Məhkəmə qərarları › İş №1(011)-156/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-156/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-156/2021 11.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binə qəsəbəsi 2146-cı məhəllə ev 23 mənzil 30-da qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs tanışı X2 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində olan cinayət işi üzrə sonuncuya həbslə bağlı olmayan cəza təyin edilməsi və ona az cəza təyin edilməsinə dair vəd verərək inandırıb, hissə-hissə olmaqla 2018-ci ilin noyabr ayının əvvəlində Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində «Music Galery» restoranının qarşısında 600 manat, 2018-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri Səbail rayonu ərazisində «Sahil» metrostansiyasının yaxınlığında 2000 manat, 2019-cu ilin yanvar ayının əvvəllərində Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən «Cavanşir» körpüsünün qurtaracağında «Ferrari» salonunun yanında 500 manat, 2019-cu ilin yanvar ayının sonlarında Bakı şəhəri Səbail rayonu ərazisində «Dağüstü» parkın pilləkənlərində 3000 manat, 2019-cu ilin fevral ayının ortalarında ünvan 1 saylı ünvanın yanında Azərbaycan milli manat məzənnəsi ilə 6800 manat təşkil edən 4000 ABŞ dolları məbləğində pulunu alaraq ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda 12900 (on iki min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Anar Xudaverdiyevi neçə illərdir ki, tanıyır, onunla münasibətləri həmişə yaxşı olmuş və aralarında dostluq münasibətləri vardır. Belə ki, 2018-ci ilin oktyabr ayında Anar Xudaverdiyev onu müdiri olduğu Səbail rayonu ərazisində «Dağüstü park» restoranına dəvət etmiş və həmin vaxt onu orada Zərərçəkmiş şəxs ilə tanış edərək, Nigarın bir nəfər tanışı Zaur Əzimovun dələduzluq və yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində işi olduğunu, həmçinin Zaur Əzimovun vergi ilə əlaqədar olaraq pulunun ələ keçirildiyini və onun işinin həll edilməsinin lazım olduğunu bildirərək, pulunun qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs yanında qardaşı Emin və Eminlə Anarın ortaq tanışı olan Zaur da olmuşlar. O da, maraqlanıb onlara məlumat verəcəyini bildirmiş, çünki Anar onun vergi orqanlarından tanışları olduğuna görə Nigar ilə onu görüşdürmüşdür. O, isə bir qədər maraqlanmış və daha sonra həmin işlərdə müəyyən qədər pula ehtiyac olduğunu düşünərək Nigardan pul almaq qərarına gəlmişdir. Beləliklə o, X7 işini həll edəcəyini bildirərək ondan dəqiq tarixləri xatırlamasa da, 2018-ci ilin noyabr ayından 2019-cu ilin fevral ayının sonuna kimi olan müddət ərzində hissə-hissə olmaqla 12600 manat pul almışdır. Sonuncu dəfə isə Nigardan borc olaraq özü üçün 1000 manat pul götürmüş və bununla da, onun Nigara 13600 manat borcu yaranmışdır. Belə ki, o, X5 işini həll etmək adı ilə götürdüyü 12600 manat pulu Zaur Əzimovun vergi ilə arasında yaranmış borc məbləğinin həll edilməsi və aradan qaldırılması üçün götürsə də, sonradan o həmin işi həll edə bilməmiş, lakin Nigardan aldığı pulları isə özü gəlir əldə edib, sonradan da, Nigarın pullarını geri qaytarmaq məqsədi ilə «topaz» mərc oyunlarında xərcləmiş, lakin həmin oyunlarda uduzduğundan Nigardan aldığı pulları qaytara bilməmişdir. Nigar onun barəsində şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət etmiş, Nigarın şikayəti ilə əlaqədar olaraq Xətai RPİ-nin 37-ci PŞ-də və İstintaq şöbəsində araşdırma aparıldığı müddətdə o Nigardan aldığı 3800 manat pulu qaytarmış, həmçinin, Nigarın həmin pulları ona verərkən bankdan götürdüyü məbləğin ödənişi ilə bağlı hər aya olan borcunu ödəməyə söz verərək, ödəmişdir. Əməlindən səmimi peşman olduğunu, habelə zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməklə onunla barışıq əldə etdiyini və həmin şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirib, barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X4 onun tanışıdır, Zaurla yaxşı münasibətləri olmuş və xx.xx.2017-ci il tarixdə Zaur yol-nəqliyyat hadisəsi törətməsinə və dələduzluq etməsinə görə Binəqədi RPİ-nin İŞ-də tutulmuş və onun barəsində olan cinayət işi baxılması üçün 2018-ci ilin oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Belə ki, onun Zaurla münasibətləri yaxşı olduğundan, Zaura həmin işlərlə bağlı daha az cəza verilməsi və ya məhkəmədən həbslə bağlı olmayan cəzanın alınması üçün maraqlanaraq köməklik etmək qərarına gəlmişdir. Bununla bağlı maraqlanarkən, qardaşı Emin öz tanışı olan X8 Əzimovun işi ilə bağlı söhbətlər edərkən, Zaur Hüseynov öz tanışı olan Anar Xudaverdiyevin «Dağüstü parkın» direktoru olduğunu, yüksək vəzifəli şəxslərlə əlaqələri olduğunu və Zaur Əzimova kömək edə biləcəyini bildirdiyindən, 2018-ci ilin oktyabr ayının sonunda Zaur Hüseynovla birlikdə o və qardaşı X3 «Dağüstü park» restoranında görüşmüşlər. X10 Əzimovun işi ilə bağlı məlumat verdikdən sonra, Anar Xudaverdiyev əlaqələrinin güclü olduğunu, Zaur Əzimova köməklik göstərəcəyini, hətta Zaur Əzimov keçmiş MTN-nin əməkdaşları ilə bağlı iş üzrə zərərçəkmiş olduğu işdə ona qaytarılmalı olan 1.200.000 manat pulu da geri alıb Zaur Əzimova qaytarılmasını da həll edəcəklərini bildirmişdir. Onlar da, inanmış və həmin görüş zamanı həmçinin Anar Xudaverdiyev bir nəfər Təqsirləndirilən şəxs adlı şəxsi onlarla tanış edərək, bu işi Rövşənlə birlikdə görəcəyini və Rövşən və ya onun fərqi olmadığını, özü işdə olduğundan həmin işləri Rövşənin vasitəsi ilə görəcəyini bildirmişdir. 2018-ci ilin noyabr ayının əvvəlində Rövşən ona zəng vuraraq, Zaur Əzimovun işi ilə əlaqədar onun tibb müəssisəsinə köçürülməsinə ehtiyac olduğunu və bunun üçün 600 manat pul lazım olduğunu bildirmişdir. O da, etiraz etməmiş, Rövşənin bu barədə ona bildirdiklərini Zaur Hüseynova məlumat vermiş və Zaur da, Anar Xudaverdiyevə dedikdən sonra, Anar razılıq verdiyindən o, 600 manat pulu Rövşənlə həmin gün Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində «Music Galery» restoranının qarşısında görüşərək öz avtomobilində Rövşənə vermişdir. Sonradan isə Rövşən ona Zaur Əzimovu tibb müəssisəsinə köçürülməsinə ehtiyac qalmadığını bildirmişdir. Lakin, 2018-ci ilin dekabr ayının sonlarında Rövşən ona zəng vuraraq, Zaurun işi ilə bağlı hansısa şəxsə hədiyyə almalı olduğunu və buna görə də, ona 2500 manat pul lazım olacağını bildirmiş, o da, bu barədə eyni olaraq Zaur Hüseynovun vasitəsi ilə Anara məlumat vermiş, Anar da etiraz etməmişdir. Lakin, həmin vaxt onun Rövşənin istədiyi məbləği olmadığından, o, Rövşəndən 1-2 gün vaxt istəyib pulu düzəltməyi təklif etmiş, Rövşən də razılaşmışdır. Lakin o, yalnız 2000 manat pul düzəldə bilmiş, Rövşən isə narahat olmamağı düzəltdiyi 2000 manatı verməsini, yerdə qalan 500 manatı isə onun əvəzinə Anarın verəcəyini və daha sonra onun Anara 500 manatı qaytarmasını demişdir. O da, razılaşmış və 2018-ci ilin dekabr ayının son günlərində «Sahil» metrostansiyasının yaxınlığında görüşərək 2000 manatı da Rövşənə vermişdir. Bundan sonra, 2019-cu ilin yanvar ayının əvvəllərində Rövşən ona zəng vuraraq, Anarın anasının rəhmətə getdiyini və Anara pul lazım olduğundan, hədiyyə almaq üçün onun verdiyi 2000 manatın üzərinə qoyduğu 500 manatını qaytarmaq lazım olduğunu bildirmiş və o da, həmin pulu qaytarmaq üçün 500 manat düzəldərək, Rövşənin tapşırığı ilə «Cavanşir» körpüsünün qurtaracağında «Ferrari» salonunun yanında Rövşənin tanımadığı tanışı ilə görüşərək vermiş, daha sonra isə Rövşən həmin 500 manatı artıq tanışından götürdüyünü bildirmişdir. Bundan sonra, 2019-cu ilin yanvar ayının sonlarında Rövşən ona zəng vuraraq, Zaur Əzimovun borclu olduğu Elşəndən şikayətinin olmaması barədə ərizənin alınması və Elşənin razı salınması üçün bir qədər pul lazım olduğunu bildirmişdir. O, isə hazırda pulu az olduğunu dedikdə, Rövşən nə qədər olduğunu soruşmuş, o da, Rövşənə təxminən 3000 manat verə biləcəyini demişdir. Rövşən də etiraz etməmiş və həmin pulu həmin gün o, Rövşənlə «Dağüstü» parkın pilləkənlərində görüşərək vermişdir. Artıq 2019cu ilin fevral ayında Rövşən ona artıq Zaur Əzimovun işini həll etdiyini, Elşənin məhkəmə zamanı şikayətini geri götürəcəyini və məhkəmənin yekunu ilə əlaqədar olaraq artıq əlavə olaraq 10.000 manata qədər pul lazım olacağını demişdir. O da, həmin vaxt Rövşənə özündə olan 4000 ABŞ dollarını verə biləcəyini bildirmiş və 2019-cu ilin fevral ayının ortalarında yaşadığı ünvan 2 saylı ünvanın yanında görüşərək, həmin 4000 ABŞ dollarını Rövşənə vermişdir. Bundan sonra, isə 2019-cu ilin fevral ayının sonlarında Rövşən ona zəng vuraraq özünə 1000 manat pul lazım olduğunu, əgər o, həmin 1000 manatı ona versə, ya bir həftə ərzində ona qaytaracağını, yaxud da sonradan Zaurun işi ilə bağlı pul lazım olanda aralarında haqq-hesab edə biləcəklərini bildirmiş, o da, Rövşənlə razılaşmış və həmin gün Rövşənlə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Sahil» bağının yanındakı «X11»ın bankomatından özünə məxsus pul kartından 1000 manat pulu çəkərək, elə orada Rövşənə vermişdir. Rövşən də, onu Zaur Əzimovun işini həll edəcəyinə əmin etmişdir. Lakin, xx xxxx 2019-cu il tarixdə Zaur Əzimovun işinin nəticəsi olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O, həmin vaxt Rövşən və Anarın onu aldadaraq, Zaurun işini həll etmədiklərini, ondan 13.600 manat pulu alaraq ələ keçirdiklərini başa düşmüşdür. Bundan sonra isə o, Rövşəni tapa bilməmiş və buna görə də, Anarla görüşmüş, həmin vaxt isə Anar Rövşəni özünün də tapa bilmədiyini və Rövşənin onu da aldatdığını, lakin onlardan alınmış 13600 manat pulu tez bir vaxtda qaytaracağını bildirmişdir. Lakin, Anar da, pulunu geri qaytarmamış və təxminən 2019-cu ilin avqust ayına kimi Anar hər dəfə müxtəlif vədlər verərək və vaxt istəyərək Rövşəni tapa bilmədiyini, pulu isə özü qaytaracağına söz versə də, qaytarmayaraq onu aldatdığından, o artıq onların barəsində hüquq-mühafizə orqanlarına müraciət etmiş və bu barədə araşdırma başlanılmışdır. Həmin vaxt isə artıq onlara məlum olmuşdur ki, Rövşən ondan aldığı pulları «topaz» mərc oyunlarına qoyaraq əlavə pul əldə etmək istəmiş və həmin pulları uduzaraq, onun pullarını ələ keçirmişdir. O, ümumilikdə Rövşənə ifadəsində qeyd etdiyi kimi 13600 manat pul vermiş, pulları yalnız Rövşənə vermiş, həmin pulları Rövşənə hər dəfə verdiyi zaman yanlarında heç kəs olmamışdır. Yalnız hər dəfə Rövşənə pul verdikdən sonra, o, Rövşənə pul verməsi barədə qardaşı Emin və Zaur Hüseynovun vasitəsi ilə Anara məlumat verilmişdir. Bundan sonra, artıq araşdırma müddətində Rövşən ona 13.600 manat puldan 3800 manat pulu qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid məhkəməyə gəlməmiş, sonuncunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmiş, həmin ifadəsində Şahid zərərçəkmiş şəxsin ifadəsinə oxşar ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X1 barəsində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 1-2); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 222-223); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 241-242); Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 13600 (on üç min altı yüz) manat maddi ziyan hissə-hissə olmaqla ona tam şəkildə ödənilmişdir, sonuncudan hüç bir şikayət və tələbi yoxdur (i.v. 259); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 272-273); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxshəmin ərizəsində, hal-hazırda ona dəymiş maddi ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı iddiasının, şikayətinin və tələbinin olmadığını bildirmişdir; “xxxx” ASC-nin Əhmədli filialının xx.xx.2021-ci il tarixli, TT**********4842225 nömrəli orderindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilindiyi cinayət işi üzrə dəymiş ziyanın 25 %-ni, yəni 3225 (üç min iki yüz iyirmi beş) manat dövlət büdcəsinə ödənilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ümumi məbləği 12900 manat olmuş, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı 3225 (üç min iki yüz iyirmi beş) manat təşkil etmiş, Təqsirləndirilən şəxs tərəfindən 3225 (üç min iki yüz iyirmi beş) manat dövlət büdcəsinə ödəniş edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar