Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-15/2022 24.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 (bir) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla, 1 (bir) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətinə islah işləri cəzası saxlanılmış, cəzasını çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla, xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs sərtləşdirilmiş karantin rejimi dövründə, sərbəst hərəkət etmələri üçün, qanunvericiliklə müəyyən edilmiş qaydalardan kənar şəkildə, ayrı-ayrı şəxslərə elektron icazələrin təşkil edilməsi barədə tanışları X7 və X8 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, karantin rejimi dövründə sərbəst hərəkət etmələrinə imkan yaradılmasından ötrü bilavasitə özünə, həmçinin, Babək Məmmədov və Əli Hüseynovun vasitəsi ilə müraciət edən Şahid1, Şahid2, X6, X3, Şahid3 və qeyrilərini elektron imza şifrələrini əldə etdiyi "xxxx" və "xxxx" MMC şirkətlərində müxtəlif vəzifələrdə çalışan əməkdaşlar kimi “icazə.e-gov.az” icazə portalında pul müqabilində qeydiyyatdan keçirməklə, həmin şəxslərə elektron icazələrin qanunsuz verilməsinə nail olmuş, bununla da, "xxxx" MMC üzrə 537, "xxxx" MMC üzrə isə 437 nəfər şəxsi guya həmin şirkətlərin əməkdaşı kimi 14 dekabr 2020-ci il tarixdən 29 dekabr 2020-ci il tarixədək olan müddət ərzində qeydiyyatdan keçirib, elektron icazələr verməklə, «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli, 488 nömrəli Qərarına əsasən, 14 dekabr 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək ölkə ərazisində hərəkət məhdudiyyəti tətbiq edilməsi ilə bağlı xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək, epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini qəsdən pozmaqla, koronavirus (COVİD-19) pandemiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 2018-ci ildə "xxxx", 2020-ci ildə "xxxx" MMC-lər təsis edilmişdir. Həmin MMC-lərdən "xxxx" Fərid Mirzəxanov, "xxxx" MMC Sarvan Nuğayev adlı tanışının adına dövlət qeydiyyatına alınmışdır. Qeyri-rəsmi olaraq hər iki şirkətin işlərini o, idarə etmişdir. Təsisçilərin heç birinin şirkətlərin fəaliyyətlərində iştirakları, əldə olunan gəlirdə maddi maraqları olmamışdır. "xxxx" portalında özünü qeydiyyatdan keçirmişdir ki, karantin dövründə sərbəst hərəkət edə bilsin. Şirkətlərin qeydiyyatla bağlı asan imza parollarını təsisçilərdən almış və elektron qaydada müəyyən əməliyyatları həmin asan imza parollarından istifadə etməklə, özü həyata keçirmişdir. Belə ki, şirkətin asan imza şifrəsi ilə "xxxx" portalına daxil olub, ayrı-ayrı şəxslərə elektron icazə verilməsi ilə bağlı əməliyyatları həyata keçirmişdir. Sonuncu dəfə Nazirlər Kabinetinin Qərarı ilə 14 dekabr 2020-ci il tarixdən sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğuna görə, ona müraciət edən ayrı-ayrı şəxslərə onların barəsində olan məlumatları "xxxx" portalına daxil edib, həmin şəxsi şirkətin əməkdaşı kimi qeydiyyata aldırırmış. İcazələr təşkil etdiyi şəxslərin bəzilərindən pul almış, bəziləri isə tanışı olduğuna görə, icazələrə görə onlardan pul almamışdır. Müraciət edən şəxsləri "xxxx" və "xxxx" MMC şirkətləri üzərinə müxtəlif vəzifələrdə çalışan şəxslər kimi qeydiyyata alırmış. Ona müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin fotoşəkli «Whatsapp» proqramı vasitəsi ilə ona təqdim olunurdu. O, vaxtilə Xətai rayonunda kirayədə yaşadığı evdə kompüter vasitəsi ilə "xxxx" saytına internet xidmətindən istifadə etməklə daxil olurmuş. Şirkətin şifrəsini icazə portalına daxil etdikdən sonra, həmin şəxsin anket məlumatlarını portalda elektron qaydada doldururmuş. Bundan sonra, vəzifə qrafasına guya şirkətdə sürücü, menecer və yaxud da digər bir vəzifədə çalışması barədə məlumatı daxil edirmiş. Bundan sonra, sistem avtomatik olaraq həmin şəxsi şirkətin işçisi kimi yaddaşa qəbul edirmiş və yoxlamalar zamanı, həmin şəxs şirkətin işçisi kimi sistemdə görsənirmiş. Ona müraciət edən şəxslərdən əlavə, tanışları Əli Hüseynov və sürücüsü Babək də ayrı-ayrı müştərilər tapırmışlar. Lakin, o, hesab edir ki, onun hərəkətləri nəticəsində sanitariya-gigiyena və karantin rejimlərinin pozulmaqla, xəstəliklərin yayılması üçün real təhlükə yaradılmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyır. Belə ki, Bayram ona məxsus avtomobil icarəsi şirkətindən tez-tez avtomobil icarəyə götürürdü. Mütəmadi olaraq müştərisi olduğuna görə, aralarında ünsiyyət və tanışlıq yaranmışdır. 2020-ci ilin dekabr ayında, Bayram tətbiq olunmuş karantin dövründə sərbəst hərəkətinə icazə verilməsi üçün, müvafiq icazənin təşkil edə biləcəyini bildirmişdir. İcazənin necə və hansı şəkildə təşkil edəcəyi ilə bağlı maraqlanmamışdır. O, sənədinin fotoşəklini göndərdikdən sonra, Bayram demişdir ki, artıq onun barəsində icazə portalı sistemində müvafiq qeydiyyat var və ölkə üzrə sərbəst hərəkət edə bilər. Bunun müqabilində o, Bayrama hər hansı bir məbləğdə pul verməmişdir. Sonradan başa düşmüşdür ki, Bayram ona icazəni qeyri-qanuni şəkildə vermişdir. İş üzrə şahid X5 məhkəməyə müraciət edərək, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirib, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1ci maddəsinə əsasən, qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid X5 bildirmişdir ki, idarə etdiyi avtomaşınla Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. 2020-ci ilin dekabr ayında ölkədə pandemiya ilə əlaqədar sərt karantin rejimi tətbiq olunduğuna görə, taksi fəaliyyyəti göstərməkdə, pul qazanıb ailəsini dolandırmaqda çətinlik çəkmişdir. Tanış taksi sürücülərindən eşitmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs 100 manat müqabilində tam qanuni şəkildə elektron icazələr düzəldir. Taksi sürücüsü olan tanışlarından biri ona Bayramın «Whatsapp» proqramında istifadə etdiyi mobil telefon nömrəsini vermişdir. Telefon danışığı zamanı, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, ona və avtomobilin hərəkətinə icazə verilməsi üçün "xxxx"a aid olan bank kartının hesabına 100 manat köçürməli idi. Bundan əlavə Bayramın tapşırığına əsasən şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkib, «Whatsapp» proqramı vasitəsi ilə göndərmişdir. 14 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona və idarə etdiyi nəqliyyat vasitəsinə icazə verilməsi ilə bağlı icazənin hazır olmasını bildirmişdir. Bundan sonra, 100 manat pulu ödəmə terminalı vasitəsi ilə Bayramın bank kartına göndərmişdir. Təqsirləndirilən şəxs icazə sənədinin qanuni olub-olmadığını soruşduqda, onu tam əmin etmişdir ki, icazəni tam qanuni şəkildə verir, heç nədən narahat olmasın. İcazədən istifadə etməmişdən əvvəl, icazənin qanuniliyinə əmin olmaq üçün küçədə xidmət aparan polis əməkdaşına yaxınlaşmış və xahişi əsasında planşet vasitəsi ilə yoxlama zamanı məlum olmuşdur ki, ona verilən icazə həqiqidir, yəni icazə sistemində onun sərbəst hərəkətinə icazə verilmişdir. Bundan sonra bir daha əmin olmuşdur ki, Bayramın ona düzəltdiyi icazə qanunidir. Sonradan məlum olmuşdur ki, Bayramın hərəkətləri və onun verdiyi icazə qanunsuzdur. Təqsirləndirilən şəxs barəsində cinayət işi başlandıqdan sonra, ona verilən həmin icazə də ləğv olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş 1(011)-153/2022 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X7 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanımışdır. O, Bayramın sürücüsü kimi işləmiş və aralarında normal münasibətləri olmuşdur. "xxxx" şirkətində müvafiq portalda Bayramın köməkliyi ilə elektron icazə əldə etmiş və karantin dövründə həmin elektron icazə ilə sərbəst hərəkət etmişdir. «Whatsapp» proqramında qeydiyyatdan keçməklə, Təqsirləndirilən şəxsla telefon danışıqları aparmışdır. Həmin danışıqlar zamanı, Bayram ona müxtəlif icazə sənədləri yollayırmış, həmçinin tanımadığı şəxslərə aid şəxsiyyət vəsiqələri də göndərirmiş. Həmin şəxsiyyət vəsiqələri olan şəxslərə də sonradan sərbəst hərəkət etmələri üçün icazə sənədləri verilirmiş. Bayram bir müddət sonra ona «Whatsapp» proqramı vasitəsi ilə göndərdiyi icazə sənədlərinin və şəxsiyyət vəsiqələrinin fotoşəkillərini geri göndərməsini istəyirmiş, o, da öz növbəsində həmin sənədləri geri göndərirmiş. Bayram da həmin sənədlər əsasında ayrı-ayrı şəxslərə elektron icazə sənədləri verirmiş. Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərə "xxxx" və "xxxx" şirkətləri vasitəsi ilə elektron icazələrin verdiyini bilirmiş. İcazə sənədlərinə əsasən guya həmin müraciət edən şəxslər "xxxx" və "xxxx" şirkətlərinin əməkdaşları olmuş, əslində isə həmin şəxslərin heç biri şirkətdə çalışmamış. O, bu işə görə, yəni elektron icazələrin verilməsinə görə pul qazanmamışdır. O, Bayramın vasitəsi ilə pandemiya dövründə ona müraciət edən şəxslərə elektron icazələrin təşkil etməsini etiraf edir. Bayram özü Əhmədli qəsəbəsində evdə kompüter vasitəsi ilə icazə sisteminə daxil olurmuş, o isə, sadəcə müraciət edən şəxslərin sənədlərini Bayrama göndərirmiş. Tətbiq olunmuş karantin dövründə sərbəst hərəkət etmək üçün, elektron icazələrin verilməsi müqabilində heç kimdən pul almamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş 1(011)-153/2022 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X8 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhərində kondisioner və paltaryuyan maşınlarının təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin iyun ayının əvvəllərindən tanımışdır. Belə ki, o, Bayramın Xətai rayonunda yerləşən mənzilində kondisioner təmiri ilə məşğul olmuşdur. 2020-ci ilin dekabr ayında ölkədə pandemiya ilə əlaqədar sərt karantin rejimi tətbiq olunmuş və Təqsirləndirilən şəxs ona demişdir ki, 60 manat müqabilində ona icazə düzəldə bilər. O, Bayramın "xxxx" bankına aid bank kartının hesabına ödəmə terminalı vasitəsi ilə 60 manat ödəmiş, «Whatsapp» proqramı vasitəsi ilə öz şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkib göndərmişdir. Bundan sonra Bayram «Whatsapp» proqramı vasitəsi ilə «PDF» formatında ona aid elektron icazənin fotoşəklini göndərmişdir. Bayram onu "xxxx" MMC-yə menecer vəzifəsində guya işə götürmüş və icazə portalında bu məzmunda qeydiyyat aparmışdır. O, həmin icazə ilə yoxlanış postlarından sərbəst keçmiş, heç kim problem yaratmamış və əmin olmuşdur ki, Bayramın düzəltdiyi icazə həqiqidir. Söhbət zamanı Bayram ona demişdir ki, başqa kiməsə icazə düzəltmək lazım olsa ona müraciət etsin. O da, ətraf dost-tanışlarına şifahi şəkildə bildirmişdir ki, karantin dövrü ərzində sərbəst hərəkət etmələri üçün Təqsirləndirilən şəxs vasitəsi ilə icazə təşkil edə bilərmiş. Bayramla əvvəlcədən belə razılaşmışdır ki, icazəsi alınan hər adama görə ona bank kartı vasitəsi ilə 50 manat ödəməli imiş. O, da yaxın dost-tanışlarından 50 manat, yaxın olmayan şəxslərdən isə əlavə 50 manat olmaqla, cəmi 100 manat alırmış. Belə ki, icazə almaq istəyən şəxslərin şəxsiyyət vəsiqələrinin fotoşəkillərini «Whatsapp» proqramı vasitəsi ilə Bayrama göndərirmiş, Bayram da öz növbəsində icazə sənədinin fotoşəklini «Whatsapp» vasitəsi ilə ona göndərirmiş ki, icazə alan şəxsə elektron formatda olan sənədi təqdim etsin. Pul vəsaitlərini isə bir qayda olaraq bank kartı vasitəsi ilə Təqsirləndirilən şəxs göndərirmiş. Bayram "xxxx" və "xxxx" şirkətlərinin nəznində icazə almaq üçün müraciət etmiş şəxsləri guya müxtəlif vəzifələrdə işçi kimi işə qəbul edirmiş və icazə portalında bu məzmunda qeydiyyat aparırmış. İcazə portalına şəxslər barədə məlumatları Bayram özü daxil edirmiş, yəni o, «icazə.e-gov.az» saytına daxil olmamış və məlumatları sistemə daxil etməmişdir. O, ancaq Bayramı tanımış, Babək Məmmədovu isə tanımamışdır. Təxminən 10 nəfərə karantin dövründə sərbəst hərəkət etmələri üçün Bayramın vasitəsi ilə elektron icazə təşkil etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilinin raportundan görünür ki, daxil olmuş məlumatlarda Təqsirləndirilən şəxs xüsusi karantin rejimi zamanı, polis postlarından sərbəst keçmək üçün çoxsaylı vətəndaşları müəyyən pul müqabilində “icazə.e-gov.az” portalından qeydiyyatdan keçirdiyi bildirilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs heç bir fəaliyyəti olmayan, qanunsuz maliyyə əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş şirkətlər açaraq, respublika ərazisində tətbiq olunan xüsusi karantin rejimi zamanı, polis postlarından sərbəst keçmək üçün çoxsaylı vətəndaşları həmin şirkətlərin işçiləri kimi portaldan qeydiyyatdan keçirmişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “İphone-10” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon aparatının “foto” qovluğunda çoxlu sayda müxtəlif şəxslərə aid şəxsiyyət vəsiqəsi və digər sənədlərin fotoşəkilləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin şəkillər icazə üçün müraciət edən şəxslərin sənədlərinin şəkilləridir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone-10” markalı mobil telefon aparatı cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə “icazə.e-gov.az” icazə portalına xüsusi proqram təminatı vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC üzrə 437 nəfər müxtəlif vəzifələrdə çalışan əməkdaşlar kimi (menecer, sürücü, texnik, usta, direktor müavini) qeydiyyatdan keçirilməklə, onlara sərtləşdirilmiş karantin rejimi dövründə sərbəst hərəkət üçün icazə verilmişdir. "xxxx" MMC üzrə 537 nəfər ayrı-ayrı vəzifələr üzrə «icazə.e-gov.az» icazə portalında qeydiyyatdan keçirilməklə, onlara icazələr verilmişdir. İcazələrin bəziləri fərd şəklində ayrı-ayrı şəxslərə, bəziləri isə şəxsin özü ilə yanaşı idarə etdiyi nəqliyyat vasitəsinə verilmişdir. İş materiallarında olan Bankdan əldə edilmiş məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən əldə edilmiş Təqsirləndirilən şəxs adına olan plastik kart vasitəsi ilə aparılan əməliyyatlara dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, bank kartı vasitəsi ilə həm pul köçürmə əməliyyatları, həm pul mədaxil etmə əməliyyatları, həm də kart vasitəsi ilə müxtəlif ödəniş əməliyyatları həyata keçirilmişdir. Bank tərəfindən təqdim edilmiş məlumatlar istintaq materialları ilə uyğunluq təşkil etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan məlumatlardan görünür ki, başqa bank kartlarından, həmçinin “Komtek” şirkətinə məxsus “Milliön”, “Modenis” şirkətinə məxsus “Emanat” ödəmə terminalları vasitəsi ilə Təqsirləndirilən şəxs bank hesabına 50, 60, 80, 100, 250, 300, 418, 600, 720, 995, 1410, 1900, 2385, 4020 manat məbləğlərdə pul vəsaitləri köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 01 fevral 2021-ci il tarixli ekspert rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs 14 dekabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək “Covid-19” virus infeksiyasına yoluxması ilə əlaqədar, laborator müayinənin cavabı olmadığından, həmin tarixlərdə onun qeyd olunan virusa yoluxub-yoluxmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs virusa yoluxduğu halda, sanitariya-gigiyena qaydalarını pozmaqla bədənində, paltarında və ya digər formada “Covid-19” virus infeksiyasını bir yerdən başqa yerə daşıması və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 dekabr 2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Eyni zamanda, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-6/2022 saylı, 03 avqust 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 (bir) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla, 1 (bir) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətinə islah işləri cəzası saxlanılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-6/2022 saylı, 03 avqust 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzanı çəkməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü bir uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 30 dekabr 2020ci il tarixdən 06 avqust 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddəti və 01 iyun 2022-ci il tarixdən hal-hazıradək həbsdə olduğu müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 6/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl hazırki cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus “İphone-10” markalı mobil telefon aparatı sahibinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 299 (iki yüz doxsan doqquz) gün həbsdə və ev dustaqlığında olduğu müddəti 598 (beş yüz doxsan səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 7 (yeddi) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.3.1-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-6/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla, 1 (bir) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətinə islah işləri cəzası hazırki hökmlə təyin edilmiş 7 (yeddi) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmə cəzası müstəqil icra olunsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o,dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus “İphone-10” markalı mobil telefon aparatı sahibinə qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-15/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-15/2022
24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver