Məhkəmə qərarları › İş №1(011)-141/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-141/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-141/2025 20.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, tərcüməçi – X1 və müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.2000-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Salyan rayonu, Qaraçala qəsəbəsində ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazilriyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 24 noyabr 2024-cü il tarixdə saat 03:06-da Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 2 ünvanında "White House" restoranının giriş qapısının açarının işçilər tərəfindən restoranın qarşındakı dibçəkdə saxlanıldığını əvvəlcədən görüb yerini müəyyən etməklə tapıb həmin açarla restoranın giriş qapısını açaraq restorana qanunsuz daxil olub saxlanc yeri hesab edilən kassadan 100 manat, həmin dövrün məzənnəsi ilə 1 manat 70 qəpik olan 1 ABŞ dollarını və piştaxtanın üzərindən 3 manat 30 qəpik dəyərində bir ədəd mobil telefon şarj cihazını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 105 manat (yüz beş) miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olsa da daimi yaşayış yeri yoxdur və Bakı şəhərində müxtəlif ünvanlarda, küçələrdə yaşayır. Mütəmadi olaraq Ağ şəhər ərazisinə də gedib gəlir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Ağ şəhər Fəvvarələr küçəsində yerləşən "Vhite House" restoranının qarşısından keçərəkən qapının girişində olan dibçəyin dibində açar olduğunu görmüşdür. Açarın həmin qapının giriş-çıxış qapısının açarı olduğunu düşünərək, gecə saatlarında gəlib, açarı götürərək həmin qapını açıb-açmayacağını yoxlamaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 03 radələrində ora geri qayıdaraq restoranın qarşısında hər hansı bir şəxsin olmamasına əmin olduqdan sonra, qapının girişində olan dibçəyin içindən açarı götürüb qapını açaraq içəri daxil olub kassaya yaxınlaşmışdır. Kassa aparatını açdıqda orada 3 (üç) ədəd 10 manatlıq, 1 (bir) ədəd 20 manatlıq, 1 (bir) ədəd 50 manatlıq pul əskinaslarının və 1 (bir) ədəd 1 ABŞ dolları olduğunu görüb götürərək əynində olan boz rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Bundan sonra kassanın ətrafında hər hansı bir qiymətli əşya olub, olmamasına baxdıqda bir az kənarda masanın üzərində bir ədəd qara rəngli mobil telefon şarj cihazı olduğunu görüb, götürərək gödəkçəsinin sağ yan cibinə qoyub restorandan çıxıb, giriş-çıxış qapısını həmin açarla bağlayıb, açarı yenidən gül dibçəyinin içinə qoyub uzaqlaşmışdır. Oradan uzaqlaşarkən oğurladığı mobil telefonun şarj cihazını İşinə yaramayacağını düşünərək yolun kənarında olan zibil qutusuna atmış, oğurladığı pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində M.Mehdizadə küçəsində piyada yolu ilə getdiyi zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək ona oğurluq etməkdə şübhəli olduğunu bildirib Xətai RPİ-nin 37-ci polis şöbəsinə aparmışlar. Polis şöbəsində izahatı alınarkən restorandan oğurluq etdiyini etiraf etmişdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən "Vhite Hous" restoranını 1 ildir İcarə əsasında işlədir. İşlətdiyi restoran hər gün səhər saat 10 dan axşam saat 23:00-dək fəaliyət göstərir. Restoranda işləyən işçilər günün müxtəlif vaxtlarında işə gəldiklərindən onların restorana rahat şəkildə daxil olmaları üçün restorandan axırıncı çıxan işçi qapını bağladıqdan sonra qapının açarını çıxışda sağ tərəfində olan dibçəyin altında qoyur. Səhər işə birinci gələn əməkdaş da açarın orada olduğunu bilir və açarı oradan götürüb qapını açaraq restorana daxil olub işinə başlayır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində işdən axırıncı çıxan İsrafil adlı əməkdaş qapını bağlayıb açarı həmin dibçəyin altında qoyaraq getmişdir. xx.xx.2024-cü il tarixdə bazar günü olduğundan restoran işləməmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində İsrafil işə gəlib, açarı dibçəyin altından götürüb qapını açaraq içəri daxil olaraq kassadan pul götürmək istəyəndə kassada pul olmadığını görmüşdür. Həmin günü təxminən saat 12 radələrində işə gələndə İsrafil ondan kassadan pul götürüb, götürmədiyini soruşmuşdur. O da kassadan hər hansı məbləğdə pul götürmədiyini bildirmiş, kassadan oğurluq edildiyini düşünərək, restoranda olan müşahidə kameralarının qeydə aldıqları görüntülərə baxmışdır. Görüntülərə baxdıqda xx.xx.2024-cü il tarixdə saat 03 radələrində naməlum şəxsin restorana yaxınlaşaraq dibçəyin altına qoyulmuş açarı götürüb qapını açaraq içəri daxil olub, kassada olan pulları və bir ədəd telefon şarj cihazını götürüb getdiyini görmüşdür. Pulları və şarj cihazını götürən şəxsin öz İşçilərindən biri olduğunu düşünərək, hadisə barədə polisə məlumat verməmişdir. Lakin sonradan kassadan pulları götürən şəxsin işçilərindən hər hansı biri olmadığını müəyyən etdikdə baş vermiş hadisə barədə Xətai RPİ-nin 37-ci polis şöbəsinə məlumat vermişdir. Baş vermiş oğurluq zamanı kassadan 100 Azərbaycan manatı 1 ABŞ dolları və bir ədəd telefon şarj cihazı oğurlanmışdır. Həmin sarj cihazını hadisədən təxminən 3 ay əvvəl 3 manat 30 qəpiyə 28 May metrosu yaxınlığında olan telefon mağazasından almışdır. Oğurluqdan əvvəl kassada 1500 manat olduğunu düşündüyündən 37-ci PŞ-də verdiyi izahatında kassadan 1500 manat oğurlandığını bildirmişdir. Lakin sonradan araşdırdıqda məlum olmuşdur ki, işçilər kassadan pul götürərək bazarlıq etmişlər və oğurluq zamanı kassada icəmi 100 manat və 1 ABŞ dolları olmuşdur. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxslə barışıq əldə edilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid ifadəsində göstərmişdir ki, təxminən 3 aydır ki, Xətai rayonu, Ağ şəhər ərazisində Fəvvarələr küçəsində yerləşən "Vhite House" restoranınında ofisiant işləyir. İşlədiyi restoran hər gün səhər saat 10 dan axşam saat 23:00-dək fəaliyət göstərir. Restoranda işləyən işçilər günün müxtəlif vaxtlarında işə gəldiyindən onların restorana rahat şəkildə daxil olmaları üçün restoran rəhbərliyinin təlimatına əsasən axırıncı çıxan işçi qapının açarını qapıdan çıxıb, bağladıqdan sonra qapının sağ tərəfində yerləşdirdikləri dibçəyin altında qoyub gedir. Səhər işə tez gələn əməkdaş da açarın orada qoyulacağını bilir və açarı oradan götürüb qapını açaraq restorana daxil olub işinə başlayır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində adəti üzrə işdən çıxarkən qapını bağlayıb açarı çıxışda sağ tərəfdə qoyulmuş dibçəyin altına qoyaraq evə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yenidən işə gəldikdə açarı dibçəyin altından götürüb qapını açaraq içəri daxil olaraq ərzaq almaq üçün kassadan pul götürmək istəyəndə kassada pul olmaqığın görüb. Zəng edib bu barədə Zərərçəkmiş şəxs məlumat verərək, ondan kassadan pulu onun götürüb-götürmədiyini soruşmuşdur. İmamverdi də kassadan heç bir məbləğdə pul götürmədiyini demişdir. Buna görə də restoranda olan müşahidə kameralarına baxıldıqda, xx.xx.2024-cü il tarixdə naməlum şəxs restorana yaxınlaşaraq dibçəyin altına qoyulmuş açarı götürüb qapını açaraq kassaya yaxınlaşıb, açaraq oradan pulları və masa üstündən bir ədəd telefon şarj adaptorunu götürüb getdiyi məlum olmuşdur. Gecə restoranı bağlayıb getdiyi zaman kassada 3 (üç) ədəd 10 manatlıq, 1 (bir) ədəd 20 manatlıq, 1 (bir) ədəd 50 manatlıq pul əskinaslarının və 1 (bir) ədəd 1 ABŞ dolları olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 30 noyabr 2024-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaq aparılmışdır; (i.v. 1) - 28 noyabr 2024-cü il tarixli maddi sübuta baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs, icarəyə götürərək işlətdiyi Xətai rayonu, Ağ şəhər, 1-ci fəvvarələr küçəsində yerləşən kafedə xx.xx.2024-cü il tarixdə oğurluq hadisəsəsi ilə əlaqədar kafeyə quraşdırılmış nəzarət müşahidə kamerası ilə yazılmış CD diskə köçürülmüş görüntülərə baxış keçirilərək iş üçün əhmiyət kəsb etdiyindən maddi subut kimi işə əlavə olunması üçün götürülmüşdür; (i.v. 9) - İş üzrə Zərərçəkmiş şəxs işlədiyi restorandan oğurluq olması faktını özündə əks etdirən 01 ədəd CD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir; (i.v.10) - 30 noyabr 2024-cü il tarixli şəxsin üzərinə baxış keçirilməsi barədə protokoldan görünür ki, faktla bağlı xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nətiçəsində xx.xx.2000-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, azərbaycanlı, orta, subay, Salyan rayonunda qeydiyyatda olan, Təqsirləndirilən şəxs, saxlanılmış və o etdiyi əməli etiraf etmişdir. Vətəndaş Təqsirləndirilən şəxs, saxlanılarkən əynində acıq boz rəngli gödəkçə, gödəkçənin sol qarşı hissəsində CHAOTİC DİV. Sözü yazılmış gödəkçənin arxa hissəsində iri hərflərlə sonda üzərinə baxış keçirərkən əynində CHAOTİC DİV altında WORLDWİDE sözü yazılmışdır. Altından südrəgli və qara rəngli papaqlı idman köynəyi və tünd boz rəngli idman şarvarı ayağında idman şalvarı vardır; (i.v.13) - 30 noyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v.17) - 30 noyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2024-cü il tarixdən saat 19:00 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.69) - 30 noyabr 2024-cü il tarixli CD-R diski üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, CD-R diski "HP" markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 02 ədəd VİD-2024 1202-W A0073 və VİD-2024 1202-W A0074 adlı video fayllar olması aşkar edildi. Üzərində VİD-2024 1202-W A0074 yazısı olan videofayla daxil olduqda xx.xx.2024cü il tarixdən saat 03.06.22-dən başlayaraq 03.09:10-dək olan müddət ərzində ünvan 5 ünvanında fəaliyyət göstərən "Vhite House" restoranının qarşısındakı səkidə hərəkətdə olan əynində açıq boz rəngli başlıqlı gödəkcə olan bir nəfər kişinin səkinin kənarlarına düzülmüş kol dibçəklərinin dibini axtardığı, həmin dibçəklərin birinin dibindən nə isə götürdükdən sonra dibçəyin digər tərəfinə keçərək görüntüdən çıxdığı, görüntünün 03.09.10-da geri qayıdaraq əlindəki əşyanı əvvəl götürdüyü dibçəyin üstünə ataraq oradan uzaqlaşdığı görünür. Üzərində VİD-2024 1202-W A0073 yazısı olan videofayla daxil olduqda xx.xx.2024cü il tarixdən saat 03.07.50-dən başlayaraq 03.08:10-dək olan müddət ərzində ünvan 5 ünvanında fəaliyyət göstərən "Vhite House" restoranına giriş-çıxış qapısında daxil olan əynində açıq boz rəngli başlıqlı gödəkcə olan bir nəfər kişinin içəri daxil olduqdan sonra bir başa kassa aparatı qoyulmuş masaya yaxınlaşaraq kassanın siyirməsini əli ilə açaraq ordan kağız əskinaslara oxşayan prermetləri götürdükdən sonra kassa aparatı olan masanın arxa hissəsindəki rəfdən bir ədəd cərəyan doldurucusuna bənzər əşyanı götürdükdən sonra giriş-çıxış qapısından çıxması görünür. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs, video görüntülərə baxdıqdan sonra istintaqa vermiş olduğu ifadəni bir daha təsdiqləyərək baxış keçirilən DVD diskində mövcud görüntülərin ünvan 5 ünvanında fəaliyyət göstərən "Vhite House" restoranının daxilində və xaricində quraşdırılmış video müşahidə kameralarından əldə olunmuş video görüntülərin olduğunu, həmin görüntülərdə olan şəxsin o, özü olduğunu, görüntülərin xx.xx.2024-cü il tarixdə saat 03 radələrinə aid olduğunu, belə ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Ağ şəhər ərazisində Fəvvarələr küçəsində "Vhite House" restoranının qarşısından keçərəkən qapının girişində olan dibçəyin dibində açar olduğunu gördüyünü, xx.xx.2024-cü il tarixinə keçən gecə saat 03 radələrində geri qayıb qapının girişində olan dibçəyin içindən açarı götürüb həmin açarla restoranın giriş qapısını açaraq içəri daxil olub, kassa aparatını açdıqda orada 3 (üç) ədəd 10 manatlıq, 1 (bir) ədəd 20 manatlıq, 1 (bir) ədəd 50 manatlıq pul əskinaslarının və 1 (bir) ədəd 1 ABŞ dolları olduğunu görərək götürdüyünü, daha sonra kassanın ətrafında hər hansı bir qiymətli əşya olub olmamasına baxdıqda bir az kənarda masanın üzərində bir ədəd qara rəngli mobil telefon enerji şarj adaptorunun olduğunu görüb götürərək, restorandan çıxıb, qapısını açarla bağlayaraq açarı yenidən gül dibçəyinin içinə qoyaraq oradan uzaqlaşdığını bildirdi; (i.v.78-79) - 02 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur; (i.v.80-81) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 4(011)-726/2024 saylı qərarın surətindən görünür ki, vəsatət və onun əsasında verilmiş təqdimat təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs – xx xxxxx 2000-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan və Bakı şəhərində daimi yaşayış yeri olmayan Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli 30 noyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; (i.v.102-105) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 20 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail RPİ-nin İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir; (i.v.109-110) - Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 03 dekabr 2024-cü il tarixli 3515 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır; (i.v.117-119) - Salyan rayon Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Qaraçala qəsəbəsində yaşamır, onun barəsində Salyan rayonu Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır; (i.v.121) - 24 yanvar 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində Xətai rayon məhkəməsini hakimi Sadıxov Rəfail Adil oğlunun qərarı ilə əvvəli 30 noyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətində seçilmiş həbs növündə qətimkan tədbirinin qüvvədə olduğu nəzərə alınmışdır. Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar öz qüvvəsində saxlanılmış, zərərçəkmiş şəxsə dəymiş maddi zərər ümumilikdə 105 (yüz beş) manat olaraq hesablanmış və ödənilmədiyi nəzərə alınmışdır. Zərərçəkmiş şəxs Xətai RPİ-nin 37-ci PŞnə yazdığı 28 noyabr 2024-cü il tarixli ərizəsində və həmin tarixli izahatında icarə əsasında işlətdiyi ünvan 5 ünvanında "Vhite House" restoranından 24 noyabr 2024-cü il tarixdə ümumilikdə 1500 manat pulun oğurlandığını bildirməsi ibtidai istintaq zamanı öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir; (i.v.128-134) - Bakı şəhəri Səbail rayon məhkəməsinin 1(009)-348/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qərarın surətindən görünür ki, xx xxxxx 2000-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Salyan rayonu, Qaraçala kəndində qeydiyyatda olan və yaşayan və barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə "həbs" qətimkan tədbiri seçilmişdir; Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri zərərçəkmiş şəxsin ifadəsi və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən onun əməlini etiraf etməsini, səmimi peşmanlığını, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunması və zərərçəkmiş şəxsin şikayəti və tələbinin olmadığını cəzanı yüngülləşdirən hal kimi habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə həmçinin onun tutulduğu müddət də daxildir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Salyan rayonu, Qaraçala qəsəbəsi ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. 30 noyabr 2024-cü il tarixdən onun həbsdə saxlama müddəti bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzası kimi hesablanaraq təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail rayon məhkəməsinin 27 dekabr 2024-cü il tarixli 1(009)- 348/2024 saylı qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan – bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 26 (iyirmi altı) saat iş saatına görə 196 (yüz doxsan altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat (29 aprel 2025-ci il tarixindən 11 manat) məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 06 (altı) ay 21 (iyirmi bir) gün həbsdə saxlama müddəti 01 (bir) il 01 (bir) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 (on) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs digər cinayət işi üzrə barəsində Bakı şəhəri Səbail rayon məhkəməsinin 27 dekabr 2024-cü il tarixli 1(009)-348/2024 saylı qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 26 (iyirmi altı) saat iş saatına görə 196 (yüz doxsan altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar