Məhkəmə qərarları › İş №1(011)-150/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-150/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-150/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs1, zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M “V” massivi, ev 3, mənzil 88-də qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam’’ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs2 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib ona məxsus “Kia Ceroto” minik markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili əlverişli qiymətə satacağına dair yalan vəd verib aldadaraq, bu adla sonuncudan 29.10.2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 24A ünvanında yerləşən ünvan 2namə aldıqdan sonra 04 noyabr 2018-ci il tarixdə qeyd olunan avtomobili 19700 (on doqquz min yeddi yüz) manat müqabilində etibarnamə əsasında X1, pulun 1430 manatını Zərərçəkmiş şəxs2 verib, qalan 18270 manatını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni ümumilikdə 18270 (on səkkiz min iki yüz yetmiş) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs1 məxsus “Lexus İS 250” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili əlverişli qiymətə satacağına dair yalan vəd verib aldadaraq, bu adla sonuncudan 19.05.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 24A ünvanında yerləşən ünvan 2namə aldıqdan sonra 2019-cu ilin iyun ayında qeyd olunan avtomobili 38000 (otuz səkkiz min) manat müqabilində sataraq, pulun 10000 manatını Zərərçəkmiş şəxs1 verib, qalan 28000 manatını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni ümumilikdə 28000 (iyirmi səkkiz min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 o 5 ildir ki, tanıyır. Belə ki, o 2011-ci ildən “BP” şirkətində Təhcizat Şöbəsində materiallar üzrə mütəxəssis vəzifəsində işləmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə həmin şirkətdə işlədiklərindən onların münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idarə etdikləri avtomobillərin təmiri barədə ondan məsləhətlər alır və o, öz köməkliyini göstərmişdir. Belə ki, onların çox yaxın münasibətləri olmuşdur. 7 yaşlı oğlu İbrahimin ürəyində çəpər əyriliyi olduğundan ağır xəstəlik keçirmişdir. Oğlu İbrahim ürəyindən 8 dəfə əməliyyat keçirmiş və onun oğlunun xəstəliyi ilə əlaqədar olaraq böyük məbləğlərdə borcları yaranmışdır. 2018-ci ilin oktyabr aylarında Aytən özünə məxsus istehsal ili 2013-cü il olan, “KİA Ceroto” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilini satıb özünə başqa bir avtomobil almaq istədiyini ona bildirmişdir. O, Aytənə avtomobilinin satılmasında və yeni avtomobil gətirilməsində ona köməklik edə biləcəyini bildirmişdir. Bunun üçün Aytənə həmin avtomobilə dair ona baş etibarnamə verməsini və qalan bütün işləri özü həll edəcəyini bildirmişdir. Aytən onun dediklərinə inanmış və 29.10.2018-ci il tarixdə Xətai rayonunda yerləşən Bakı şəhəri 6 saylı Notariat kontorunda avtomobilinin satılması üçün ona baş etibarnamə vermişdir. Bir neçə gün sonra, yəni 2018-ci ilin noyabr ayında o, Aytənə məxsus “KİA Ceroto” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili 19700 manata satmışdır. Aytən ona bildirmişdir ki, ona məxsus avtomobili satdıqdan sonra onun üçün “BMW” markalı avtomobil alsın. O, Aytənə avtomobili satdığını və Yaponiyadan onun üçün “BMW” markalı avtomobil sifariş verdiyini bildirmişdir. Məsələlər yubandığından Aytən pulunu tələb etmişdir. O isə Aytənə tez bir vaxtda onun pulunu qaytaracağını bildirmişdir. Lakin həmin vaxt oğlu xəstə olduğu üçün o, Aytənə məxsus 19700 manat pulu oğlunun xəstəxana xərclərinə xərcləmişdir. Sonra Aytənə qismən ödəniş etmiş və cəmi 18270 manat ziyan qalmışdır. İşlədiyi şirkətdən işdən çıxdığı və işsiz qaldığı üçün Aytənə pul verə bilməmişdir. Farizə ilə bağlı bildirmişdir ki, 2019-cu ilin may ayında Farizə ona özünə məxsus istehsal ili 2014-cü il olan, “Lexus İS 250” markalı avtomobilini satmaq istədiyini bildirmişdir. O, Farizəyə bu sahədə tanışlarının olduğunu və ona avtomobilinin satılmasında köməklik göstərə biləcəyini bildirmişdir. Farizəyə həmin avtomobilə dair ona baş etibarnamə verməsini və qalan bütün işləri özünün həll edəcəyini bildirmişdir. Farizə onun dediklərinə inanmış və 19.05.2019-cu il tarixdə Xətai rayonunda yerləşən Bakı şəhəri 6 saylı Notariat kontorunda avtomobilinin satılması üçün ona baş etibarnamə vermişdir. Təxminən 1 ay sonra, yəni 2019-cu ilin iyun ayında Farizəyə məxsus “Lexus İS 250” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili 38000 manata satmış və bu barədə Farizəyə bildirməmişdir. Lakin o, 38000 manat pulu yenə oğlunun xəstəxana xərclərinə xərcləmiş və bu barədə Farizəyə heç nə deməmişdir. Bir müddət sonra o, Farizəyə bildirmişdir ki, avtomobilin 38000 manat pulunu xərcləmişdir və tez bir zamanda hissə-hissə ona qaytaracaqdır. Bir müddət sonra o, Farizəyə həmi puldan cəmi 10000 manat pul qaytarmışdır, sonra imkanı olmadığı üçün ödəniş edə bilməmişdir. 01.05.2021-ci il tarixdə isə ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən çağırış gəlmiş və ona məlum olmuşdur ki, Farizə və Aytən onun barəsində şikayət ərizəsi yazmışlar. İstintaq zamanı 1500 manat Aytənə və 1500 manat Farizəyə ödəniş etmişdir. Hazırda Aytənə 16770 manat Farizəyə isə 26500 manat ödənilməmiş məbləğ qalmışdır. Daha sonra təqsirləndirilən-cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 27682 manat 53 qəpik mülki iddianı və zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 17622 manat 84 qəpik məbləğdə olan mülki iddialarını tam qəbul etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, övladının müalicəsi üçün bu əməlləri törətdiyini nəzərə alaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2009cu ildən “BP” şirkətində işləyir. Təqsirləndirilən şəxs isə təxminən 2015-ci ildən tanıyır. Təqsirləndirilən şəxslə onların ailəvi münasibətləri olmuş və o, Muradı avtomobil alqısatqısı ilə də məşğul olan biri kimi tanımışdır. Belə ki, onun avtomobilinin usta işləri olduqda Murad ona köməklik göstərmişdir. 2019-cu ilin may ayında o özünə məxsus istehsal ili 2014-cü il olan, “Lexus İS 250” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq qərarına gəlmişdir. Murad ona avtomobil alqı-satqısında tanışlarının olmasını bildirərək tez bir vaxtda avtomobilini satacağını və bunun üçün ona baş etibarnamə verməyini istəmişdir. Beləliklə, 19.05.2019-cu il tarixdə Muradla birlikdə Xətai rayonunda yerləşən Bakı şəhəri 6 saylı Notariat kontoruna getmişlər və avtomobilinin satılması üçün Təqsirləndirilən şəxs baş etibarnamə vermişdir. O, Murada baş etibarnamə verdikdən 2 ay sonra, yəni 2019-cu ilin iyul ayında Murad ona məxsus olan “Lexus İS 250” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili 38000 manata tanışı olan biznesmenə satdığını və pulunu qısa müddətdə alacağını bildirmişdir. Bir müddət keçsə də Murad avtomobilin pulunu hələdə almadığını söyləmişdir. Muradın avtomobilini satdığı şəxsdən polisə şikayət etməyi təklif etmişdir, lakin Murad həmin şəxsin bizneslə məşğul olduğundan və onu çox yaxşı tanıdığından ona şikayət etməməyini bildirmişdir. Təxminən 2 ay sonra Murad ona 8000 manat pul vermiş və onu arxayın salmışdır ki, yerdə qalan 30000 manatı da avtomobili satdığı şəxsdən alıb ona verəcəkdir. Lakin Murad ona heç bir ödəniş etməmiş və o, bu barədə Muradla ortaq tanışları olan rəfiqəsi Aytənlə söhbət edən zaman Aytən Muradın onun da avtomobilini satdığını və pulunu vermədiyini bildirmiş, artıq Muradın ona qarşı dələduzluq edərək pulunu ələ keçirdiyi ona məlum olmuşdur. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş, onun bu müraciətindən sonra Murad ona 2000 manat pul ödəmişdir. Lakin Murad hələ də ona verməli olduğu 28000 manat pulunu qaytarmamışdır. Ona ümumilikdə 28000 manat maddi ziyan dəymişdir. Belə ki, Təqsirləndirilən şəxs dediyinə görə ona məxsus “Lexus İS 250” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilini 38000 manata satmış, həmin puldan isə cəmi 10000 manat ona vermişdir. Bu səbəbdən onun barəsində cinayət işinin açılması üçün şikayət etmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs vurduğu ziyandan cəmi 1500 manat ödəniş etmişdir. Uzun müddət keçməsinə baxmayaraq ziyan bu günədək ödənilməmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən servis kordinator vəzifəsində işləyir və ayrı-ayrı vaxtlarda müxtəlif şirkətlərə xidmət göstərmişdir. Təqsirləndirilən şəxs o, 2016-cı ildən tanımışdır. Belə ki, 2016-cı ildə o, “BP” şirkətinin Sanqaçal Terminalında işlədiyi vaxt Muradda həmin şirlkətin Təchizat şöbəsində işləmişdir. Onların münasibətləri işçi kimi normal olmuş, hətta onların ailəvi münasibətləri yaranmışdır. 2018-ci ilin oktyabr ayının sonlarında o özünə məxsus olan istehsal ili 2013-cü il olan, “KİA Ceroto” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq qərarına gəlmişdir. Belə ki, Murad onun avtomobilini satmaq niyyətinin olmasını bildikdən sonra ona təklif etmişdir ki, ona məxsus olan avtomobilini satıb onun üçün Yaponiyadan auksiondan istədiyi avtomobili gətizdirəcəkdir. Belə ki, Murad ona bu sahədə çoxlu tanışlarının olmasını və bütün məsələləri özü həll edəcəyini bildirmişdir. Həmçinin Murad özünə məxsus avtomobilin satışını həyata keçirməyi üçün ona baş etibarnamə verməyini istəmişdir. Beləliklə, 29.10.2018-ci il tarixdə Muradla birlikdə Xətai rayonunda yerləşən Bakı şəhəri 6 saylı Notariat kontoruna getmişlər və avtomobilinin satılması üçün Təqsirləndirilən şəxs baş etibarnamə vermişdir. İki həftə sonra Murad ona məxsus olan “KİA Ceroto” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilini 19700 manata satdığını bildirmişdir. Həmçinin, Murad Yaponiyadan auksiondan onun üçün “BMW” markalı avtomobilin ödənişini etdiyini bildirmişdir. Bir müddət keçdikdən sonra o, Muraddan avtomobilin vəziyyətini soruşduqda ona narahat olmamağını bildirərək avtomobilin yolda olduğunu və yaxın zamanda Bakıya gələcəyini bildirmişdir. Lakin bir qədər sonra Murad müxtəlif bəhanələr gətirərək avtomobili gətirməmişdir. O hər dəfə Muraddan avtomobilin vəziyyəti barədə soruşduqda Murad avtomobilin tezliklə gələcəyini bildirmişdir. Bundan sonra o, artıq Muradın onun etibarından sui-istifadə edərək aldatdığını və onun üçün nə avtomobil gətirdiyini, həmçinin avtomobilinin pulunu qaytarmadığını görmüşdür. Sonuncu dəfə o, Muradan avtomobil gətirməyəcəyi təqdirdə pulunu qaytarmasını bildirdikdə Murad ona avtomobilin gətirilməsində problemlər yarandığını bildirmiş və avtomobilin pulunu qaytaracağını bildirmişdir. Bundan sonra Murad ona 19700 puldan 1430 manat pul qaytardıqdan sonra 18270 manat zərər ödənilməmiş qalmışdır. O, təsadüfən iş yoldaşı Farizə adlı xanımla söhbət edərkən söhbət zamanı Muradın eyni qaydada Farizəyə məxsus “Lexus İS 250” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilini də satdığını və 38000 manatını ələ keçirdiyini öyrənmişdir. Bundan sonra onlar aldandıqlarını öyrənmiş və onun barəsində şikayət etmək üçün Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişlər. İstintaq zamanı Təqsirləndirilən şəxs vurduğu ziyandan cəmi 1500 manat ödəniş etmişdir. Uzun müddət keçməsinə baxmayaraq ziyan bu günədək ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslərin nümayəndəsi vəkil Nümayəndə verilmiş mülki iddiaların təmin edilməsini məhkəmədən xahiş etmidir. İş materiallarında olan üzləşmə protokollarından (i.v. 98-99 və102-103) məlum olur ki, Təqsirləndirilən şəxs vurduğu ziyanlarla bağlı törətdiyi əməli səmimi olaraq etiraf edir. İş materiallarında olan “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərancam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri həyata keçirmək üçün etibarnamə verilmişdir. İş materialında olan (i.v. 108-109) 18 fevral 2022-ci il tarixli protokollardan məlum olur ki, istintaq zamanı Təqsirləndirilən şəxs vurduğu ziyanlardan 1500 manat Zərərçəkmiş şəxs1 və 1500 manat Zərərçəkmiş şəxs2 ödəniş etmişdir. İş materiallarında olan 02 fevral 2022-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan AZ-İ 289599 saylı nikah şəhadətnaməsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs X4 ilə aralarında 05 iyun 2007-ci il tarixdə nikah bağlamışlar. İş materialında olan AZ-İİ 536794 saylı və AZ-İİİ 405044 saylı doğum şəhadətnamələrinin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs iki azyaşlı övladı var - 14 avqust 2010-cu il təvəllüdlü X5 və 01 sentyabr 2014-cü il təvəllüdlü Mehdiyev İbrahim Murad oğlu. İş materialında olan tibbi arayışdan (i.v. 114) məlum olur ki, 01 sentyabr 2014-cü il təvəllüdlü X6 ürək əməliyyatından sonrakı diaqnozu- Simptomatik fokal gicgah epilepsiyauşaq sağlamlıq məhdud uşaqdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən-cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində 27682 manat 53 qəpik məbləğində vurulmuş zərərin alınaraq zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən-cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində 17622 manat 84 qəpik məbləğində vurulmuş zərərin alınaraq zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasan Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, ilk məhkumluğunu, himayəsində azyaşlı uşaqların olmasını yüngülləşdirici hallar kimi müəyyən etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxslərə dəymiş ziyanların ödənilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, ədalətli cəza cinayətə uyğun olduğu və təqsirləndirilən şəxsə törətdiyi cinayətin səbəb olduğu nəticələrinə uyğun hökm oxunduğu zaman bərpa olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona ailə vəziyyəti nəzərə alınaraq təqsirləndirildiyi maddənin sanksiyası həddində minimum həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam’’ qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 354.1.3-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə hesab edir ki, verilmiş mülki iddialar əsaslı olduğundan və təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs tərəfindən tam qəbul edildiyindən təmin edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə verilmiş mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs maddi ziyana görə 27682.53 (iyirmi yeddi min altı yüz səksən iki manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə tutulsun. İş üzrə verilmiş digər mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs maddi ziyana görə 17622.84 (on yeddi min altı yüz iyirmi iki manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə tutulsun. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar