Məhkəmə qərarları › İş №1(011)-153/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-153/2025

01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-153/2025 01.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 və onun etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 9 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Salyan rayonu, Xalac kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, ev 51 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsində yerləşən nömrəsiz evdə yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X18 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X3 əməlində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin tərkibi mövcud olduğuna görə onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsində baxılan e-2(011)-333/2025 nömrəli mülki iş üzrə hakim (İlahə Abbasova) tərəfindən mübahisəli tikililərin olduğu ünvanda xx.xx.2025-ci ildə ünvan 2 təyin edilmişdir. xx.xx.2025-ci ildə ünvan 2 keçirilən zaman hakim İlahə Abbasovaya müraciət edərək X15 onun barəsində “Bura bunun arvadı - yəni, mən kişi gətirib salıb. Kişiləri gətirir" sözlərini bildirərək onu müxtəlif kişiləri evə gətirib salmaqda, yəni əxlaq normalarına zidd hərəkətlərdə ittiham etmişdir. Qeyd edilən sözləri X15 hakim İlahə Abbasovanın, məhkəmə iclas katibinin, özünün vəkili Müdafiəçi İskəndər oğlunun, həyat yoldaşı X16, sonuncunun vəkili Nümayəndə, onun baldızı X5, həyat yoldaşının əmisi X8 və digər şəxslərin, ümumilikdə 10 nəfərə yaxın adamların yanında ucadan söyləmiş, bununla da ona bilərəkdən böhtan atmışdır. Həmçinin, X3 ona böhtan atmağının, şərəf və ləyaqətini alçaltmağının, cəmiyyət arasında nüfuzdan salmağa cəhd göstərməsinin səbəbi qisas almaq məqsədi güdür, belə ki, onun həyat yoldaşı X22 mülkiyyətində olan evdən X9 və onun övladlarını evində faktiki yaşamadığı üçün qeydiyyatdan çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X15 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Kəmalə Məmmədova onu əsassız olaraq ittiham edir. Mübahisə ondan başlayır ki, onlar hamısı ümumi həyətdən istifadə edirlər. Kəmalə və həyat yoldaşı onların şəxsi həyatlarına müdaxilə edir, belə ki, həyətə kamera quraşdırıb onları izləyirlər. Bundan başqa, xəbərləri olmadan kənar şəxsləri təmir işləri adı ilə həyətə gətirirdilər. Elə olurdu ki, o və qızları arzuolunmaz vəziyyətdə, yəni hava isti olduğuna görə həyətdə yarıçılpaq vəziyyətdə olurdular. Bu səbəbdən həyətdə keçid hissəyə dəmir lövhə quraşdırıb, evlərinin qabağına keçən yerdə şkaf qoymuşlar ki, gələn adamlar onları görə bilməsinlər. Kəmalə və həyat yoldaşı onları məhkəməyə verib bu lövhənin və maneənin aradan qaldırılmasını istəmişlər. Məhkəmə əraziyə baxış keçirən günü hakim ona sual vermişdir ki, “bu lövhəni bura niyə vurubsan?” Bu zaman o, lövhənin olduğu keçid hissəni əli ilə göstərib demişdir ki, “Kəmalə həyətə kişiləri gətirir, guya fəhlə, ustadır”. Həmin adamlar da həyətə gələndə onu yarıçılpaq, ev paltarında görürlər, o da buna görə həyətə lövhə çəkdirmişdir ki, həyətə kimsə gələndə onu görməsin. Bu sözlə o, onun şəxsiyyətinə toxunacaq heç bir söz deməmişdir. Gətirdiyi adamların usta, fəhlə, tanış, ya da hər kimsə olduğunu dəqiq bilmədiyi üçün “guya” sözünü işlətmişdir. Bu sözlə Kəmaləyə nə böhtan atmaq, nə də təhqir etmək niyyəti olmamışdır. Kənar şəxslərin həyətə gətirilməsi isə faktdır. O vaxt usta ya fəhlələrdir bilmir, kimlərisə həyətə gətirib evinin arxa tərəfində (onun evinin qarşısında) dam örtüyünü (sınıq şiferi) və divarındakı çatları göstərib məsləhət alırdı, hətta divarındakı rütubətin aradan qaldırılması üçün həmin hissədə müəyyən təmir işləri də görülürdü. Onun da deməyi odur ki, kənar adamı həyətə saldıqda onları xəbərdar etsinlər. “Guya” ifadəsini işlətdikdə isə o, nəzərdə tutmuşdur ki, “eləbil, sanki bu adam ustadır”, yəni gələn adamın usta olub-olmadığını dəqiq bilmədiyinə görə bu ifadəni işlətmişdir. Kəmalə isə bunu səhv başa düşmüşdür. Beləliklə o, göstərilənləri nəzərə alaraq əməlində hər hansı cinayətin tərkibi olmadığından ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X18 ifadəsində göstərmişdir ki, Məmmədova Şəfiqəni uzun müddətdir ki, tanıyır, aralarında ədavətləri var, hazırda da mülki məhkəmə icraatı qaydasında mübahisələri davam edir. 2015-ci ildən onların həmin həyət üstündə mübahisələri var, onlar ona və ailəsinə qarşı geyimlərinə görə etiraz edirlər, halbuki onların geyim tərzləri heçkimdən fərqli deyil. Məmmədova Şəfiqənin qeyd etdiyi əşya şkaf deyil, o, lövhədir. Onların evində 2010-cu ildən etibarən usta olmayıb. Məmmədova Şəfiqə şikayətdə qeyd etdiyi ki, “O, evə bir-iki kişi gətirib usta adı ilə” və həmin zaman əli ilə onu göstərmişdir və bildirmişdir ki, “Günah səndədir”. Həmçinin onun özü və ailəsi dəfələrlə həyətdə söyüş söyürlər və təhqir edici ifadələrdən istifadə edirlər. Məmmədova Şəfiqə tərəfindən ona qarşı istifadə olunan ifadədən sonra onun halı pisləşmişdir. O, ona görə şəkər xəstəsi olmuş və əsəblərində problem yaranmışdır. Dəfələrlə onun özü üçün və qızı üçün təcili yardım gəlib. Onun evinə kənar şəxslər gəlmir və onun bu cür ifadədən istifadə etməsini düzgün hesab etmir. Məmmədova Şəfiqə onun pəncərəsini göstərərək demişdir ki, “Evə kişi gətirir” və bunu deyərkən Məmmədova Şəfiqə ümumi həyət üçün ustaları nəzərdə tutmamışdır. Məmmədova Şəfiqə ona demişdir ki, “Sən evə kişi gətirib salırsan” və “Kişi gəlib, sənin üçün”. Beləliklə, o, X3 əməlində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin tərkibi mövcud olduğuna görə onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, yaşadıqları həyətə kişi cinsinə mənsub olan usta-fəhlənin gəlməsinin şahidi olmuşdur. Belə ki, divarda rütubətdən çatlar yarandığından onların xəbəri olmadan əmisigil (əmisigil dedikdə yəni əmisi və arvadı) evə usta çağırmışdır. Onlar həyətə dəmir lövhəni sakitçilik olsun deyə qoyublar ki, başqa heç kim onları görməsin. Yayda isti olan zaman o, özü yarıçılpaq vəziyyətdə həyətə çıxır, başqa şəxs nəyə görə onu görməlidir. Şikayət vermiş şəxs X18 onun əmisinin yoldaşıdır. Əvvəllər münasibətləri yaxşı olsa da, atası vəfat etdikdən sonra aralarında dəmir lövhə üstündə münaqişə yaranmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X15 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçıların gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Xüsusi ittihamçı X18 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 yalan olduğunu bilə-bilə hakim İlahə Abbasovanın, məhkəmə iclas katibinin, özünün vəkili Müdafiəçi İskəndər oğlunun, həyat yoldaşı X16, sonuncunun vəkili Nümayəndə, onun baldızı X5 və həyat yoldaşının əmisi X8 iştirakı ilə keçirilən yerli baxış zamanı ona qarşı “bunun arvadı evə kişi gətirib salıb, kişiləri gətirir, gah 1 dənə, gah 2 dənə, guya ustafəhlədi” kimi ifadələr işlətməklə onun şərəf və ləyaqətini ləkələməklə onu nüfuzdan salmasını və ona böhtan atmasını əsas gətirmişdir. Məhkəmə baxışı zamanı sübut növü kimi təqdim edilmiş özündə yerli baxışın görüntülərini əks etdirən 01 ədəd fleşkarta baxış zamanı müəyyən olmuşdur ki, xx.xx.2025-ci ildə Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, ev 51 ünvanında keçirilən yerli baxış zamanı X15 xüsusi ittihamçı X13 qarşı “Bura bunun arvadı kişi gətirib salıb. Kişiləri gətirir. Gah 1 dənə kişi, gah 2 dənə, guya usta-fəhlədi” ifadələrini işlətmişdir. Lakin məhkəmə iclasına barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X15 ona elan edilmiş ittiham ilə əlaqədar olaraq ifadəsində qeyd etmişdir ki, Kəmalə Məmmədova onu əsassız olaraq ittiham edir. Mübahisə ondan başlayır ki, onlar hamısı ümumi həyətdən istifadə edirlər. Kəmalə və həyat yoldaşı onların şəxsi həyatlarına müdaxilə edir, belə ki, həyətə kamera quraşdırıb onları izləyirlər. Bundan başqa, xəbərləri olmadan kənar şəxsləri təmir işləri adı ilə həyətə gətirirdilər. Elə olurdu ki, o və qızları arzuolunmaz vəziyyətdə, yəni hava isti olduğuna görə həyətdə yarıçılpaq vəziyyətdə olurdular. Bu səbəbdən həyətdə keçid hissəyə dəmir lövhə quraşdırıb, evlərinin qabağına keçən yerdə şkaf qoymuşlar ki, gələn adamlar onları görə bilməsinlər. Kəmalə və həyat yoldaşı onları məhkəməyə verib bu lövhənin və maneənin aradan qaldırılmasını istəmişlər. Məhkəmə əraziyə baxış keçirən günü hakim ona sual vermişdir ki, “bu lövhəni bura niyə vurubsan?” Bu zaman o, lövhənin olduğu keçid hissəni əli ilə göstərib demişdir ki, “Kəmalə həyətə kişiləri gətirir, guya fəhlə, ustadır”. Həmin adamlar da həyətə gələndə onu yarıçılpaq, ev paltarında görürlər, o da buna görə həyətə lövhə çəkdirmişdir ki, həyətə kimsə gələndə onu görməsin. Bu sözlə o, onun şəxsiyyətinə toxunacaq heç bir söz deməmişdir. Gətirdiyi adamların usta, fəhlə, tanış, ya da hər kimsə olduğunu dəqiq bilmədiyi üçün “guya” sözünü işlətmişdir. Bu sözlə Kəmaləyə nə böhtan atmaq, nə də təhqir etmək niyyəti olmamışdır. Kənar şəxslərin həyətə gətirilməsi isə faktdır. O vaxt usta ya fəhlələrdir bilmir, kimlərisə həyətə gətirib evinin arxa tərəfində (onun evinin qarşısında) dam örtüyünü (sınıq şiferi) və divarındakı çatları göstərib məsləhət alırdı, hətta divarındakı rütubətin aradan qaldırılması üçün həmin hissədə müəyyən təmir işləri də görülürdü. Onun da deməyi odur ki, kənar adamı həyətə saldıqda onları xəbərdar etsinlər. “Guya” ifadəsini işlətdikdə isə o, nəzərdə tutmuşdur ki, “eləbil, sanki bu adam ustadır”, yəni gələn adamın usta olub-olmadığını dəqiq bilmədiyinə görə bu ifadəni işlətmişdir. Kəmalə isə bunu səhv başa düşmüşdür. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Məmmədovanın göstərdiyi xüsusatları təsdiqləyərək ifadəsində bildirmişdir ki, o, yaşadıqları həyətə ustafəhlənin gəlməsinin şahidi olmuşdur. Belə ki, divarda rütubətdən çatlar yarandığından onların xəbəri olmadan əmisigil (əmisigil dedikdə yəni əmisi və arvadı) evə usta çağırmışlar. Onlar həyətə dəmir lövhəni sakitçilik olsun deyə qoyublar ki, başqa heç kim onları görməsin. Yayda isti olan zaman o, özü yarıçılpaq vəziyyətdə həyətə çıxır, başqa şəxs nəyə görə onu görməlidir. Şikayət vermiş şəxs X18 onun əmisinin yoldaşıdır. Əvvəllər münasibətləri yaxşı olsa da, atası vəfat etdikdən sonra aralarında dəmir lövhə üstündə münaqişə yaranmışdır. Bundan əlavə, “Elektron Məhkəmə İnformasiya Sistemi”nə baxış zamanı aşkar olmuşdur ki, həqiqətən də iddiaçılar X12, X15, X10 cavabdehlər X22, X18, X17, X19 qarşı maneənin aradan qaldırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən 9055 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş 4 ədəd fərdi yaşayış evlərindən onlara məxsus olan, konfiqurasiya şəkilindədə “51A” nömrəli göstərilmiş evə aid olan torpaq sahəsinin sərhədlərinin və giriş-çıxış yerinin müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. Habelə, məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi Müdafiəçi məhkəməyə təqdim etdiyi fotoşəkillərlə də bir daha sübuta yetirilmişdir ki, həqiqətən də həyətdə müəyyən təmir işləri aparılmış, divarda olan çatlar düzəldilmiş və divara kafel vurulmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi əlavə edilmiş videogörünütün davamına baxdıqda görünür ki, X15 xüsusi ittihamçı tərəfindən istinad edilən sözləri deyən zaman hakim İlahə Abbasovaya həyətə lövhə çəkməsinin səbəbini izah edir. X15 həyətə gələn şəxslərin xüsusi ittihamçını istinad etdiyi məqsədlə həyətə gətirilməsi barədə heç nə qeyd etmir. Bununla da, yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X15 yerli baxış zamanı “...bunun arvadı kişi gətirib... ....gah 1 dənə, gah 2 dənə, guya usta fəhlədir....” kimi ifadələr işlədən zaman niyyəti onun şərəf və ləyaqətini alçatmaqla böhtan atmaq olmamış, evə gələn şəxslərin usta olub-olmamasını dəqiq bilmədiyindən həmin ifadələrdə “guya ustafəhlədi” kəliməsini istifadə etmiş, həmçinin məhkəməyə təqdim olunmuş fotoşəkillərdən də məlum olduğu kimi həyətə ustaların daxil olması və müəyyən təmir işlərinin aparılması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, şahidə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 və şahid X2 ifadələri arasında hər hansı bir ziddiyət olmamasını, onların ifadələri ilə iş materiallarında olan və məhkəməyə təqdim olunmuş sübutların uzlaşdığını, xüsusi ittihamçı X7 məhkəmə iclasında verdiyi “onların evində 2010-cu ildən etibarən usta olmamasına” və ona böhtan atmasına dair ifadəsinin yuxarıda qeyd olunan faktlarla təkzib olunduğunu nəzərə alaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 və şahid X2 ifadələrinin daha mötəbər olmasına inanır və şəxsin əməlində böhtan cinayətin tərkib əlamətlərinin olmaması qənaətinə gəlir. Odur ki, məhkəmə, təqsirləndirilən şəxs X3 xx.xx.2025-ci ildə Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, ev 51 ünvanında keçirilən yerli baxış zamanı xüsusi ittihamçı X13 qarşı işlətdiyi ifadələrin məzmunlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibinin olması ilə razılaşmır və hesab edir ki, məhkəməyə təqdim olunmuş sübutlarla da həmin maddənin dispozisiyasında təsbit edilmiş cinayət əməlinin tərkibinin olması öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. X27 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X6rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X11 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində böhtan cinayətinin tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X11 istinad edilən ittiham üzrə bəraət verilməli, iş üzrə maddi sübut hesab edilən 01 ədəd fleşkart və 12 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-350, 352- 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. İş üzrə maddi sübut hesab edilən 01 ədəd fleşkart və 12 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar