Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-151/2023 14.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı. Azərbyacan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 10 oktyabr 2022-ci il tarixdə saat 00:15 radələrində ünvan 3 ünvanında yerləşən “Movida Plaza" şadlıq sarayının “Vip" zalında mətbəxi idarə edən şəxs kimi həmin restoranda xadimə işləyən Zərərçəkmiş şəxs masadan yemək götürmək istəməsini iddia etməsi səbəbi ilə aralarında yaranmış mübahisə zəmnində sağ əli ilə onun sol göz nahiyəsindən vuraraq sol göz qapaqlarının qançırı və həmin gözün ağlı qişasına qansızma kimi ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ilin oktyabr ayının əvvəllərindən 2022-ci ilin noyabr ayının əvvəllərinədək Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən “Movida Plaza" şadlıq sarayında nəzarətçi kimi işləyib. xx.xx.2022-ci il tarixdə saat 23:45 radələrində şadlıq sarayının "Vip" zalında olan toy bitdikdən sonra o, dəhlizdən zala daxil olduqda onunla eyni restoranda xadimə işləyən Yeganə adlı qadının zalda bəy-gəlin masasının yanındakı masadan yemək götürmək istəməsini görmüş, restoranda buna icazə verilməməsinə görə o, Yeganəyə öz iradını bildirmiş, lakin Yeganə buna məhəl qoymamış, 15-20 dəqiqə sonra təxminən saat 00:15 radələrində yenidən Yeganənin yanına gedərək təkrar irad bildirdikdə yenidən məhəl qoymamış və onun ünvanına nalayiq ifadələr işlətmidir. O, bundan qəzəblənərək sağ əli ilə Yeganənin sifət nahiyəsinə bir dəfə zərbə vurmuş, bundan sonra Yeganə zaldan çıxaraq getmiş, ardınca o da zaldan çıxmış və restoranın dəhlizində olan zaman iş yoldaşı, inzibatçı işləyən İlkin gələrək ondan nə baş verməsini soruşduqda o, İlkinə hadisəni olduğu kimi danışmışdır. Sonradan Yeganə əşyalarını götürərək restorandan çıxıb getmiş və hadisədən biraz keçdikdən sonra polis əməkdaşları yaxınlaşaraq hadisəni sənədləşdirməyə başlamışlar. Aralarında yaranmış mübahisə 1 dəqiqədən az davam etmiş, hadisə zamanı ətrafda heçkəs olmamışdır. Baş vermiş hadisə ilə bağlı zərərçəkmiş Zərərçəkmiş şəxs ilə hazırda barışdığını, onu vurduğuna görə əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, ünvan 3 ünvanında yerləşən “Movida Plaza" şadlıq sarayında xadiməçi kimi işləyirmiş. xx.xx.2022-ci il tarixdə saat 23:45 radələrində restoranın “Vip" zalında olan toy məclisi yekunlaşdıqdan və orada olan insanlar getdikdən sonra o, zala daxil olaraq masaların yanında olan qab-qacaq rəflərini təmizləməyə başlamış, bəy və gəlin oturan masanın yaxınlığında olan zaman həmin şadlıq sarayında nəzarətçi işləyən Günel adlı qadın ona yaxınlaşaraq masalardan yemək götürməyə icazə olmamasını bildirmiş, o, isə masadan yemək götürməməyini, onsuz da sonda ehtiyacı olanlara mətbəxdə yemək veriləcəyini qeyd etmişdir. Lakin Günel 15-20 dəqiqə sonra yenidən zala daxil olaraq onunla kobud danışdığı üçün Günelə öz iradını bildirərək çıxıb getməsini demiş, təxminən saat 00:15 radələrində aralarında mübahisə yaranmış və Günel sağ əli ilə onun sifət nahiyyəsindən bir dəfə vurmuş, o, sol gözünün ağrımasını hiss edərək əli ilə üzünü tutub zaldan çıxmış, həmin vaxt orada işləyən İlkin ondan nə olmasını soruşmuş, o, isə İlkinə Günelin onunla mübahisə edib vurmasını bildirmişdir. Bundan sonra əşyalarını götürərək restoranı tərk etmiş və 10-15 dəqiqə sonra DİN-in 102 xidmətinə bu barədə məlumat vermişdir. Mübahisə 1 dəqiqədən az davam etmiş, mübahisə zamanı yanlarında heçkəs olmamışdır. Hazırda isə Günel Tağıyevlə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək, iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 10 oktyabr 2022-ci il tarixli, 1141 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində aşkar olunan xəsarətlər – sol göz qapaqlarının qançırı və həmin gözün ağlı qişasına qansızma müəyyən edilmiş, xəsarət bərk küt əşya təsirindən törənmişlər, yetirilmə müddəti 10 oktyabr 2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 07 dekabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 07 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3000 manat cərmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 fevral 2015-ci il tarixli qərarı ilə qazancının 15% tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş və 24 iyun 2016-cı ildə Milli Məclisin 20 may 2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 20 oktyabr 2017-ci il tarixli Qanunla əlavə edilmiş və 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-151/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-151/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver