Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-152/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, X1, Təqsirləndirilən şəxsin müdafiəçisi 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 13:30-da Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsi 46/50 saylı binanın açıq qapısından bloka girərək istifadəyə yararsız olan metalları toplamaq məqsədi ilə binanın beşinci mərtəbəsinə qalxmış, həmin blokda olan 5 saylı mənzilin qarşısında açıq vəziyyətdə qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 1500 manat dəyərində ağ rəngli “Bianshi” markalı velosipedi mənzilin qarşısından gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq elmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, 22 saylı binanın açıq qapısından bloka girərək binanın yeddinci mərtəbəsinə qalxmış, həmin blokda olan mənzil 197 ünvanının qarşı hissəsində dəhlizində saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus, 01 ədəd 1300 manat dəyərində göy rəngli, üzərində “BMW” markalanma göstəriciləri olan yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1300 (bir min üç yüz) manat məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş ona Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi gəlir əldə etmək üçün oğurluq etmək məqsədi ilə 16 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda yerləşən Xətai metrostansiyası ətrafında yerləşən binaların dəhlizinə daxil olaraq orada yuxarı mərtəbələrdə velosiped axtarmışdır. İlk növbədə bir neçə binanın dəhlizinə daxil olub oradan yuxarı mərtəbələrə qalxsa da heç nə əldə edə bilməmişdir. Bu məqsədlə hərəkət edərək sonda ünvan 3 ünvanına gedib çatmış və binanın giriş qapısını yoxlayan zaman qapının üzərində kod olsa da, açıq olduğunu görmüşdür. Buna görə də binaya daxil olaraq pilləkən vasitəsi ilə yuxarı qalxmışdır. Binanın 7-ci mərtəbəsinə çatdıqda mənzilin qapısının yaxınlığında tünd göy rəngli velosipedin sahibsiz vəziyyətdə olduğunu görmüşdür. Həmin velosipedi oğurlamaq niyyətinə gəlmiş və velosipedi oradan sakitcə götürərək pilləkən vasitəsi ilə aşağı düşmüşdür. Cəld şəkildə hərəkət edərək həmin ərazidən uzaqlaşmışdır. Daha sonra həmin gün pul əldə etmək məqsədi ilə velosipedi satmaq qərarına gəlmişdir. Velosipedi satmaq məqsədi ilə Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” bazarına yollanmışdır. Tanımadığı orta yaşlı kişi cinsindən olan şəxs ona yaxınlaşmış və velosipedi almaq istədiyini bildirmişdir. 120 manat pul qarşılığında velosipedi həmin şəxsə satmaq barədə razılıq əldə edərək velosipedi həmin şəxsə satmışdır. Daha sonra əldə etdiyi pulu öz istifadəsi üçün xərclədikdən sonra evə yollanmışdır. Bundan başqa bildirmişdir ki, ünvan 4 ünvanından “Bianshi” markalı velosipedi o oğurlamamışdır. Əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs1 ilə barışdığını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2009-cu “İmprateks mator” şirkətindən “BMW“ markalı velosipedi 8500 manata almışdır. O, həmin velosipedi mənzilinin dəhlizində saxlamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında velosipeddən istifadə etdikdən sonra səhər təxminən 10:00 radələrində yenidən velosipedi yaşadığı ev ünvanının dəhlizində saxlamışdır. Həmin günü işləri ilə əlaqədar günorta saatlarından etibarən ev ünvanında olmamışdır. Axşam evə qayıtdıqda isə özünə məxsus “BMW” markalı tünd göy rəngli velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Oğurluğu aşkar etdikdən sonra bu barədə DİN-nin 102 xidmətinə müraciət edərək məlumat vermişdir. Qeyd etdiyi 8500 manat velosipedi 2009-cu il tarixdə aldığı qiymət olmuş və üzərindən təxminən 13 il keçmişdir. Hal-hazırkı bazar qiymətini dəqiq bilmədiyi üçün velosipedin qiymətinin 1300 manat dəyərində hesablanmasına etirazı yoxdur və ekspert rəyi ilə tam razıdır. Yaşadığı binanın giriş qapısının üzərində kodla açılan kilid olsa da, həmin qapı ümumi istifadədə olduğundan qapının açılıb-bağlanması üçün kod qoyulmamışdır. Buna görə də, kənar şəxslər də binanın dəhlizinə girib çıxa bilmişlər. Dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı tələb və şikayətinin olmamasını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ona məxsus olan ağ rəngli, “Bianchi” markalı velosipedi 2021-ci ilin payız aylarında 1500 (min beş yüz) manata almışdır. Velosipedi yaşadığı binanın 5-ci mərtəbəsində yerləşən mənzilinin qarşısında saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində rəfiqəsi ilə görüşmək üçün yaşadığı mənzilindən çıxmışdır. Həmin vaxt velosiped mənzilin qarşısındakı dəhlizdə olmuşdur. Saat 23 radələrində evə qayıdan zaman ona məxsus olan 1500 manat dəyərindəki “Bianchi” markalı velosipedin yerində olmadığını aşkar etmişdir. Ona məlum olmuşdur ki, velosiped naməlum şəxs tərəfindən oğurlanmışdır. Velosipedi heç bir kilidlə bağlamamış, açıq vəziyyətdə dəhlizdə saxlamışdır. Ona 1500 manat dəyərində maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Şahid X6 məhkəməyə telefonoqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında onun ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, maddi cəhətdən çətinlik çəkdiyindən və işsiz olduğu üçün 2022-ci il yay aylarında Kürdəmir rayonundan yemiş alaraq Bakı şəhərinə gətirmiş, aldığı yemişləri Bakı şəhəri, Nizami rayonu Ərazisində yerləşən “8-ci kilometr” bazarında sataraq maddi gəlirini təmin etmişdir. xx.xx.2022-ci il tarixdə bazarda alver ilə məşğul olan zaman kişi cinsindən olan təxminən 45-50 yaşlarında olan arıq bir nəfər şəxsin əlində velosipedlə olduğunu və velosipedi satdığını kənar şəxslərə bildirdiyini görmüşdür. Həmin şəxsə yaxınlaşan zaman ilk növbədə velosipedin qiymətini və kimə məxsus olduğunu soruşmuşdur. Həmin şəxs velosipedin özünə məxsus olmasını bildirmiş və 150 manata satdığını demişdir. Daha sonra həmin şəxslə söhbət etdikdən sonra velosipedi 120 manat qiymətinə razılaşıb almışdır. Velosiped almaqla məqsədi isə kənddə olan zaman yaxın ərazilərə velosiped vasitəsi ilə gedib gəlmək olmuşdur. Kəndə qayıtdıqdan sonra polis əməkdaşları onunla əlaqə saxlayaraq həmin velosipedin oğurluq olmasını ona bildirmişlər. Daha sonra isə o, həmin velosipedi aparıb polis əməkdaşlarına təhvil vermişdir. Velosipedin üzərinə “BMW” markası qeyd olunmuş və tünd göy rəngdə olmuşdur. Velosipedin oğurluq yolu ilə əldə olunması barədə məlumatı olmamışdır. Polis əməkdaşları bu barədə ona məlumat verən zaman dərhal velosipedi təhvil vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, 22 saylı binada baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı istintaqa verdiyi ifadəsini təsdiqləyərək hadisənin yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsi 46/50 saylı binada baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı istintaqa verdiyi ifadəsini təsdiqləyərək hadisənin yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “təqdim etmə və götürmə barədə” protokoldan görünür ki, X2 Etiqat Rafiq oğlunun ona satdığı “BMW” markalı velosipedi polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, 01 ədəd “BMW” markalı velosiped Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs1 velosipedi markasından, rəngindən, ölçüsündən, işlənmə dərəcəsindən tanıdığını bildirmişdir. İş materiallarında olan Məhkəmə Eksperiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6399 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd göy rəngli, üzərində “BMW” markalanma göstəriciləri olan yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 1300.00 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında qərardan görünür ki, ünvan 5 ünvanının dəhlizdə xx.xx.2022-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntüsü köçürülmüş 01 ədəd “CD” formatlı diskə baxış keçirilmiş və baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 14:50:50-də bir nəfər arıq bədənli, əynində qolu qısa yay köynəyi, başında tünd göy rəngli yay papağı olan, üzünün çənə hissəsi və bığ yeri tüklü olan şəxsin dalanla əlində velosiped gəlməsi, sonra velosipedə minərək sürüb getməsi müşahidə edilmişdir. Bununla yanaşı diskə baxış keçirilən zaman baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olması bildirmişdir. İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “BMW” markalı velosiped maddi sübut kimi tanınmış, saxlanılması üçün sahibinə geri qaytarılmışdir. xx.xx.2022-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntüsü olan 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 28 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Pərviz Cəfərovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Səbail RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı tələb və şikayətinin olmamasını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə sübutları və iş materiallarını tədqiq etdikdən sonra belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında özünü qismən təqsirli bilməsi, yəni xx.xx.2022-ci il tarixdə saat 13:30-da Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsi 46/50 saylı binada Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Bianshi” markalı velosipedi oğurlamaması kimi ifadəsi özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Belə ki, onun həmin cinayəti törətməsi iş materialları, yəni hadisə anını əks etdirən videogörüntü, ifadənin yerində yoxlanılması haqqında protokol ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, videogörüntüdən görünür ki, ünvan 5 ünvanının dəhlizində xx.xx.2022-ci il tarixdə saat 14:50:50-də bir nəfər arıq bədənli, əynində qolu qısa yay köynəyi, başında tünd göy rəngli yay papağı olan, üzünün çənə hissəsi və bığ yeri tüklü olan şəxsin dalanla əlində velosiped gəlməsi, sonra velosipedə minərək sürüb getməsi müşahidə edilmiş və həmin şəxsin açıq-aşkar şəkildə Təqsirləndirilən şəxs olması görünür. Həmçinin Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsi 46/50 saylı binada baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı hadisənin yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. Bununla da, Təqsirləndirilən şəxs ifadəsi məhkəmə iclasında iş materialları ilə tamamilə təkzib edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, məhkəmə baxışı zamanı qismən etirafı, videogörüntü, zərərçəkmiş şəxslərin və şahidin məhkəmə iclasında və istintaqda verdiyi ifadələri ilə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs1 ilə barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət üzrə cəza çəkib azadlığa çıxdığı gündən yeni cinayət törətdiyi günə qədər 02 il müddət keçməmiş və məhkumluğu ödənilməmişdir. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş bbaşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış saxlanması üçün, Zərərçəkmiş şəxs1 qaytarılmış 01 ədəd “BMW” markalı velosiped onun istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından 01 (bir) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs1 qaytarılmış 01 ədəd “BMW” markalı velosiped onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış CD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-152/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-152/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver