Məhkəmə qərarları › İş №1(011)-157/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-157/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-157/2025 22.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən Faig Osmanov (Təqsirləndirilən şəxs) və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 23 avqust 1977-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonu, Darvaz kəndində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Faig Osmanovun (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Faig Osmanov (Təqsirləndirilən şəxs) istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0.470 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitə ilə psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən 09 yanvar 2025-ci il tarixdə saat 00:31-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki tünd qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.470 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Faig Osmanov (Təqsirləndirilən şəxs) ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun illərdir anket məlumatlarını bilmədiyi şəxslərdən müxtəlif qiymətlərə aldığı narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 2019-cu ildə Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbyacn Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 26 mart 2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. 08 yanvar 2025-ci il tarixdə günorta saatlarında metronun “Neftçilər" stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən bir ədəd şəffaf sellofan bükümdə 20 manat nağd pul müqabilində “patı” kimi tanıdığı narkotik vasitəni alıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 09 yanvar 2025-ci il tarixdə saat 00:31-də Xətai rayonu Qafqaz küçəsində yaşayış evlərinin qarşısı ilə hərəkət edən zaman arxadan sağ və sol qolundan iki nəfər mülki geyimli şəxs tutaraq saxlayıb digər mülki geyimli əlində telefonla saxlanılmasını qeydə alan şəxsə doğru çevirməklə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib dövriyyəsi qanunla qadağan olunmuş əşyanı təqdim etməsini tələb ediblər. Əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibindən metronun “Neftçilər" stansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığı bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək içərisində "patı" kimi tanıdığı psixotrop maddə olmasını bildirmişdir. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilərkən 0.55 qram olması müəyyən edilib polis əməkdaşları Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edərək aparmışlar. Polis şöbəsində olan zaman üzərindən aşkar edilmiş büküm yenidən zərfdən çıxarılıb elektron tərəzidə çəkilib təkrar qablaşdırılmışdır. Videoçəkilişin davamı olaraq üzərində aparılan şəxsi axtarış və götürməni özündə əks etdirən DVD diskə baxış keçirilmişdir. Sonra isə hüquqlarının müdafiə olunması üçün polis şöbəsinə davət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmağı barədə protokol tərtib olunmuşdur. Eyni zamanda, əməlindən səmimi peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq 09 yanvar 2025-ci il tarixdə saat 00:31-də Xətai RPİ- nin 37-ci PŞ-nin əməliyyat müvəkkilləri polis leytenantı Şahid2 və polis baş leytenantı Şahid3 ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı Xətai rayonu, Qafqaz küçəsi 35 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib, saxlama səbəbini izah edib üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı sonuncu əynindəki tünd qara rəngli qış gödəkcənin sağ yan cibindən içərisində ağ rəngli narkotik maddəyə bənzər kütlə olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edib. Təqdim etdiyi bükümün içərisində “patı” kimi tanıdığı narkotik vasitə olan bükümü ‘'Neftçilər”də tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təqdim olunmuş büküm elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə 0.55 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirildikdə qeyd olunandan başqa heç bir əşya aşkar edilməmişdir. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış büküm ilə birlikdə ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirib şöbənin təhqiqatçısı polis mayoru X1 təhvil verilmişdir. X2 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış bükümü zərfdən çıxarılıb yenidən baxış keçirilib elekteron tərəzidə çəkildikdə 0.52 qram olması müəyyən edilərək təkrar zərfdə qablaşdırılıb üzəri möhürlənmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürməni özündə əks etdiriən bir ədəd DVD diskə baxış keçirildikdən sonra çəkilişin yekunlaşdığını bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək onunla oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi haqqında 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Faig Osmanovun (Təqsirləndirilən şəxs) barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsinə dair 09 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan tünd qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə ağ rəngli narkotik maddəyə bənzər kütləni təqdim etdi. Narkotik maddəyə bənzər kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkildi, çəkisi 0.55 (sıfır tam yüzdə əlli beş) qram olması müəyyən edildi. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və tərəfimdən imzalandı və götürüldü. Daha sonra şəxsin üzəri yoxlanıldı, sonuncunun üzərində qnaunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmədi. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli narkotik maddəyə bənzər kütlə götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narrkotik vasitənin metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Protoloka 01 (bir) ədəd DVD əlavə olundu (i.v. 11-13); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında 09 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon ərazisində narkotik maddə və psixatrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 09 yanvar 2025-ci il tarixdə saat 00:31-də Xətai rayonu, Qafqaz küçəsi 35 ünvanın qarşısında saxlanılaraq üstünün yoxlanılması və üzərindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd ağ rəngli şəffaf selofan bükümdə olan ağ rəngli narkotik maddəyə bənzər kütlə aşkar edilərək Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan zərfdə qablaşdırılmış 01 (bir) ədəd şəffaf sellofan bükümdə ağ rəngli narkotik maddəyə bənzər kütlə aşkar olundu və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdrıma ilə birlikdə 0,52 qram olduğu müəyyən edildi. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürləndi, daha sonra 1 ədəd DVD-yə HP markalı komputerdə baxış keçrildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan ağ rəngli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapmışdır. Protoloka 01 (bir) ədəd DVD əlavə olundu (i.v. 18-20); şübhəli şəxsin tutulması haqqında 09 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Faig Osmanov (Təqsirləndirilən şəxs) həmin tarixdə saat 01:55 radələrində CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2025-ci il tarixli, 6/69 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "..3. Təqsirləndirilən şəxs (imza)..." yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,470 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 45-47); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Faig Osmanov (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 79-80); DVD-R diskə baxış keçirilməsi haqqında 10 yanvar 2025-ci il tarixli protokollardan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 09 yanvar 2025-ci il tarixli protokolarla uyğun olmuşdur (i.v. 95-97); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Faig Osmanovun (Təqsirləndirilən şəxs) barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir (i.v. 108-109); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Faig Osmanovun (Təqsirləndirilən şəxs) barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 110- 111); 66 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 10 yanvar 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində Xətai rayonu 66 saylı Mənzil-Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır (i.v. 119). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və ona əlavə edilmiş hökmün surətindən görünür ki, Faig Osmanov (Təqsirləndirilən şəxs) Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(008)-43/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir (i.v. 123- 124); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin xx.xx.2025-ci il tarixli, 127 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Faig Osmanovda (Təqsirləndirilən şəxs) eyni zamanda bir neçə narkotik vasitələrin və psixoaktiv maddələrin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 146-147); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Faig Osmanova (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Faig Osmanovun (Təqsirləndirilən şəxs) üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.470 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.420 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Faig Osmanovun (Təqsirləndirilən şəxs) barəsində CM-nin 234.2ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, 02 ədəd “DVD-R” disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır (i.v. 150-154); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Faig Osmanov (Təqsirləndirilən şəxs) tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,470 qram olan psixotrop maddə metamfetamin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Faig Osmanovun (Təqsirləndirilən şəxs) əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Faig Osmanovun (Təqsirləndirilən şəxs) əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(008)- 43/2020 saylı hökmü üzrə olan məhkumluğu ödənildiyindən CM-nin 18.4.3-cü maddəsinə əsəsən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2002-ci il tarixli Plenum qərarının 4-cü hissəsinə əsasən əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış (CİM-nin 66-cı maddəsi) və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. Həmin Qərarın 5-ci hissəsinin “a” bəndinə əsasən islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan AR CM-nin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzalar məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Faig Osmanovun (Təqsirləndirilən şəxs) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(008)-43/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab edilməsinə və əməlində cinayətin residivinin olmasına dəlalət etmir. Təqsirləndirilən şəxs Faig Osmanovun (Təqsirləndirilən şəxs) əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Faig Osmanov (Təqsirləndirilən şəxs) Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Faig Osmanovun (Təqsirləndirilən şəxs) 09 yanvar 2025-ci il tarixdən 10 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını ciddi ümumi cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2.), cəzasının əvvəli 22 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Faig Osmanovdan (Təqsirləndirilən şəxs) aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.470 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.420 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM- 132), 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Faig Osmanovun (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Faig Osmanovun (Təqsirləndirilən şəxs) müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Faig Osmanovun (Təqsirləndirilən şəxs) məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 17 (on yeddi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Faig Osmanov (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Faig Osmanovun 09 yanvar 2025-ci il tarixdən 10 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Faig Osmanov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 may 2025-ci il tarixdən hesablansın. Faig Osmanovun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Faig Osmanovun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Faig Osmanova Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai RPİ-nin məsul saxlancına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.470 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.420 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Faig Osmanovdan tutularaq dövlət nəfinə keçirilsin. Faig Osmanova 17 (on yeddi) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 117 (bir yüz on yeddi) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (Faig Osmanova verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar