Məhkəmə qərarları › İş №1(011)-148/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-148/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-148/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxxx 1969-cu ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 08 noyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində “BC” kateqoriyalı, AE 804288 nömrəli sürücülük vəsiqəsi əsasında, texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi “Renault Megane” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu ilə şəhər mərkəzi istiqamətində saatda təxminən 40 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 42-ci maddəsinin 6-cı hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən, manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda və dairəvi hərəkət təşkil edilmiş yolayrıcına dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə müvafiq kənar vəziyyəti tutmalı olduğu, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin qaydaların tələblərini pozaraq, idarə etdiyi avtomobil ilə yolun soldan 3-cü hərəkət zolağından sola dönmə əməliyyatı edərkən, avtomobilin sol arxa təkər hissəsi onunla eyni istiqamətdə, ondan arxada yolun 2-ci hərəkət zolağı ilə 40 km/saat sürətlə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Honda Haojue HJ 150-9” markalı, 10B506 dövlət qeydiyyat nişanlı motosikletin qabaq hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol mil bilək oynağının çıxığı, sol mil sümüyünün aşağı 1/3-nin qapalı sınığı, sol said nahiyyəsində qançır və sol diz oynağı nahiyyəsində əzilmiş səthi yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ailəsi ilə birlikdə Saatlı şəhərində yaşayır. “Renault Meqane” markalı avtomobili etibarnamə əsasında idarə edir. 08 noyabr 2021-ci il tarixdə, saat təxminən 00:30 radələrində idarə etdiyi avtomobillə Xətai rayonu, Gəncə prospektindən İ zolaqda hərəkətdə olub, Zığ yolu küçəsi ilə kəsişməyə çatdıqda, yenidən soldan İ hərəkət zolağına daxil olmuş və təxminən 20 metr hərəkətdə olub, sola dönmə əməliyyatı edən zaman, arxadan əyləc səsinin gəlməsini eşitmiş və avtomobili yolun kənarında saxlamışdır. Bu zaman yerdə motosikletin olmasını və motosiklet sürücüsünün ona yaxınlaşdığını görmüşdür. Motosikletin sürücüsü ona ehtiyatlı olmasını, səhv döndüyü üçün avtoqəza törətdiyini və onun sola dönmə əməliyyatı edən zaman, motosikletin onun idarə etdiyi avtomobilin arxa təkər hissəsi ilə toqquşduğunu bildirmişdir. O isə, motosikletin sürücüsünə öz yolunda hərəkət edib, sola döndüyünü demişdir. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, ailəsi ilə birlikdə Xətai rayonu, M.Hadi küçəsində yerləşən yaşayış sahəsində kirayədə yaşayır. “Honda Haojue HJ 150-9” markalı, 10B506 dövlət qeydiyyat nişanlı motosiklet qohumu Şahid3 məxsusdur. Həmin motosikleti idarə edə bilməsi üçün etibarnaməsi olmamışdır. 08 noyabr 2021-ci il tarixdə qohumu Rzadan motosikleti götürmüş və benzin vurub, yenidən özünə qaytarmaq üçün, yaxınlıqda olan yanacaq doldurma məntəqəsinə yola düşmüşdür. Saat təxminən 00:30 radələrində idarə etdiyi motosiklet ilə Xətai rayonu, Zığ dairəsindən Zığ yolu küçəsi ilə şəhər mərkəzi istiqamətində soldan İİ hərəkət zolağı ilə saatda 40 km sürətlə hərəkətdə olan zaman, soldan İİİ hərəkət zolağı ilə hərəkətdə olan və sola dönmə əməliyyatı edən “Renault Megane” markalı avtomobil sol yan hissədən anidən onun qarşısına keçmiş və həmin vaxt onun idarə etdiyi motosikletin qabaq hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı yıxıldığı üçün, sol qolundan xəsarət almışdır. Sonradan ona məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsini törədən Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. Hadisədən sonra həmin şəxs onunla maraqlanmamış və ona heç bir maddi yardım göstərməmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “Honda Haojue HJ 150-9” markalı, 10B506 dövlət qeydiyyat nişanlı motosiklet ona məxsusdur. 08 noyabr 2021-ci il tarixdə valideynlərinin yaşadığı Xətai rayonu, P.Həşimov küçəsində olan zaman, qohumu Zərərçəkmiş şəxs da onunla birlikdə imiş. O, həmin gün spirtli içki qəbul etdiyinə görə, benzin vurması üçün motosikleti Yusifə vermişdir. Təxminən saat 00:30 radələrində Yusif ona zəng edərək, motosikleti idarə edən zaman, yol-nəqliyyat hadisəsinin baş verdiyini və hazırda Zığ dairəsindən şəhər mərkəzi istiqamətində olmasını bildirmişdir. O, dərhal hadisə baş verən yerə getmiş və ona məxsus olan motosikletin yolun ortasında - sol tərəfdən İİ zolaqda yerdə əzilmiş vəziyyətdə olduğunu, həmçinin Yusifin xəsarət aldığını görmüşdür. Həmin zaman hadisəni törədən “Renault Megane” markalı avtomobilin sürücüsünə yaxınlaşmış və ondan nəyə görə kənarda dayanmasını soruşmüşdur. Həmin şəxs isə müxtəlif bəhanələr gətirərək, hadisə ilə bağlı onun günahının olmadığını bildirmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım işçiləri gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı vəzifəsində işləyir. 08 noyabr 2021-ci il tarixdə əməliyyat qrupunda növbədə olan zaman, daxil olmuş məlumat əsasında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı hadisə yeri olan Bakı şəhəri, Xətai rayonu, Zığ şossesinə hadisə yerinə getmişdir. Hadisə yeri Zığ şossesindən şəhər mərkəzi istiqamətində İİ zolaq imiş, hadisə yerində motosiklet yerdə, “Renault Megane” markalı avtomobil isə döngədə dayanmış vəziyyətdə idi. Həmin vaxt o, hadisə yerinin müayinəsini etmiş, hadisə yerinin fotoşəkilləri çəkmişdir. O, hadisə yerini müayinə edən zaman, motosikletin sürücüsü Zərərçəkmiş şəxs ona İİ zolaqda hərəkət etdiyini, həmin zaman İİİ zolaqda hərəkət edən “Renault Megane” markalı avtomobilin anidən onun yoluna keçdiyini və bunun nəticəsində yol- nəqliyyat hadisəsinin baş verdiyini bildirmişdir. Həmçinin, “Renault Megane” markalı avtomobilin sürücü Təqsirləndirilən şəxs da hadisə yerində olan zaman, oxşar məzmunlu məlumat vermişdir. Bundan sonra tərəfindən protokol tərtib edilmiş, araşdırma aparmaq məqsədi ilə tərəflərin izahatı alınmışdır. Hər iki tərəf də, hadisə yerində olan zaman vermiş olduqları məlumata uyğun izahat vermişlər. İş üzrə Şahid2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 göstərmişdir ki, “Renault Megane” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Təqsirləndirilən şəxs əvvəldən tanıdığına görə, ona həmin avtomobili idarə edə bilməsi üçün 07 noyabr 2021-ci il tarixdə etibarnamə vermişdir. 08 noyabr 2021-ci il tarixdə, təxminən saat 01 radələrində Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq, yol-nəqliyyat hadisəsi barədə məlumat vermiş, lakin hadisənin necə baş verməsini dəqiq bilmədiyini söyləyərək, avtomobilə ziyan vurulmadığını, özünün də heç bir xəsarət almadığını bildirmişdir. Sonradan avtomobilə baxan zaman, avtomobilin hər hansı bir hissəsində əziyin olmadığını aşkar etmişdir. Hadisə barədə Təqsirləndirilən şəxs soruşduqda, sonuncu hadisə ilə bağlı dəqiq məlumat verə bilməmiş, motosikletin ona məxsus avtomobilin təkərinə dəydiyini ehtimal etmişdir. Ona görə də, baş vermiş hadisə ilə əlaqədar heç bir tələbi olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 22 noyabr 2021-ci il tarixli, 1136 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs üzərində müəyyən edilmiş xəsarətlər - sol mil-bilək oynağının çıxığı, sol mil sümüyünün aşağı 1/3-nin qapalı sınığı, sol said nahiyəsində qançır və sol diz oynağı nahiyəsində əzilmiş səthi dəri yarası küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmiş, xx.xx.2021-ci il tarixdə sürücü qismində idarə etdiyi motosikletin minik avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2021-ci il tarixli, 8/2928 nömrəli ekspert rəyində qeyd olunur ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Honda Haojue HJ 150-9” markalı, 10B506 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Zərərçəkmiş şəxs motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Renault Megane” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni zamanda, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2022-ci il tarixli, 9/915 nömrəli ekspert rəyində qeyd olunur ki, təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 2500 manat olmuş 2013-cü il buraxılışlı “Honda Haojue HJ 150-9” markalı, 10B506 dövlət qeydiyyat nişanlı motosikletin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələr nəzərə alınmaqla, təxminən 1750 manat müəyyən edilir. İş materiallarında olan İfadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, cinayət işi üzrə istintaqın gedişində Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmışdır. Həmin zaman Təqsirləndirilən şəxs yolun hərəkət hissəsinin birinci zolağını göstərərək bildirmişdir ki, 08 noyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində həmin istiqamətdə hərəkətdə olmuş, bu zaman sola dönmə əməliyyatı aparmış, anidən əyləc səsini eşitdiyi üçün avtomobili yolun kənarında saxlamış, yerdə motosiklet olmuş, həmin motosiklet onun avtomobilinin arxa təkərinə dəydiyi üçün yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs AE seriyalı 804288 nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsi verilmiş və onun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi ilə bağlı məlumat yoxdur. İş materiallarında olan 08 noyabr 2021-ci il tarixli, 2/16222 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, onda alkoqolun qəbulu əlamətləri yoxdur. İş materiallarında olan Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsi ilə, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə, inzibati məsuliyyətə cəlb edilməsi, həmçinin, Şahid3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsi ilə, yəni nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, 17 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 13 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 05 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 480 saat ictimai işlər cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 17 sentyabr 2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək, cəzası 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyul 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 3 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Saatlı rayonunun ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar