Məhkəmə qərarları › İş №1(011)-15/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-15/2023

10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-15/2023 10.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxsin X2, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Ermənistan Respublikası, Krasnoselski rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət vurulmasına səbəb olmuşdur. Belə ki, o, 01 fevral 2022-ci il tarixdə saat 22:30-da “BC” kateqoriyalı, AD seriyalı 110524 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “X8” oğluna məxsus texniki cəhətdən saz vəziyyətdə olan, qara metallik rəngli “X9” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə üzü Ukrayna dairəsi istiqamətində saatda təxminən 20-25 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda, qanunun tələbinə əməl etməyərək, idarə etdiyi avtomobillə ünvan 4 ünvanında nizamlanmayan piyada keçidi ilə hərəkətdə olduğu yolu soldan sağa doğru adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin sol yan hissəsi ilə vurub, ehtiyatsızlıqdan ona sağ incik sümüyünün qapalı başaltı sınığı və həmin səviyyədə yumşaq toxumanın qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olsa da, ünvan 2a ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, əvvəllər “X9” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilli etibarnamə ilə idarə edərək taksi kimi fəaliyyət göstərmişdir. O, həmin avtomobili Sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Bizim Avto” şirkətindən götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Avtomobili etibarnamə əsasında, AD110524 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 01 fevral 2022-ci il tarixdə saat 22:30 radələrində idarə etdiyi “X9” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə üzü Ukrayna dairəsi istiqamətində saatda 20-25 km sürətlə yolun sağ tərəfdən 1-ci hərəkət zolağı ilə hərəkət etmişdir. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən piyada zolağına çatan zaman adını sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsin hərəkətdə olduğu yolun sol tərəfindən sağ tərəfinə doğru asta yerişlə hərəkət edib idarə etdiyi “X9” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə dəyərək yerə yıxıldığını görmüşdür. O, tez avtomobili saxlayıb yerə düşərək Rövşənə yaxınlaşıb kömək edərək yerdən qaldırıb avtomobilinə əyləşdirmiş və Rövşən ona heç bir xəsarət almadığını deyib onu yaşadığı ünvana aparmağını xahiş etmişdir. Buna görə də, o, idarə etdiyi avtomobillə Rövşəni yaşadığı ünvana aparmışdır. O, Rövşənin yaşadığı evdə olan zaman Rövşəni xəstəxanaya aparmağı təklif etsə də, Rövşən xəsarət almadığını bildirib xəstəxanaya getməkdən imtina etmişdir. Həmçinin mənzildə olan zaman Rövşənin paltarlarını çıxarıb sonuncunun bədəninə baxan zaman heç bir xəsarət olmadığını görmüşlər. Rövşən yerə yıxılan zaman əlində olan ərzaq məhsulları, yəni qatıq, smetan və digər məhsullar yerə dağıldığı üçün Rövənlə birlikdə mənzildən çıxaraq piyada hərəkət edərək marketə getmişlər. Marketdə həmin ərzaq məhsullarının yenisinin alaraq Rövşənlə birlikdə yenidən piyada mənzilə qayıtmışlar. Hadisə baş verən zaman avtomobili təxminən 20-25 km sürətlə idarə etmişdir. Rövşən yalan demiş, o, Rövşəni həkimə aparmağı təklif etsə də, sonuncu heç bir xəsarət almadığını bildirib həkimə getmək istəmədiyini demişdir. Səhəri gün Rövşənlə danışan zaman sonuncu bir daha ona yaxşı olduğunu deyib sadəcə onunla görüşmək istədiyini deyərək yaşadığı ünvana dəvət etmişdir. O da şəxsi işləri ilə əlaqədar olaraq başı qarışıq olduğu üçün Rövşənin yaşadığı ünvana gedə bilməmişdir.Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi olaraq usta kimi işləmişdir. 01 fevral 2022-ci il tarixdə təxminən saat 22:15-də Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi istiqamətində piyada hərəkət etmişdir. Həmin vaxt o, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən piyada zolağı ilə yolun qarşı tərəfinə asta yerişlə keçmişdir. Həmin vaxt sağ tərəfindən gələn qara rəngli “Kia” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sol ön hissəsi ilə onu vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Həmin vaxt o, sağ ayağının diz nahiyəsindən xəsarət almışdır. “Kia” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs onu yerdən qaldırıb idarə etdiyi avtomobilə qoyaraq yaşadığı evə aparmışdır. Hadisə zamanı almış olduğu ərzaq məhsulları yerə dağıldığı üçün Abbas yolda marketə daxil olaraq ona həmin ərzaq məhsullarının yenisi alaraq vermişdir. Abbasa onu həkimə aparmasını bildirsə də, sonuncu onu səhər həkimə apara biləcəyini deyib istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni ona verib çıxıb getmişdir. Həmin gün axşam onun ayağı bərk ağrımağa başlamış, o, növbəti gün Abbasın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etsə də, telefona cavab vermədiyi üçün sonuncu ilə danışa bilməmişdir. Buna görə də, Abbasın ona verdiyi ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” proqramına mesaj yazaraq polisə gedəcəyini demiş, lakin Abbas bu mesajı oxuduqdan sonra onun mobil telefonuna gedən mesajlarını və zənglərini blok etdiyi üçün sonuncu ilə əlaqə yarada bilməmişdir. Buna görə də, o, DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilyi olmamışdır. Hadisə zamanı o, sağ ayağının diz nahiyəsindən xəsarət almışdır. Hal-hazırda şikayətçidir. Ona dəymiş zərər ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 04 aprel 2022-ci il tarixli qərardan görünür ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün aidiyyatl üzrə (i.v. 1-2); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 03 fevral 2022-ci il tarixli protokoldan, sxemdən və şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verən yol asfalt beton örtüklü, düz olmuş, hadisə baş verən zaman yol quru olmuşdur. Hadisə baş verən yolun ümumi eni 18 metr olmaqla, 4 hərəkət zolağından ibarətdir, hərəkət hissələrinin eni 12 metrdir. Yol, əks istiqamətdə nəqliyyat axınını ayıran yol ayrıcından, eyni istiqamətli nəqliyyat axınlarını ayıran xətlərdən ibarətdir. (i.v. 13-17); nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2007-ci il buraxılışlı, xetçbek tipli, “KİA RİO” minik markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir (i.v. 19); xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, 90RY819 dövlət qeydiyyat nişanlı “X9” markalı avtomobil 01 il müddətinə, həmin avtomobilin mülkiyyətçisi X5 tərəfindən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün verilmişdir.(i.v 18) Təqsirləndirilən şəxs məxsus AD110524 seriya nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2024-cü il tarixə qədər qüvvədədir.(i.v 20) ; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v. 22); Azərbycn Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 129 nömrəli ekspert rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ incik sümüyünün qapalı başaltı sınığı və həmin səviyyədə yumşaq toxumanın qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (i.v. 26-27); Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş xəsarətlə əlaqədar cinayət işinin başlanmasını xahiş etmişdir.(i.v 52) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2022-ci il tarixli, 8/370 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Rio markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. ( i.v. 29-31); 06 aprel 2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Xətai RPİ-nin İŞ-nin müstəntiqi Elmin Abdullayev tərəfindən icraata götürülərək ibtidai istintaqı aparılmışdır.(i.v 32) 07 aprel 2022-ci il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir(i.v 34) 04 may 2022-ci il tarixli ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun tutularaq Xətai RPİ-nin MSY-yə təhvil verilməsi qərara alınmışdır. 04 may 2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək cinayət işinin icraatı dayandırılmışdır(i.v 61) 04 iyun 2022-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmişdir(i.v 64) 04 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan ititham ona elan edilmişdir (i.v 81) 04 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 100-101) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2022-ci il tarixli, 107-4968-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə AR DİN- BDYPİ QİŞ tərəfindən AD 110524 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum olunması barədə DİN BDYPİ MMS-də hər hansı məlumat qeydə alınmamışdır (i.v 109) Sübutların qiymətləndirilməsi haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 129 saylı və məhkəmə-yol nəqliyyat ekspertizasını xx.xx.2022-ci il tarixli, 8/370 saylı rəyləri iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilsin və istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi "Kia Rio" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınması və sahibinə qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 263-1 və 264-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilsin və Azərbaycan Respublikası Baş Prokurorunun 01 dekabr 2006-cı il tarixli 09/84 Neli "Cinayət təqibi zamanı "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında" əmrin 19-cu maddəsinin tələbinə əsasən bu barədə material ayrılıb rayon prokurorluğunun arxivində saxlanılması üçün göndərilməsi qərara alınmışdır. ( i.v. 112-118); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etməkdən yayındığı üçün iş üzrə məhkəmə iclası dayandırılmış, təqsirləndirilən şəxsin axtarışı elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 17/38-637 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışmamasını və zərər çəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-cü maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan “Kia Rio” markalı **-RY-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsi hesabına keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdən 10 fevral 2023-cü il tarixədək həbsdə olduğu 18 gün müddət azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə 01 (bir) gün hesabı ilə hesablanmaqla 18 (on səkkiz) gün ona təyin edlmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Kia Rio” markalı **-RY-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsi hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar