Məhkəmə qərarları › İş №1(011)-158/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-158/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-158/2022 05.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Bərdə rayonu, Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 15-də kirayə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə 19 aprel 1993-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Şamaxı rayonu, Qızmeydan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni Tikilidə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 14 dekabr 2021-ci il tarixdə saat 23 radələrində usta kimi təmir etdiyi ünvan 1 ünvanın giriş qapısını onunla birlikdə orada işləyən tanışı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş açar vasitəsi ilə açaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə orada olan 01 ədəd 104 manat dəyərində 8 bölümlü radiator, 01 ədəd 130 manat dəyərində 10 bölümlü radiator və 01 ədəd 156 manat dəyərində 12 bölümlü radiatoru gizli olaraq talayıb Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivinə apardıqdan sonra Təqsirləndirilən şəxs2 həmin ünvanda yerləşən nömrəsiz evdə radiatorları qohumu Şahid1 ümumilikdə 200 manata sataraq Zərərçəkmiş şəxs1 ümumilikdə 390 (üç yüz doxsan) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 15 dekabr 2021-ci il tarixdə saat 08 radələrində usta kimi təmir etdiyi ünvan 1 ünvanın griş qapısını tanışı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş açar vasitəsi ilə açaraq orada olan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qutuya yerləşdirilmiş ümumilikdə 413 manat dəyərində bir ədədinin ölçüsü 29,4 sm x 29,4 sm olan 59 ədəd asma tavan və 01 ədəd 35 manat dəyərində üzərində markalanma göstəriciləri olmayan hava filtrini, o cümlədən həmin ünvanda yerləşən 119 saylı mənzilin qapısını özündə olan açar vasitəsi ilə açaraq orada olan 09 ədəd ümumilikdə 225 manat dəyərində üzərində “Wonderful Tesoro” yazıları olan 53 Mx10M ölçüdə divar kağızları, həmçinin Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 25 manat dəyərində üzərində TCH yazıları olan kiçik ölçülü drel, 01 ədəd 30 manat dəyərində ИЖСТАЛ ИДУ-780ЭР markalı drel, 01 ədəd 100 manat dəyərində Bosch GCH2 26PE markalı perforator, 01 ədəd 30 manat dəyərində Çində istehsal edilmiş Makute markalı JS012 model lobzik və 01 ədəd 100 manat dəyərində üzərində Kapro yazıları olan kiçik ölçülü lazer aparatını gizli olaraq taladıqdan sonra 09 ədəd divar kağızlarını Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Eurohome” tikinti və inşaat bazarına aparıb orada olan “Paris Oboy evi» adlı mağazada ümumilikdə 45 manata, 59 ədəd asma tavan və 01 ədəd hava filtrini isə Bakı şəhəri, Z.Bünyatov prospekti, Ə.Qayıbov küçəsində yerləşən “Eurohome” tikinti və inşaat bazarına aparıb orada olan “Lider İnşaat” adlı mağazada ümumilikdə 70 manata sataraq Zərərçəkmiş şəxs1 ümumilikdə 673 (altı yüz yetmiş üç) manat, Zərərçəkmiş şəxs2 isə ümumilikdə 285 (iki yüz səksən beş) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 14 dekabr 2021-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanda təmir işlərini aparan Təqsirləndirilən şəxs1 özündə olan açar vasitəsi ilə həmin mənzilin giriş qapısını açdıqdan sonra sonuncu ilə birlikdə orada olan 01 ədəd 104 manat dəyərində 8 bölümlü radiator, 01 ədəd 130 manat dəyərində 10 bölümlü radiator və 01 ədəd 156 manat dəyərində 12 bölümlü radiatoru gizli olaraq talayıb Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivinə apardıqdan sonra həmin ünvanda yerləşən nömrəsiz evdə radiatorları qohumu Şahid1 ümumilikdə 200 manata sataraq Zərərçəkmiş şəxs1 ümumilikdə 390 (üç yüz doxsan) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin səmimi etirafı, zərərçəkmiş şəxslərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 13 dekabr 2021-ci il tarixdə o, əvvəllər bir yerdə işlədiyi tanışı Seymura zəng edib maddi vəziyyətinin yaxşı olmadığını söyləmiş və əgər iş varsa onu da yanına götürməyini istəmişdir. Seymur razılaşaraq onu təmir apardığı mənzilə dəvət etmişdir. Mənzildə 14 dekabrdan işlərə köməklik etməyə başlamışdır. Təmirə başladığı mənzil ünvan 4 ünvanda olmuşdur. Mənzilin sahibini heç vaxt görməmişdir. Seymurla işlədiyi zaman o, tanışı Elyar adlı şəxsə zəng edib həmin mənzilə gəlib onlara kömək etməsini xahiş etmişdir. Seymur da həmin vaxt yanında olduğu üçün onun oraya adam çağırdığını bilmiş və etiraz etməmişdir. Seymur ona təmir apardıqları 119 nömrəli və həmin binanın eyni mərtəbəsində yerləşən 114 nömrəli mənzilin açarlarının nüsxələrini vermişdir ki, oraya avadanlıqları yerləşdirib rahat işləyə bilsinlər. Seymurun sözlərinə görə həmin açarları mənzil sahibi vermişdir ki, avadanlıqları yerləşdirib rahat işləsinlər. Həmin vaxt o elə bilirdi ki, hər iki mənzil eyni adama məxsusdur. Həmin gün oraya Elyar gəlmiş və təmir işlərində onlara kömək etmişdir. Saat təxminən 18 radələrində Seymur işini bitirib evinə getmişdir. Yaşadığı evin kirayə pulunu ödəyə bilmədiyi üçün işlədiyi mənzildən oğurluq etmək fikrinə düşmüşdür. Bunun üçün o, Seymur tərəfindən verilən açarla digər mənzilin, yəni 114 nömrəli mənzilin qapısını açıb orada olan radiatorları Elyara göstərmişdir. O, radiatorları göstərib kimə sata biləcəklərini Elyardan soruşmuşdur. Elyar buna cavab olaraq bir nəfər tanışının radiatorları ala biləcəyini söyləmişdir. Elyar həmin tanışına zəng etmiş və danışdığı adam radiatorları almağa razılaşmışdır.Sonra 03 ədəd radiatorları oradan oğurlayaraq taksi ilə Xırdalan şəhərində yerləşən AAF park yaşayış kompleksinin yaxınlığına yollanmışdırlar. Oraya çatdıqda Elyar taksidən düşərək yaxınlıqda yaşayan qohumlarının evinə gedib radiatorları 150 manata satmışdır. Həmin puldan 75 manatı ona vermişdir. Bundan sonra Elyar orada onun ilə sağollaşaraq taksidən düşmüş o isə yaşadığı ünvana getmişdir. 15 dekabr 2021-ci il tarixdə saat təxminən 07 radələrində o, yenidən Gəncə prospektində yerləşən mənzilə gəlmişdir. Oraya gəldikdə mənzildə heç kim olmamışdır. Mənzilə gəldikdə Seymur ilə əlaqə saxlayıb şəxsi işləri ilə bağlı rayona getməli olduğunu və bir neçə gün işə gələ bilməyəcəyini bildirmişdir. Həmin vaxt təcili olaraq kirayə pulu verməli olduğu üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Saat 08 radələrində Seymur tərəfindən ona verilən açar ilə o, yenidən 114 nömrəli mənzilin qapısını açıb orada olan bir ədəd qutuda yığılmış asma tavanı və həmin qutuda olan 01 ədəd hava filtrini götürüb 119 nömrəli, yəni təmir apardığı mənzilə keçmişdir. Qutuda hansı sayda asma tavanın olduğunu bilmirdi. Daha sonra o, təmir apardığı mənzildə olan Seymura məxsus 02 ədəd drel, 01 ədəd perforator, 01 ədəd lobzik, 01 ədəd lazer aparatını, həmçinin mənzildə olan 09 ədəd divar kağızlarını götürmüşdür. O, yenidən ünvana taksi sifariş vermiş və oğurladığı əşyaları dövlət nömrə nişanı yadında olmayan avtomobilin arxa saxlanc yerinə yerləşdirmişdir. Oradan getməmişdən əvvəl açarları mənzilin qarşısına qoymuş və bu barədə Seymura bildirmişdir. Bundan sonra Xırdalan dairəsinin yaxınlığında olan “Eurohome” tikinti bazarına getmişdir. Həmin bazarda yerləşən divar kağızı satışı ilə məşğul olan mağazaya yaxınlaşaraq oğurladığı əşyaları sata biləcəyini düşünmüşdür. Oraya gələrək o, 09 ədəd rulonda divar kağızlarını ümumilikdə 45 manata satmışdır. Bundan sonra o, taksi ilə Dərnəgüldə yerləşən “Eurohome” bazarına gəlmişdir. Orada olan mağazaların birində 70 manata bir ədəd qutuda asma tavanı hava filtri ilə birlikdə satmışdır. Asma tavanı ondan alan şəxsə də həmçinin onların özünə məxsus olduğunu söyləmişdir. Oğurladığı digər əşyaları, yəni Seymura məxsus təmir alətlərini evə aparmışdır. Əldə etdiyi pullarla evin kirayəsini ödəmişdir. 27 dekabr 2021-ci il tarixdə o, Elyara zəng edib digər bir evdə təmir işlərini aparmaqlarını təklif etmişdir. Həmin vaxt mənzildən oğurlayaraq sata bilmədiyi təmir alətlərini bir ədəd çantaya yığaraq özü ilə götürüb Elyar ilə görüşüb Abşeron rayonu, Qobu qəsəbəsinə yollanmışdırlar. Oraya çatdıqda mülki geyimdə olan bir neçə nəfər şəxslər onlara yaxınlaşaraq oğurluq törətməkdə şübhəli olduqlarını bildirmişdirlər. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslərlə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələb və şikayətinin olmamasını, himayəsində üç azyazlı uşağın olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 14 dekabr 2021-ci il tarixdə tanışı Xəyyam ona zəng edərək iş təklif etmişdir. Xəyyam Xətai rayonunda yerləşən evlərin birində təmir işləri apardığını və oraya gəlib köməklik göstərməyini ondan xahiş etmişdir. O, Xəyyamın təklifini qəbul etmiş və həmin gün Gəncə prospektində yerləşən mənzilə gəlmişdir. Oraya gəldikdə Xəyyamın bir nəfər tanımadığı şəxslə təmir işləri apardığını görmüşdür. Saat təxminən 18 radələrində Xəyyam ilə olan həmin şəxs işini bitirib oradan getmişdir. Həmin şəxs getdikdən sonra Xəyyam özündə olan açarla həmin mərtəbədə yerləşən digər mənzilin qapısını açıb oraya qoyulmuş 03 ədəd radiatorları ona göstərib həmin radiatorları kimə sata biləcəklərini soruşmuşdur. Həmin vaxt o, maddi cəhətdən çətinlik çəkdiyi üçün Xəyyam ilə razılaşıb radiatorları oğurlamaq qərarına gəlmişdir. Buna görə də qohumu Yaşar adlı şəxsə zəng edib radiatorları satdığını bildirmişdir. O, həmin radiatorların özünə məxsus olduğunu və heç kimə lazım olmadığını bildirmişdir. Yaşar onun ilə razılaşmış və o, bu barədə Xəyyama söyləmişdir. Bundan sonra Xəyyam ünvana taksi sifariş etmiş və taksi gəldikdən sonra saat 23 radələrində onlar 03 ədəd radiatorları oradan götürüb sifariş verdikləri taksi ilə Yaşarın yaşadığı Xırdalan şəhərində olan evinə getmişdirlər. Xırdalan şəhərində yerləşən AAF park yaşayış kompleksinin yaxınlığına çatdıqda o, taksidən düşüb radiatorları götürmüş və Xəyyamdan onu taksidə gözləməyini istəmişdir. Bundan sonra Yaşarın yaşadığı həyət evinə getmişdir. Orada sonuncu ilə görüşüb radiatorları göstərmişdir. Yaşara radiatorları oğurladığını söyləməmişdir. Sonuncu 200 manat verib radiatorları ondan almışdır. Bundan sonra o, oradan çıxıb maşında gözləyən Xəyyamın yanına gəlmişdir. Xəyyama radiatorları 150 manata satdığını söyləyib sonuncunu aldatmışdır. 75 manat pulu Xəyyama vermişdir. Bundan sonra onlar taksi ilə “20 Yanvar“ metrostansiyası tərəfə gəlmişdirlər. Orada o, taksidən düşmüş, Xəyyam isə öz yoluna davam etmişdir. Digər taksiyə əyləşib yaşadığı ünvana getmişdir. Bundan sonra Gəncə prospektində olan mənzilə bir daha getməmişdir. Əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 27 dekabr 2021-ci il tarixdə Xəyyam ona zəng edərək digər bir evdə təmir işlərini aparmaq lazım olduğunu söyləmişdir. Onlar görüşərək Abşeron rayonu, Qobu qəsəbəsinə getmişdirlər. Orada olarkən mülki geyimdə olan bir neçə nəfər şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını söyləyib oğurluq törətməkdə şübhəli olduqlarını bildirmişdirlər. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı tələb və şikayətin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanda yerləşən mənzil ona məxsusdur. Həmin mənzildə təmir işlərinin aparılması üçün qohumlarının tanışı olan Seymur adlı şəxsə müraciət etmişdir. Seymurla görüşüb vəziyyəti izah etmiş və bundan sonra orada təmir işlərinə başlanmışdır. Həmçinin mənzilin yerləşdiyi binanın eyni mərtəbəsində yerləşən 114 nömrəli boş bir mənzilin açarını ona verilmişdir ki, ustalar həmin mənzilə avadanlıqlar yerləşdirib rahat təmir apara bilsinlər. O da öz növbəsində həmin mənzilin açarlarını Seymura verib oraya avadanlıqları yığa biləcəyini söyləmişdir.. Bir müddət keçdikdən sonra mənzilə gəlib tikinti işlərinin necə aparıldığını görmək istəmişdir. 25 dekabr 2021-ci il tarixdə saat 16 radələrində mənzilə gəlmişdir. Oraya gəldikdə Seymur orada işləyirdi. Gələn kimi bir neçə avadanlıqların yerində olmadığını aşkar etmişdir. Belə ki, almış olduğu 09 ədəd rulonda divar kağızlarının oğurlandığını aşkar etmişdir. Həmçinin o, almış olduğu bir ədəd qutuda dəqiq sayını bilmədiyi asma tavan və həmin qutuda olan hava filtri, o cümlədən 03 ədəd radiatorların yerində olmadığını görmüşdür. Bunu gördükdən sonra qonşu mənzilə keçmişdir, lakin oraya keçdikdə həmin əşyaları tapa bilməmişdir. Sonradan Seymurla aralarında olan söhbətdən ona aydın olmuşdur ki, Seymur bir nəfər tanışını kömək etmək məqsədi ilə mənzilə çağırmışdır. Həmin tanışı qonşu mənzildə saxlanılan onun vəsaiti hesabına alınan 03 ədəd radiatorlar, 01 ədəd qutuda olan hava filtri ilə birlikdə asma tavanı və 119 saylı mənzildə olan 09 ədəd rulonda divar kağızlarını oğurlamışdır. Məlum olmuşdur ki, həmin şəxs Seymura məxsus təmir alətlərini də oğurlamışdır. Qeyd etdiyi əşyaları oğurluq baş verəndən təxminən bir ay əvvəl almışdır. Bir ədəd qutuda hava filtri ilə birlikdə olan dəqiq sayını bilmədiyi asma tavanı təxminən 450 manata, 03 ədəd radiatorları ümumilikdə təxminən 500 manata və 09 ədəd rulonda olan divar kağızlarını ümumilikdə təxminən 550 manata almışdır. Dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir tələb və şikayətləri yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, təxminən 2021-ci ilin oktyabr ayının sonlarında ünvan 7 ünvanda yerləşən hündür mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən iki otaqlı mənzili təmir etmək üçün təhvil almışdır. Mənzilin sahibi Zərərçəkmiş şəxs1 tərəfindən mənzilin açarları ona təhvil verilmişdir. Həmin vaxtdan etibarən oraya özünə məxsus təmir alətlərini gətirmişdir. Həmçinin mənzilin sahibi İlhamə xanım tərəfindən ona eyni mərtəbədə yerləşən 114 nömrəli mənzilin açarları verilmişdir ki, oraya avadanlıqlar yerləşdirib rahat şəkildə 119 saylı mənzildə təmir apara bilsin. 28 oktyabr 2021-ci il tarixdən orada işləməyə başlamışdır. Təmirə verilmiş mənzillərin açarlarının bir nüsxəsi onda idi. Təqsirləndirilən şəxs1 ilə təxminən 5 il müddətdir ki, tanışdır. Sonuncu ilə birlikdə bir neçə yerlərdə işləmişdirlər. 2021-ci ilin dekabr ayının ortalarında Xəyyam onun ilə əlaqə saxlayıb maddi vəziyyətinin yaxşı olmadığını və işləmək istədiyini bildirmişdir. O, evdə təmir apardığını və Xəyyamın da oraya gəlib ona kömək edə biləcəyini söyləmişdir. 14 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 onun ilə birlikdə mənzildə işləməyə başlamışdır. Xəyyam işə çıxdıqda o, sonuncuya 119 və 114 nömrəli mənzillərin açarlarının nüsxələrini vermişdir. Həmin gün Xəyyam kömək məqsədi ilə evə öz tanışı Elyar adlı şəxsi çağırmışdır. Saat təxminən 18 radələrində işlərini yekunlaşdırıb oradan getmişdir. 15 dekabr 2021-ci il tarixdə səhər saatlaında mənzilə gəldikdə Xəyyam ona zəng edərək təcili olaraq işi çıxdığı üçün rayona getməli olduğunu söyləmiş və mənzillərin açarlarını evin qarşısına qoyduğunu bildirmişdir. O, mənzilə çatıb içəri daxil olduqda özünə məxsus olan təmir alətlərinin oğurlandığını aşkar etmişdir. Həmin vaxt başa düşmüşdür ki, Xəyyam ona məxsus olan alətləri oğurlayaraq getmişdir. Bundan sonra Xəyyama zəng etdikdə sonuncu zənglərə cavab verməmişdir. Xəyyam tərəfindən təmir apardığı 114 nömrəli mənzildən özünə məxsus ümumilikdə 240 manat dəyərində 02 ədəd drel, 01 ədəd 400 manat dəyərində lazer, 01 ədəd 150 manat dəyərində perforator və 01 ədəd 105 manat dəyərində lobzik oğurlanmışdır.İstintaq zamanı onun alətlərini tam qaytarmışdırlar. Bu səbəbdən təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xırdalan şəhərində yerləşən “Eurohome” tikinti və inşaat materialları bazarında yerləşən “Paris oboy evi” mağazasını icarə əsasında işlədir. 15 dekabr 2021-ci il tarixdə saat təxminən 09 radələrində işə gəlmişdir. Həmin ərəfələrdə mağazada olduğu vaxt bir nəfər şəxs oraya yaxınlaşaraq divar kağızları satdığını bildirmişdir. O, həmin şəxsin təklifi ilə maraqlanmış və sonuncu divar kağızlarını ona təqdim etmişdir. Həmin şəxs ona 09 ədəd rulonda 50 sm enində divar kağızlarını göstərmişdir. Divar kağızları ağ rəngdə olmaqla üzərlərində naxışlar olmuşdur. O, divar kağızlarını haradan əldə etdiyini və nəyə görə satdığını soruşmuşdur. Həmin şəxs evdə usta kimi işlədiyini, yanına gətirdiyi divar kağızlarının təmir üçün lazım olmadıqlarını və artıq qaldıqlarını bildirmişdir. Həmçinin aralarında olan söhbət əsnasında o, divar kağızlarını satan şəxsin onun kimi Bərdə rayonunda anadan olduğunu öyrənmişdir. Bir müddət söhbət etdikdən sonra həmin şəxsə qarşı etibarı yaranmışdır. Çox vaxt yanına gələn ustalardan müxtəlif növ divar kağızları alır. Belə ki, ustaların çoxusu həmin malların lazım olmadığını və buna görə də satdıqlarını bildirirlər. Lazım olmayan divar kağızlarını ucuz qiymətə alıb sonradan onları daha baha qiymətə satır. O, yanına gələn şəxsə inanaraq 09 ədəd rulonda divar kağızlarını ümumilikdə 45 manata almışdır. Həmin divar kağızlarını alaraq onları ehtiyat kimi anbara yerləşdirmişdir. Bir neçə gün sonra həmin şəxs polis əməkdaşı ilə birlikdə mağazaya yaxınlaşmışdır. Bundan sonra o, başa düşmüşdür ki, ona satılan divar kağızları oğurluq yolu ilə əldə edilmişdir. O, həmin 09 ədəd divar kağızlarını təqdim etmişdir. Ona satılan əşyaların oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid1 məhkəmə iclasında ifadələri elan edilərək tədqiq edilmişdir. Onların ifadəsi təqsirləndirilən şəxslərin ifadələrinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan baxış və götürmə aparılması haqqında 27 dekabr 2021-ci il tarixli 003700 saylı protokoldan görünür ki, ünvan 6 ünvanda baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 oğurladığı və polis əməkdaşları tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsində saxlanıldığı zaman üzərində olan çantada daşıdığı oğurlanan 02 ədəd drel, 01 ədəd lazer və 01 ədəd lobzik iş üzrə sübut əhəmiyyətinə malik olduğundan Xətai RPİ-nin 202 saylı xidməti otaqda götürülmüşdür. İş materiallarında olan 09 yanvar 2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 verdiyi ifadəsini bir daha hadisə yerində əyani təsvir edərək təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 oğurladığı əşyaları satmış olduğu yerləri - Xırdalan şəhərində yerləşən “Eurohome” tikinti və və inşaat bazarındakı “Paris Oboy evi” adlı mağazaları göstərmişdir. Təqsirləndirilən şəxs1 oğurladığı 09 ədəd divar kağızlarını həmin mağazaya 45 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin mağazaya satmış olduğu 09 ədəd divar kağızları iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyatov pr-ti, Ə.Qayıbov küçəsində yerləşən “Eurohome” tikinti və inşaat materialları bazarında olan “Lider İnşaat” adlı mağazadan Təqsirləndirilən şəxs1 tərəfində oğulanaraq satılmış bir ədəd qutuda olan 59 ədəd asma tavan və hava filtri iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan 09 yanvar 2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsini bir daha hadisə yerində əyani təsvir edərək təsdiq etmiş və oğurladığı əşyaları satmış olduğu yeri göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 göstərməyinə əsasən Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən nömrəsiz evin qarşısına gəlindi. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 oğurladığı 03 ədəd radiatorları həmin evdə yaşayan qohumu Yaşar adlı şəxsə 200 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 satmış olduğu 03 ədəd radiatorlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan əşyaların tanınmaya təqdim edilməsi haqqında 02.01.2022-ci il tarixli protokoldan və fotoşəkildən görünür ki, 02 ədəd drel, 01 ədəd perforator, 01 ədəd lobzik və 01 ədəd lazer aparatı zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 tərəfindən marka və rənglərinə görə tanınmış və ona məxsus olduğunun bildirmişdir . İş materiallarında olan əşyaların tanınmaya təqdim edilməsi haqqında 09.01.2022-ci il tarixli protokoldan və fotoşəkildən görünür ki, 03 ədəd radiatorlar, 09 ədət divar kağızları və içində 59 ədəd asma tavan və 01 ədəd hava filtri olan 01 ədəd qutu zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 tərəfindən divar kağızı və asma tavanı rənglərinə, radiatoru isə ölçülərinə görə tanınmış və ona məxsus olduğunun bildirmişdir . İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2022-ci il tarixli 9/123 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 285 manat müəyyən olunub. O cümlədən: 01 ədəd üzərində TCH yazıları olan kiçik ölçülü drel - 25 manat; 01 ədəd ИЖСТАЛ ИДУ- 780ЭР markalı drel - 30 manat; 01 ədəd Bosch GCH2 26PE markalı perforator- 100 manat; 01 ədəd Çində istehsal edilmiş Makute markalı, JS012 model lobzik - 30 manat; 01 ədəd üzərində Kapro yazıları olan kiçik ölçülü lazer aparatı - 100 manat . İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2022-ci il tarixli 9/243 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olmaması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 657 manat müəyyən olunub. O cümlədən: 01 ədəd istifadə edilməmiş, 8 bölümlü radiator - 104 manat; 01 ədəd istifadə edilməmiş, 10 bölümlü radiator - 130 manat; 01 ədəd istifadə edilməmiş, 12 bölümlü radiator - 156 manat; 09 ədəd istifadə edilməmiş, sellofan bağlamada, üzərində “Wonderful Tesoro" yazıları olan, 53Mx10M ölçüdə divar kağızları - 225 (09 əd.x25man.) manat; 01 ədəd istifadə edilməmiş, üzərində markalanma göstəriciləri olmayan hava filtri - 35 manat; İstifadə edilməmiş, nümunə qismində təqdim edilmiş 1 ədədi 29,4smx29,4sm ölçüdə olan asma tavanın 1 kv metri - 7 manat. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, istintaq zamanı götürülmüş 02 ədəd drel, 01 ədəd perforator, 01 ədəd lobzik və 01 ədəd lazer aparatı maddi sübut kimi tanınmış və istintaq zamanı Zərərçəkmiş şəxs2 qaytarılmışdır. 03 ədəd radiatorlar, 09 ədət divar kağızları və içində 59 ədəd asma tavan və 01 ədəd hava filtri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq zamanı Zərərçəkmiş şəxs1 qaytarılmışdır. İş materiallarında olan 27 dekabr 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi 27 dekabr 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 29 dekabr 2021-ci il tarixli Xətai rayon prokurorunun qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş, saxlandığı MSY-dən azad edilmişdir. İş materiallarında olan 29 dekabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14.01.2022-ci il tarixli tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 27 dekabr 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi 27 dekabr 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 29 dekabr 2021-ci il tarixli Xətai rayon prokurorunun qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş, saxlandığı MSY-dən azad edilmişdir. İş materiallarında olan 29 dekabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13.01.2022-ci il tarixli tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona qarşı tələb və şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı tələb və şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2010-cu il təvəllüdlü Nurtac Namazova, 2011-ci il təvəllüdlü Ümid Namazov və 2019-cu il təvəllüdlü Qənirə Namazova adlı üç azyaşlı uşaqları var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin səmimi etirafları, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri tamamilə sübuta yetirildi. İbtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2-ci maddələri və Təqsirləndirilən şəxs2 cxinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər təqsirli bilinib həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olduğunu, səmimi etirafını, himayəsində üç azyaşlı uşağın olması, zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar kimi müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun əməlindən peşman olduğunu, səmimi etirafını, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbin olmamasını, vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunaçaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 qaytarılmış 02 ədəd drel, 01 ədəd perforator, 01 ədəd lobzik və 01 ədəd lazer aparatı, Zərərçəkmiş şəxs1 qaytarılmış 03 ədəd radiator, 09 ədəd divar kağızı və 59 ədəd asma tavan və 01 ədəd hava filtri onların istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə məhkəmə xərci 100 (yüz) manat, 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs1 və 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 olmaqla alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərlərinin və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 qaytarılmış 02 ədəd drel, 01 ədəd perforator, 01 ədəd lobzik və 01 ədəd lazer aparatı, Zərərçəkmiş şəxs1 qaytarılmış 03 ədəd radiator, 09 ədəd divar kağızı və 59 ədəd asma tavan və 01 ədəd hava filtri onların istifadəsinə verilmiş hesab edilsin. İş üzrə məhkəmə xərci 100 (yüz) manat, 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs1 və 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 olmaqla alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar