Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-147/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Göygöl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ə yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq, külli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 2.346 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib “Parlament” markalanma nişanı olan siqaret qutusunun içərisində saxlayaraq daşımış və 14 dekabr 2021-ci il tarixdə saat 17:00-da Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanılıb 34-cü PŞ-nə aparılaraq orada üzərinə videogörüntü ilə baxış keçirilən zaman, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Parlament” markalanma nişanı olan siqaret qutusunun içərisində şəffaf sellofana bükülmüş külli miqdarda, təmiz çəkisi 2.346 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan təxminən 6 ay əvvəl narkotik vasitələrin müxtəlif növlərindən istifadə etməyə başlamışdır. Narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 14.12.2021-ci il tarixdə saat 13 radələrində Nizami rayonu, Neftçilər metro stansiyasının yaxınlığında olan zaman adını və şəxsi məlumatlarını bilmədiyi şəxsdən 30 manata bir büküm narkotik vasitə olan heroin alaraq həmin narkotik vasitəni üzərində “Parlament” yazısı olan siqaret qutusunun içərisinə qoyub və həmin siqaret qutusunu əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Fikri həmin narkotik vasitəni sonradan istifadə etmək olmuşdur. Bundan sonra təxminən 17:00 radələrində Xətai rayonu, Ş.Səmədov küçəsi, ev 28 küçəsində 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Xətai rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onun üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, səmimi etiraf edərək bir neçə dəfə narkotik vasitə istifadə etdiyini bildirmiş, üzərində də bir büküm narkotik vasitə olduğunu qeyd etmişdir. Bundan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmiş, polis şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etmək təklif edildikdə o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Parlament” siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları siqaret qutusunun içərisinə baxış keçirən zaman siqaret qutusunun içərisində şəffaf sellofana bükülmüş bir ədəd büküm aşkar etmişlər. Polis əməkdaşı ondan həmin bükümdəki maddənin nə olmasını soruşduqda, həmin bükümdə narkotik vasitə olduğunu bildirmişdir. Eyni zamanda ondan həmin narkotiki haradan və kimdən almasını soruşanda, o, həmin narkotiki həmin gün Neftçilər metrostansiyasının yaxınlığında öz istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını ondan soruşanda, o, təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı rütbəsini daşıyır. Xətai rayonunda Şahin adlı şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması, gəzdirməsi və oğurluq etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə 14.12.2021-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Səmədov küçəsinə yollanmışlar. Həmin gün saat 17 radələrində onlara şifahi məlumata əsasən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən kim olduğunu soruşduqda Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin şəxsə narkotik vasitə saxlamaqda və oğurluq etməkdə şübhəli olduğunu deyərək onu Xətai rayon Polis İdarəsinnin 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə getməyə razılıq verib və birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ərazi üzrə vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Parlament” siqaret qutusunu çıxardaraq onlara vermiş, siqaret qutusunun içərisinə baxış keçiriləndə, şəffaf selofana bükülmüş bir ədəd tünd qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün Neftçilər metro stansiyasının yaxınlığından tanımadığı şəxsdən 30 manata almışdır. Sonra onun üzərində aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkilmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs üzəri axtarılsa da qanunla qadağan edilmiş heç nə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş və imzalarla təsdiqlənmişdir.Polis şöbəsində təqsirləndirilən şəxsə qarşı heç bir zor tətbiq olunmamışdır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir (i.v.158-160); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılmışdır (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 14 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 19); şəxsi axtarış və götürmə aparılması haqqında 14 dekabr 2021-ci il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Parlament” markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf selofana bükülmüş bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddəni çıxardaraq masanın üzərinə qoymuşdur. Göy rəngli cins şalvarın sağ yan cibindən “Parlament” markalı siqaretin içərisindən şəffaf selofana bükülmüş 01 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD-R disk protokola əlavə edilmişdir (i.v. 31-32); məhkəmə-kimyəvi ekspertizasının 15 dekabr 2021-ci il tarixli, 6/5500 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs(imza)” yazısı və imzalar olan zərfdəki üzərində “Parlament” yazısı olan siqaret qutuda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2.346 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Arəzbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir (i.v.39-43); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16.12.2021-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.66-67); diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd şəffaf sellofanda ümumilikdə təmiz çəkisi 2.346 qram çəkidə narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (i.v.85-86); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 14.12.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (i.v.98-103); Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və Gəncə şəhər Nizami rayon məhkəməsinin 05.12.2020-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 19.11.2009-cu il tarixli hökmünə əsasən CM-nin 29, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Göygöl Rayon Məhkəməsinin 10.07.2009-cu il tarixli hökmü ilə birləşdirilərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 03 il şərti sınaq müddəti təyin edilmişdir. Bundan başqa Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 04.11.2011-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 11 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə 03 il şərti sınaq müddəti təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 22.12.2011-ci il tarixli qərarı ilə hökm ləğv edilərək cinayət işi birinci instansiya məhkəməsinə ilkin məhkəmə baxışına qaytarılmışdır. Göygöl rayon məhkəməsinin 24.01.2013-cü il tarixli hökmü ilə CM-nin 128, 67.1 və 71.4cü maddələrinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.05.2013-cü il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 24.01.2013-cü il tarixli hökm dəyişdirilərək 04 il 03 ay 19 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24.05.2013-cü il tarixli hökmü ilə CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 06 il 11 ay 02 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 27.12.2017-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə əməli CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilərək həbsdən azad edilmişdir. Göygöl Rayon Məhkəməsinin 08.01.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CMnin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 02 il 09 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 22.04.2021-ci il tarixli qərarına əsasən 05.11.2020-ci il tarixli hökmü dəyişdirilərək qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 26.07.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə 03 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuş, 29.10.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır (i.v.145-147, 149-157); məhkəmə-narkoloji ekspertizanın 12.01.2022-ci il tarixli, 161 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.165-166); sübutların qiymətləndirilməsi haqqında 16.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 2.346 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 2.246 qram çəkidə narkotik vasitə heroin saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 1 ədəd “DVD-R” fomatlı disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.181-193); Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Parlament” markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf selofana bükülmüş bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddəni çıxarıb təqdim edir və həmin narkotik maddəni həmin gün Neftçilər metrostansiyasının yaxınlığında öz istifadəsi üçün 30 manata aldığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 2.346 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan yuxarıda sadalanan əvvəlki hökmlər üzrə məhkumluqları ödənilsə də, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CMnin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulan yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları (müəyyən olunmayıb) və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalı (CM-65.2), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzasının başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş ilkin təmiz çəkisi 2.346 qram olan, tədqiqatdan sonra qalıq qalmış 2.246 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “DVD-R” fomatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş ilkin təmiz çəkisi 2.346 qram olan, tədqiqatdan sonra qalıq qalmış 2.246 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “DVD-R” fomatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-147/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-147/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver