Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-151/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2004-cü il tarixində Qusar rayonu, Gican kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Qusar rayonu, Gican kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 05 noyabr 2023-cü il tarixdə saat 23 radələrində doğma bacısı Zərərçəkmiş şəxs Abdulhamid qızının icazəsi ilə kirayə yaşadığı ünvan 3 saylı mənzilə sonuncu tərəfindən giriş qapısının qarşısındakı qutuda saxlanılmış açarla açıb mənzilə daxil olaraq gecələmiş və 06 noyabr 2023-cü il tarixdə saat 10 radələrində yataq otağında yerləşən saxlanc yeri hesab olunan trümonun siyirməsindən 7.000 (yeddi min) manat, həmin dövrün məzənnəsi ilə 3.400 (üç min dörd yüz) manat təşkil edən 2.000 ABŞ dolları nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs Abdulhamid qızına ümumilikdə 10.400 (on min dörd yüz) manat, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ona özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxs ifadəsi, şahid ifadələri, ifadənin yerində yoxlanılması, hadisə yerinə baxış keçirilməsi protokolu və və iş üzrə toplanmış digər sənədlərlə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 4.000 manat məbləğini **-JP-*** dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin icarəsi üçün qalıq qalmış pulu üçün vermiş. avtomobilin ilkin olaraq 2 günlük icarə əsasında 600 manat ödəyərək icarəyə götürmüş, daha sonra avtomobilin bir həftə əlavə olaraq qalacağını bildirmiş, bu səbəbdəndə əlavə olaraq şirkətə borcu yaranmışdır. Avtomobili təxminən 1 ay əvvəl tanıdığı taksi sürücüsü olan Qismət adlı tanışının adına qeydiyyata almış buna səbəb isə sürücülük vəsiqəsinin olmaması olmuşdur. Avtomobili yalnız Qismət idarə etmiş, həmin şəxs ilə birlikdə Qusar rayonuna da getmiş, Bakı şəhərində olanda avtomobili idarə etmişdir. Bacısına məxsus pulları oğurladıqdan sonra 4.000 manat pulu xx.xx.2023-cü il tarixdə avtomobilin icarəsi üçün vermiş, Bundan başqa oğurladığı pulun 500 manatını Qismətə vermiş, həmin pulu icarəyə götürdüyü avtomobili idarə etdiyi üçün qazanc kimi vermiş, qalan pul məbləğlərini isə şəxsi istifadəsi üçün xərcləmişdir.Hal-hazırda bacısına vurmuş olduğu ziyanı tam olaraq ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməldən səmimi peşmandır. Barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Ona qarşı oğurluq edən şəxsin qardaşı olduğunu bilsəymiş, heç şikayət etməyəcəkmiş. Ona vurulmuş zərər tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayətçi deyil. Barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. X1 təxminən 1 aydır ki, tanıyır. Həmin şəxslə müştəri kimi ünvana çatdıran zaman aralarında münasibət yaranmışdır. Bundan sonra Heydər mobil nömrəsini götürərək avtomobil idarə etməsi xoşuna gəldiyini, daha sonra da əlaqə saxlayacağımı demiş. Ertəsi gün səhər Heydər əlaqə saxlayaraq görüşmək istədiyini demiş, bundan sonra Bakı şəhəri, Nizami rayonu ərazisində olan metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığına getmiş, oada onunla bir qədər söhbət etdikdən sonra biznes qurduğunu bununla əlaqədar olaraq sürücü kimi birlikdə işləməyi təklif etmiş, bundan sonra gündəlik taksi fəaliyyəti ilə məşğul olduğuna görə qazancını soruşmuş, həmin şəxsə gündəlik təxminən 90- 100 AZN arası qazandığını demiş, gündəlik olaraq 100 AZN verəcəyini bildirmiş. onunla razılaşmış, Heydər icarə olaraq avtomobil götürəcəyini həmin avtomobili onun idarə edəcəyini bildirmiş, lakin sürücülük vəsiqəsi olmaması səbəbindən icarəyə götürülən avtomobil adına qeydiyyatdan keçirilməli olmuş, ilkin olaraq bir neçə gün olmaqla "Range Rover" markalı **-JP- *** dövlət qeydiyyat nişanlı avtomobili icarə olmaqla adına götürmüş, avtomobili idarə etmiş. Heydər ilə birlikdə Bakı şəhərinin müxtəlif yerlərinə həmçinin Qusar rayonuna birlikdə getmiş. Qusar rayonunda Heydər atası anası ilə tanış olmuş, avtomobili təxminən 10 gün idarə etmiş, bunun qarşılığında Heydər təxminən 1000 manat ödəmiş. sonuncu dəfə Heydəri xx.xx.2023-cü il tarixdə axşam saatlarında ünvan 2 ünvanında düşürtmüş, həmin gün orada qalacağını bildirmiş, əvvəl bir neçə dəfə həmin ünvana Heydəri aparmış, söhbət əsnasında bacısının həmin ev ünvanında yaşamasını və orada özünə məxsus pulların olmasını demişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Gənclik ərazisində Heydər ilə görüşmüş, Heydər ona 320 manat pul vermişdir. Daha sonra isə Heydər ilə əlaqə saxlamamışdır. Heydərin bacısının ev ünvanında pul oğurlaması barədə məlumatı olmamışdır. Digər şahidlər İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Xətai RPİ İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v.01); xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs DİN 102 xidmətinə zəng edərək 10.000 manat pulunun oğurlandığını bildirmişdir.(i.v 6) 18 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Zərərçəkmiş şəxs Abdulhamid qızının kirayə yaşadığı ünvan 3 nömrəli mənzilin içərisində baş vermişdir. (i.v 7-9) şübhəli şəxsin tutulması haqqında 08 noyabr 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 08 noyabr 2023-cü il tarixində, saat 19:00-da tutulmuşdur ( i.v. 25-26); 09 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v 41) 10 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə ittiham elan edilmişdir.(i.v 56) 10 noyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiklərini ünvan 3 ünvanında bir daha təsdiq etmişdir.(i.v 72-75) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri, seçilmiş, həbsetmənin əvvəli 08 noyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır.(i.v 82-83) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyya-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 93) 28 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs vurulmuş 10.400 manat zərər atası X2 tərəfindən tam olaraq ödənilmişdir. Qardaşı Təqsirləndirilən şəxs ilə barışmışdır.(i.v 94) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir.(i.v 95-99) Sübutların qiymətləndirilməsi haqqında 15 yanvar 2023-cü il tarixli qərardan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs Abdulhamid oğluna Azərbaycan Respublikası CM- nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində seçilmiş "ev dustaqlığı" qətimkan tədbiri nəzərə alınması, Zərərçəkmiş şəxs Abdulhamid qızına dəymiş maddi ziyan 10.400 (on min dörd yüz) manat hesab edilməsi, Təqsirləndirilən şəxs Abdulhamid oğlu barəsində Azərbaycan Respublikası CM- nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Şahid1 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilməsi və Azərbaycan Respublikası Baş Prokurorunun 01 dekabr 2006-cı il tarixli 09/84 №li "Cinayət təqibi zamanı "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın müddüalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında" əmrin 19-cu maddəsinin tələbinə əsasən bu barədə material ayrılıb, rayon prokurorluğunun arxivində saxlanılması üçün göndərilməsi, iş üzrə təqsirləndirilən şəxsin etiraf ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ifadənin yerində yoxlanılması haqqında və digər istintaq hərəkətlərinə dair protokollar və iş üzrə toplanmış digər sənədlər iş materiallarına uyğun gəldiyindən sübut növü kimi qəbul edilməsi və cinayət işinə əlavə edilməsi qərara alınmışdır.(i.v 107-112). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.2.4-cü maddəsinə əsasən özgənin əmlakını xeyli miqdarda gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsi(CM 59.1.12.); cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi(CM 59.1.13.); əməlindən səmimi peşmanlıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs 08 noyabr 2023-cü il tarixdən 28 fevral 2023-cü il tarixədək həsbdə olduğu və ev dustaqlığında olduğu 03(üç) ay 20(iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 ay (yeddi) 10(on )gün ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 01 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləöv edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-151/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-151/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver