabər Vətən müharibəsidə Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi ilə birlikdə mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində döyüşçülərlə ideoloji iş və psixoloji təminat işini aparmışdır. Bundan başqa o Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin prezident seçkiləri üzrə təbliğat-təşviqat kampaniyası çərçivəsində 2008-ci ildə yazılmış "X20", 2013-cü ildə yazılmış “Sən Azərbaycanlısan", 2018-ci ildə yazılmış "Zəfərə Doğru" mahnılarının, 100-dən çox digər mahnıların, o cümlədən dövlət tədbirlərində xalq artistlərinin infasında səslənən vətənpərvərlik mahnılarının müəllifidir. Həm bunlara, həm də digər faəliyyətlərinə görə müəyyən kütlə tərəfindən daim sevilərək izlənilmiş və onlar arasında nüfuza malik olmuşdur. Təsadüfi deyil ki, onun "İnstagram" səhifəsində 450.000, "Youtube" səhifəsində 9.44 min izləyici kütləsi var. Təxminən 2018-ci ilin axırlarında X4 təklifi ilə o və dostu X5 onunla "Pinachi" kimyəvi təmizləmə mərkəzini açmışlar. xx.xx.2022-ci il tarixdə obyektdə Fəhmin Əlizadə ilə aralarında səbəbini bilmədiyi və onun tərəfindən başlanılan mübahisə yarandı. Obyektin kameralarının görüntüsündən də aydın olur ki, o heç kimi təhqir etməmiş və heç kimə qarşı zorakılıq tətbiq etməmişdir. Əksinə Fəhminin yersiz hərəkətlərindən təəccüb içərisində olan-bitəni izləmişdir. Bundan sonra onun çağırışı ilə hadisə yerinə polis əməkdaşları gəlmiş və onları Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparmışlar. Orada onun, Fəhminin və digərlərinin izahatları alındı və müəyyən edildi ki, o heç kimi döyməmiş, yuxarıda göstərilən biznesdə onun da ortaqlığı var, yəni obeykt eyni zamanda onundur və o heç kimin obyektinə basqın eləməmişdir. X13 və qardaşı Şıxan Əlizadə polis şöbəsinə barışmaqları barədə ərizə vermişlər. Nəticədə "Cinayət işinin başlanılmasının rədd edilməsi barədə haqqqında" qərar qəbul edildi. Yəni, müvafiq orqanın - DİN-in verdiyi hüquqi qiymət ondan ibarət oldu ki, o nə xuliqanlıq, nə də hər hansı digər cinayət əməli törətməmişdir. xx.xx.2022-ci il tarixdə o internet resurslarında "Bakıda nəğməkar-şair obyekt sahibini döyüb” başlığı altında Daxili İşlər Nazirliyinə istinad edilməklə güya onun xuliqanlıq zəminində Yasamal rayonu ərazisində yerləşən obyektin sahibini döyərək cinayət törətməsi barədə məqalənin dərc olunduğunu, sonradan "Baku ws" və digər 100 dən çox saytın bunu öz saytlarında, instagram və feysbuk hesablarında dərc etdiyini görmüşdür. Bununla bərabər hətta onlar Yasamal rayon Ağsaqqallar Şurasının sədri olan atası Cavanşir Qurbanovu da məsələyə qataraq onun barəsində də məqalələr dərc etmişlər. Dərc olunmuş məqalənin rəy hissəsinə baxdığı zaman görmüşdür ki, yalan məlumatlarla o artıq müəyyən kütlə üçün nüfuzdan düşmüşdür, şərəfi alçaldılıb, göstərdiyi ictimai fəaliyyət tamamilə kölgədə qalıb, bundan sonra ictimai fəaliyyət göstərmə imkanından məhrum olmuşdur, həmin kütlə onun və ailəsinin şərəf və ləyaqətini alçaldan sözlər deyirlər. Göstərilən hadisələr nəticəsində o hətta psixoloji gərginlik yaşamış və həkim qəbullarında olaraq müalicə almışdır. O dərhal məqaləni ilkin dərc etmiş "Report.az" saytı ilə əlaqə saxlayaraq öz etirazını bildirmişdir. Bundan sonra onunla məlumatı dərc edən Orxan Rasifoğlu kimi özünü tanıdan, sonradan tam adının X10 olduğunu öyrəndiyi şəxslə əlaqə saxladı. O ona məsələni izah edərək ondan məqaləni dərhal silməsini xahiş etdi. O bir şəhidin əmisioğlu olduğunu bildirdi və məqaləni silərək təkzib edəcəyinə söz verdi. Bir müddət sonra ona linklər göndərildi və gördü ki, həqiqətəndə o məqaləni silib, bununla bərabər keçmiş ortağı Fəhmin Əlizadə ilə əlaqə saxlayaraq ondan müsahibə almışdır. Müsahibədə F.Əlizadə biznes ortaqlıqlarının mövcudluğunu təsdiq edib barışdıqlarını bildirmişdir. Hətta sonradan o "Qafqazinfo.az", "Axşam.az saytlarınında "Reportaz" saytına istinadla həmin məzmunda məqalə verdiyini öyrənmişdir. Düzdür bu tam olaraq təkzib hesab olunmasa da məsələnin "Parkinson" xəstəliyindən əziyyət çəkən atasına, ağır şəkər xəstəliyindən əziyyət çəkən anasına və digər bütün ailə üzvlərinə olan mənfi təsirlərinin qarşısını ala bilcəyi və onları rahatladacağı üçün sevinmişdir. Bundan sonra digər saytlarla əlaqə saxlayıb "Report.az" saytının məqaləni sildiyini bildirərək onların da siləməsini xahiş etmiş və bəziləri bu xahişi yerinə yetirdi. Lakin sonradan Fəhmin Əlizadə ilə olan müsahibəni və barışmaqları barədə olan məlumatların "Report.az" saytından silindiyini və ilkin olaraq yayılmış yalan məlumatın yenidən dərc olunduğunu görmüşdür. Orxan adlı şəxs ilə əlaqə saxlamış, o isə anlaşılmaz nələrsə deyərək ona cavab verməkdən imtina elədi. Şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, X2 Rasifoğlu təxəllüsü ilə xx.xx.2022-ci il tarixdə "Report.az" saytında "Bakıda nəğməkar-şair obyekt sahibini döyüb" başlığı altında yuxarıda göstərdiyi məzmunda məlumat dərc etmişdir. Həmin məqalədə DİN-in verdiyi məlumata istinad edilmişdir. Şikayətə əlavə edilmiş fotoşəkildən görünür ki, Orxan Rasifoğlu uydurma adı altında fəaliyyət göstərən şəxs X8r. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-5/2-388/23 nömrəli məktubundan görünür ki, onun barəsində Azərbaycan Respublikası ərazisində cinayət təqibi həyata keçirilməsi və ya məhkumluğunun olması barədə DİN-in müvafiq uçotunda məlumat yoxdur. Şikayətə əlavə edilmiş Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Məhəmməd Cəfərovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, alınmış izahatlardan və digər materiallarla müəyyən edilmişdir ki, göstərilən biznesdə onun da ortaqlığı var, yəni obyekt eyni zamanda onundur və o heç kimin obyektinə basqın etməmişdir. Ümumiyyətlə onun hərəkətlərində xuliqanlıq və ya hər hansı digər cinayətin tərkib əlamətləri yoxdur. Şikayətə əlavə edilmiş fotoşəkildəndən görünür ki, "mircalalofficial" istifadəçi adlı instagram səhifəsində 450.000 izləyicisi var və həmin səhifədə dərc edilmiş məlumatlar göstərir ki, o lahiyələr çərçivəsində daim şəhid ailələrini, xüsusi ilə onların ana və övladlarını daim diqətində saxlamış və onların qayğısına qalmışdır. Şikayətə əlavə edilmiş fotoşəkildən görünür ki, onun "Calal Gurbanov" adlı youtube səhifəsində 9.44 min izləyici var. Şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, 2008-ci ildə yazılmış "X20", 2013-cü ildə yazılmış "Sən Azərbaycanlısan", 2018-ci ildə yazılmış "Zəfərə Doğru" mahnılarının müəllifidir. Şikayətə əlavə edilmiş fotoşəkildən görünür ki, "Repot.az" internet saytında xx.xx.2022-ci il tarixdə, saat 18:31-də "X9 barışdıq" başlığı altında Fərmin Əlizadə ilə aparılmış müsahibə dərc olunmuş, həmin müsahibədə "Pinachi" kimyəvi təmizləmə mərkəzində ortaqlıqları əks olunmuşdur. Şikayət verilmiş şəxsin ona “https://report.az/hadise/bakida-obyektde-davaeden-sexsler-barisib” göndərdiyi linkdən də yuxarıda göstərilən fotoşəkillərdəki məlumatların doğruluğunu təsdiq etmək olar. O bu linkdə dərc olunan məlumatı əldə etməyə çalışsa da mümkün olmamışdır. Şikayətə əlavə edilmiş fotoşəkillərdən, həmçinin Cəlal Qurbanovun adı hallanan anlaşılmazlığa aydınlıq gətirildi (qafqazinfo.az), Cəlal Qurbanovun döydüyü obyekt sahibi - "Barışdıq" (axsam.az) linklərindən görmək olar ki, "Qafqazinfo.az", "Axşam.az" saytları da "Report.az" saytına istinadən göstərilən məzmunda məlumat dərc etmişdir. Şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, şikayət olunan şəxsin istifadəsində olan +**********57 nömrə ilə "WhatsApp" sosial şəbəkəsində apardıqları söhbətdə o yuxarıda qeyd etdiyi başlıqlarda məlumatların dərc olunduğu linkləri göndərmiş və ilkin məlumatın yalan olduğunu bilmişdir. Şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, yalan məlumatlarla o artıq müəyyən kütlə üçün nüfuzdan düşmüş, şərəfi alçaldılıb, göstərdiyi ictimai fəaliyyət tamamilə kölgədə qalıb, bundan sonra ictimai fəaliyyət göstərmə imkanından məhrum olmuş, həmin kütlə onun və ailəsinin şərəf və ləyaqətini alçaldan sözlər deyirlər. Şikayətə əlavə edilmiş həkimnevropatoloq Kəmalə Mehdiyeva tərəfindən verilmiş arayışdan görünür ki, o xx.xx.2022-ci il tarixdə onun qəbulunda olmuş və ona hipertenziv eksefelopatiya diaqnozu qoyularaq müvafiq müalicə təyin edilmişdir. Şikayətə əlavə edilmiş "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən X16 255 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, o xx.xx.2024-ci il tarixdə əvvəlcədən 2022-ci ildə digər klinikada qoyulmuş "Hiparektonik ensefalopatiya" diaqnozu ilə həkim - nevropatoloqun qəbulunda olmuş və aparılan müayinələrə əsasən həmin diaqnoz təsdiq edilmişdir. Hazırda müalicələri davam etdirilir. Şikayətə əlavə edilmiş resept blankından görünür ki, qeyd edilən müayinə nəticəsində ona müvafiq dərmanlar yazılmışdır. Şikayət verilmiş şəxs bilə-bilə onun barəsində şərəf və ləyaqətini ləkələyən və onun həm cəmiyyətdə olan, həm də işi ilə əlaqəli nüfuzdan salan məlumatları dərc etmişdir. Bunu ilkin olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin verdiyi məktub, habelə yuxarıda göstərilən "Cinayət işinin başlanılmasının rədd edilməsi" haqqında qərar təsdiq edir və göstərir ki, şikayət olunan şəxs həmin məlumatı DİN-dən ala bilməzdi. Ümumiyyətlə DİN qanununu pozaraq qanuni qüvvəyə minməmiş məhkəmə hökmü olmadan onun barəsində "hansısa cinayəti törətmişdir ifadəsi ilə məlumat versin. Aşkar görünür ki, o həmin məlumatı uydurmuş və yalan olduğunu bilə-bilə həmin məlumatı dərc etmişdir. Digər təsdiqedici sübut isə onun sonradan dərc etdiyi məlumatlardır və bu da onu bir daha təsdiq edir ki, o məlumatın yanlışlığındar xəbərdardır və yalan olduğunu dərk edir. X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət işinin başlanması və onun cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X10 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X7 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi şikayəti əsassız hesab edərək bildirmişdir ki, X3 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə "xxxx" MMC-nin reportyoru X10 barəsində şikayət etmiş və onun Cinayət Məcəlləsinin 147.1-ci maddəsi (böhtan) ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Reportyor xx.xx.2022-ci il tarixdə "REPORT.AZ" informasiya portalında "Bakıda nəğməkar-şair obyekt sahibini döyüb" başlığı altında həqiqətə uyğun olmayan məlumat (bundan sonra "Xəbər") paylaşmış və bu Xəbər onun işgüzar nüfuzunu ləkələmişdir. Aşağıdakı səbəblərə görə hesab edirik ki, şikayət əsassız olduğundan məhkəmə baxışının keçirilməsindən imtina barədə qərar qəbul edilməlidir. İnformasiya portalında yayılan məlumat həqiqətdir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, xəbər yalan deyil, həqiqətdir. Çünki videomaterialdan göründüyü kimi, şikayətçi digər şəxsə qarşı zor tətbiq edərək fiziki ağrı yetirir, yəni döymə hərəkətlərini icra edir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə dedikdə, zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə başa düşülür. Bu da ona işarə edir ki, şikayətçi barəsində heç bir həqiqətə uyğun olmayan məlumat yayılmamışdır, yəni o, həqiqətən də digər şəxsi döymüşdür. Belə məlumatın yayılması isə heç bir halda böhtan sayıla bilməz. Çünki CM-in 147.1-ci maddəsinə əsasən böhtan dedikdə, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Maddənin dispozisiyasından göründüyü kimi, maddənin elementləri aşağıdakılardan ibarətdir: 1.yalan məlumatların yayılması; 2.həmin məlumatların şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan xarakterli olması; 3.yalan, eyni zamanda şərəf və ləyaqəti ləkələyən (nüfuzdan salan) məlumatın kütləvi yerdə yayılması. Şəxsin əməlində CM-in 147.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün yuxarıda göstərilən 3 hərəkətin birlikdə törədilməsi tələb olunur, həmin hərəkətlərdən hər hansı birinin törədilməməsi əməldə cinayət tərkibinin olmasını istisna edir. Xəbər yalan olmadığından onun yayılması heç bir halda böhtan cinayətinə görə məsuliyyətə səbəb ola bilməz. Bu baxımdan baş vermiş hadisə cinayət hadisəsi hesab edilmədiyindən məhkəmə baxışının keçirilməsindən imtina barədə qərar qəbul edilməlidir. Qeyd edilənlər ona işarə edir ki, şikayətdə törədilmiş cinayət barədə məlumatlarlar əks olunmamışdır və hadisə cinayət hadisəsi deyildir, bu səbəbdən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Adı çəkilən Plenum Qərarının 12-ci bəndinə əsasən kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Qeyd olunan Plenum Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir ki, CPM-in 302-ci maddəsi də xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa dair bu tələblərin imperativ olmasını təsbit etmişdir. Məhkəmə, CPM-in sadalanan normalarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə, həmçinin törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Həmin Məcəllənin 293.3.6-cı maddəsinə əsasən, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Hazırki şikayətdə isə CPM-in tələblərinə riayət olunmamış, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz X10 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətin verildiyi yeri və tarixi göstərməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X3 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında X3 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-140/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-140/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver