Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-149/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu Nobel prospekti ev 80, mənzil 6-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ‘"Koroğlu” metrostansiyasının yaxınlığından üzdən tanıdığı şəxsdən satış məqsədi olmadan 30 manat müqabilində şəxsi islehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 14 yanvar 2022-ci il tarixdə saat 18.15-də Bakı şəhəri Xətai rayonu Telnov küçəsi 80 saylı ünvanın yaxınlığında olan zaman Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Xətai RPİ-nin 37-ci PB-nin inzibati binasına gətirilib xidməti otaqların birində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibindən siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 1.121 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, iki ilə yaxındır ki, narkotik vasitə heroindən istifadə edir. 14.01.2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xətai rayonu 8 Noyabr prospekti 80 ünvanının qarşısında axşam vaxtı saat təqribən 17.30 radələrində küçədə gəzən vaxtı iki nələr mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını təqdim edərək narkotik vasitənin istifadəsində ondan şübhələndikləri üçün onlarla birgə Xətai rayon 37-ci Polis Şöbəsinə getməyini bildirmişlər. Bundan sonra polis əməkdaşları ilə birgə 37-ci polis şöbəsinə getmiş, polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilməklə üzərinə ona təqdim edilmiş vəkilin iştirakı və video çəkilişlə şəxsi axtarış və götürmə aparılması ətraflı izah edildikdən sonra üzərində olan qeyri-qanuni və digər əşyaları masanın üzərinə qoymağ təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki qara rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızında bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddəni təqdim etmişdir. Həmin maddənin heroin olmasını onlara bildirmişdir. Həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda 13.01.2022-ci il tarixdə saat 14.00 radələrində “Koroğlu metrostansiyasının qarşısında üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar protokolu imzalamışlar. Daha sonra təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, səmimi etirafını, anasının xəstə olmasını və ilk məhkumluğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, onları istifadə etməsi, daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında şöbənin sahə inspektoru Şahid2lə birgə əməliyyat qrupu yaradılaraq tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 14.01.2022-ci il tarixdə saat 18:15 radələrində ünvan 5 ünvanın qarşısında zahiri əlamətlərinə görə ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vətəndaşı şübhəli şəxs kimi Xətai RPİ-nin 37-ci PŞ-yə dəvət etmişlər. Polis Şöbəsində olan zaman müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızında sellafona bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddəni təqdim etmişdir. Həmin bir ədəd selofonun içərisində nə olması soruşulduqda həmin bükümdəki kütlənin narkotik maddə olan “heroin" olmasını bildirmişdir. Narkotik maddəni nə vaxt və haradan almağı soruşulduqda bildirdi ki, 13.01.2022-ci il tarixdə saat 14.00 radələrində “Koroğlu" metrostansiyasının qarşısında üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata almışdır. Bundan sonra aşkar edilmiş maddə bir ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar protokolu imzalamışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq şahid Şahid2 ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi məhkəmə iclasında dindirilən Şahid1 ifadəsinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan 14 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın şalvarın qabaq sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızında selafona bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Axtarış Panasonic markalı videokamera vasitəsi ilə çəkilmiş və bir ədəd diskə köçürülərək iş materiallarına sübut kimi əlavə edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 yanvar 2022-ci il tarixli, 6/268 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində: "Təqsirləndirilən şəxs (imza)... ” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1.121 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik maddə heroindir (Tədqiqatdan sonra qalıq 1.071 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X1 Şəxsinin 19.02.2022-ci il tarixli 812 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) büküm şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1.121 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk iş üzrə maddi sübut qismində tanınmış, cinayət işinin istintaq materialları ilə tanış etmə mərhələsindən sonra, ekspertiza tədqiqatından sonra qalıq qalmış xalis çəkisi 1.071 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmiş, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk isə iş materiallarına əlavə əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokurorunun 16 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlandığı MSY-dən azad edilmişdir. İş materiallarında olan 16.01.2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24.01.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, ilk məhkumluğunu yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halın mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, ilk dəfə cinayət törətməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutlar anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.071 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.071 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-149/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-149/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver