Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-146/2024 13.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X8 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X12 ona aid olan şəxsi fotoşəkilləri gizlin əldə edən, özündə saxlayan, ona əgər şikayətdən geri çəkilməsə bu şəkilləri yayaram və rüsvay olacaqsan deyib hədələyən və nəticədə hədəsinə əhəmiyyət vermədiyini görüb icazəsi olmadan həmin şəkilləri çoxaldaraq bir neçə nəfərə paylayan şəxsin, yəni xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 70, mənzil 172-də yaşayan X9 AR CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 həyat yoldaşı X2 törətdiyi cinayəti, yəni (10 yaşlı yetim olan bacısı qızına qarşı əxlaqsız hərəkətlərini və təcavüzünü) ört-basdır etmək üçün vəkilliyini öhtəsinə götürmüşdür. X17 müdafiə etdiyi üçün və işi qazanmaq üçün hər bir hiyləyə əl atmışdır. İlk öncə vəzifəsindən sui-istifadə edərək ona aid fotoşəkilləri gizlin əldə edərək, fotomontaj edərək seksual xarakterli formaya salmışdır. Şikayətdən geri çəkilsin deyə həmin fotoları yaymaqla onu hədələmişdir. Həmin şəkilləri ilk öncə xx.xx.2022-ci il tarixdə 35-ci Polis Bölməsinin polis mayoru İlahi Heydərova təqdim etmişdir. İlahi Heydərov həmin şəkillərin bu işlə heç bir əlaqəsi olmadığını bildirsə də İbrahimov Azər təkidlə şəkilləri İlahi Heydərova təqdim etmiş və tələb etmişdir ki, Nazlı xanıma deyin şikayətindən geri çəkilsin. Yoxsa şəkilləri hər yerə yayar. Təbii ki, o, geri çəkilməmişdir. Nəticədə həmin fotoşəkilləri disk formasında çoxaldaraq Xətai rayon prokurorluğunun işçilərinə, Xətai RPİ-nin 34-cü və 35-ci Polis Bölməsinin işçilərinə, Xətai Rayon Baş Polis İdarəsinin İstintaq Şöbəsində çalışan Həsənbəy Şərifova təqdim etmişdir. Tələb edirə ki, İlahi Heydərovun, Həsənbəy Şərifovun bu işlə bağlı digər məhkəmədə verdiyi şahid ifadələri nəzərə alınsın və yaxud həmin şəxslər yenidən şahid qismində məhkəməyə dəvət edilsinlər. Bu biyabırçı şəkillərə görə onun şərəf və ləyaqəti tapdalanmışdır. Azər İbrahimovun dövlət orqanlarına yaydığı şəkillərə görə bütün dövlət qurumları onun şikayətinə baxmır və ona əxlaqsız qadın kimi yanaşırlar. Bildirməlidir ki, hal-hazırda bu şəkillər onun ailəsinə, yaxından və uzaqdan tanıdığı insanlara göstərilib və təqdim olunub. Buna görə o, psixoloji sarsıntı keçirmiş və psixoloq yanında günlərlə konsultasiyalarda olmuşdur. İbrahimov Azər bu şəkillərlə onu elaləmə əxlaqsız qadın kimi tanıtmışdır və onu ölüm həddinə çatdırmışdır. İlk öncə o, elə zənn etmişdir ki, bu şəkilləri yayan onun keşmiş həyat yoldaşı X5, onun anası X1, atası X7 və qardaşı X4r. Ancaq, xüsusi ittiham qaydasında Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə baxışda olan məhkəmə prosesində məlum olmuşdur ki, onlara bu şəkilləri yaymaqda kömək olan 1 nömrəli insan Nurlanın müdafiəçisi vəkil İbrahimov Azərdir. Məhkəmədə şahid qismində ifadə verən Həsənbəy Şərifovun, İlahi Heydərovun sözlərindən də bəlli olur ki, İbrahimov Azər də bu şəkilləri yayan ilk şəxslərdən biridir. Müdafiəsini etdiyi X2 da İfadəsindən açıq-aşkar görünür ki, bu şəkilləri yaymaqda səbəbkar olan şəxslərdən biri də İbrahimov Azərdir. Nurlan özü deyir ki, sən şikayət etdiyin üçün və geri çəkilmədiyin üçün vəkil belə bir oyun oynamışdır. Əsas məqsəd də o idi ki, sən biyabır olaraq canıva qəsd edəsən. Nəzərə çatdırmalıdır ki, o, orta məktəbdə müəlimə vəzifəsində işləyir. Təsəvvür edin İbrahimov Azər ona necə zərbə vurub. Şikayətdən geri çəkilmədiyi üçün onu gecə-gündüz hədələmişdir. Əgər geri çəkilməsə, həmin fotoşəkilləri çalışdığı məktəbə, Təhsil Nazirliyinə, Mehriban xanıma kimi göndərəcəyini bildirmişdir. Məhərrəmov Nurlanın törətdiyi cinayəti vəkili X20 rayon prokurorluğunda adam taparaq və bacısı, bacısı qızına illərdir susmusuz deyə sizə də cinayət işi düşür deyərək onlara şikayətdən geri çəkilmələri üçün ərizə yazdıraraq cinayət işini bağlatmışdır. Lakin o, buna baxmayaraq həmin qərardan Xətai Rayon Məhkəməsinə şikayət etmişdir. Azər bundan narahat olub yenə də onu narahat etmişdir. Bundan əlavə İbrahimov Azər əlində olan imkanlardan sui-istifadə edərək Nurlanın cinayətinə aid olmayan, ona aid fotoşəkilləri rüsvayedici hala salaraq qanunsuz olaraq özündə saxlayıb və onu rüsvay etmək məqsədilə yuxarıda sadaladığı şəxslərə yaymışdır. Bu əməli ilə vəkil peşəsinə ləkə gətirmişdir. Onun ailəsi, qohumları və dövlət orqanları qarşısında şərəf və ləyaqətini alçatmış və ona mənəvi sarsıntı vurmuşdur. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X13 tərəfindən onun şəkillərinin pornoqrafiq xarakterli formaya salınması və yayması ilə özünü mənəvi cəhətdən təhqir edilmiş sayır. Belə ki, İbrahimov Azərin bu hərəkəti onun nüfuzuna xələl vuraraq cəmiyyət içərisində hörmətdən salmışdır. Bu səbəbdən İbrahimov Azərin AR CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün əsasların olduğunu hesab edir. Beləliklə o, X9 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 və müdafiəçisi X16 hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, X8 şərəf və ləyaqətinin məhz X13 tərəfindən alçaldılmasına dair heç bir mötəbər sübut iş materiallarına əlavə olunmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, X12 şikayətində X9 ona məxsus fotoşəkilləri pornoqrafik formaya salaraq yaymaqla onu mənəvi cəhətdən təhqir etməsini, həmin fotoşəkilləri disk formasında çoxaldaraq Xətai rayon prokurorluğunun işçilərinə, Xətai RPİnin 34-cü və 35-ci Polis Bölməsinin işçilərinə, Xətai Rayon Baş Polis İdarəsinin İstintaq Şöbəsində çalışan Həsənbəy Şərifova təqdim etməsini qeyd etsə də, X13 tərəfindən həmin şəkillərin nə vaxt hansı şəraitdə yayılmasını qeyd etməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Bundan başqa xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 tərəfindən şikayətdə cinayətin törədilmə hallarının konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə) təsdiq olunması barədə məlumatlar tam olaraq qeyd olunmamışdır. Belə ki, Nazlı Quliyeva ona məxsus fotoşəkillərin polis əməkdaşı İlahi Heydərova və müstəntiq Həsənbəy Şərifova vəkil X13 tərəfindən təqdim olunmasını və həmin şəxslərin şahid qismində məhkəmə iclasına dəvət olunmalarını xahiş etsə də, həmin şəxslərin anket məlumatları şikayət ərizəsində tam olaraq öz əksini tapmamışdır. Həmçinin, şikayətçi X12 tərəfindən Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair qeyd olunmuş tələblərə riayət olunmadan məhkəməyə müraciət olunmuşdur. Belə ki, şikayət ərizəsində xüsusi ittihamçının doğulduğu il, məşğuliyyət növü, vəzifəsi və şikayətin verildiyi yer qeyd edilməli olduğu halda göstərilməmişdir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2, 293.3.4 və 293.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X12 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-146/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-146/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver