Məhkəmə qərarları › İş №1(011)-156/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-156/2023

26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-156/2023 26.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 08 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanda yerləşən oyuncaq mağazasına müştəri qismində daxil olaraq orada olan satıcının məşğul olmasından istifadə edərək saxlanc yeri hesab olunan masanın siyirməsini açmış içərisində olan 560 manat pul vəsaitini gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 560 (beş yüz altmış) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş hüquqi şəxsin ifadəsi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi vəziyəti pis olduğundan və təcili olaraq pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 08 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində "Həzi Aslanov metrostansiyasının yaxınlığında olan mağazalara girib çıxırmış. O bilirmişdir ki, istənilən halda daxil olduğu mağazaların kassalarında müəyyən məbləğdə pul olur və həmin mağazalardan oğurluq edə bilərmiş. Həmin vaxt ünvan 2 ünvanda yerləşən oyuncaq mağazasında müştəri qismində daxil olmuşdur. Mağazaya daxil olduqda orada ondan başqa müştəri olmadığından mağazanın satıcısı olan xanımdan uşaq oyuncağı almaq bəhanəsi ilə bir neçə oyuncağa baxmışdır. Bundan sonra satıcıya həmin oyuncaqların xoşuna gəlmədiyini bildirmiş və satıcını dayandığı masanın yanından kənarlaşdırmaq məqsədi ila kənarda yuxarı üst raflarda olan oyuncağa baxmaq istədiyini və həmin oyuncağı ona verməsini xahiş etmişdir. Satıcı oyuncaq qutusunu ona vermək məqsədi ilə dayanmış olduğu masanın yanından kənara keçib ona dediyi oyuncağın olduğu rəfə yaxınlaşmış və ayağının altına stul qoyub oyuncağa tərəf uzanmış bu zaman onun bir az əvvəl dayanmış olduğu masanın yanında olduğu üçün dərhal masanın siyirməsini açmış, orada olan pulu götürərək əlinin içində saxlamış və əlində olan pul qabı ilə onun üzərini örtüb gizlətmişdir. Satıcı seçdiyi qutunu götürüb ona yaxınlaşan zaman, əlində olan telefona zəng gəldiyini telefon danışığı edib qayıdacağını və həmin oyuncağı alacağını söyləyib mağazadan kənarlaşmışdır. Hadisə yerindən kənarlaşdıqdan sonra həmin pulu saydıqda pulun 560(beş yüz altmış) manat olmasını görmüş, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Törətdiyi əməldən peşmandır, oğurluğu narkotik vasitə aludəçisi olduğu üçün törətmişdir, himayəsində 06 azyaşlı uşağı vardır. Odur ki, qeyd edilənərin nəzərə alınaraq, məhkəmə tərəfindən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ölkə hüdudlarından xaricdə olduğu üçün videokonfrans vasitəsi ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 68 ünvanında yerləşən uşaq oyuncaq mağazasını fərdi olaraq işlədirmiş. Həmin mağazanı özü işlətməklə yanaşı, həm də satıcı kimi şəxsən işləyirmiş. Günün 1-ci yarısında mağazada özü olurmuş, günün ikinci yarısında isə mağazada olan satıcı qız Şahid işləyirmiş. Belə ki, 08 sentyabr 2022-ci il tarixdə Şahid mağazada çalışan zaman təxminən saat 21 radələrində istifadəsində olan mobil nömrəyə zəng vuraraq mağazaya müştəri qismində daxil olmuş tanımadığı qadının mağazanının siyirməsindən 560 manat pulu oğurlamasını bildirmişdir. Dərhal mobil telefonunda olan təhlükəsizlik kameralarının proqramı vasitəsi ilə baxan zaman qadının siyirmədən pulu oğurlamasını görmüşdür. Həmin zaman şəxsi işləri ilə bağlı Bakı şəhərində olmadığı üçün qayıtdıqdan sonra videogörüntüləri çıxardacağını ondan sonra bu barədə hüquq mühafizə orqanlarına müraciət edəcəyini Şahid bildirmişdir. İşi uzandığına görə şəhərə gəlmə məsələsi yubandığı üçün həmin videogörüntüləri Songül Buladana göndərmiş və ondan polisə müraciət etməsini xahiş etmişdir. Bundan sonra Şahid Bakı şəhəri, Xətai RPİ-nin 36-cı PB-nə yaxınlaşıb ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi deyil, ona dəymiş zərərin ödənilmiş hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayından Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 68 ünvanında yerləşən müdiri olan Zərərçəkmiş şəxs işlətdiyi oyuncaq mağazasında satıcı kassir vəzifəsində çalışırmış. xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində mağazada tək olaraq çalışırmış bu zaman mağazaya əvvəllər görmədiyi və tanımadığı müştəri bir qadın daxil olmuş və orada olan oyuncaqlara baxmağa başlamış bir az müddət keçdikdən sonra həmin qadın ondan bir neçə oyuncağı ona göstərməyini istəmişdir. Ona bir neçə oyuncağı dayandığı yerdan göstərdikdən sonra həmin qadın göstərdiyi oyuncaqları bəyənmədiyini bildirirərək mağazının sağ künc tərəfində olan yuxarı rəfdə yerləşən oyuncağı ona verməsini həmin oyuncağa baxmaq istədiyini bildirmişdir. Həmin hissəyə yaxınlaşan zaman oyuncağın yuxarıda olması səbəbi ilə boyunun çatmayacağı üçün mağazada olan stulu götürmüş və həmin hissəyə yenidən qayıtmış ayağının altına stulu qoyduqdan sonra qadının əli ilə işarə edərək götürmək istədiyi oyuncağı göstərmişdir. Onun istədiyi oyuncağı həmin rəfdən götürüb ona təqdim edən zaman oyuncağı da bəyənmədiyini ona əlavə olaraq diger oyuncaqları göstərməsini xahiş etmiş, onun xahişi əsasında yenidən stula qalxmış və əlavə olaraq onun üçün yenidən oyuncaq götürmüş, yenidən götürmüş olduğu oyuncağı da bəyənmədiyini və yeni başqa bir oyuncaq göstərməyisi xahiş etmiş ve ön künc hissədə olan oyuncaq robotu ona verməsini bildirmiş, o yenidən oraya qalxıb ona oyuncağı götürüb vermək üçün endikden sonra mobil telefonuna zəng gəldiyi üçün çöldə danışıb içəri qayıtdıqdan sonra həmin oyuncağı alacağını bildirmiş və çölə çıxmışdır. Bu müddətdə həmin oyuncaq qutuda olduğuna görə onu qutudan çıxarıb müştəriyə təqdim etmək üçün hazırlamış, təxminən bir neçə dəqiqə keçdikdən sonra həmin qadın müştəri içəriyə qayıtmadığı üçün çölə onun arxasınca çıxmış qapıdan baxan zaman həmin qadın müştərinin bayırda olmadığını görmüşdür. O, mağazada olan zaman özünü şübhəli apardığı üçün dərhal onu ilkin qarşılayan zaman dayandığı masanın yanına keçmiş və pulların olduğu siyirməni açmış bu zaman ona məlum olmuşdur ki, pulları saxladığı siyirmədən 560 manat pul oğurlanmışdır. O, həmin pulları içəriyə daxil olan qadın müştəri tərəfindən oğurlandığından şübhələndiyi üçün dərhal müdiri olan Zərərçəkmiş şəxs zəng vurub məlumat vermiş, bundan sonra müdiri həmin videogörüntülərə baxmış və ona bildirmişdir ki, o orada yuxarı rəflərdən həmin qadın müştəri üçün oyuncaq seçən zaman qadın müştəri, pulları oğurlayıb mağazanı tərk etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir ( i.v. 01); xx.xx.2022-ci il tarixli,Şahid tərəfindən 36-cı polis bölməsinə ünvanlanmış ərizədən görünür ki, ünvan 3ın alt hissəsində işlədiyi mağazadan oğurluq edən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir.(i.v 7) Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer ünvan 2 ünvanıdır. Həmin hadisə oğurluq hadisəsi baş verən mağaza yolun sol kənar hissəsində yaşayış binasının alt hissəsində yerləşir. Hadisənin baş verdiyi mağazanın girişindən sol tərəfdə pulun olduğu masa vardır. Baxışda iştirak edən Şahid, masanı ve onun siyirtməsini göstərərək pulların orada olduğunu mağazaya müştəri qismində daxil olmuş qadın tərəfindən oğurlanmasını xx.xx.2022-ci il tarixdə saat 21 radələrində aşkar etməsini bildirmişdir. (i.v. 9-11); 20 sentyabr 2022-ci il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, ünvan 2 ünvanda yaşayış binasının alt hissəsində yerləşən “oyuncaqlar mağazasında” olan videokameranın çəkdiyi görüntülərin olduğu CD disk götürülmüşdür.(i.v 12) 27 sentyabr 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v 23-24) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnamənin xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v 50) Axtarışda olan şəxsin saxlanılması haqqında 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə saxlanılmışdır(i.v 59) Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə saat 18:10-da tutulmuş, tutulmanın əvvəli həmin tarixdən, azadlığının faktiki məhdudlaşdırıldığı saat 16:30-dan hesablanmışdır.(i.v 71) 02 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qimsində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır.(i.v 89-90) 02 dekabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan oğurluq hadisəsini ünvan 2 ünvanında yerləşən oyuncaq mağazasına müştəri qismində daxil olmuş orada olan saxlanc yeri hesab olunan masanın siyirməsindən pul vəsaitini oğurladığını göstərərək ifadəsini təsdiq etmişdir.(i.v 108-110) 03 dekabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəastətin müdafiə edilməsindən imtina edilməsi və onun saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır(i.v 115-116) 03 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v 117-118) 05 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət tam sübuta yetdiyindən ona 02 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılsın və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınması, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilməsi, işdə olan təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, baxış keçirilməsi haqqında, ifadələrin yerində yoxlanılması, hadisə yerinə baxış keçirilməsi haqqında protokollar sübut növü kimi qiymətləndirilməsi, cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd CD-R formatlı disk maddi sübut qismində tanınması qərara alınmışdır.(i.v 121-124) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, təqsirləndirilən şəxsin axtarışının elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2019-cu il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X3 adlı övladları var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin ona elan edilmiş müvafiq maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşaqlarının olmasını(CM59.1.4), zərərçəkmiş şəxsə dəymiş zərərin tamamilə ödənilməsi(CM59.1.13) əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində hal-hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi(ağır cinayət) ilə cinayət işinin istintaqının aparılmasını və həmin cinayət işi üzrə də barəsində həbs qətimkan tədbirinin seçilməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, dəymiş ziyanı ödənilməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı, ağırllaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), iş üzrə maddi sübut - cinayətin görüntülərini əks etdirən 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə günə gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkməsi üçün 01(bir) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 09 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və onun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar