Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-150/2021 11.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1960-cı ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, fərdi sahibkarlıqla məşğul olan, Bakı şəhəri Xətai rayonu General Mehmandarov küçəsi ev 72 mənzil 26-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan adam öldürmüşdür. Belə ki, o, ünvan 1 ünvanında yerləşən qohumu Şahid3 məxsus 0,1343 hektar torpaq sahəsində sonuncunun xahişinə əsasən birmərtəbəli fərdi yaşayış evin inşasını aparmaq məqsədi ilə dəmir-beton kolonları quraşdırtdırıb birinci mərtəbənin damını beton örtük ilə bağlatdırdıqdan sonra layihədə nəzərdə tutulmuş damda olan texnoloji boşluğun üstünü örtüklə bağlatmayaraq bu əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyib cinayətkarcasına etinasızlıq göstərərək qüvvədə olan SSRİ Əmək və X16 üzrə Dövlət Komitəsinin 213 nömrəli qərarı ilə xx xxxx 1984-jü il tarixində təsdiq edilmiş “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12 bəndinin tələblərini pozub birmərtəbəli fərdi yaşayış evinin damının döşəməsi üzərində olan potensial təhlükəli zonaya (yəni texnoloji boşluğa) işçilərin təsadüfən yıxılmasının qarşısını almaq üçün tədbirlərin görülməməsi şəraitində, tikinti sahəsinə buraxılan işçilər (hadisə zamanı - X9) tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etməsinə daimi nəzarəti təmin etməmiş, əmək müqaviləsi bağlamadan onun tərəfindən birinci mərtəbədə hörgü işləri aparmaq üçün işə cəlb edilmiş fəhlə X9 tikinti alətini axtarmaqdan ötrü birinci mərtəbənin damına qalxmış və xx.xx.2020-ci il tarixdə, saat 08.00 radələrində ünvan 1 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evinin damında olan həmin texnoloji boşluqdan birinci mərtəbənin döşəməsinə yıxılaraq bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi, kəllə tağı və əsası sümüklərinin çoxqəlpəli sınıqları, başın təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, başın təpə nahiyəsinin sıyrıqları, sol İ qabırğanın döş sümüyünə birləşən hissəsinin qapalı sınığı, sol körpücükaltı venanın və sol ağ ciyərin yuxarı payının əzilmiş-cırılmış yarası, sağ gözyuvası ətrafı nahiyənin qançırları, sağ bazunun yuxarı 1/3-nin ön və arxa səthlərinin qançırları kimi dərəcəsinə görə ümumilkdə canlı şəxslərdə sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik olmaqla ölümü ilə birbaşa səbəbli əlaqəli olan xəsarətlər alaraq ehtiyatsızlığından hadisə yerində ölmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 1989-cu ildə Neft Akademiyasını bitirib, ali təhsilli mühəndis elektrikdir, iş fəaliyyətinə başladığı vaxtdan tikinti sahəsində işləmiş, sonuncu rəsmi iş yeri Bakı Elektrik quraşdırma Tikinti İdarəsində baş mühəndis və rəis müavini vəzifəsi olmuşdur. O, 1994-cü ildən fərdi sahibkarlıqla məşğul olaraq tikinti sektorunda işləyir və əsasən fərdi yaşayış evlərinin tikilməsi və təmir olunması ilə məşğul olur. O, tanışları ilə bir yerə yığışaraq tərtib olunmuş layihə üzrə fərdi yaşayış evlərini tikərək təmir edib sahibinə təhvil vermək ilə məşğul olur. 2020-ci ilin avqust ayının əvvəlində qohumu Şahid3 «Ag Şəhər»də ona 13 sot yer ayrıldığını və həmin yerdə birmərtəbəli dörd otaqlı fərdi yaşayış evi tikmək istədiyini demiş, təxminən 2020-ci ilin avqust ayının əvvəllərində o, işə başlamış, bundan ötrü uzun müddət onunla işləyən tanışlarına müraciət etmiş, onlarla bir yerdə bünövrəni qazmış, dəmir-beton kolonları quraşdırmış və birinci mərtəbənin damını beton örtük ilə bağlamışdır. Bundan sonra o, tanışı Əliyə demişdir ki, kolonların aralarını mişar daşları ilə hörmək üçün tanış fəhlələrdən 2-3 nəfər çağırsın. Həftənin birinci günündən, yəni xx.xx.2020-ci il tarixində o, Əli və Əlinin çağırdığı Zakir, Habil, Hacıağa və Natiq ilə bir yerdə hörgü işlərinə başlamış, dairəvi olaraq 2-3 cərgə mişar daşı ilə hörgü işi aparıb evə getmişlər. xx.xx.2020-ci il tarixdə o, işə gələrkən Əli zəng edib Habilin birinci mərtəbənin damından yıxılıb öldüyünü demişdir. O, hadisə yerinə çatdıqda ora artıq təcili tibbi yardım çağırılmış, ona məlum olmuşdur ki, Habil birinci mərtəbənin tavanında olan deşikdən yerə düşərək ölmüşdür. Həmin deşik ev tam tikilib qurtardıqdan sonra evin içindən dama çıxmaq üçün nəzərdə tutulmuşdur. O, hər hansı bir şəxsin həmin deşikdən yerə düşməməsi üçün üstünə dikt parçası qoymuşdur. Həmin fərdi yaşayış evinin tikintisinin aparılması üçün onun Şahid3 ilə habelə Əli, Zakir, Habil, Hacıağa və Natiq ilə əmək müqaviləsi və ya digər bir formada müqavilə imzalanmamış, o, sonuncuları əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydaları ilə tanış etməmiş və onlara fərdi mühafizə vasitələri verməmişdir. Habilin işi birinci mərtəbədə divar hörməkdən ibarət olmuş, birinci mərtəbənin tavanına çıxmağına ehtiyaj olmamış, Habil birinci mərtəbənin tavanına özbaşına çıxmış, o, sonuncuya belə bir tapşırıq verməmişdir. Evlidir, ailənin yeganə qazanc gətirənidir, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona dəyən ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokol, meyitin və əmək təhlükəsizliyi tədqiqi ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub böyümüş, 1993cü ildə məcburi köçkün kimi ailəlikcə Biləsuvar rayonuna köçmüş, həmin rayonda yaşadığı vaxt Habil ilə tanış olmuş və 2002-ci ildə rəsmi nikaha daxil olaraq Bakı şəhərinə köçmüşlər. Müxtəlif vaxtlarda müxtəlif müalicələr qəbul etsələr də, onların bu günə qədər uşaqları olmayıb. O, orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirməmiş və heç bir yerdə işləməmişdir. Habil də, orta təhsilli olmuş və onu tanıdığı vaxtdan usta kimi tikinti sahəsində işləmiş və əlindən hər bir iş gəlmişdir. O, Habilin rəsmi olaraq əmək müqaviləsi ilə işləyib-işləməməsini bilmir, amma Habil son vaxtlar işləməyə «Ağ Şəhərə» gedibgəlirmiş. xx.xx.2020-ci il tarixdə Habil həmişəki kimi saat 06.15-də evdən çıxıb işə getmiş, saat 08 radələrində qardaşı oğlu İlqar ona zəng vurub Habilin yıxıldığını və vəziyyətinin pis olduğunu demiş, lakin sonradan Habilin iş yerində yıxılıb öldüyünü etiraf etmişdir. Habil hamı ilə səmimi və mehriban olmuş, bütün qohumları, dost-tanışları, iş yoldaşları və qonşuları ilə münasibəti yaxşı olmuş, heç bir şəxslə düşmənçilik və ya ədavəti olmamış, spirtli içki və siqaret istifadə etməmişdir. Hadisə baş verən yerin sahibinin adamları Habilin dəfnində iştirak edərək beş min manat məbləğində maddi yardım göstərmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilib, hazırda təqsirləndirilən şəxslə barışmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, uzun müddət tikinti sektorunda işləmiş və hazırda fərdi sahibkarlıqla məşğul olur. Tikinti sektorunda kifayət qədər tanışları olduğundan o, həmin tanışları vasitəsi ilə bilmişdir ki, «Bakı Ağ Şəhər» ərazisində fərdi yaşayış evlərinin tikilməsi üçün yer ayrılıb və istəyən şəxs gəlib həmin ərazidə torpaq sahəsi alaraq özünə birmərtəbəli yaşayış evi tikə bilər. O, maraqlandıqda bilmişdir ki, tikilməli evin layihəsini «Bakı Ağ Şəhər» ofisi özü verir. «Bakı Ağ Şəhər» ofisindən bildirmişlər ki, torpağın qiymətini, yəni torpağın neçəyə satılması hələ müəyyənləşdirilməyib, amma torpağın bir sotunun qiymətinin təxminən 20000-25000 manat arası olacaq. O, razılaşmış, lakin torpağın qiymətinin müəyyən edilməsinin uzandığını görüb tikintiyə başlaması üçün icazə istəmiş, qiymət dəqiq müəyyən edildikdən sonra da alqı-satqı müqaviləsini imzalayacağını demişdir. «Bakı Ağ Şəhər» ofisindən razılıq verilərək ona 13 sot torpaq sahəsi ayrılmış, ona layihə təqdim olunmuş və o, tikintiyə başlamışdır. Bundan ötrü o, qohumu Kamandar ilə görüşərək «Bakı Ağ Şəhərdə» ona 13 sot torpağın verildiyini bildirib Kamandara evin layihəsini təqdim etmiş və 2020-ci ilin avqust ayının əvvəlində Kamandar işə başlamışdır. Kamandar əvvəllər fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olduğundan tanış fəhlələrini işçi kimi yığmış və özü də işləyərək bünövrəni qazdırtmış, dəmir-beton kolonları quraşdırtmış və birinci mərtəbənin damını beton örtük ilə bağlatmışdır. Bundan sonra Kamandar başqa fəhlələri gətirib kolonların aralarını mişar daşları ilə hörməli idi. xx.xx.2020-ci il tarixdə saat 09 radələrində Kamandar ona zəng edib hörgü işini aparan fəhlələrdən Habilin birinci mərtəbənin damından yerə yıxılıb öldüyünü demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 30 ildir ki, fəhləliklə məşğul olur, Kamandarı uzun illərdi ki, tanıyır və bir neçə tikintidə bir yerdə işləyiblər. xx.xx.2020-ci il tarixdə Kamandar zəng edib «Ağ Şəhər»də birmərtəbəli həyət evində dəmir-beton kolonların arasını mişar daşı ilə hörmək lazım olduğunu və onun əlavə 4-5 nəfər ilə gəlməsini demiş, o, tanışları Natiqə, Hacıağaya, Habilə və Zakirə zəng edib hörgü işinin olduğunu, işin qiymətini və ünvanını demiş, xx.xx.2020-ci il tarixdə, saat 07.30 radələrində o, Kamandarın izah etdiyi ünvana gəlmiş, bir neçə dəqiqə sonra Natiq, Hacıağa, Habil və Zakir də həmin yerə gəlmiş və Kamandar onlara iş yerini göstərmişdir. Həmin yer «Ağ Şəhər»in ərazisinə daxil olduqda solda bir mərtəbəli həyət evi olmuş, evin dəmir-beton kolonları tökülmüş, dam örtülmüş, evin içinə mişar daşları tökülmüş, qum və sement yığılmış, kolonların arasını hörmək lazım olmuşdur. Həmin həyət ilə qonşuluqda tikilmiş birmərtəbəli evdə mühafizəçi olan Anar adlı şəxsdən xahiş edərək paltarlarını həmin evdə dəyişərək işə başlamışdır. Onlar bir neçə cərgə divar hörüb çıxıb evə getmişlər. xx.xx.2020-ci il tarixdə o, Natiq, Hacıağa, Habil və Zakir saat 08.30 radələrində artıq iş yerində olmuş, paltarlarını dəyişmiş, Habil onlara çay hazırlamış və onlar çay içib işə başlamışlar. Habil hansısa bir alətini tapa bilmədiyini deyib həmin aləti axtarmağa başlamış, Habil dəmir nərdivan ilə birinci mərtəbənin damına çıxmış və birdən o, nə isə bir möhkəm şappıltı səsi eşitmiş, o, səs gələn tərəfə gedərkən Natiqin «yıxıldı-yıxıldı» deyə-deyə qışqırdığını və Habilin arxası üstə yerdə başının alt hisəssinin qan içində uzandığını görmüş, hamı həmin yerə toplaşmağa başlamış, Zakir və Anar da gələrək Habilin yaxasını açaraq su vermiş, Habilin başının altı çoxlu qan olduğundan o və Natiq Habilin başının yerini dəyişmiş, başının altına gödəkcə qoymuş və tez təcili tibbi yardıma zəng etmişlər. O, Kamandara zəng edib baş vermiş hadisə barədə məlumat vermiş, Hacıağa da Habilin qaynına zəng edib xəbər vermişdir. Hadisə vaxtı iş yerində o, Natiq, Hacıağa, Habil və Zakir olmuş, həmin vaxtı damda Habildən başqa heç kim olmamış, hadisə baş verən kimi Anar da köməyə gəlmişdir. Onu həmin işə Kamandar çağırmış, lakin aralarında heç bir sənədləşmə aparılmamış, işə başlayarkən onlara texniki təhlükəsizlik qaydalarına dair təlimat keçirilməmiş, fərdi geyim və mühafizə vasitələrindən onlara yalnız dəbilqə verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «Ağ Şəhər»də tikilmiş birmərtəbəli həyət evində gözətçi işləyir, həmin ev ilə qonşu torpaq sahəsində birmərtəbəli yaşayış evin tikintisinə Kamandar adlı şəxs rəhbərlik etməklə özü də fəhlələr ilə bir yerdə işləmiş, xx.xx.2020-ci il tarixdə həmin tikintiyə 5 nəfər fəhlə gəlib hörgü işlərini görməyə başlamış, fəhlələr onun gözətçi işlədiyi evin birinci mərtəbəsində paltarlarını dəyişmişlər. xx.xx.2020-ci il tarixdə saat 07.30 radələrində onlar yenidən tikintiyə gəlmiş, Habil adlı fəhlə çay hazırlamış, o da, onlarla birlikdə çay içmiş, fəhlələr işə başlamış, bir az keçmiş səs eşitmiş, baxdıqda Habilin birinci mərtəbənin damından yerə yıxıldığını və yaxınlaşdıqda isə Habilin başının partladığını görmüşdür. O, dama baxdıqda orada üstü açıq yer olduğunu görmüş, tez dəmir nərdivan ilə yuxarı qalxıb daha kimsənin yıxılmaması üçün həmin deşiyin üstünü dikt ilə örtmüş, sonra isə lent gətirib həmin yerin ətrafını əhatəyə almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işi başlanılışdır (i.v. 01) xx xxxxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 1 ünvana baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir (i.v. 2-9); xx xxxxxxx 2020-ci il tarixli ilkin müqavilədən görünür ki, “ADEC” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Şahid3 ilə 6 saylı notariat ofisində Bakı şəhəri Xətai rayonu Nobel pr. 36 ünvanda yerləşən 78.3173 ha olan torpaq sahəsinin 0,1343 ha hissəsini 308 890 (üç yüz səkkiz min səkkiz yüz doxsan) manata satılması ilə bağlı ilkin müqavilə bağlanmışdır (i.v. 41); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X18 xx xxxxxxxx 2020-ci il tarixli, 90 nömrəli ekspert rəyindən görünür ki, X1 müyitinin məhkəmə-tibbi ekspertizasına, əlavə müayinələrin cavabına, ilk məlumata və qərarda qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinmişdir: 1.X1 meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma. Baş beyinin əzilməsi. Kəllə tağı və əsası sümüklərinin çoxqəlpəli sınıqları. Başın təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, başın təpə nahiyəsinin sıyrıqları, sol İ qabırğanın döş sümüyünə birləşən hissəsinin qapalı sınığı, sol körpücükaltı venanın və sol ağ ciyərin yuxarı payının əzilmiş-cırılmış yarası, sağ gözyuvası ətrafı nahiyənin qançırları, sağ bazunun yuxarı 1/3-nin ön və arxa səthinin qançırları. Xəsarətlər həyati olub mərhumun ölümündən az əvvəl bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Yuxarıda qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə, eləcə dəqərarın təsviri hissəsində göstərilən şəraitdə-yəni 5 metr hündürlüyü olan məsafədən üzərində təmir materialları, o cümlədən müxtəlif təyinatlı dəmir əşyaları, işlənmiş mismarlar və mişar daşları olan birinci mərtəbənin döşəməsinə yıxılması nəticəsində törənə bilərdi. Dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. 2. X1 ölümünə səbəb yuxarıda qeyd edilən xəsarətlər fonundabaş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma və baş beyinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-4 saay əvvələ iuğun gəlir. 3. X1 meyitindən götürülmüş qanda məhkəm-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (i.v. 53-58); İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 xx xxxxxx 2002-ci ildə nikaha daxil olmuşlar (i.v. 64); İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Abşeron rayon 1 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş arayışdan görünür ki, X2 rayonu Mehdiabad qəsəbəsi Gənclər Şəhərciyi ev 6 mənzil 38 ünvanında müvəqqəti məskunlaşmışdır (i.v. 65); İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Abşeron rayon 1 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Habil Mahmudov 2012-ci ildən qəsəbədə yaşamış və yaşadığı müddət ərzində sakinlər arasında özünü müsbət cəhətdən göstərmiş, ictimai işlərdə fəallıq nümayiş etdrmiş, ictimaiyyət arasında özünü layiqli vətəndaş kimi aparmış, böyüklərə hörmət, kiçiklərə qayğı ilə yanaşmışdır (i.v. 66); xx xxxxxx 2020-ci il tarixli zərərçəkmiş şəxsin yaxın qohumunun onun hüquqi varisi qismində tanınması haqqında qərardan görünür ki, vətəndaş X8 zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmışdır (i.v. 67); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xİdmətinin 19 noyabr 2020-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi”xxxx“xxxx” MMC arasında əmək müqaviləsinin bağlanmasına dair qeydiyyatın mövcud olduğu müəyyən edilmiş, “xxxx” MMC-dən təqdim olunmuş məktubda H.Mahmudovun öz razılığı ilə xx xxxx 2020-ci il tarixindən 3 ay müddətində ödənişsiz məzuniyyətdə olduğu göstərilmiş və onun başqa yerdə işləməsi barədə cəmiyyətdə məlumatın olmadığı bildirilmişdir. Eyni zamanda, hadisənin baş verdiyi birmərtəbəli fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin notarial qaydada ilkin razılaşma əsasında Ramiz Kamal oğlu Vəliyevin mülkiyyətinə verildiyi və həmin tikintinin onun işə cəlb etdiyi şəxslər tərəfindən aparıldığı qeyd edilmişdir. Şahid3 izahatında ona məxsus torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi işlərini şifahi razılaşma əsasında vətəndaş Təqsirləndirilən şəxs həvalə etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs fərdi qaydada şəxsi mənzillərin tikintisi işləri ilə məşğul olduğunu, qeyd edilən fərdi yaşayış evinin tikintisi üçün X7 cəlb etdiyini təsdiq etmişdir (i.v. 74-75); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xİdmətinin xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, X5 xx xxxxxxxx 2020-ci il tarixdə ölümü ilə bağlı tərəflərindən aparılmış əlavə araşdırma ilə əlaqədar bildirilir ki, Xətai rayon İcra Hakimiyyətinə ünvanladıqları sorğuya cavab olaraq “Bakı Ağ Şəhər” ərazisində yerləşən X.Rüstəmov küçəsi ev 14 ünvanında məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisinə icazə verilmədiyi bildirilmişdir. Qeyd olunan faktı, toplanmış sənədləri, alınmış izahatları nəzərə alaraq H.Mahmudovla baş vermiş hadisənin istehsalatla əlaqəliliyini, həmçinin hadisənin baş verməsində təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının pozulubpozulmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndinə əsasən bu Məcəllə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə şamil edilmədiyindən həmin şəxslərlə baş vermiş hadisələr Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhqiq edilmir (i.v. 82); İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanan məktubdan görünür ki, hadisənin baş verdiyi yer ADEC MMC-yə Bakı Ağ Şəhər layihəsi çərçivəsində ayrılmış əraziya düşür və həmin 1 mərtəbəli fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin Şahid3 satılmasına dair ilkin razılaşma əldə edilmişdir. Sözügüdən fərdi yaşayış evinin tikintisi Şahid3 cəlb etdiyi işçilər tərəfindən aparılmışdır (i.v. 83); Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanan 1118 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “Bakı Ağ Şəhər” ərazisində yerləşən Xəqani Rüstəmov küçəsi 14 saylı ünvanda Rayon İcra Hakimiyyəti tərəfindən məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisinə icazə verilməmişdir (i.v. 84); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X18 xx.xx.2020-ci il tarixli, 8439 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X9 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar (i.v. 86); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 88); İş materiallarında olan X3 Xətai rayon prokurorluğuna ünvanlanan ərizəsindən görünür ki, X4 xx xxxxxxxx 2020-ci il tarixində işlədiyi evdə yıxılıb ölməsi ilə əlaqədar evin sahibi tərəfindən onlara dəymiş maddi ziyan 17000 (on yeddi min) manat ödənilmişdir, yəni cəmi 22000 (iyirmi iki min) manat ödənilib. Bununla əlaqədar hər kimdən tələbi və şikayəti yoxdur və olmayacaq. Onunla barışmışdır (i.v. 89); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/3587 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12-ci bəndinin tələbləri pozulmuşdur. Birmətəbəli fərdi yaşayış evinin damının döşəməsi üzərində olan potensial təhlükəli zonaya (yeni texnoloci boşluğa) işçilərin təsadüfən yıxılmasının qarşısını almaq üçün tədbirlərin görülməməsi şəraitində, tikinti sahəsinə buraxılan işçilər (hadisə zamanı-X9) tərəfindən, təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etməsinə daimi nəzarətin təmin edilməməsi hadisənin səbəbləri olmuşdur. “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12 bəndinin tələbləri, fərdi yaşayış evinin tikintisi ilə bağlı, şifahi razılaşma əsasında, bütün işlərin aparılması vəzifəsi üzərinə həvalə edilmiş yəni evin sahibi tərəfindən tapşırılmış) və bu məqsədlə həmin tikinti sahələrinə işçiləri, o cümlədən X6 cəlb edərək buraxmış Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Tikinti sahəsinə buraxılmazdan əvvəl giriş təlimatının, işə buraxılmazdan əvvəl isə əməyin mühafizəsi və təhlükəsilik texnikası üzrə iş yerində ilkin təlimatlandırmanın keçirilmədiyi səbəbindən, X9 (yəni zərərçəkmiş şəxsin özü) tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair tələblərin pozulması müəyyən edilməmişdir (i.v. 90-94); xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair qərar çıxarılmış, Təqsirləndirilən şəxs hansı bir şəxsin yıxılmaması üçün ünvan 1 ünvanında yerləşən birmərtəbəli fətdi yaşayış evinin damında olan həmin texnoloci boşluğun üzərinə dikt qoyması barədə ifadəsi onun məsuliyyətdən yaxa qurtarması məqsədi ilə özünü müdafiə kimi qiymətləndirilmişdir (i.v. 97-106); Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 99 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Gen.Mehmandarov küçəsi 72 saylı evin 26 nömrəli mənzilində qeydiyyatdadır (i.v. 109); Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 99 saylı Mənzil Kommunal İstismar Sahəsinin tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2002-ci ildən ailəsi ilə birlikdə Gen.Mehmandarov küçəsi ev 72 mənzil 26 ünvanında yaşayır. Yaşadığı müddətdə onun barəsində 99 saylı MKİS-nə yazılı və şifahi şikayət daxil olmamışdır. Özü sakit, tərbiyəli, nümunəvi sakindir (i.v. 110); xx xxxxxx 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 120-121); xx xxxxxx 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 129); İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilib, hazırda onlar barışıblar, bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürmə—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini (59.1.1), zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini (59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və aradan qaldırmasını (59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 124.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apeyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-150/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-150/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver