Məhkəmə qərarları › İş №1(011)-157/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-157/2024

19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-157/2024 19.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə iş yoldaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, həmin dövrdə sonuncunun təhsil aldığı Azərbaycan Texnologiya Universitetinin Gəncə şəhər filialının kompyuter mühəndisliyi fakültəsindən Bakı Avrasiya Universitetinin biznesin idarə edilməsi fakültəsinə dəyişdirilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq 2021-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 ünvanında yerləşən iş yeri olan «Herituz Group» logistika şirkətində Zərərçəkmiş şəxs 15.000 manat nağd pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs 15.000 (on beş min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin yay aylarından 2022-ci ilin aprel ayınadək Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 ünvanında yerləşən “Herituz Group” logistika şirkətinin tərkibində bitom daşınması ilə məşğul olan "xxxx" MMC-də logist vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə “Herituz Group” şirkətində insan resursları üzrə mütəxəssiz işləyən Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. 2021-ci ilin noyabr ayında Afəridə ona Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində təhsil aldığını, lakin imtahanlara gedib-gələ bilmədiyi üçün təhsil yerini Bakı şəhərinə dəyişmək istədiyini söyləyib ona bu işdə köməklik göstərməsini xahiş etmiş, o da tanışlarından maraqlanıb xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, Elvin adlı tanışı ilə əlaqə saxlayıb bu barədə danışmışdır. Elvinə danışmaqda məqsədi Elvinin bu sahədə tanışları olduğunu və bu cür məsələləri həll etdiyini bilməsi olmuşdur. Elvinlə danışdıqda Elvin ona 15.000 manata Afəridənin təhsil yerini Bakı şəhərində yerləşən Avrasiya Universitetində biznesin idarə edilməsi fakültəsinə dəyişdirə biləcəyini söyləmiş, o da səhəri gün Afəridəyə bu barədə demişdir. Afəridə onunla razılaşıb 2021-ci ilin noyabr ayının sonlarında iş yerində zərfin içərisində ona 15.000 manat pul vermiş, o da məsələnin 2022-ci ilin fevral ayınadək həll olunacağını söyləmişdir. Afəridədən pulu götürdükdən sonra Xətai metrosunun yaxınlığında Elvinlə görüşüb pulu sonuncuya vermişdir. Razılaşmalarına əsasən iş həll olunduqdan sonra Elvin həmin puldan ona 1000 manat pul verəcəkdi. Vəd etdiyi müddət gəlib çatdıqda Afəridə ondan işinin nə yerdə olduğunu maraqlanmağa başlamış, o da bu barədə Elvindən soruşmuş, lakin bir neçə dəfə Elvinlə danışdıqdan sonra Elvin işin həll olunmadığını bildirib həmin pulu ona geri qaytarmışdır. Həmin ərəfədə maddi vəziyyəti çox pis olduğundan o, həmin pulu Afəridəyə qaytarmayıb xərcləmişdir. Afəridə ilə dostluq münasibəti olduğundan və pulu ondan tez bir zamanda tələb etməyəcəyini düşündüyündən pulu sonra vermək qərarına gəlmişdir. Sonradan Afəridə dəfələrlə ondan pulunu istəsə də, o, pulu olmadığı üçün qaytara bilməmiş və hər dəfə işin həll olunması ilə bağlı müxtəlif bəhanələr söyləyərək Afəridəni aldatmağa başlamışdır. Bir müddət sonra Afəridə ilə üz-üzə gələ bilmədiyi üçün mobil telefon vasitəsilə əlaqə saxlayaraq pulunu qaytaracağını bildirmiş, lakin bu günədək pulu qaytarmamışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyandan 8900 manat məbləğində ödəniş etdiyini, borcunun qalan hissəsini də bir ay ərzində ödəyəcəyini bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2021-ci ilin mart ayından 2022-ci ilin iyul ayınadək olan müddət ərzində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 ünvanında yerləşən “Herituz Group” logistika şirkətində insan resursları üzrə mütəxəssis işləmişdir. İşlədiyi müddətdə 2020-ci ilin sentyabr ayında tələbə kimi Azərbaycan Texnologiya Universitetinin kompyuter mühəndisliyi fakültəsinə qəbul olmuşdur. Universitet Gəncə şəhərində yerləşdiyindən və o, Bakı şəhərində yaşadığı üçün həmin universitetə getmək istəməmişdir. Həmin dövrdə karantin müddəti olduğu üçün dərslər onlayn şəkildə keçirildiyindən 1-ci kursda universitetə getməyinə ehtiyac olmamış, lakin 2-ci kursdan artıq universitetə getməsi tələb olunmuşdur. 2021-ci noyabr ayında onunla eyni şirkətdə logist işləyən Təqsirləndirilən şəxs bu barədə danışdıqda Orxan öz tanışları vasitəsilə ona köməklik göstərə biləcəyini demişdir. O, sonuncudan bu işi hansı formada həll edəcəyini soruşduqda Orxan tanışı ilə əlaqə saxlayıb ona xəbər edəcəyini söyləmişdir. Səhəri gün Orxan 15.000 manat qarşılığında təhsil yerini Bakı şəhərindəki Avrasiya Universitetində biznesin idarə edilməsi fakültəsinə dəyişdirə biləcəyini demiş, o da bunun yaxşı təklif olduğunu düşünüb razılaşmış və səhəri gün, dəqiq xatırlamadığı tarixdə iş yerində Orxana zərfin içərisində 15.000 manat pul vermişdir. Orxan da 2022-ci ilin fevral ayınadək məsələnin həll olunacağını bildirmişdir. Qeyd etdiyi tarix çatdıqda Orxan qış transferi ilə işini alındıra bilmədiyini və yay transferini, yəni avqust ayını gözləməsini bildirmişdir. O da Orxana etibar etdiyi üçün gözləməyi qərara almışdır. Təxminən may ayında Orxan işə gəlməməyə başlamışdır. O, Orxanla əlaqə saxladıqda narahat olmamasını və avqust ayınadək işin həll olunacağını söyləmişdir. Sonradan yenidən Orxanla əlaqə saxlamaq istəsə də, əlaqə qura bilməmiş və artıq narahat olmağa başlayıb bu barədə şirkətin rəhbəri Vəlixan Babayevə məlumat vermişdir. Vəlixan onu dinlədikdən sonra Orxanın ona da borclu olduğunu, lakin hazırda Orxanla heç bir əlaqəsi olmadığını və tapa bilmədiyini söyləmişdir. Sonradan iş yoldaşlarından eşitdiyinə görə Orxan xarici ölkələrdən birinə getmişdir. Bir neçə aydan sonra Orxan özü İnstagram sosial şəbəkəsindən “ui_orkhan” adlı istifadəçi adı ilə ona mesaj yazaraq hazırda Rusiya Federasiyasında olduğunu və pulunu qaytaracağını bildirmişdir. Həmin yazışmalarda Orxan ondan pul aldığını etiraf etmiş və tez bir zamanda pulunu geri qaytaracağını bildirmişdir. Həmçinin o, təqsirləndirilən şəxsin ona 8900 manat pulu qaytardığnı, hal-hazırda ödənilməmiş 6100 manat məbləğində pulun qaldığını bildirərək barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün Xətai RPİnin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1); hadisə yerinə baxış haqqında 02 avqust 2023-cü il tarixli protokoldan görünür ki, dələduzluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 ünvanında yerləşən «Herituz Group» logistika şirkətinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 10-11); cinayət işinin icraata qəbul edilməsi haqqında 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaqı aparılması üçün icraatına qəbul edilmişdir (i.v. 14); zərərçəkmiş şəxs qismində tanınma haqqında 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 17-18); götürmə aparılması və baxış keçirilməsi haqqında 30 avqust 2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb edə biləcəyi nəzərə alınaraq Zərərçəkmiş şəxs 30 avqust 2023-cü il tarixdə ifadəsində qeyd etdiyi “İnstagram” sosial şəbəkəsində olmasını ehtimal etdiyi “i_orkhan” adlı istifadəçi ilə aralarında olan yazışmalar götürülmüşdür (i.v. 28-37); axtarışda olan şəxsin tutulması haqqında 22 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 54); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 79-80); vəsatətin müdafiəsindən imtina edilməsi haqqında 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 99-100); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 101-102); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 104); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 312-ci maddələri ilə, Zərərçəkmiş şəxs barəsində isə Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin və zəzərçəkmiş şəxsin ifadələri, hadisə yerinə baxış protokolu, götürmə aparılması və baxış keçirilməsi haqqında protokollar iş üzrə sübut kimi qiymətləndirilmişlər (i.v. 131-135). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-nin 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdən 23 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ümumilikdə 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdən 23 noyabr 2023-cü il tarixədək şübhəli qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar