Məhkəmə qərarları › İş №1(011)-146/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-146/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-146/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Şahid nümayəndəsi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, "NAS PROJECT BANK OLMAYAN KREDİT TƏŞKİLATİ” ASC-nin “Əhmədli” filialının direktoru işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin “Əhmədli” filialına direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədilə Şahid işlədiyi ASC tərəfindən xx.xx.2022-ci il tarixli 196/22 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətə 3.180 manat kreditin qarşılığında verilmiş qızıl-zinət əşyalarının girovdan çıxaracağını, qarşılığında isə ASC-yə girov qoyulmasından ötrü qızıl gətirməsini yalandan deyib 07 iyun 2022-ci il tarixdə sonuncunun gətirdiyi müştəri Zərərçəkmiş şəxs heç bir sənədləşmə aparmadan ünvan 2 ünvanda bir ədəd 7.57 qram 750 əyyarlı qolbaq, iki cüt 12 qram 585 əyyarlı sırğa, üç dəst 585 əyyarlı sırğa və üzüklər, bir ədəd 4.02 qram 585 əyyarlı qolbağ, ümumi dəyəri 1.006 manat olan 49.41 qram çəkidə 585 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarını 4.949 manat qiymətləndirib alacağını vəd verib üzərində pul olmadığını və pul çıxarmaq üçün yaxınlıqdakı bankomata gedib-gələcəyini bildirməklə aldadaraq 73 qram qızıl-zinət əşyalarını ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs ümumilikdə 5.000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, "xxxx" ASC-nin “Əhmədli” filialının direktoru əmək müqaviləsi əsasında işləyibdir. Şahid 31 may 2022-ci il tarixdə işlədiyi ASC tərəfindən 3.180 manat qızıl təminatı qarşılığında kredit vermişdir. Bununla bağlı sənədləşməni o etməmiş, lakin sənədlər işlədiyi ASC-də saxlanılmış və təqdim olunmuşdur. Şahid işlədiyi ASC tərəfindən 3.180 manat kreditin qarşılığında verilmiş qızıl-ziynət əşyalarının girovdan çıxaracağını, qarşılığında isə ASC-yə girov qoyulmasından ötrü qızıl gətirməsini deyib, 07 iyun 2022-ci il tarixdə gətirdiyi müştəri Zərərçəkmiş şəxs ünvan 2 ünvanında bir ədəd 7.57 qram 750 əyyarlı qolbaq, iki cüt 12 qram 585 əyyarlı sırğa, üç dəst 585 əyyarlı sırğa və üzüklər, bir ədəd 4.02 qram 585 əyyarlı qolbağ, ümumi dəyəri 1.006 manat olan 49.41 qram çəkidə 585 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarını 4.949 manat qiymətləndirib alacağını demişdir. Qızılları götürərkən ümumiyyətlə heç bir rəsmiləşdirmə aparmamışdır. Məqsədi Pitimatdan götürdüyü qızılları Şahid borcuna çıxmaq olmuşdur. Lakin bu barədə Pitimata heç nə deməmişdir. Pulları bankomatdan çıxartmaq adı ilə getmiş və qayıtmamışdır. Daha sonra ondan götürdüyü qızılları müxtəlif şəxslərə satmış və borc bağlanmışdır. Pitimatdan götürdüyü qızıl-zinət əşyalarını satarkən sənədləşdirməmişdir. Həmin qızılların bir hissəsini tanışına satmış, digər hissəsini qohumunun adını bilmədiyi qonşusuna, bir hissəsini iş yoldaşına satmışdır. Zərərçəkmiş şəxs pulun ödəməməklə götürdüyü qızılların məbləği ümumilikdə 5000 manat təşkil etmişdir. Əməlindən peşman olduğunu, iki azyaşlı uşağının olmasını, dəymiş ziyanın tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, qanunda nəzərdə tutulduğu miqdarda zərərin 25 faizini dövlət büdcəsinə ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayında tanışının vasitəsilə Şahid ilə tanış olmuş və sonuncuya iki dəfə nağd şəkildə qızıl-ziynət əşyaları satıb pulunu almışdır. 07 iyun 2022-ci il tarixdə Ruhiyyə mobil telefonla əlaqə saxlayıb satışda qızıl olub-olmaması ilə maraqlanmış və qızıl lazım olduğunu bildirmişdir. Şahid təşkil edəcəyini demişdir. Həmin günü Ruhiyyə ilə Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığında görüşüb yaxınlıqda olan "xxxx" ASC-yə yaxınlaşmışlar. Orada Ruhiyyə Təqsirləndirilən şəxs ilə onu tanış edib qızıl satan şəxs olaraq müştəri kimi bildirib qızılı Aşura təqdim etməyini demişdir. Aşur "xxxx" ASC-nin “Əhmədli” filialının direktoru işləmişdir. Aşur qızılı hansı məbləğə satmağını soruşduqda üzərində 35.48 qram 585 əyyarlı qızıl olmasını bildirmişdir. Belə ki, üzərində bir ədəd qadın üzüyü, bir cüt sırğa və qadın qolbağı olmuşdur. Aşur həmin qızılların qramını 68 manatdan hesablayıb ümumi məbləğin 2.412 manat təşkil etməsini deyərək 2.400 manat pul vermişdir. Daha sonra Aşur 100 qram qızıl lazım olduğunu bildirərək əlavə 65 qram da qızıl gətirməyini və pulunu verəcəyini bildirmişdir. Həmin günü günorta saatlarından sonra əlavə 73 qram qızıl götürüb Aşurun işlədiyi ASC-yə gəlmişdir. Aşur ona satacaq olduğu bir ədəd 7.57 qram 750 əyarlı qolbağı 620 manata, iki cüt 12 qram 585 əyyarlı sırğaları 816 manata, üç dəst sırğalar və üzükləri 585 əyyarlı 2.285 manata, 4.02 qram bir ədəd qolbağı 585 əyyarlı 273 manata hesablayaraq ümumilikdə qızılların qiymətinin 4.949 manat təşkil etməsini bildirib qızılları götürmüşdür. Aşur ASC-nin qarşısında gözləməyini və yaxınlıqda olan bankomatdan pulu çıxarıb gətirib verəcəyini bildirib çıxıb getmişdir. Aşuru ASC-nin qarşısında 3 saat gözləmiş, lakin sonuncunun gəlmədiyini görüb mobil telefonu ilə əlaqə saxlayıb nə vaxt pulu gətirib verəcəyini soruşmuş, Aşur da aldığı qızıl-ziynət əşyalarının pulunu Ruhiyyənin ona olan borcu ilə əvəz etdiyini demişdir. Şahid ilə Təqsirləndirilən şəxs öz aralarında hansı formada razılaşmalarından xəbəri olmamış, çünki bu barədə ona maraqlı da olmamışdır. Belə ki, Aşura qızılları vermiş, yəni satmışdır ki, pulunu versin. Aşur pulunu verdikdən sonra sonuncunun Ruhiyyə ilə nə edəcəyi ona maraqlı olmamışdır. Aşura qızılları 5.000 manat pul qarşılığında vermiş, lakin sonuncu pulu kartdan çıxarıb gətirib verəcəyini vəd etmiş, lakin onu aldatmışdır. Həmin vaxt Aşur deyə bilərdi ki, qızılları Ruhiyyənin borcundan çıxacaq, lakin bunu deməmiş, çünki həmin halda o, qızılları Aşura verməyəcəkdi. Hal-hazırda təqsirləndirilən şəxsin dəymiş ziyanı ödədiyini, onun ilə barışdığını, ona qarşı şikayət və tələbi olmadığını bildirmiş və bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında nümayəndəsinin iştirakı ilə dindirilən Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bir ilə yaxındır ki, tanıyır. Belə ki, Pitimat ilə tanışlığı Nizami rayonunda yerləşən lombardda olmuşdur. Bundan sonra Pitimatdan bir neçə dəfə əlaqə saxlayıb nağd şəkildə qızıl ziynət əşyaları almışdır. Xətai rayonu ərazində yerləşən "xxxx" ASC-də işləyən Təqsirləndirilən şəxs ilə bir neçə dəfə ticarət münasibətləri olmuşdur. 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs işlədiyi ASC-yə yaxınlaşaraq pul lazım olduğundan 9.000 manat dəyərində olan qızıl-ziynət əşyalarını girov qoyub aylıq 600 manat ödəmək şərtilə 3.000 manat pul götürmüşdür. Lakin aylıq pulu ödəyə bilməmiş və Aşur pulu ödəyə bilmədiyi üçün girov qoyduğu qızılların batacağını bildirmişdir. Bundan sonra Aşurdan xahiş edib demişdir ki, “Pitimat adlı qadın tanışım var, həmin qadın qızılziynət əşyalarının satışı ilə məşğuldur, ona müştəri olaraq gətirib qızılları satmasına şərait yaradaram, ancaq girov qoyduğum qızılları satma mən hissə-hissə ödəyib pulunu verərəm”. Aşur təklifi ilə razılaşıb Pitimat adlı qadının qızıl satışı ilə məşğul olduğunu eşidib daimi olaraq bir müştəri kimi təqdim etdiyi halda qızıllarının çıxarılmasında köməklik edəcəyinə vəd vermişdir. Bundan sonra Pitimatla əlaqə saxlayıb xahiş edib demişdir ki, Aşura daimi olaraq nisbətən ucüz qiymətə qızıl satsın və sonuncu da qızıllarını çıxartmağa köməklik etsin. Bir müddət sonra onlar Aşurun işlədiyi ASC-yə gəlmiş və orada Pitimat üzərində olan 2.400 manat dəyərində qızıl ziynət əşyalarını Aşura nağd şəkildə satmışdır. Aşur Pitimata əlavə qızıl almaq istədiyini bildirmişdir. Aşurun sözündən sonra Pitimat əlavə qızıl ziynət əşyalarını götürüb Aşura satmaq məqsədilə evinə getmişdir. Həmin vaxt işi olduğundan Pitimata Nizami rayonu ərazisinə gedib-gələcəyini bildirmişdir. Həmin günü Pitimatla əlaqə saxladıqda artıq Aşurun yanında olduğunu və qızılları Aşura satmasını deyərək qızılların məbləğini hesabladıqlarını bildirmişdir. Dərhal Aşurun yanına gəlmiş və artıq görmüşdür ki, Pitimat qızılları Aşura satmış və sonuncu Pitimata aldığı qızılların pulunu kartdan çıxartmaq məqsədilə yaxınlıqda olan bankomata getməyini demişdir. Aşur məntəqənin qapısını bağlamış və Pitimatla birlikdə Aşuru gözləməyə başlamışlar. Aralarında olan söhbət zamanı Pitimat Aşura satmış olduğu qızılların pulunu aldıqdan sonra qismən pul verəcəyini söyləyərək borcunun ödənilməsinə köməklik göstərəcəyini demişdir. Lakin bir neçə saat keçməsinə baxmayaraq Aşur gəlməmiş və mobil telefon vasitəsilə Pitimatdan aldığı qızıl-ziynət əşyalarının pulunu ona olan borcuna çıxmasını demişdir. Pitimat isə Aşura dediklərinin ona heç bir aidiyyəti olmadığını, eyni zamanda aralarında hər hansı bir alqı-satqı olduğa halda özlərinə aidiyyatı olduğunu bildirmişdir. Dəfələrlə Aşurun yanına gedərək Pitimatın yanında pis vəziyyətdə qoymamasını, müştəri olaraq onun vasitəsilə tanış olmasını deməyinə baxmayaraq Aşur yenidən pulu verməyəcəyini bildirib cavab olaraq Pitimatdan ilkin olaraq qızıl ziynət əşyalarını almasını inandırmaq məqsədilə aldığını, lakin sonradan Pitimatın gətirdiyi qızılları ələ keçirmək niyyətində olduğunu demişdir. Bundan sonra artıq məlum olmuşdur ki, Aşurun niyyəti Pitimatı aldatmaq olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs ilə təşkilat arasında heç bir alqı-satqı, kredit və ya hər hansı əlaqə olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 30827 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət işi üzrə dəymiş ziyanın 25 %-ni, yəni 1250.00 (min iki yüz əlli) manat dövlət büdcəsinə ödənilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 24 noyabr 2022-ci il tarixdə "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 adlı iki azyaşlı uşağı var. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətinin üsulu kimi aldatma və etibardan sui-istifadədən istifadə etmiş, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək zərərçəkmiş şəxsin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs dələduzluq cinayətinin törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanın ümumi məbləği 5000 (beş min) manat olmuşdur. Təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Bundan başqa vurduğu ziyanın iyirmi beş faizi miqdarını 1250.00 (min iki yüz əlli) manatı dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin aşağıda sadalanan müddəalarına görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar