Məhkəmə qərarları › İş №1(011)-158/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-158/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-158/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-38/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını talama məqsədi ilə 25 avqust 2022-ci il tarixində saat 15 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanının qarşısında saxladığı sonuncuya məxsus “Hyundai Elantra minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qapısını açmaqla salonda orta hissədə qoyulmuş Zərərçəkmiş şəxs məxsus içərisində 1502 manat nağd pul olan 40 manat dəyərində qara rəngli pul kisəsini götürməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1542 (min beş yüz qırx iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq əməllərinə görə Xətai Rayon Məhkəməsinin hökmü ilə məhkum olunmuşdur. Uzun müddətdir ki, küçədən metal yığıb müxtəlif yerlərə satmaqla dolanmışdır. 25 avqust 2022-ci il tarixdə özündə olan kondisioner mühərrikini satmaq məqsədi ilə Xətai rayonu, Z.Yusifov küçəsi 10 ünvanında olan Zərərçəkmiş şəxs yanına taksi ilə getmişdir. Taksidən enib kondisioneri götürüb Zərərçəkmiş şəxs qapısına doğru getmişdir. Zərərçəkmiş şəxs kondisioner satışı ilə məşğul olan biri kimi tanımış qeyd olunan ünvana çatdıqda Zərərçəkmiş şəxs çağırmış və ona kondisioner mühərrikini yoxlayıb almasını təklif etmişdir. Zərərçəkmiş şəxs mühərriki götürüb öz həyətində yoxlamağa getmişdir. Bu vaxt qapının yanında saxlanmış “Hyunda Elantra minik" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Bir gün əvvəl Zərərçəkmiş şəxs məhz həmin avtomobilin salonunda orta hissədə saxladığı pul kisəsindən ona ödəniş etmək üçün pul götürdüyünü görmüşdür. Bunu bildiyi üçün həmin yerdən pul oğurlamağı fikirləşmişdir. Pul kisəsini kimsə görmədən götürmək üçün ətrafa baxmış, bu vaxt avtomobilin yaxınında taksinin önündə bir nəfər kişi cinsinə məxsus şəxsi görmüşdür. Həmin şəxs onu görsə də, avtomobilin özünə məxsus olması görüntüsü yaratmış və oğurluq etdiyini anlamadığını bildiyi üçün sakit formada sözügedən “Hyundai Elantra minik” markalı avtomobilin sağ ön qapısını açmış və avtomobildə olan pul kisəsini götürüb, avtomobilin qapısını bağlayıb oradan getmişdir. Həmin küçədən uzaqlaşdıqdan sonra pul kisəsini açıb içərisində 1502 manat məbləğində pul, bir ədəd şəxsiyyət vəsiqəsi və bir neçə kart olduğunu görmüşdür. İçəridə olan pulları və kartlardan "xxxx" ASC-yə aid olanını götürüb cibinə qoymuş və pul kisəsinin özünü, içərisində olan şəxsiyyət vəsiqəsi və kartlarla birlikdə dəqiq xatırlamadığı yerə atmışdır. Bundan sonra oradan uzaqlaşmışdır. Həmin gün axşam saatlarında yaşadığı məhəllədən tanıdığı dostu Şahid Rafiq oğlunun yanına getmiş. Ona məbləğini bildirmədən bir qədər pulu olduğunu, qazanc əldə etmək üçün iş görmək istədiyini demiş və özündə olan pulu cinayət yolu ilə əldə etdiyini ona bildirməmişdir. Şahid isə əncir alıb satmaqla gəlir əldə edə biləcəyini demişdir. Səhəri gün yenidən Rəşadla görüşmüş və əncir alıb satmaq üçün Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən bazara getmişlər. Orada 112 manat ödəyib 94 kiloqram çəkidə əncir almış və həmin ənciri satmaq işi ilə məşğul olmuşdur. 28 avqust 2022-ci il tarixdə isə polis tərəfindən saxlanılmış və oğurluqdan özündə qalan 500 manat məbləğində pulu və "xxxx" ASC-yə aid kartı polis əməkdaşlarına təqdim etmişdir. Beləliklə o, zərərçəkmiş şəxslə barışdığını və barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hazırda təqaüd alır və bəzi vaxtlarda müxtəlif məişət avadanlıqları və ehtiyat hissələrinin satışı ilə məşğul olur. Son vaxtlar metal yığımı ilə məşğul olan bir neçə şəxs onun kondisionerə aid ehtiyat hissələri aldığını bildikləri üçün yaşadığı ünvan 3 ünvanına gəlmişlər. Onlar normal qaydada ona kondisioner hissələrini satmışlar. 24 avqust 2022-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs yanına gəlmiş və kondisioner mühərriki satmaq istədiyini demişdir. Onun gətirdiyi mühərriki yoxladıqdan sonra sonuncuya yaşadığı evin qarşısında saxladığı “Hyundai Elantra minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində saxladığı pul kisəsindən 40 manat məbləğində pul vermişdir. Bundan sonrakı gün, yəni 25 avqust 2022-ci il tarixdə saat 15 radələrində həmin cavan oğlan yenidən yanına gəlmiş və özü ilə mühərrik gətirdiyini demişdir. Onun gətirdiyi mühərriki yoxlamaq üçün evin həyətinə keçmiş, özü isə evin qarşısında küçədə dayanmışdır. Bir neçə dəqiqə sonra o, mühərriki yoxlayıb işlək olmadığını görüb küçəyə geri qayıtmış, həmin vaxt mühərriki gətirmiş şəxsin yerində olmadığını görmüşdür. Bu zaman nəyin baş verdiyini anlamamış və mühərriki həmin şəxsin geri qayıtdıqda götürməsi üçün küçəyə həyət qapısının yanına qoymuşdur. Bundan sonra o, öz işləri ilə məşğul omuşdur. Bir neçə saat sonra avtomobilinə yaxınlaşıb qapısını kilidləməyi unutduğunu görmüş, nəyinsə oğurlanmış ola biləcəyini fikirləşmiş və avtomobilin içərisinə baxmışdır. Bu zaman avtomobildə orta hissədə saxladığı pul kisəsinin yerində olmadığını görmüş, həmin kisənin itmiş və ya oğurlanmış olduğunu dəqiqləşdirmək üçün polisə həmin vaxt məlumat verməmişdir. Lakin iki gün sonra, yəni 27 avqust 2022-ci il tarixdə başa düşmüşdür ki, onun yanına kondisioner mühərriki satmaq üçün gəlmiş şəxsin avtomobilindən oğurluq edib ona görsənmədən getmiş ola bilər. Buna görə də Xətai RPİnin 37-ci PŞ-ə müraciət etmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, hərdənbir meyvə-tərəvəz satışı ilə məşğul olmuşdur. 25 avqust 2022-ci il tarixdə axşam saatlarında yaşadığı məhəllədə olarkən Təqsirləndirilən şəxs yanına gəlmiş və özündə bir qədər pulun olduğunu və iş görüb qazanc əldə etmək istədiyini demişdir. Ona əncir alıb sata biləcəyini deyib bu qaydada xeyir əldə etməyi təklif etmişdir. Valeh onunla razılaşmış və səhəri gün görüşməklərini demişdir. 26 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun istifadəsində olan nömrəyə şəhər telefonundan zəng edərək görüşə çağırmış, həmin gün günorta saatlarında Valehlə görüşüb Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən bazara getmişdir. Bazarda 112 manat pul ödəməklə 94 kiloqram çəkidə əncir almış və həmin əncirdən müxtəlif yerlərdə satmağa başlamışdır. Həmin pulu Valeh ödəmişdir. Belə ki, Valeh ona pulu haradan əldə etdiyini bildirməmiş və öz pulu olduğunu demişdir. 28 avqust 2022-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət olunmuşdur. Orada Təqsirləndirilən şəxs pulu oğurlayaraq əldə etdiyini öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 avqust 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunmuşdur (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 27 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Hyundai Elantra minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobildə sındırılma əlamətləri aşkar edilməmiş və baxış zamanı nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 9-11); təqdim etmə və götürmə barədə 27 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi oğurluq hadisəsinin qeydə alındığı 01 ədəd “CD-R” formatlı disk maddi sübut əhəmiyyətinə malik olduğu üçün təhqiqat orqanı tərəfindən götürülmüşdür (i.v. 12); təqdim etmə və götürmə barədə 28 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi "xxxx"a məxsus üzərində 4098 5844 6706 5064 rəqəmləri yazılan bank kartı və 05 ədəd 100 manatlıq pul əskinazları maddi sübut əhəmiyyətinə malik olduqları üçün təhqiqat orqanı tərəfindən götürülmüşlər (i.v. 15); zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 23- 24); şübhəli şəxsin tutulması haqqında 28 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:10-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 51-52); diskə baxış keçirilməsi haqqında 28 avqust 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd “CD-R” formatlı diskdə olan videogörüntüyə baxış keçirdikdə müəyyən olmuşdur ki, əynində boz köynək və boz şalvar olan bir nəfər şəxs ünvan 4 ünvanın qarşısında vətəndaş Zərərçəkmiş şəxs məxsus “Hyundai Elantra minik” markalı, **-PS-*** markalı avtomobildən oğurluq etdikdən sonra uzaqlaşır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan əynində boz köynək və boz şalvar olan şəxsin özü olduğunu və avtomobildən oğurluq etdiyini bildirir (i.v. 59); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 64-65); ifadənin yerində yoxlanılması haqqında 29 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 81-82); əşyanın tanınmaya təqdim edilməsi haqqında 29 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus "xxxx"a məxsus üzərində 4098 5844 6706 5064 rəqəmləri yazılan bank kartını və 05 ədəd 100 manatlıq pul əskinazlarını tanımış, istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 83-86); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında 29 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 87-88); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə icraat xx.xx.2020-ci il tarixdə CPMnin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi xx.xx.2021-ci il tarixdə məhkəməyə göndərilmişdir (i.v. 93-95); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-38/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixədək şübhəli qismində tutulduğu 02 (ki) gün müddət və 29 aprel 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində 02 (iki) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v. 96-104); Bakı Şəhər Probasiya İdarəsinin 27 yanvar 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-38/2022 saylı hökmü və onun icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmiş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli hökmü üzrə cəzanın heç bir hissəsini çəkməmişdir; təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi üçün barəsində axtarış elan olunmuş və onun tutularaq Xətai RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v. 115); axtarışda olan şəxsin tutulması haqqında 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da polis əməkdaşları tərəfindən saxlanılmışdır (i.v. 124); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (i.v. 135- 136); sübutların qiymətləndirilməsi haqqında 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 180.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış keçirilməsi, ifadənin yerində yoxlanılması, əşyanın tanınmaya təqdim edilməsi, hadisə yerinə baxış keçirilməsi, təqdim etmə və götürmə aparılması haqqında protokollar sübut növü kimi qiymətləndirilmişlər, 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs aid "xxxx"a məxsus üzərində 4098 5844 6706 5064 rəqəmləri yazılan bank kartının və 05 ədəd 100 manatlıq pul əskinazlarının maddi sübut kimi tanınaraq sahibinə geri qaytarılmaları nəzərə alınmışdır (i.v. 138-142); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-158/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, tutulduğu təqdirdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsini (CM-59.1.12-59.1.13), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, gənc olmasını CM-nin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmiş, lakin həmin məhkumluq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan, həmçinin hazırkı əməl böyük ictimai təhlükə törətməyən cinayət olduğundan, Azərbaycan Respublikası CM-nin 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün icra edilməsi barədə göstərişə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-38/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünün 13 iyun 2022-ci il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 25 avqust 2022-ci il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasına baxmayaraq yenidən analoji cinayət törətməsini, azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin ona yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl də onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, buna baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-38/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 07 (yeddi) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmalı (CM 68.1.1-1), hökmlərin məcmusu üzrə cəza təyin edilməli (CM 67.1), 28 avqust 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixədək və 07 dekabr 2022-ci il tarixdə həbsdə saxlanıldığı ümumilikdə 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd "xxxx"a məxsus bank kartının və 05 ədəd 100 manatlıq pul əskinazının Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalı, 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-38/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 03 (üç) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixədək və 07 dekabr 2022-ci il tarixdə həbsdə saxlanıldığı ümumilikdə 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 01 ədəd "xxxx"a məxsus bank kartının və 05 ədəd 100 manatlıq pul əskinazının Zərərçəkmiş şəxs geri qaytarılması, 01 ədəd “CD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar