Məhkəmə qərarları › İş №1(011)-142/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-142/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-142/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 14 yanvar 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə 1,677 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək əldə edib üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Xətai RPİnin 36-cı Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında, həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı, o, 14 yanvar 2022-ci il tarixdə, saat 15:30-da ünvan 2 ünvanının qarşısında saxlanılıb, ünvan 3əşən Xətai RPİ-nin 36-cı Polis Bölməsinə gətirilmiş, polis bölməsində müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə, üzərində şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 1,677 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 10 il əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Bir müddət müalicə olunub narkotikdən uzaqlaşmış, lakin təxminən 1 il əvvəl yenidən istifadə etməyə başlamışdır. O, yalnız narkotik vasitə olan tiryəkdən istifadə edir. Əvvəllər narkotik vasitə əldə edib saxladığına görə iki dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2014-cü ildə cinayət məsuliyyətinə cəlb edilib 2016-cı ildə azadlığa buraxılmışdır. Bir neçə ay bundan əvvəl adını bilmədiyi, narkotik vasitələri satan bir nəfər şəxslə tanış olmuşdur. O, həmin şəxslə “Həzi Aslanov” metrostansiyasının yaxınlığında tanış olmuşdur. Həmin vaxtdan etibarən mütəmadi olaraq, şəxsi istifadəsi üçün, həmin şəxsdən narkotik vasitələr alırdır. Həmin şəxsin çox vaxt “Həzi Aslanov” metrostansiyasının yaxınlığında olduğunu bilirdi. Sonuncu dəfə 14 yanvar 2022-ci il tarixdə, saat 12 radələrində, o, işi ilə əlaqədar “Həzi Aslanov” metrostansiyası tərəfə getmişdir. Orada təsadüfən narkotik vasitələri ona satan şəxsi görmüş və həmin şəxsə yaxınlaşaraq, narkotik vasitə tiryək istəmişdir. Həmin şəxsə 10 manat pul verib, deməsinə görə təxminən 1,5 qram çəkidə bir bükümdə tiryək almışdır. Həmin tiryəki istifadə etmək üçün əynində olan gödəkçənin cibinə qoymuşdur. Həmin gün saat təxminən 15:30 radələrində M.Hadi küçəsi ilə piyada hərəkət edən zaman, mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşıb, özlərini Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşları kimi təqdim edərək, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğuna görə, onu polis bölməsinə dəvət etmişdirlər. Polis bölməsində dəvət olunmuş vəkilin iştirakı ilə üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmiş və ona təklif edilmişdir ki, üzərində hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet varsa, onları təqdim etsin. Bu təklifdən sonra, o, əynində olan gödəkçənin cibində saxladığı 01 ədəd bükümdə olan narkotik vasitə tiryəki təqdim edib, masanın üzərinə qoymuşdur. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq, möhürlənmiş və zərfin üzərinə imzalar çəkilmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 1971-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, onları daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı, əmrə əsasən əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və o, həmin qrupa daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbiri nəticəsində, Təqsirləndirilən şəxs 14 yanvar 2022-ci il tarixdə, saat 15:30-da Xətai rayonu, M.Hadi küçəsi 71 ünvanının qarşısında saxlanılmışdır. Onlar özlərini təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edib, sonuncunu Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət etmişdirlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, bölməyə vəkil dəvət olunmuşdur. Daha sonra, vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifindən sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən, 01 ədəd sellofan bükümdə olan qara rəngli maddəni təqdim edərək, masanın üzərinə qoymuşdur. Təhqiqatçının suallarına cavab olaraq, Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə tiryək olduğunu, həmin narkotik vasitəni 14 yanvar 2021-ci il tarixdə, səhər saatlarında “Həzi Aslanov” metrostansiyasının yaxınlığında şəxsi istifadəsi üçün 10 manat müqabilində əldə etdiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırmış, zərfin üzərinə iştirakçılar tərəfindən imzalar çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 14 yanvar 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə olan qara rəngli maddəni təqdim edərək, masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin narkotik vasitə tiryək olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün, 14 yanvar 2022-ci il tarixdə, səhər saatlarında “Həzi Aslanov” metrostansiyasının yaxınlığında, tanımadığı şəxsdən 10 manata alıb, üzərində saxlamaqla daşıdığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2022-ci il tarixli, 6/257 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs götürülmüş maddə...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,677 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir. Tədqiqatdan sonra qalıq - 1,627 qramdır. İş materiallarından görünür ki, 1,627 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 31 yanvar 2022-ci il tarixli, 437 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 28 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmiş, sonuncu dəfə isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 06 mart 2014-cü il tarixdən hesablanmışdır. Həmçinin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 3 (üç) ay 4 (dörd) gün cəzadan vaxtından əvvəl şərti azad olunmuş və 06 sentyabr 2016-cı il tarixdə cəza müddəti başa çatıbdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 14 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,627 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 14 yanvar 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,627 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar