Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-142/2023 14.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi anası Qanuni nümayəndə1, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi atası Qanuni nümayəndə2 və təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2005-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, azərbaycanlı, subay, natamam ali təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində ünvan 3 ünvanda yerləşən “Grand mart” mağazasının arxasında tanışı azyaşlı Zərərçəkmiş şəxs onun anası X1 təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı azyaşlı Zərərçəkmiş şəxs təpik və dizi ilə sinə və qarın nahiyəsinə zərbələr endirib sonuncuya sol yanaq nahiyəsinin sıyrığı, ənsə nahiyəsinin hematoması, döş qəfəsinin və qarnın küt travması ilə müşayiət olunmuş döş qəfəsinin hematomasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Kubranı məktəbdən tanımış, yaxın münasibətləri olmamış, bacısı ilə gəzinti zamanı tanış olmuşdur. Tez-tez Kubra onlara gəlib 1-2 həftə qalmışdır. Sonra Kubra öz anası haqqında danışmağa başlamış, anası onun tərbiyəsinin onlara uyğun olmadığını düşünmüş, buna görə dostluqlarını kəsməyini bildirmişdir. Bundan sonra bacısının dediyinə görə Kubra gəlib bacısını dostlarından ayırmış, arxasıyca danışıb gülmüş, bacısı da hər dəfə ağlayırmış. Kubranın paltarları onlarda qalmış, bacısı gəlib paltarlarını götürməyini bildirmişdir. Axşamüstü “Grand” marketin həyətində görüşəcəkdilər. Bacısı onu da çağırmışdır ki, birdən ona nəsə edər. O gəlmiş, lakin paltarı götürmək yadından çıxmışdır. Kubraya demişdir ki, paltar evdədir, gedib evdən götürsünlər. Kubra niyə dostluğu kəsməklərini soruşmuş, bu zaman münaqişə yaranmışdır. Kubra onun anasını, o da Kubranın anasını təhqir etmişdir. Sonra Kubra onun saçından tutmuş, o da Kubranın saçından tutmuş, qarnından vurub yerə itələmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmağını, dəymiş ziyanın ödənilməsini nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş və və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə iclasında qanuni nümayəndənin iştirakı ilə ifadə verən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Gülnarənin bacısı Brilyant hərdən onlarda qalmış, o da gedib onlarda qalmış, bununla da yaxın münasibətləri yaranmışdır. Lakin anası haqqında onlara heç nə deməmişdir. Həmin gün ona zəng edib görüşüb paltarlarını götürməsini demişdirlər. O da getmiş, Brilyant demişdir ki, gözləsin, bacısı paltarlarını gətirəcək. Daha sonra Gülnarə gəlmiş, o, paltarları soruşanda bildirmişdir ki, gedib evdən özü gütürsün. O getmək istəyəndə Gülnarə onun ayağına və müxtəlif yerlərinə dizi və əli ilə vurmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın ödənilməsini və ona qarşı tələb və şikayətinin olmamasını qeyd edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İşin faktiki halları təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı ibtidai istintaq zamanı dindirilmiş şahidlər Şahid2 və Şahid1 ifadələri ilə bir daha sübuta yetirilmişdir. Onların ifadəsi təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT X3 Şəxsinin 13 iyul 2022-ci il tarixli 757 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər-sol yanaq nahiyəsinin sıyrığı, ənsə nahiyəsinin hematoması, döş qəfəsinin və qarının küt travması ilə müşayiət olunmuş döş qəfəsinin hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 29 noyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, dəymiş ziyan ödənilmişdir, ona qarşı tələb və şikayəti yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmağını, dəymiş ziyanın ödənilməsini nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona qarşı tələb və şikayətinin olmamasını nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 344- 347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-142/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-142/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver