Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-153/2024 27.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70/70-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,469 qram psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 05 dekabr 2023-cü il tarixdə, saat 17.00-da ünvan 1 ünvanında saxlanılıb ünvan 2 35-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə müdafiəçinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,469 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videoçəkilişə baxış protokolu və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, 2023-cü ilin əvvəllərindən tanımadığı şəxslərdən narkotik vasitə və patı kimi tanıdığı psixotrop maddə olan metamfetamin alaraq istifadə etmişdir. Sonuncu dəfə 02 dekabr 2023-cü il tarixdə yaşadığı Xətai rayonu, Mingəçevir küçəsində hərəkətdə olarkən bir büküm tapmış, açdıqda içərisində metamfetaminə oxşar maddə olduğunu görmüş və götürüb cibinə qoymuşdur. 05 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində ünvan 3 ünvanının yaxınlığı ilə gedən zaman mülki geyimli şəxslər yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməkdə şübhəli bilindiyi üçün Onu Xətai RPİ-nin 35-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə polis əməkdaşları tərəfindən vəkillə təmin olunduqdan sonra videoçəkilişlə üzərinə axtarış aparılmışdır. Axtarış zamanı üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim olunması təklif olunmuşdur. Təklifdən sonra əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir bükümdə olan maddəni çıxarıb stolun üzərinə qoymuş, həmin maddənin nə olması soruşulduqda bildirmişdir ki, həmin maddə patı kimi tanıdığı psixotrop maddə metamfetamindir. Həmin maddə zərfə qoyulub möhürlənmiş və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 dekabr 2023-cü il tarixdə Polis bölməsinə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Xətai rayonu, Neapol küçəsində mütəmadi olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olur. Məlumatı aldıqdan sonra Bölmə rəisinə məruzə etmiş və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, qrupun rəhbəri Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 üzvü Bölmənin əməliyyat müvəkkili o, təyin olunmuşdur. Həmin günü Neapol küçəsində müşahidə aparmağa başlamışlar və təxminən saat 17 radələrində həmin küçənin 22 saylı ünvanında Təqsirləndirilən şəxs bənzəyən bir şəxsi görüb ona yaxınlaşmışlar. Özünü təqdim etdikdən sonra narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib öz razılığı ilə Xətai RPİ-nin 35-ci PB-nə aparıb raportla rəisə məruzə etmişlər. PB-nin xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı maddə və ya əşya varsa təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə maddəni çıxarıb masanın üzərinə qoymuş, həmin maddənin nə olması soruşulduqda bildirmişdir ki, həmin maddə patı kimi tanıdığı metamfetamindir, onu 02 dekabr 2023-cü il tarixdə yaşadığı evin yaxınlığından tapmış və özü üçün istifadə etmək məqsədi ilə üzərində saxlamışdır.Daha sonra onun üzərindən aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənmiş və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakı təmin edilməsi mümkün olmayan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında dindirilən Şahid2 ifadəsinə oxşar olmuş və cinayət işinin yuxarıda sadalanan xüsusatları ilə heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan 05 dekabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoyur. Həmin maddənin nə olması soruşulduqda bildirir ki, həmin maddə patı kimi tanıdığı metamfetamindir, onu 02 dekabr 2023-cü il tarixdə yaşadığı evin yaxınlığından tapmış və özü üçün istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan başqa ondan hər hansı bir qanunla qadağan olunan maddə və ya əşya aşkar edilmir. Həmin büküm zərfə qoyularaq möhürlənir və protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanır. Keçirilmiş istintaq hərəkətinin görüntüsü 01 ədəd DVD-R disk protokola əlavə edilmişdir. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoyur. Həmin maddənin nə olması soruşulduqda bildirir ki, həmin maddə patı kimi tanıdığı metamfetamindir, onu 02 dekabr 2023-cü il tarixdə yaşadığı evin yaxınlığından tapmış və özü üçün istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan başqa ondan hər hansı bir qanunla qadağan olunan maddə və ya əşya aşkar edilmir. Daha sonra həmin büküm zərfə qoyularaq möhürlənir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 6/6274 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,469 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (Tədqiqatdan sonra qalıq 0.419 qram. məhkəmə xərci 65 manat). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsinin xx.xx.2024-cü il tarixli, 147 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 19 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.419 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və Xətai RPİnin saxlanc yerinə təhvil verilmişdir, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd DVD-R disk iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə “qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, ilk məhkumluğunu yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğrudan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdıran halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun ilk dəfə törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.419 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,419 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-153/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-153/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver