Məhkəmə qərarları › İş №1(011)-154/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-154/2023

06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-154/2023 06.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, məhkəmə iclasının katibi Kazımov Samir Vaqif oğlunun katibliyi, dövlət ittihamçısı - Bakı şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olan. Azərbaycan Respublikası vətəndaşıdır, evli, orla təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyytada olmaqla yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 13 sentyabr 2022-ci il tarixdə saat 05 radələrində ünvan 2 ünvanın 6-cı girişində olan Zərərçəkmiş şəxs məxsus 850 (səkkiz yüz əlli) manat qiymətində 01 ədəd "Falcon KMT 50" markalı mopedi gizli olaraq talayıb, işlək vəziyyətə gətirmədən sükanından tutaraq daşımaqla ələ keçirib Zərərçəkmiş şəxs 850 (səkkiz yüz əlli) manat məbləğdə ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli olması sonuncunun məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, hadisə günü içkili olmuşdur. O, qeyd edilən mopedi oğurlamaq niyyətində olmamışdır. Sadəcə onu sürmək istəmişdir. Daha sonra həmin mopedi blokdan çıxarmış və itələyib təkərləri vasitəsi ilə onu hərəkət etdirmiş, mopedin saxlandığı yerdən bir az aralandıqdan sonra həmin mopedi işə salmaq istəmiş, lakin buna nail olmayıb yenə itələməklə daşımışdır və başqa binanın blokuna qoyub çıxıb getmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, X1 ilə evlidir və 03 mart 2017-ci il təvəllüdlü X3 adında bir övladı var. Təxminən bir ildir ki, fərdi qaydada 8-ci kilometr bazarı adlanan ərazidə araba ustası kimi fəaliyyət göstərməklə dolanır, lakin maddi vəziyyəti yaxşı olmadığı üçün əvvəllər bir neçə dəfə oğurluq etmişdir və məhkum olunmuşdur. Əvvəllər bir tanışı “Həzi Aslanov” metrostansiyası yaxınlığında yaşayırmış və onun yanına gedib-gəldiyi üçün həmin yerləri tanıyırmış. Avqust ayının ortalarında ünvan 3 ünvanının qarşısından keçərkən bir nəfər tanımadığı cavan oğlanın göy rəngli mopedi həmin binanın 6-cı blokunun içərisində qapının yanında saxladığını görmüş, həmin moped xoşuna gəldiyi üçün onu oğurlamağı fikirləşmiş və həmin moped saxlanan yeri yadında saxlamışdır. 13 sentyabr 2022-ci il tarixdə saat 05 radələrində “Həzi Aslanov” metrostansiyası yaxınlığında olarkən həmin yerə gedib oğurluq etməyi qərarlaşdırmış, ünvan 3 saylı binanın 6-cı blokuna gedib qapısının açıq vəziyyətdə olduğunu və əvvəl gördüyü mopedin eyni yerdə saxlandığını görmüş, ətrafda kimsə olmadığını görüb mopedi əli ilə itələməklə blokdan çıxarmış və itələyib təkərləri vasitəsi ilə onu hərəkət etdirmiş, mopedin saxlandığı yerdən təxminən 200 metr aralandıqdan sonra həmin mopedi sükanın alt hissəsində yerləşən elektrik naqilləri vasitəsi ilə işə salmaq istəmiş, lakin buna nail olmayıb yenə itələməklə daşımışdır. Bundan təxminən bir saat sonra onu gizlətmək və münasib vaxtda götürə bilmək üçün Xətai rayonu, Məhəmməd Hadi küçəsində Əhmədli metrostansiyası yaxınlığında yerləşən tanımadığı yaşayış binalarının birinin blokunun qarşısında saxlamış, sonra oradan uzaqlaşmış və “Neftçilər" metrostansiyası yaxınlığına getmişdir. İki gün sonra isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun törətdiyi oğurluq əməlindən kiminsə məlumatı olmamış və buna görə ona kömək edən olmamışdır, həmin mopedi təxminən bir ay əvvəl həmin yerdə görüb bəyəndiyi üçün məqsədi mopedi özününkiləşdirmək və idarə etmək olmuşdur (Cild 1, i.v 88-91); Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hər gün müxtəlif saatlarda işə başlayıb fərqli saatlarda işlərini bitirdiyi üçün mopedi həmin yerdə saxladığı vaxtlar həmişə eyni olmayıb, sonuncu dəfə 13 sentyabr 2022-ci il tarixdə gecə vaxtlarında mopedi yaşadığı binanın 6-cı blokunun içəri tərəfdən giriş hissəsində saxlamış yaşadığı evə getmişdir. Təxminən günorta saatlarında yenidən işə getmək üçün yaşadığı evdə çıxarkən mopedin saxladığı yerdə olmadığını görmüş və DİN-nin 102 xidmətinə zəng etmişdir. Daha sonra bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. O, təqsirləndirilən şəxsin barəsində daha yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, təhqiqatçı Anar Abbasov ilə birlikdə Təqsirləndirilən şəxs mopedi gizlətdiyini bildirdiyi binaya getmiş və Təqsirləndirilən şəxs həmin binanın girişini göstərib mopedi orada gizlətməsini bildirmiş, hal şahidlərinin və onun iştirakı ilə qeyd olunan ünvana təhqiqatçı tərəfindən baxış keçirilmiş və zərərçəkmiş şəxsə məxsus moped götürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 327.1 və 329.1-ci maddələrinə əsasən şahidin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində Şahid bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə bölmə rəhbərliyi tərəfindən icrası ona həvalə olunan, təhqiqalçı tərəfindən aparılan araşdırma üzrə verilmiş tapşırığa əsasən ünvan 4 ünvanının 6-cı girişindən vətəndaş Zərərçəkmiş şəxs məxsus “Palcon" markalı mopedin naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat almış və əldə edilmiş görüntüyə baxış keçirdikdən, bir sıra əməliyyat tədbirləri həyata keçirdikdən sonra həmin hadisənin əvvəllər məhkum olunmuş. xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ehtimalı olması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs izahatının alınması üçün təhqiqata təmin edilmiş və araşdırma zamanı məlum olmuşdur ki, ünvan 5 ünvanının 6-cı girişində olan mopedi Təqsirləndirilən şəxs gizli olaraq ələ keçirmişdir. Bundan sonra həmin tarixdə yəni xx.xx.2022-ci il tarixdə saat 12 radələrində təhqiqatçı Anar Abbasov ilə birlikdə Təqsirləndirilən şəxs “Falcon“ markalı mopedi M.Hadi küçəsi 75 ünvanının 6-cı girişindən oğurladığı mopedi gizlətdiyini bildirdiyi ünvan 6 ünvanına getmiş və Təqsirləndirilən şəxs həmin binanın 3-cü girişini göstərib “Falcon” markalı mopedi orada gizlətməsini bildirmiş, hal şahidlərinin və onun iştirakı ilə qeyd olunan ünvana təhqiqalçı tərəfindən baxış keçirilmiş və vətəndaş Zərərçəkmiş şəxs məxsus “Falcon" markalı, tünd göy rəngli moped götürülmüşdür. Bundan sonra iştirakçılar tərəfindən protokol imzalanaraq təsdiq edilmişdir (cils 1, i.v 42-44); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (cild 1, i.v. 01); -Xətai RPİ-nin 36-cı PŞ-yə ünvanlanan HK-1-2024 saylı raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs binanın qarşısından mopedin oğurlanması barədə məlumat vermişdir (cild 1, i.v. 07); -Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai rayonu M.Hadi küçəsi, 75 saylı binanın 6-cı girişinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. (cild 1, i.v. 11-13); -Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 8 ünvanında vətəndaş X2 məxsus “Falcon” markalı mopedin oğurlanması ilə əlaqədar olaraq üzərində “Dərzi” yazısı olan obyektdə olan müşahidə kameralarından götürülmüş videogörüntünün köçürüldüyü DVD-R markalı diskə baxış keçirilən zaman “Moped” adlanan faylın içərisində olan videogörüntüdə olan xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsinin 7, 8-ci girişlərinin qarşısında bir nəfər kişi cinsinə mənsub olan şəxsin vətəndaş Zərərçəkmiş şəxs məxsus “Falcon” markalı, tünd göy rəngli mopedi sukanından tutaraq daşıması əks olunur. Vətəndaş Zərərçəkmiş şəxs videogörüntüdə naməlum şəxs tərəfindən işlək vəziyyətə gətirilmədən aparılan mopedin yaşadığı blokun girişində saxladığı ona məxsus “Falcon” markalı moped olmasını bildirmişdir (cild 1, i.v. 15); - Həmin diskə məhkəmə iclasında baxış keçirilərkən xx.xx.2022-ci il tarixli protokolda əks olunmuş hallar öz təsdiqini tapmışdır. -Baxış keçirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə eldiyi “Falcon" markalı mopedi saxladığı ünvan 9 ünvanının 3-cü girişinə baxış keçirilmiş və qeyd olunan “Falcon" markalı tünd göy rəngli moped sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (cild 1, i.v. 19-20); -Zərər çəkmiş şəxs qismində tanınma haqqında 05 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v 31); -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 oktyabr 2022-ci il tarixli, 9/6797 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasında yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən, ekspertiza təqdiqatına təqdim edilmiş 01 ədəd göy rəngli, “Falcon KMT 50” markalı mopedin yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 850 manat müəyyən edilir (cild 1, i.v. 63); -Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, i.v 71-72); -Qətimkan tədbirinin seçilməsi haqqında 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnamənin xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-057/2012 saylı, xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 185.2.2, 177.2.1, 177.2.2, 66.3, 69.3 maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-140/2012 saylı, xx.xx.2012-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2, 185.2.4 və 66.5-ci maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 185.2.1, 185.2.2, 66.3 və 66.5 maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə onun barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (cild 1, i.v. 97-99); -İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-36/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir (cild 1, i.v.101-113); -İş materiallarında olan 06 oktyabr 2021-ci il tarixli 156 nömrəli arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, xx.xx.2019-cu il Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, 06 oktyabr 2018-ci il tarixdən 06 oktyabr 2021-ci il tarixədək cəza müdətini çəkib və cəza müddətinin başa çatması ilə əlaqədar cəzadan azad edilib (cild 1, i.v. 67); -Sübutların qiymətləndirilməsi barədə 24 dekabr 2022-ci il tarixli qərardan görünür ki, işdə olan 01 ədəd DVD-R formatlı disk, 01 ədəd “Falcon KMT 50” markalı moped maddi sübut kimi tanınmışdır və cinayət işinə əlavə edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və onda cinayətlərin residivi vardır. (cild 1, i.v. 114-118); -İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı tələb və şikayəti yoxdur. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-154/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və təqsirləndirilən şəxsin axtarışı elan edilmişdir. -Ayrıca icraatda ibtidai istintaqı aparılmış başqa cinayət işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-103/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. -İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-291/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadqlıdan məhrum etmə cəzasına məhkum edilmişdir, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyənləşdirilmişdir. Cəzaçəkmə müddətinin əvvəli həmin iş üzrə həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Həmin hökmdə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınaraq, o, məhkumluğu ödəilməmiş şəxs hesab olunur və cinayətlərin residivi onun əməlini ağırlaşdıran hal kimi müəyyən olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin ona elan edilmiş müvafiq maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onun mopedi oğurlamaq niyyəti olmadığını, sadəcə sürmək niyyəti olması barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünün vəziyyətinin yüngülləşdirilməsi məqsədi daşıyır və özünün məhkəməyədək icraat dövründə verdiyi ifadələri, şahid ifadələri ilə təkzib olunur. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadəsi alınmış, ifadələrində Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələrində ünvan 3 ünvanının qarşısından keçərkən bir nəfər tanımadığı cavan oğlanın göy rəngli mopedi həmin binanın 6-cı blokunun içərisində qapının yanında saxladığını görmüş, həmin moped xoşuna gəldiyi üçün onu oğurlamağı fikirləşmiş və həmin moped saxlanan yeri yadında saxlamışdır. 13 sentyabr 2022-ci il tarixdə saat 05 radələrində “Həzi Aslanov” metrostansiyası yaxınlığında olarkən həmin yerə gedib oğurluq etməyi qərarlaşdırdığını qeyd etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhrum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ifadəsində azyaşlı övladının olmasını qeyd etsə də, bunu təsdiq edəcək hər hansı rəsmi sənəd əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən əməllər kateqoriyasına aid edildiyindən və residivin müəyyənləşdirilməsi zamanı nəzərə alınmadığından (CM 18.4.1.) hazırki cinayət işində cinayətlərin residivi müəyyən edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də cinayət əməli törətməsini, həmin cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı, ağırllaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), iş üzrə maddi sübut - cinayətin görüntülərini əks etdirən 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)- 291/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-291/2023 saylı hökmü ilə cəza çəkməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar - 01 ədəd "Falcon KMT 50" marka və modelli mopedin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – cinayətin görüntülərini əks etdirən 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar