Məhkəmə qərarları › İş №1(011)-155/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-155/2022

04.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-155/2022 04.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-ci ildə Göyçay rayonunun Bığır kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Göyçay rayonunun Bığır kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 dekabr 2021-ci il tarixdə saat 00:25 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə Zığ şossesi istiqamətində texniki cəhətdən saz vəziyyətdə olan X2 məxsus qara rəngli «Kia Rio» markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili 70 km/saat sürətlə idarə edərək 8 Noyabr prospekti 34 saylı ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin təhlükəsizlik tələblərinə riayət etməyib və nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə hərəkət etdirməsi şəraitində yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada yetkinlik yaşına çatmamış X8 avtomobilin qabaq sağ künc tərəfi ilə vurmuş, ehtiyatsızlıqdan sonuncuya alın, hər iki təpə-gicgah sümüklərinin kəllə əsasına keçən qapalı sınıqları, başbeyinə qansızma, baş-beyin əzilməsi, sağ baldır sümüklərinin açıq qəlpəli sınıqları, gövdənin sağ yarısının sıyrığı ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə başın küt travması nəticəsində baş beyin əzilməsi ilə nəticələnməklə Əli Nuruşzadənin 31.12.2021-ci il tarixdə hadisə yerində ölümünə səbəb olmaqla və avtomobilin sahibi X2 960 manat ziyan vurub yol-nəqliyyat hadisəsi törətməklə, yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Xətai rayonu, S.Ə.ünvan 2 ünvanında yaşayır. Atası işsiz anası isə İ qrup əlildir. Maddi çətinlikləri olduğu üçün taksi fəaliyyəti ilə məşğul olmağa qərar vermişdir. 2021-ci ilin noyabr ayından Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2008-ci il buraxılışlı, “Kia Rio” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili 29 dekabr 2021-ci il tarixdə X1 almışdır. 30 dekabr 2021-ci il tarixdə saat 23:30 radələrində müştərini Bakı şəhəri, Səbail rayonu, ərazisində yerləşən “İST” Plazaya düşürmüşdür. Sonra avtomobillə yaşadığı evə getmək üçün hərəkətə başlamışdır. Xətai rayonu 8 noyabr prospekti ilə Zığ şossesi istiqamətində yolun sağ 4-cü hərəkət zolağı ilə saatda 60-70 km sürət ilə hərəkətdə olmuşdur. Sol tərəfi ilə 1-2 metr qabaqda dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı avtomobil hərəkət etmişdir. Həmin vaxtı avtomobildə tək olmuşdur. Hərəkətdə olarkən sol tərəfi ilə hərəkət edən avtomobilin qarşısından bir nəfər şəxs qaçaraq avtomobilinin ön hissəsinə doğru çıxmış, o da piyadanı ani bir anda gördüyü üçün ayağını əyləcə atarkən avtomobilinin sağ qabaq hissəsi ilə nəyəsə dəydiyini hiss etmişdir. Avtomobili saxlayıb düşmüş və bir nəfər vurduğu şəxsin uşaq olduğunu görmüşdür. Dərhal 103 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra hadisə yerinə həkimlər gəlmiş və avtomobillə vurduğu piyadanın ölməsini bildirmişlər. Hadisə yerində olarkən polis əməkdaşların polis idarəsinə getməli olmasını bildirmişlər. Hadisə zamanı hava qaranlıq olmuş və işıqlar yanmamışdır. Hadisə ani vaxtda baş verdiyi üçün hadisənin qarşısını ala bilməmişdir. İdarə etdiyi avtomobil ilə piyadanı vurduqdan sonra, dərhal 103 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, X16 onun oğludur. 31 dekabr 2021-ci il tarixdə saat 01 radələrində qohumları məlumat verərək bildirmişlər ki, oğlu Əlini Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində avtomobil vurmuşdur. Hadisə zamanı “KİA” markalı avtomobil tərəfindən vurulması nəticəsində Əli ölmüşdür. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, a icarəyə götürdüyü “Kuba” markalı, “XBoss” modelli mopedi ilə 23.07.2021-ci il tarixdən "xxxx" MMC-də kuryer işləyir. Müştərilər "xxxx" MMC-yə onlayn şəkildə müraciət edərək sifarişlər edir. Həmin sifarişləri "xxxx" MMC-dən alaraq müştərinin ünvanına xəritə əsasında çatdırır. 30 dekabr 2021-ci il tarixdə saat 23 radələrində Bakı Metropolitenin “Əhmədli” stansiyasının qarşısında olarkən istifadəsində olan mobil telefonun “KFC”-nin Həzi Aslanov filialından sifariş daxil olmuşdur. Sifarişə baxdıqda praqramda Kazımağa Kərimov Bakı İstilik mərkəzi qeyd olunduğunu görmüşdür. Həzi Aslanov filialında yerləşən “KFC”-yə yaxınlaşaraq məhsulu götürüb Bakı şəhəri, Xətai rayonu “Nargilə” kafesi istiqamətindən üzü mərkəzə doğru hərəkət etməyə başlamışdır. Xəzər Televiziyasının yaxınlığında olan işıqfordan geri dönərək üzü Zığ şossesinə dogru gəldikdə təyinat nöqtəsinə çataraq orada dayanmışdır. Təyinat nöqtəsi 8 noyabr prospekti 34 saylı ünvanda yerləşən dayanacağı göstərmişdir. Həmin dayanacaqda saxlayıb sifarişçinin ***- ***-**-** saylı “Bakcell” mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** nömrəsi ilə zəng edərək əlaqə saxladıqda bir qız cavab vermişdir. Həmin şəxsə ünvanda olduğunu bildirmişdir. Bir müddət gözlədikdən sonra həmin nömrədən zəng olunmuş, zəng edən şəxs azyaşlı olmuşdur və harada olduğunu soruşmuşdur. Həmin şəxsə dayanacaqda olduğunu bildirmişdir. 3-4 dəqiqədən sonra yenidən həmin nömrədən mobil nömrəsinə başqa bir şəxs zəng edərək azyaşlı uşağın yerini bilmədiyini soruşmuşdur. Həmin şəxs 50- 100 metr qabaqa gəlməyini xahiş etmişdir. Mopedi ilə birlikdə 100 metr qabaqa gələrkən həmin az yaşlı uşağın iki yolun ayrıcında olan səkinin üstündə dayanaraq onu çağırdığını eşitmişdir. Mopedi yolun sağ kənar hissəsində saxlamış və həmin uşağa iki yolun ayrıcında dayanıb gözləməyini bildirmişdir. Mopedi tam dayandırdıqdan sonra arxa yük yerindən məhsulu götürmək istəyərkən toqquşma səsi eşitmişdir. Çevrilib arxaya baxdıqda azyaşlını avtomobil vurduğunu görmüşdür. Sürücü avtomobildən enəndə şok vəziyyətində olmuşdur. Həmin uşağa ilkin tibbi yardım göstərmək istəyərkən onun bacıları hadisə yerinə yaxınlaşıb qardaşlarını soruşmuşlar. Onlara qardaşlarını avtomobilin vurduğunu bildirmişdir. Bundan sonra ətrafa çoxsayda şəxslər toplaşmışdır. Təcili tibbi yardıma və polisə məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X16 onun qardaşıdır, 2010-cu idə anadan olmuşdur. Əli Nuruşov Bakı şəhəri, Xətai rayonu, 59 nömrəli Tahir Bağırov adına tam orta məktəbin 6-cı sinif şagirdi olmuşdur. 30 dekabr 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvanda olan zaman anası yataq otağında yatmışdır. Anasının istifadəsində olan mobil telefon qardaşı Əlidə olmuşdur. Qərara gəlmişlər ki, “KFC”-dən özləri üçün yemək sifariş etsinlər. Əlidə olan anasının istifadəsində olan ***-***-**-** nömrəsi ilə "xxxx" proqramı vasitəsi ilə proqrama daxil olaraq Həzi Aslanov filialından yemək sifariş etmişdir. Daha sonra həmin proqramda təyinat nöqtəsini qeyd edib sifarişi göndərmişdir. 31 dekabr 2021-ci il tarixdə saat 00:16 dəqiqədə kuryer zəng edərək sifariş etdiyi məhsulları dayanacağa gətirdiyini bildirmişdir. Onlar Əliyə həmin məhsulları götürmək üçün yaşadığı evin qarşısına çıxmağı bildirmişlər. Çünki daima sifariş edən zaman kuryer məhsulu yaşadıqları evin qarşısına gətirmişdir. Bu səbəbdən də onlar Əlini sifarişi götürməyə göndərmişlər. Saat 00:23 dəqiqədə evdən çıxaraq küçəyə baxdıqda Əlinin olmadığını görüb narahat olaraq evlərinin yaxınlığında olan Günəş marketə getmişdir. Əlinin marketdə olmadığını aşkar etdikdən sonra yolun əks istiqamətinə, yəni Bakı şəhərinin mərkəzindən Zığ şossesinə doğru gedən istiqamətə baxdıqda yolun kənarında yol nəqliyyat hadisəsi olduğunu və qardaşı Əlini qara rəngli “Kia Rio” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğunu görmüşdür. Bundan sonra hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlmişlər. Həmçinin o, bildirmişdir ki, hadisə yerinə gəldikdə Əli səkinin üzərində uzanıqlı vəziyyətdə olmuş və onun üstü parça ilə örtülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi haqqında 31 dekabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işinin başlanmış və iş icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 31 dekabr 2021-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 3 ünvana baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 05-13); «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə olan 2/39080 nömrəli 31.12.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 14); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ 6 saylı Asan xidmət tərəfindən 18.10.2021-ci il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı BB 501181 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 17); X12 tərəfindən X2 verilmiş etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs “Kia Rio” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmək hüququna malikdir (i.v. 19); ifadənin yerində yoxlanılması haqqında 31 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 24-26); avtomobilə baxış keçirilməsi haqqında 01 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanda yolu soldan sağa keçmək istəyən piyada X8 vuran “Kia Rio” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin qara rəngdə olması, avtomobilin sol və sağ tərəflərində “Uber” sözləri yazılması, avtomobilin qabaq kapotunun sol və sağ tərəfinin əzilməsi, kapotun sağ uc hissəsinin rənginin tökülməsi, qabaq alın şüşəsinin sağ künc hissəsinin sınmış vəziyyətdə olması müəyyən olunmuş və nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 27-29); Cəlilabad rayonu Üçtəpə kəndi inzibati ərazi dairəsinin nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 438251 nömrəli doğum haqqında şəhadətnamənin və Azərbaycan Respublikası vətəndaşının AA0323158 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 06.02.2010-cu il tarixdə Mingəçevir rayonunda anadan olmuş, atası X9, anası X4r (i.v. 41); zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varisi qismində tanınması haqqında 10 yanvar 2022-ci il tarixli qərardan görünür ki, X6 ********* saylı cinayət işi üzrə ölmüş oğlu X10 hüquqi varisi qismində tanınmışdır (i.v. 44); Göyçay rayonu İcra hakimiyyəti başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 54-55); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 24 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 60); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 31 dekabr 2021-ci il tarixli, 119 saylı rəyindən görünür ki, mərhum X10 meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir–alın, hər iki təpə-gicgah sümüklərinin kəllə əsasına keçən qapalı sınıqları, baş-beyinə qansızma, baş-beyin əzilməsi, sağ baldır sümüklərinin açıq qəlpəli sınıqları, gövdənin sağ yarısının sıyrığı. Qeyd olunan xəsarətlər həyati olub bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, 31.12.2021-ci il tarixdə hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən törənə bilərdi, dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə səbəbli əlaqələdirlər. X10 ölümünə səbəb başın küt travması nəticəsində başbeyin əzilməsi olmuşdur, müddəti meyitin müayinəsindən 4-8 saat əvvələ uyğun gəlir (i.v. 69-71); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 31 yanvar 2022-ci il tarixli, 8/155 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən “Kia Rio” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Kia Rio” markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v. 73-75); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 17 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 83- 85); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 17.02.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 98-100); Azərbaycan Respublikası Bakı şəhəri "xxxx" MMC tərəfindən verilmiş 21.02.2021-ci il tarixli 07 nömrəli arayışdan və nöqsan aktından görünür ki, “Kia Rio” minik markalı, **- OX-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 460 manat məbləğində ziyan dəymişdir (i.v. 104-105); sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, tərəflərin ifadələri, ekspertiza rəyləri, hadisə yerinə, avtomobilə baxış və ifadənin yerində yoxlanılması protokolları sübut növü kimi hesab olunmuşlar, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və sahibinə qaytarılması qərara alınmışdır (i.v. 106-114). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), CM-nin 60-cı maddəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” minik markalı, **- OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır (CPM- 132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olan “Kia Rio” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar