Məhkəmə qərarları › İş №1(011)-155/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-155/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-155/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 01 dekabr 2000-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvəllər məhkum olunmuş, Hacıqabul rayonu, Abdulabad kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında artıq miqdarda, bir ədəd bükümdə 0.638 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 08 oktyabr 2022-ci il tarixdə saat 13:50 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4erləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərǝlk orada müdafiəçinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ kağıza bükülmüş təmiz çəkisi 0,638 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadələri ilə yanaşı şahidi fadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hadisə baş verən tarixədək təxminən 3 ay narkotik vasitə olan heroini yandıraraq tüstüsünü buruna çəkmək yolu ilə istifadə etmişdir. Son 3 ay hər gün narkotik vasitə heroini qəbul etdiyinə görə onun aludəçisi olmuş və həmin narkotik vasitə olan heroini qəbul etmədiyində bədənində müxtəlif ağırlar olmuş, ona görə də hər gün tanımadığı şəxslərdən həmin narkotik vasitə olan heroin alaraq qəbul etmişdir. Əvvəllər məhkum olunmamışdır. 7 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasınının yanına getmişdir ki, oradan öz istifadəsi üçün narkotik vasitə olan heroin almışdır. Orada dayanan zaman bir nəfər tanımadığı şəxs görmüş və onun da narkotik vasitə aludəçisi olduğunu zənn edərək həmin şəxsə yaxınlaşıb ona bildirmişdir ki, bədənində ağrılar olduğuna görə ona heroin satmasını xahiş etmişdir. Həmin şəxsi tanımamış, lakin görünüşündən onun da narkotik aludəçisi olduğunu başa düşmüşdür. Həmin şəxs ona bildirmişdir ki, onda heroin var və həmin heroini sata bilər. Həmin şəxslə razılaşmış və ondan 1 ədəd ağ rəngli bükümdə heroini 15 manat müqabilində almışdır. O, həmin 1 ədəd ağ rəngli kağıza bükülmüş heroini götürərək əynində olan şalvarın sağ yan cibinə qoymuş və oradan yaşadığı evə getmişdir. Həmin gün narkotik vasitə olan heroini istifadə etməmişdir. 8 oktyabr 2022-ci il tarixdə saat 13:50 radələrində o, yaşadığı evdən çıxıb mağazaya getmək istəyən zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim edib və ondan anket məlumatları barədə maraqlanmışlar. Həmin polis əməkdaşlarına anket məlumatlarını bildirdikdən sonra onlar ona narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirirərək onu Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına dəvət etmişlər. O da, onlarla razılaşmış və əllərini ciblərinə salmaq imkanı verilməyərək 34-cü polis şöbəsinə gətirilmişdir. Orada təhqiqatçının otağında ona təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi izah edilmiş və hüquq və vəzifələri izah edilmiş, daha sonra təhqiqatçı ondan üzərində dövriyyəsi qadağan olunmuş əşya və ya predmetin olması barədə sual vermiş və o, əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd ağ kağıza bükülmüş narkotik vasitə olan heroini təqdim edərək həmin maddənin narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra həmin büküm açılmış və bükümün içərisində toz formada, qəhvəyi rəngli maddə olması aşkar edilmişdir. Həmin maddənin nə olduğu və haradan əldə edilməsi barədə sual verildikdə, həmin maddənin narkotik vasitə heroin olması və hadisədən bir gün öncə Neftçilər metrostansiyasının yanında 15 manat müqabilində əldə edildiyini bildirmişdir. Bundan sonra həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və bükümün çəkisi 0,93 qram olması müǝyyən olunmuşdur. Həmin büküm təhqiqatçı tərəfindən ağ rəngli zərfə qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən həmin zərfin üzərinə imzalarla çəkilmiş və möhürlənmişdir. Narkotik vasitəni aldığı şəxsi tanımadığını, əvvəllər görmədiyini, həmin vaxt artıq bədənində ağrılar başladığından həmin şəxsin zahiri əlamətlərinə fikir verməmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 oğlu ifadəsində göstərmişdir ki, "Amin" adlı şəxsin Xətai rayon inzibati ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 86 ünvanın qarşısına getmiş və orada müşahidə aparmışlar. Saat 13:50 radələrində bir nəfər zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar olan şəxsi görüb ona yaxınlaşaraq özlərini polis əməkdaşı olduğunu bildirmiş və ondan anket məlumatları barədə maraqlanmışlar. Həmin şəxs anket məlumatların bildirdikdən sonra onlar tam əmin olmuşlar ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirirərək polis şöbəsinə keçməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs öz razılığını bildirmiş və onu əllərini ciblərinə salmağa imkan vermǝyǝrǝk Xətai RPİ-nin 34-cü PŞnin inzibati binasına gətirmişlər və bu barədə raportla müraciət etmişlər. Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya maddə və predmetin olması barədə sual verilmiş, olduğu halda könüllü olaraq təqdim edilməsi xahiş olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz formasında, narkotik vasitə heroinə bənzər maddəni çıxararaq təqdim etmiş və bildirmişdi ki, həmin bükümdə olan maddə narkotik vasitə olan heroindir, həmin narkotik vasitə olan heroini 07 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, "Neftçilər" metrostansiyasının yanında tanımadığı və anket məlumatların bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manat müqabilində almışdır. Qeyd olunan büküm balaca elektron tərəziyə qoyulmuş və bükümün 0,93 qram olması müəyyən olunmuşdu. Daha sonra həmin büküm, içərisində olan maddə ilə birlikdə ağ rəngli zərfə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bununla bağlı protokol tərtib olunmuş, ucadan oxunmuş. heç bir irad daxil omadığından protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, həbs olunanaz kimi reablitasiya mərkəzində müalicə kursu keçmişdir, əməlindən səmimi peşmandır və həmin müalicə kursunu davazm etdirmək niyyətindədir. İş üzrə digər şahid X4 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid1 oğlu ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v.01); şübhəli şəxsin tutulması haqqında 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 08 oktyabr 2022-ci il tarixdə, saat 14:25-də Xətai RPİ 34-cü PŞ-də tutulmuş, tutulmanın əvvəli, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdən saat 13:50-dən hesablanmışdır ( i.v. 25); şəxsi axtarış və götürmə aparılması haqqında 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə müvəkkili, Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 01 ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli, toz şəkilli olan maddə narkotik vasitə hesab olunan heroindir və şəxsi istifadəsi üçün Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yanında anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 10 manat dəyərində aldığını bildirmiş, heç vaxt satış etmədiyini bildirmişdir. Götürülmüş kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş və bir bükümdə olan ağ rəngli kağıza bükülmüş, qəhvəyi rəngli toz şəkilli olan maddələrin çəkisi 0.93 qram müəyyən olunmuşdur. (i.v. 29-30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 oktyabr 2022-ci il tarixli, 6/5817 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 152” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs(imza)...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,638 qram olan qəhvəyi rəngli maddə kustar . Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 39-41); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 51-52); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİnin İŞ-nin müstəntiqi Namiq Mirzəbəylinin xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiəsindən imtina olunmuş və Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad olunmuşdur.(i.v 72-73) Qətimkan tədbirinin seçilməsi haqqında 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir ( i.v. 74-75); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 6227 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( i.v. 80-81); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli material üzrə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.(i.v. 89-90) xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır.(i.v 91-92) Sübutların qiymətləndirilməsi haqqında 04 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunan narkotik vasitə olan heroinin çəkisi ilə həmin kütlənin məhkəmə-kimyəvi ekspertizasının rəyində qeyd olunan çəkisi arasında fərqlər yarandığından, ekspertiza rəyində göstərilən çəki əsas götürülməsi, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 0.638 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə iş üzrə maddi sübut kimi tanınması, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 0.588 qram narkotik vasitə heroin isə təqsirləndirilən şəxs iş materilları ilə tanış olduqdan sonra Bakı şəhər Xətai RPİ- də məsul saxlanca verilməsi, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə olunması, iş üzrə məhkəmə kimyəvi ekspertizalarının rəyləri və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilsin və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. (i.v. 93-100). Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs axtarışı elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü polis şöbəsinin 02 mart 2023-cü il tarixli, 55- 1/2-2264 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində tutularaq Bakı İstitntaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarın sağ yan cibində 01 ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli, toz şəkilli olan maddə narkotik vasitə hesab olunan heroin olmasını və şəxsi istifadəsi üçün Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yanında anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 10 manat dəyərində aldığını, heç vaxt satış etmədiyini bildirməsi müəyyən olunmuşdur. Götürülmüş kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş və bir bükümdə olan ağ rəngli kağıza bükülmüş, qəhvəyi rangli toz şəkilli olan maddələrin çəkisi 0.93 qram müəyyən olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,638 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət və həbsdə olduğu 01 ay 10 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 ay 12 gün ona təyin olunmuş 02 (iki) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 03 (üç) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,588 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar