Məhkəmə qərarları › İş №1(011)-15/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-15/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-15/2024 25.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,320 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 08 sentyabr 2022-ci il tarixdə saat 10:30 radələrində Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2n Xətai RPİ-nin 36ci PB-nin inzibati binasına gətirilərək orada müfadiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli kağıza bükülmüş təmiz çəkisi 0.320 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixə saat 12:00-a təyin edilmiş məhkəmə hazırlıq iclasına təkrarən gəlməmişdir. Məhkəmə iclası 16 fevral 2023-cü il tarixə saat 11:40-a təxirə salınmış, məhkəmə bildirişi göndərilməsinə baxmayaraq Təqsirləndirilən şəxs təkrarən məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə iclası 02 mart 2023-cü il tarixə saat 12:00-a təxirə salınmış, Təqsirləndirilən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə yazılı bildiriş təqdim edilməsinə baxmayaraq o, məhkəmə hazırlıq iclasına təkrarən gəlməmiş, eləcə də onun məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar icra edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmiş və onun barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs öldüyü müəyyən edildiyindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydindən görünür ki, Təqsirləndirilən şəxs dəqiqləşdirilməmiş bronxopnevmoniya xəstəliyindən xx.xx.2022-ci il tarixdə ölmüşdür. Təqsirləndirilən şəxs yaxın qohumlarına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş və bəraətverici əsas olmadan iş üzrə CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam veriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş 20 gün müddət ərzində Təqsirləndirilən şəxs yaxın qohumu onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirməmiş və buna görə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin yaxın qohumlarının hüquqi varis kimi tanınma barədə müraciətlərinin olmamasını qeyd edərək onun ölümü ilə əlaqədar barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmiş və bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cinayət təqibi üzrə icraata xitam verilməsi əsası müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən, məhkəmə gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17 iyun 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq və CPM-in 43.3-cü maddəsində nəzərdə tutulmuş müdafiə tərəfinin məhkəmə baxışına aid hüququnu analogiya üzrə ibtidai araşdırma mərhələsinə tətbiq edərək, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs öldükdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan, o cümlədən həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilərkən onun CPM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş hüququnun həyata keçirilməsi üçün ölmüş şəxsin CPM-in 7.0.32-ci maddəsində göstərilmiş yaxın qohumları və həmin Məcəllənin 7.0.28-ci maddəsində nəzərdə tutulmuş müdafiəçisi etiraz etmək hüququna malik olmalıdırlar. Ölmüş şəxsin yaxın qohumlarının qanuni maraqlarını nəzərə almadan cinayət təqibinə CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi cinayət prosessual qanunvericiliyinin vəzifələrinə xələl gətirmiş olar. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən və cinayət işi üzrə icraata xitam verilməsi barədə ölmüş şəxsin müdafiəçisinin razılığı olduğundan, cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 282.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 41.2-ci və 43.3-1-ci maddələrində nəzərdə tutulmuş hallarda ölmüş şəxsin müdafiəçisinin razılığı ilə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar qəbul edildiyi təqdirdə, onun yaxın qohumu bu qərarın surətini aldığı vaxtdan 10 (on) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə həmin qərardan şikayət etmək hüququna malikdir. Belə şikayət verildikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar ləğv edilir, cinayət təqibi üzrə icraat təzələnir, şikayət vermiş yaxın qohum ölmüş şəxsin hüquqi varisi qismində tanınır və icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir. Odur ki, Təqsirləndirilən şəxs yaxın qohumlarına bu qərarın surətini aldığı vaxtdan 10 (on) gün müddətində məhkəməyə həmin qərardan şikayət etmək hüququ qərarla izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,270 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videoçəkiliş əks olunan 01 ədəd disk iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə olunmuşdur. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,270 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.6-cı maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək məhkum öldükdə, onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımırlar. Həmin Məcəllənin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Odur ki, Təqsirləndirilən şəxs öldüyündən və onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımadığından ekspertiza tədqiqatının dəyəri – 65 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.5, 43.3-1, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,270 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar